Rəsmi Ankara keçən həftə iki dövlət başçısını qarşılamaqla dünya siyasət gündəminə öz damğasını vurdu. Roma Papasının ziyarəti və ardınca da Rusiya prezidentinin səfəri rəsmi Ankaranın cəlb olunduğu oyunun miqyasının genişçaplı olması ilə diqqət çəkməklə yanaşı, eyni zamanda bütün bölgəyə təsir edəcək əslində pərdəarxası yeni gedişlərin şahidi ola biləcəyimiz mənasını ifadə etməkdədir. Səfərlər, İŞİD-in artıq Yaxın Şərqdə öz ideoloji-siyasi nüfuzunu qaldırması, Qərblə-Rusiya arasında toqquşmaların daha kəskin iqtisadi xarakter alması və Moskvanın Abxaziya gedişi ilə heç də özünün geosiyasi imperialist maraqlarından əl çəkmək niyyətində olmaması, OPEK-in yeni və əslində həm də ikibaşlı neft siyasəti, İranın istər Qərb, istərsə də bölgə ölkələri ilə münasibətlər baxımından maraqlı gedişlər etməsi fonunda gerçəkləşdi. Yəni, hər kəsin öz hesabı, öz oyunu var...