Hazırda Suriyada tərəflərin atəşkəs barədə razılığa gəlməsi ilə bağlı intensiv danışıqların, hətta bu danışıqlardan əldə edilən razılaşmaların fonunda Suriyada baş verənlər, eləcə də Türkiyə-Rusiya arasında olan gərginliyin artan xətt üzrə inkişaf etməsi, münaqişənin miqyasının genişlənəcəyi narahatlığını yaradır. Hər iki ölkə bölgədə aktiv siyasi xətt yürütməsi və maraqların toqquşması, qarşıdurmanın sərhədlərinin genişlənəcəyi təsəvvürünü formalaşdırmaqdadır. Türkiyənin baş naziri Əhməd Davudoğlunun ukraynalı həmkarı Arseniy Yatsenyukla keçirdiyi mətbuat konfransında Rusiyanı ittiham etməsi və post-sovet məkanında bu gün üçün aktuallıq kəsb edən münaqişələrdə şimal ölkəsini səbəbkar olaraq göstərməsi, artıq proseslərin Yaxın Şərqlə və ya Suriya ilə məhdudlaşmayacağı qənaətini yaradır.