İyul ayının 15-də axşam saatlarından başlayaraq Türkiyədə yaşananlar sözün həqiqi mənasında bütün dünyanın gündəmini nəinki silkələdi, hətta bundan daha bir neçə gün sonraya bu gündəmi zəbt edə biləcək bir ağırlıqda oldu. Türkiyədə hərbi çevriliş cəhdi yaşandı və baş verənlər qanlı və dağıdıcı səhnələri ilə qardaş ölkənin üzərində necə vahim və təhlükəli oyunların oynandığını bir daha üzə çıxartdı. Yurdda Sülh Konseyi adlı hərbçilərdən ibarət qrupun çevriliş cəhdi onlarla polis, hərbçi və vətəndaşın qanının axmasına səbəb oldu. Türkiyədə qardaş qanı axdı, amma çevrilişə cəhd edənlər də hədəflərinə çata bilmədilər. Bu vahim gecə kifayət qədər ciddi sualları və yaratdığı şübhəli məqamlarla hələ çox müzakirə ediləcək.