Ana içeriğe atla

Bizə "Valentin" lazımdır?

Bir sıra bayramlar var ki, onların tarixi və mənşəyini bildikdən sonra, qeyd edib-etməmək kimi bir sualı özünə verməli olursan. Dərinə getdikcə, araşdırdıqca görürsən ki, bu bayramın qeyd edilməyi nəinki düzgün deyil, hətta insanların öz tarixi keçmişi və milli kimliyinə də yaddır. Lakin yenə də, sanki bəhs edirmişsən kimi, qeyd etməyə davam edirsən, özünü sivil dünyanın müasir fərdi kimi göstərmək üçün. Amma anlamırsan ki, bu dünyanı vahid bir maket halına salmağı düşünənlərin bizə sırımaqda olduğu bu «bayramlar» əslində öz dərinliyində hansı gizlinləri saxlayır. Belə bayramlardan biri də gənclərimizin böyük sevinc hissi ilə son on illikdə qeyd etdiyi sevgililər günüdü.
Fevral ayının «eşq» ilə əlaqəsi qədim dövrlərə dayanır. Qədim yunan təqvimlərində yanvar ayının ortası ilə fevralın ortası arasında qalan zaman Qamelyon ayı olaraq adlandırılırdı və Zevs ilə Heranın “müqəddəs evliliyini” təcəssüm etdirirdi. Eramızdan əvvəl 4-cü əsrdə isə romalılar bu aya özlərinə məxsus xüsusi «dinamiklik» əlavə etdilər. Qədim Romada fevral ayının 15-i bərəkət ilahisi və çobanların tanrısı Faurus Luperkusun şərəfinə, “Luperkalia günü” kimi qeyd edilirdi. Həmin gün kahinlər Luperkusa keçi qurban edirdilər. Daha sonra isə başlarına bir parça keçi dərisi keçirərək Luperkusu təqlid edir, bu vəziyyətdə şəhər küçələrinə çıxaraq, qarşılarına keçən hər kəsə toxunurdular. Gənc qızlar könüllü olaraq irəli atılır və «bərəkət tanrısı»nın onlara toxunuşundan öz paylarını almağa çalışırdılar. Həmin bayramdan bir gün əvvəl, yəni 14 fevralda isə, bir növ «bayram gecəsi» keçirilirdi. Həmin gün, bir mağarada toplaşan gənc oğlanlarla gənc qızların adları kiçik parçalara yazılaraq püşk atılırdı. Adları birgə çıxanlar növbəti bayrama qədər birgə olmaq, bir yerdə yaşamaq hüququ qazanırdılar. 

Valentin haqqında isə müxtəlif əfsanələr dolaşmaqdadır. Onu “məhəbbətin məzlum fədaisi” kimi qəbul edir avropalılar. Deyilənə görə, öz ordusunda nizam-intizamı gücləndirmək məqsədi ilə Roma imperatoru II Klavdiy, əsgərlərinə ailə qurmağı qadağan edir. Valentin isə, bu qadağaya məhəl qoymayaraq sevənlərin nigahını qıymaqda davam edir və nəticədə imperatorun qəzəbinə düçar olur. Həbs edilir.

Rəvayətə görə, rahib həbsxanada olarkən həbsxana rəisinin kor qızına aşiq olur və hətta möcüzə göstərərək qızın gözlərini də açır. Buna rəğmən “möcüzə” onun haqqında çıxarılan ölüm hökmünün icra edilməsinə mane olmur. Deyilənə görə, Valentin edamdan əvvəl həmin qıza son sevgi məktubunu yazır və “Sənin Valentinin” imzası ilə bitirir. Lakin tarixdən də məlumdur ki, rahib həbsxanada keşiş dostu Mariusa "Valentini unutma", "Səni sevirəm" sözlərindən ibarət məktublar da yazırmış ki, belə bir faktın özülüyü onun edamının gerçək səbəbləri ilə bağlı müəyyən fikirlər yürütməyə əsaslar verir. 273-cü ildə (bəzi mənbələrdə 269-cu ildə, 14 fevralda) Valentin edam edilir. Əfsanələr belə yaşadır bu hadisəni və yaddaşsızlar da bunun nə dərəcədə həqiqət olub olmadığından asılı olmayaraq belə qəbul edirlər.

Xristian inancı gücləndikcə bayrama qarşı çıxanların da sayı artsa da, kilsə bayramın kökünü tam kəsməyə müvəffəq olmur. Bu zaman Vatikan, ona dini don geyindirməyə cəhd edir. Və bu cəhdi də baş tutur. 496-cı ildə Roma papası Qelasius romalıların «cinsi istək» bayramını, «müqəddəs Valentin» gününə çevirir. Beləliklə də «bayram» xristianlaşdırılır. Lakin 1969-cu ildə Roma Katolik Kilsəsi bu səhvi düzəldir və keşiş Valentini kilsənin müqəddəslər siyahsından çıxarılır, "Müqəddəs Valentin günü" bayramının keçirilməsi isə kilsə tərəfindən “məsləhət görülmür”. 

Amma mən şəxsən bir şeyi anlaya bilmirəm. Bir insanın öz sevdiyini təbrik etməsi və ya onunla özəl bir gün yaşaması üçün, illahda hamı tərəfindən qeyd edilən bir sevgililər bayramına ehtiyac duymalıdır? Sizcə bu ümumi qayda, sizin də ruhunuza və ürəyinizə hakim kəsilən sevginizi adiləşdirmirmi, bəsit etmirmi? Bir sevənin sevgililər günü, öz sevdiyini ilk dəfə görüdüyü və ya sevgisini etiraf etdiyi gün ola bilməzmi? Amma biz qərbləşməkdə israrlıyıq. Qərbləşməklə, özümüzü daha sivil, daha mədəni göstərməyə çalışırıq. Hətta bu zaman nəyi qeyd etdyimizin fərqinə varmadan, hansı dəyərlərin və mənəvi zənginliyin üzərindən xətt çəkdiyimizi anlamadan. Öz pak, təmiz sevgimizə bu cür çirkin bayramların əslində özündə nəyi ehtiva etməklə necə ləkə vurduğunu düşünmədən. Halbuki bu «əziz» deyilən Valentinin kimliyi və ya bu bayramın tarixi barədə bir az düşünsək, əminəm ki, öz sevgimizə belə ləkə sürmərik.

Şah Cahan və Mümtaz Mahal
BİZİM BABALARIMIZ ÖZ SEVGİLƏRİNİ YAŞATMAQ VƏ ƏBƏDİLƏŞDİRMƏK ÜÇÜN TÜRBƏLƏR, SARAYLAR İNŞA EDİRDİLƏR. BİZ ÜRƏYİMİZDƏ, RUHUMUZDA DAŞIDIĞIMIZ BÖYÜK SEVGİNİ TAC MAHAL KİMİ DÜNYA İNCİSİ İLƏ BƏŞƏRİYYƏTƏ HAYQIRMIŞ KİŞİLƏRİN ÖVLADLARIYIQ! YƏNİ BİZ BU GÜNƏ QALDIQ Kİ, İNDİ BİZİM ÖZ SEVGİMİZİ, RUHUMUZA HAKİM KƏSİLƏN YARIMIZA GÖSTƏRMƏMİZ ÜÇÜN ROMALILARIN VARVAR CİNSƏL İSTƏKLƏRİNİ HƏYATA KEÇİRMƏK MƏQSƏDİ İLƏ BİR GÜN KİMİ SEÇDİKLƏRİ VƏ SONRA DA KİLSƏNİN BELƏ QƏBUL ETMƏDİYİ BİR YARIM KİŞİNİN ADI İLƏ BAĞLANILAN «BAYRAM»A EHTİYACIMIZ OLSUN?...

MƏNCƏ DÜŞÜNMƏYƏ DƏYƏR...



Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…