Ana içeriğe atla

Zaman bir olmaq zamanıdır

Və ya ölkəmizə qarşı aparılan informasiya müharibəsinin konturları barədə

21-ci əsrdə savaşlar yalnız isti təmas xəttində aparılmır. Media texnologiyalarının inkişafı, hazırda başqa müharibə növünü – “informasiya müharibəsini” ən aktual, ən vacib məqam kimi ortaya qoymaqdadır. Çoxu zaman sosial media alətləri vasitəsi ilə aparılan bu savaş, öz təsir gücü və əhatə dairəsinə görə çox geniş olur və təsadüfi deyil ki, bu gün artıq informasiya müharibəsi ilə bağlı yeni modellər öyrənilir və tətbiq edilir.

Ölkəmizə qarşı da ciddi informasiya müharibəsi aparılır. Bu müharibənin yalnız düşmən ölkə tərəfindən olmasını düşünmək, təbii ki, sadəlövhlük olardı. Azərbaycan hər ciddi gücün hədəfində olacaq qədər vacib, əhəmiyyətli ölkədir: həm geosiyasi mövqeyi, həm da geoiqtisadi durmuna görə. Bura ölkəmizin artan və təsir dairəsini getdikcə genişləndirən siyasi nüfuzunu da əlavə edərsək, o zaman mənzərə tam aydın olur. 

Əsasən düşmən ölkə, eləcə də bölgədə, ölkəmizdə marağı olan dövlətlərin xüsusi xidmət orqanlarının “süzgəcindən” keçmişlərin vasitəsi ilə aparılan bu informasiya müharibəsinin konturları bir çox məqamlarda bizə bəllidir. Lakin bu əsla o demək deyil ki, biz arxayın olmalı və ya bu məqamlara ciddi əhəmiyyət verməməliyik. Torpaqlarımız işğal olunub, biz müharibə vəziyyətindəyik. Sadəcə bu həqiqət hər birimizə bəs etməlidir ki, daim ayıq, necə deyərlər tətikdə olaq. İyulun 14-dən 15-nə keçən gecə xalqın dövləti, Ali Baş Komandanı və ordusu ilə həmrəylik nümayiş etdirməsinin ardından baş verən təxribatlar da bunu göstərdi ki, diqqətli olmaq lazımdır. Və maraqlı məqam: bu təxribatdan dərhal sonra görüntülərin düşmən ölkənin sosial media seqmentində təbliğatına start verilməsi, insanımızın həmrəlik və orduya sevgi nümayişinin müharibə əleyhinə bir mitinq kimi təbliğ edilməsi, hətta vətəndaşların kütləvi şəkildə ayağa qalxaraq dövlət strukturlarını zorla ələ keçirməsi kimi təqdimatı sıradan bir hal deyil. 

Eyni zamanda son 3 gündə, Tovuz bölgəsində düşmənin isti təmas xəttində təxribatlara yol açmasına paralel olaraq, informasiya cəbhəsində də maraqlı və ciddi proseslərə start verildi.

2016-cı ilin aprelindən fərqli olaraq, bu dəfə ermənilər daha fərqli şəkildə informasiya məkanımıza müdaxilə etməyə çalışırlar.

Əgər 2014-cü ilin avqust və 2016-cı aprelində daha çox informasiya portallarindan istifadə etməklə “dairə” ("bolvanka") modeli tətbiq edilirdisə (bu barədə yazmışam, bu səbəbdən üzərində durmuram), indi sosial mediada dilimizdə sərbəst şəkildə fikirlərini yazı ilə ifadə edən, azərbaycanlı kimi qeydiyyatdan keçmiş xüsusi olaraq hazırlanmış qruplardan istifadə edilir və nəticədə məşhur "niquş" şaiyə texnologiyası dövrəyə girir.

Unutmaq olmaz: düşmən tərəfindən məxsusi olaraq yaradılan profillərdən müxtəlif məzmunlu və həqiqətlə əsla əlaqəsi olmayan dezinformasiyalar və şəkillər yayaraq, cəmiyyətdə ümidsizlik yaratmağa, insanlarımızın dövlətimizə, ordusuna olan inamını sarsıtmağa çalışırlar. Son üç gündə erməni tərəfinin dəfələrlə bu cür dezinformasiyalar və çəkiliş tarixi keçmisə dayanan şəkilləri son əməliyyatların görüntüləri kimi yaymağa cəhd göstərdiklərinin şahidi olduq.

Bundan əvvəlki döyüş əməliyyatları zamanı olduğu kimi, bu dəfə də, məsuliyyətsiz paylaşımlara şahidlik etdik. Hətta düşmənin sosial media vasitəsilə dövriyyəyə buraxdığı dezinformasiyaları yayanlar, bu dezinformasiyaların ətrafında müzakirələr açmaqla onu faktiki olaraq leqallaşdıranlar oldu.

Təəssüf ki, onlara inanlar, bele demək mümkünsə, "küyə gedənlər" də olur. 

Bu səbəbdən sosial mediada paylaşılanlara diqqət etmək xüsusilə önəmlidir. 

Müharibə yalnız ön cəbhədə deyil, informasiya ilə də aparılır. Və inanın, ikincisi birincisindən daha təhlükəli və miqyasına görə genişdir.

Halbuki ən azı döyüşlərin getdiyi zamanlarda daha həssas, daha məsuliyyətli olmaq lazımdır.

Bizim hər birimizin bir azərbaycanlı olaraq üzərimizə vəzifə düşür. Və bu vəzifə bizim vətənimiz qarşısında borcumuzdan qaynaqlanır. 

Elə isə, nə etməli?

1. Yalnız rəsmi qaynaqlardan alınan xəbərlərə inanmalı, paylaşmalıyıq. Müharibə ilə bağlı rəsmi xəbərlərin qaynağı isə Müdafiə Nazirliyidir.

2. Mənşəyi şübhə doğuran profil və səhifələrdə yayılanlara əsla etibar etməməli, paylaşmamalı, həmin səhifələri şikayət etməliyik;

3. Heç bir halda cəbhə xəttindən cəkilmiş və vizual olaraq hərbi texnika və əsgər mövqelərini zərrə qədər də olsa nişan verəcək vizual görüntüləri yaymamalıyıq. Çəkən və paylaşanlardan dərhal bu görüntüləri silmələrini tələb etməliyik;

4. Sosial mediada hər hansı fikir bildirmək, əsla bizi cəmiyyətimiz qarşısında daşıdığımįz sosial məsuliyyət hissindən azad etmir, bunu nəzərə almalıyıq. 

Unutmayaq, biz arxa cəbhəyik! Və arxa cəbhədə olan düzən (!), bizim öndə düşmənlə üz-üzə dayanaraq qanı və canı bahasına savaşan əsgərimizə də öz təsirini göstərir.

Zaman dövlətimiz, Ali Baş Koman və ordunun ətrafında sıx birləşmək zamanıdır.

Biz birlikdə güclüyük.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…