Ana içeriğe atla

Bir daha informasiya müharibəsi barədə


Bu gün savaşlar yalnız isti təmas xəttində aparılmır. Media texnologiyalarının inkişafı, hazırda başqa müharibə növünü - “informasiya müharibəsini” ən aktual, ən vacib məqam kimi ortaya qoymaqdadır. Çox zaman sosial media alətləri vasitəsi ilə aparılan bu savaş, öz təsir gücü və əhatə dairəsinə görə geniş olur və təsadüfi deyil ki, bu gün artıq informasiya müharibəsi ilə bağlı yeni modellər öyrənilir və tətbiq edilir. Ölkəmizə qarşı da ciddi informasiya müharibəsi aparılır. Bu müharibənin yalnız düşmən ölkə tərəfindən olmasını düşünmək, təbii ki, sadəlövhlük olardı. Azərbaycan hər ciddi gücün hədəfində olacaq qədər vacib, əhəmiyyətli ölkədir: həm geosiyasi mövqeyi, həm da geoiqtisadi durmuna görə. Bura ölkəmizin artan və təsir dairəsini getdikcə genişləndirən siyasi nüfuzunu da əlavə etsək, o zaman mənzərə tam aydın olur. Əsasən düşmən ölkə, eləcə də bölgədə, ölkəmizdə marağı olan dövlətlərin xüsusi xidmət orqanlarının “süzgəcindən” keçmişlərin vasitəsi ilə aparılan bu informasiya müharibəsinin konturları bir çox məqamlarda bizə bəllidir. Lakin bu, əsla o demək deyil ki, biz arxayın olmalı və ya bu məqamlara ciddi əhəmiyyət verməməliyik. Torpaqlarımız işğal olunub, biz müharibə vəziyyətindəyik. Sadəcə bu həqiqət hər birimizə bəs etməlidir ki, daim ayıq, necə deyərlər, tətikdə olaq. Unutmaq olmaz: düşmən tərəfindən məxsusi olaraq yaradılan profillərdən müxtəlif məzmunlu və həqiqətlə heç bir əlaqəsi olmayan dezinformasiyalar və şəkillər yayılaraq, cəmiyyətdə ümidsizlik yaratmağa, insanlarımızın dövlətimizə, ordusuna olan inamını sarsıtmağa çalışırlar.


Müharibə yalnız ön cəbhədə deyil, informasiya ilə də aparılır. İnanın, ikincisi birincisindən daha təhlükəli və miqyasına görə genişdir. Halbuki ən azı döyüşlərin getdiyi zamanlarda daha həssas, daha məsuliyyətli olmaq lazımdır. Bizim hər birimizin bir azərbaycanlı olaraq üzərimizə vəzifə düşür. Bu vəzifə bizim Vətənimiz qarşısında borcumuzdan qaynaqlanır. Düşmənlərimiz (Yalnız ermənilər deyil!) müxtəlif forma və üsullardan istifadə edərək informasiya məkanımıza dezinformasiyalar daxil etməklə yanaşı, ölkəmizdə vətəndaşlarımız arasındakı ab-havanı da öyrənməyə çalışır, müəyyən manipulyativ xarakterli xəbərlər ötürməklə ictimai rəyi yoxlamağa, bir növ test etməyə səy göstərir, bilgi almaq istəyirlər. Bu baxımdan edilən hər paylaşıma diqqət etməliyik. Dəfələrlə qeyd etmişik: “İnformasiya müharibəsi yalnız saytların dağıdılması və kiber hücumları deyil, həm də təhlükəsizliyimizin xüsusi komponentini təşkil edən informasiya məkanımıza müxtəlif yollarla müdaxiləni də nəzərdə tutur”.

İnformasiya müharibəsi - beyinlərə yönəlik həmlədir. Hədəfi çaşqınlıq, inamsızlıq, psixoloji depressiya və ümidsizlik yaratmaqdır. Bildiyiniz kimi, azərbaycanlı adı ilə qeydiyyatdan keçmiş və dilimizdə fikirlərini sərbəst şəkildə ifadə etməklə özünü bizdən biri kimi təqdim etməyə, hətta qəbul etdirməyə müvəffəq olmuş kifayət qədər erməni “fake (saxta)” səhifələri və profilləri var. Bu səbəbdən hər birimiz diqqətli olmalıyıq. Şübhəli görünən profillərdən gələn mesaj və rəylərə həssas yanaşmalı, onları şikayət etməliyik. Yaşından, ixtisasından, dünyagörüşü və elmi səviyyəsindən asılı olmayaraq bizim hər birimiz dövlətimiz və millətimiz qarşısında məsuliyyət daşıyırıq. Bu məsuliyyəti unutmamalı, bir vətəndaş olaraq məhz bu prinsiplərdən çıxış etməliyik. Elə isə, nə etməli?

1. Yalnız rəsmi qaynaqlardan alınan xəbərlərə inanmalı, paylaşmalıyıq. Müharibə ilə bağlı rəsmi xəbərlərin qaynağı isə Müdafiə Nazirliyidir;

2. Mənşəyi şübhə doğuran profil və səhifələrdə yayılanlara əsla etibar etməməli, paylaşmamalı, həmin səhifələri şikayət etməliyik;

3. Heç bir halda cəbhə xəttindən cəkilmiş və vizual olaraq hərbi texnika və əsgər mövqelərini zərrə qədər də olsa nişan verəcək vizual görüntüləri yayımlamamalıyıq. Çəkən və paylaşanlardan dərhal bu görüntüləri silmələrini tələb etməliyik;

4. Sosial mediada hər hansı fikir bildirmək, əsla bizi cəmiyyətimiz qarşısında daşıdığımįz sosial məsuliyyət hissindən azad etmir, bunu nəzərə almalıyıq. Unutmayaq, biz arxa cəbhəyik və arxa cəbhədə olan düzən bizim öndə düşmənlə üz-üzə dayanaraq qanı və canı bahasına savaşan əsgərimizə də öz təsirini göstərir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…