Ana içeriğe atla

Vehhabilik


Vəhhabilik - türkə qarşı yaradılmış təşkilat



İslamda gizli təşkilatların yaradılması prosesi Həsən əs–Səbbahın ismaili əsasinləri ilə başlamadığı kimi, onunla da tamamlanmadı. Hələ əsasinlərdən çox-çox əvvəl ismaililərin öz gizli doktrinasının mövcudluğu, ondan daha əvvəl isə şiə xürrəmilərinin fəaliyyəti kimi tarixi faktlar buna əyani sübutdur. İslam dünyasında böyük hay-küy yarada bilmiş, indinin özündə də ardıcıllarının mövcud olduğu belə təşkilatlardan biri də yaradıcısı Muhəmməd ibn Əbdülvəhhabın adı ilə daha çox tanınan vəhhabilikdir. 


Vəhabbiliyin banisi 

Əl-Vəhhab Ərəbistanda Nəcd şəhərinin Uyeyna kəndində 1703/1704-cü ildə dindar ailədə anadan olub. Onun atası Əbdülvəhhab ibn Süleyman dini hüquqşünas (kadi) idi və ilk təhsilini də oğul öz atasından almışdı. Onun qardaşı Süleyman ibn Əbdülvəhhab salnaməçi ibn Hənnəmə danışırdı ki, «qardaşı Muhəmməd İslamın öyrənilməsində böyük nailiyyətlər əldə etmişdi və on yaşına çatmış artıq hafiz sayılırdı». Balaca Muhəmməd təfsirçilərin kitablarını oxuyur, peyğəmbərin hədislərini ciddi-cəhdlə öyrənməyə çalışırdı. On iki yaşına çatanda Əbdülvəhhab öz oğlunu evləndirir. 

Toydan sonra atasının məsləhəti ilə, Muhəmməd Məkkə ziyarətinə yollanır. Sonrakı iki ili Mədinədə keçirərək geriyə dönür. Orada o, məşhur ilahiyyatçı ibn Teymiyyənin və ibn Əl-Kayyimun fikirləri ilə yaxından tanış olur və Muhəmmədin sonrakı dini baxışlarının formalaşmasında bu öz təsirini göstərir. O, qonşu ölkələrə səyahətə çıxır, bir neçə dəfə Hicaz və Bəsrədə olur, sonra Əl-Hasədə yaşayır. Mədinədə o, Abdullah ibn İbrahim ibn Saif adlı birisi ilə tanış olur və ona şagirdlik edir. Sonuncu Əl- Məcməə cazirəsində tanınmış şəxslərdən sayılırdı. 

Muhəmməd ibn Əbdülvəhhabın özü bu barədə belə yazırdı: «Bir gün şeyx məndən soruşdu: «İstəyirsənmi yaşadığımız yer (Əl-Məcməə) üçün hazırladığım silahı sənə göstərim?» Mən dedim: «Hə». O, məni kitablarla dolu olan bir evə apardı. Və dedi: «Budur bizim onun üçün hazırladığımız silah». İbn Əbdülvəhhab bununla Mədinədəki müəlliminin mübarizə üçün hansısa «ideoloji silah» hazırladığına işarə vururdu. 

Bəsrədə olarkən Muhəmməd hamını həqiqi islama və gerçək təkallahlığa dönməyə çağırır. O, öz fikirlərini yaymağa çalışsada, tezliklə oradan qovulur. Əz–Zübeyrə gedən yolda o, az qala susuzluqdan ölür. Lakin, yerli sakinlərdən biri onun köməyinə çatır. 

Daha sonra Əl–Vəhhab bir müddət Əl–Hasədə Abdullah ibn Əbdül Lətifin evində qalır. O, əvvəl Suriyaya səfər etməyi planlaşdırsa da, sonra maliyyə çətinliyi nədəni ilə səfərini təxirə salmalı olur və Xüreymal cazirəsinə yola düşür. 1726 və ya 1727-ci ildə Muhəmmədin atası Əbdülvəhhab da oğlunun yanına köçür. Tarixi mənbələr bunun səbəbini Əbdülvəhhabın Nicdin yeni hakimi ilə aralarında olan nifaqda görürlər. Xüreymalda Muhəmməd öz fikirlərini yaymaqda davam edir və hətta bir neçə dəfə dini söhbətlər zamanı öz atası ilə belə mübahisə etməkdən belə çəkinmir. O, burada bir neçə il qalır. Bu müddət ərzində «Təkallahlıq haqqında kitab»ını («Kitabut-Tevhid») yazır. «Şeyxin işi– İbn Hənnam yazırdı – bütün Uyeynəyə və ətraf bölgələrə səs saldı… İnsanlar onun düşmənlərinə və dostlarına parçalanırdılar». 

1740, bəzi mənbələrə görə isə, 1741-ci ildə Muhəmmədin atası Əbdülvəhhab vəfat edir və o, Uyeynəyə qayıdaraq atasının yerinə dini hakim seçilir. Uyeynənin hakimi Osman ibn Həmid ibn Muammer ilə dostluq edir. Hətta onu öz yoluna dəvət edərək, mükafat kimi Allahın ona Nəcd bölgəsinin hakimliyini verəcəyini söyləyir. Daha sonra Uyeynə ilə Deriyyə kəndlərinin arasında yerləşən kiçik Cəbilə kəndində yerləşmiş Zeyd ibn Əl–Həttabın məzarının dağıdılmasını təklif edir. Əbdülvəhhabın fikrincə, türbələr insanları dindən çıxarır və heç kimin məzarı müqəddəs məkan kimi ziyarət edilə bilməz. Hakim onun təklifini qəbul edir, «məzar dağıdılır, hətta ətrafındakı ağacları belə uçururlar». Beləliklə ibn Əbdülvəhhab Uyeynənin önəmli isminə çevrilir. 

Muhəmmədin moizələri tez-tez cazirə sakinlərinin bir çoxunda narazılıqlar yaradırdı. Öz fikirlərini zorla da olsa xalqa qəbul etdirməyə çalışması, yerli əhalinin Nəcdin qüvvətli qəbilələrindən biri olan Xalidoğullarının rəisi Süleyman ibn Üreyirə müraciət etməsi ilə nəticələnir. O da, öz növbəsində Uyeynənin hakimi Osmandan Muhəmmədi ya öldürməsini, ya da sürgün etməsini tələb edir. Nəticədə o, kənddən qaçmaq məcburiyyətində qalır. Lakin, Muhəmmədin tərəfdarları onun Uyeynədən ayrılmasını başqa cür təsvir edirlər. Məsələn, İbn Bişr yazır: «Xüreymalda öz ədəbsizlikləri və pozğunluqları ilə məşhur olan abidlər yaşayırdılar. İbn Əbdülvəhhab onları İslama dəvət etmək qərarına gəlir. Onlar isə öz növbələrində şeyxi öldürmək barədə qərar qəbul edirlər. Muhəmmədi yalnız təsadüf xilas edir və o, Uyeynədən qaçmaq zorunda qalır». 

Uyeynədən çıxdıqdan sonra Əl–Vəhhab yaxınlıqdakı Dəriyyə kəndinə gəlir və oranın əmiri Muhəmməd ibn Səudla anlaşır və beləcə gələcəkdə yaradılacaq Vəhhabi dövlətinin ilk təməl daşı qoyulmuş olur. 


Dinlə siyasətin vəhdəti 

Bu hadisələr 1744-cü ildə baş verir. Bu birləşmə ilə Muhəmməd ibn Əbdülvəhhab fikirlərini müdafiə etmək və yaymaq üçün sağlam və maddi güc və dəstək, Muhəmməd ibn Səud isə bu fikirlərin doğuracağı imkanla öz nüfuz bölgəsini genişləndirərək hakimiyyətini artırmaq və Ərəb yarımadasına sahib çıxmaq üçün yeni fürsət əldə etmiş olurdu. Beləliklə, Əbdülvəhhab Deriyyədə «Kitabut - Tevhid»dəki görüşlərini yaymağa başlayır. Maraqlıdır ki, Əbdülvəhhab ona iman gətirməyənləri zorla bu yola çəkmək üzərində də baş sındırırdı. Nəticə etibarilə Vəhhab Nəcd vilayətində kifayət qədər tərəfdar yığa bildi. Bu arada Əbdülvəhhabın ingilislərlə işbirliyinə getdiyini bildirən bir sıra mənbələr də var. 

Avropa şərqşünasları Əbdülvəhhabın Bağdad, Dəməşq, İranın bir sıra şəhərlərinə etdiyi səfərlər barədə məlumat verirlər. Bu haqda məlumatlar «İslam Ensiklopediyası» kitabında öz əksini tapıb. 1933-cü ildə məşhur şərqşünas D.Marqolius «Vəhhabilik» adlı məqaləsində «Meteorun şəfəqi» adlı xronikaya istinadən bu məlumatları təsdiq edir. Marqolius iddia edirdi ki, «İbn Əbdülvəhhab Bəsrədə dörd il yaşayıb. Daha sonra Bağdada gedən Muhəmməd beş il orada qalır və varlı bir qadınla ailə qurur. Həmin qadın vəfat edərkən ona miras kimi 2 min dinar pul qoyur. Bundan sonra yenidən səfərə çıxan Muhəmməd bir il İran Kürdüstanında, iki il Həmədanda yaşayır, sonra isə İsfahana yola düşür. Bu səfərlər isə 1736-cı ilə Nadir Şah Əfşarın yenilməz türk tayfalarından topladığı qoşunla bütün İranı qarşısında diz çökdürdüyü bir vaxta düşür. Orada Muhəmməd dörd il ərzində Aristotelin fəlsəfəsinə yiyələnir, sufilik təlimini öyrənir və hətta sufizmdən dərs deyir. Sonra Qum şəhərinə yola düşür və orada İbn Hənbəlinin məktəbinə qoşulur. Qumda bir müddət qaldıqdan sonra ata yurdu Nəcdə–Uyeynəyə qayıdır». Bu faktlara Vəhhabın nəslindən olanların dili ilə, 1954-cü ildə Marqoliusun nəşr etdirdiyi başqa bir kitabda da rast gəlmək olar. 

Anonim salnaməçi iddia edir ki, ibn Əbdülvəhhab tez-tez öz adını dəyişdirirdi: Bəsrədə o, Abdullah, Bağdadda Əhməd, Kürdüstanda Muhəmməd, Həmədanda Yusif adları ilə tanınırdı. Lakin, «Meteorun şəfəqi» salnaməsinə istinad ediriksə, sadə riyazi hesablamalar göstərir ki, Muhəmməd İsfahan, Qum, Hələb, Dəməşq, Yerusəlim və Qahirədə ən azı 11-12 il keçirib. Bu isə, onun Nəcd şəhərinə qayıdışını 40-cı illərin sonlarına aparıb çıxarır ki, bu da Marqoliusun salnamədən dəqiq istifadə etmədiyini və onu səhvlərlə köçürdüyünü sübut edir. Bunu aşağıdakı mənbələr də təsdiq edir. 

Vəhhabi salnaməçiləri və F.Manjen Muhəmməd Əbdülvəhhabın Nəcd şəhərinə qayıdışının 30-cu illərə təsadüf etdiyini yazırlar. 19-cu əsr tarixçisi ibn Zeyni Dəhlən də bu məlumatı təsdiq edir. O, yazır ki, ibn Əbdülvəhhab Nəcdə öz moizələrini 1730-31-ci illərdə oxumağa başlamışdı. Vəhhabilərin salnamələri Avropa şərqşünaslarına «İslam Ensiklopediyası» kitabı nəşr edildikdən sonra məlum oldu. Kitabın yeni nəşrində ibn Əbdülvəhhab haqqında yazılmış məqalənin müəllifi A.Lyaust verdiyi məlumatlarda ibn Hənnam və ibn Bişrə istinad edib. 

İbn Əbdülvəhhabın səyahət zamanı hənbəliliyi (İslamda ənənəvi beş məzhəbdən biri) qəbul etməsi, özü də bunu şiəliyin mərkəzi sayılan Qum şəhərində etməsi faktlara söykənmir. Ən azı ona görə ki, Nəcdə hamı, eləcə də ibn Əbdülvəhhabın babaları hənbəli olmuşdular. Həmçinin onun əsərlərində nə Aristotel fəlsəfəsi ilə tanışlığı, nə də ki, sufizm barədə biliklərə yiyələnməsi barədə bircə cümləyə də olsun rast gəlmək olmur. Bu baxımdan «Meteorun şəfəqi» salnaməsinin müəllifinin ya Vəhhabla bir vaxtda yaşamaması, ya da bilərəkdən tarixi faktları saxtalaşdırdığı üzə çıxır. Lakin, Nəcd salnaməçilərinin ibn Əbdülvəhhabın aşağı İraqda və Cənubi Ərəbistanda yaşaması barədə məlumatlar həqiqətən qıtlıq təşkil etsə də faktların özünü qəbul etməmək olmur. Onun karvan yolu ilə Bağdada, İranın yaxın şəhərlərinə və Suriyaya getməyi barədə məlumatların həqiqətə uyğun olduğunu Səudların tarixçisi Munir əl–Əcliyani də yazır. 

«Meteorun şəfəqi»ndə bildirilir ki, Nəcdə qayıtdığı zaman ibn Əbdülvəhhab bir müddət Yəmən şəhərində qalır və orada onun moizələri düşmənçiliklə qarşılanır. Lakin, onun Məkkədə aldığı 7-8 qaradərili qulu və dörd əmisi oğlu yanında olduğundan münaqişəni silahlı toqquşma səviyyəsinə gətirib çıxarmırlar. Lakin, bu faktın özünü də heç bir mənbə təsdiq etmir. 

Beləliklə, ibn Əbdülvəhhabın səyahətləri və tanış olduğu şəxslər onun sonrakı dünyagörüşünün formalaşmasında önəmli rol oynayır. O, Ərəbistanda olan bir çox təriqət və məzhəblərin, eyni zamanda sektaların sirrlərinə yiyələnir, onlar haqqında daha çox məlumat toplamağa çalışır. 


Vəhhabilik meydana çıxır 

Vəhhabiliyin yaranması ərəfəsində Ərəbistanda islam öz geniş rəngarəngliyi ilə seçilirdi. Ortodoksal sünnilikdən – Hənbəlilikdən tutmuş, ibadi, zeydi və digər şiə cərəyanlarına, həmçinin islamaqədərki sekta və kultlara belə rast gəlmək olardı. Büdpərəstlik, günəşə sitayiş, animizm, fetişizm, əcdadlar kultu və digər elementləri özlərində birləşdirən cərəyanlar açıq mövqe nümayiş etdirirdilər. Muhəmməd belə bir zamanda ortaya çıxmaq qərarına gəlir. 

Antivəhhabi çıxışların başında duran, Muhəmməd ibn Əbdülvəhhabın qardaşı Süleyman qardaşının rəhbəri olduğu təriqətin əsas cəhəti kimi barışmazlığı gösətrirdi. Hicaz tarixçisi ibn Zeyni Dəhlan yazırdı: «Süleyman bir dəfə qardaşı Muhəmməddən soruşdu: «Ey Muhəmməd ibn Əbdülvəhhab İslamda neçə yol var?». O, cavab verdi: «Beş». Onda Süleyman ona dedi: «Xeyir, sən onu altı etdin, altıncı – kim ardınca getmirsə o, müsəlman deyil fikridir. Bu sənin üçün islamın altıncı yoludur». 

Bu cür fanatizmdən ibn Sanad adlı Bəsrə yazaçısı da xəbər verirdi: «Tuays adlı qara qul Süveynəni öldürdüyü zaman (Fərat çayının aşağı sahillərində müntəfiq qəbiləsinin başçısı), Səudun tərəfdarları onu təkcə ona görə təqdir etmirdilər ki, Süveynənin imansız olduğunu bilirdilər, bu həm də ona görə idi ki, onların fikrincə, Vəhhabın təlimini qəbul etməyən yer üzündəki hər bir kəs kafirdir». İslamın həmin dövr üçün xarakterik olan və çox sayda tərəfdar topladığı məzhəblərə qarşı çıxan vəhhabilər adi təriqətçilik təfəkküründən daha uzağa gedirdilər. Belyayevin də bildirdiyi kimi, «müsəlmanların özlərinin qəbul etdikləri ümumi qaydaya görə, İslamın istənilən etiqad, məzhəb və təriqətlərindən birinə iman gətirən şəxs müsəlman sayılır». Vəhhabilər isə, bu ümumi qaydanı qəbul etmək belə istəmirdilər. Onlar çağırışlarını eşitmiş, lakin onlara qoşulmayan hər bir kəsi kafir hesab edirdilər. Nəticədə vəhhabilər xristian və yəhudilərə qeyri–vəhhabi müsəlmanlara göstərdikləri münasibətdən daha sıcaq münasibət göstərir, onlara evlərində ibadət etməyə icazə verir, yalnız dörd piastr məbləğində rüsum alırdılar. Bəlkə də bu peyğəmbərin müsəlmanlar üçün vagib buyurduğu «kitab əhlinə dözümlü olun» prinsipindən irəli gəlirdi. Lakin, bununla belə vəhhabilər tutduqları cazirə və ya şəhərlərdə məzar daşlarını, tarixi və dini şəxsiyyətlərin məzarları üzərində ucaldılan abidələri sındırır, təbliğ etdikləri fikirlərlə üst-üstə düşməyən kitabları yandırırdılar. 

Əslində isə vəhhabiliyin əsasında siyasi məqsədlər dururdu. Belə ki, Muhəmməd ibn Əbdülvəhhabın sonrakı çıxışları da onu göstərir ki, onun qarşısına qoyduğu əsas məqsəd Nəcd əhalisinin birləşməsini təmin etmək idi. Bu birlik ilk növbədə Nəcd əhalisinin əbədi rəqibi olan Hicaz aristokratiyasına qarşı yönəlmişdi. Bunu aşağıdakı faktlar da sübut edir. Hələ Muhəmməd ibn Əbdülvəhhab Əyyana gələrkən oranın əmiri Osman ibn Həmid ibn Muəmmərlə görüşür və onun marağını özünə cəlb edə bilir. «Mən istəyirəm ki, sən «Allahdan başqa inanılası başqa bir məbud yoxdur» fikrini yaymaqla məşğul olasan və Nəcd vilayətini, onun əhalisini öz hakimiyyətin altına alasan», - deyə şeyx tarixi mənbələrə görə əmirə deyir. Bu təklif əmiri də təmin edirdi. Və çox keçmir ki, onlar qohum olurlar. Lakin, plan yerli əhalinin Əyyan vilayətində Muhəmmədi qəbul etməməsi ilə pozulur. Muhəmməd ibn Əbdülvəhhab fikirlərini praktik cəhətdən icra etməyə başlayır. O, həmin ərazidə müqəddəs sayılan ağacı kəsdirir, peyğəmbərin səhabələrindən biri olan Zeyd ibn Əl– Həttabın məzarını dağıdır. Həmin zaman bəlkə də əhali ona qarşı çıxardı, lakin, Muhəmmədin ardınca gələn Osman və onun altı yüz nəfərlik qoşunu bunu əngəlləyir. Məzarı isə Əbdülvəhhab özü şəxsən dağıdır. Bundan sonra ərəb tarixçilərinin yazdığı daha bir dəhşətli hadisə baş verir. Muhəmməd ibn Əbdülvəhhab Əyyanda güya ki, «zina və pozğunluqla» məşğul olan bir qadını ölüncəyə qədər daşqalaq etməyi əmr edir. «Əmir Osman və bir qrup müsəlman qabağa çıxaraq onu ölənədək daşlamağa başladılar. Və ilk daşı da Osman atdı, - ibn Hənnam yazırdı, - Bundan sonra ibn Əbdülvəhhab qadını yuyub kəfənləməyi və dua oxumağı əmr etdi». 

Yuxarıda da qeyd etdiyimiz kimi, sonradan əhalinin Nəcdin qüvvətli qəbilələrindən biri olan Xalidoğullarının rəisi Süleyman ibn Üreyrə müraciət etmələri və sonuncunun Osmandan Muhəmmədi ya öldürməyi, ya da ərazidən çıxarmağı tələb etməsi onun planlarını alt-üst edir və o, Dəriyyəyə gedərək Səud qəbiləsinə sığınır. Bütün bu proseslər 1744-cü ildə baş verir. Ümumi maraqlar hər iki tərəfi müttəfiqə çevirir. Tez bir zamanda Səudların yanında nüfuz sahibinə çevrildikdən sonra, Muhəmmədin birinci olaraq gördüyü iş Məkkə və Mədinəni (Kəəbəyə həcc ziyarətindən savayı), ilk növbədə Peyğəmbərimizin məzarını ziyarət etməyi qadağan etməsi olur. Bu isə hicazlıları xeyli nüfuzdan salmaq və onların nüfuz dairəsinə girmək demək idi. Odur ki, bu şəhərlərdə yaşayan din xadimləri Nəcddən olan birisinin onlara «həqiqi islam» dərsini necə keçdiyinə göz yuma bilməzdilər. 

Osmanlı imperiyasının Rusiya və İran müharibələrinə başı qarışdığı bir zaman vəhhabilər hərəkətə keçmək vaxtının yetişdiyini anlayırlar. Görkəmli ilahiyyatçı Əhməd ibn Zeyni Dehliyaninin yazdığı kimi, ilk əvvəl vəhhabilər Yəmən üzərinə yürüşə başlayırlar. İşğal olunmuş ərazilərin müsəlman əhalisi zorla vəhhabi edilirdi. İslamın humanist əsası – dini dözümlülük və islama zorakı çağırışın yolverilməzliyi – zərbə altında idi. Bundan sonra vəhhabilər Məkkə və Mədinə şəhərləri ətrafında yaşayan köçəri tayfaları öz tərəflərinə çəkmək məqsədi ilə güclü missioner təbliğata başladılar. Həmin şəhərlərə vəhhabilərin emissarları göndərilir, onlar isə öz növbələrində təmsilçisi olduqları hərəkatın siyasi məqsədlərini gerçəkləşdirmək ümidi ilə yerli nüfuzlu müsəlman alim və ruhanilərinin dəstəyini qazanmağa çalışırdılar. Məkkə və Mədinəyə girmək isə çox əhəmiyyətli məsələ idi. Bu şəhərlərə girmək isə, bayaqda qeyd etdiyimiz kimi, əbədi rəqib olan hicazlıları arxada qoymaqla yanaşı, Osmanlıya qarşı mübarizədə bütün müsəlman dünyasının güclü siyasi və ideoloji dəstəyini qazanmaq demək idi. 1785-ci ildə vəhhabilər Məkkənin nəzarəti altında olan qəbilələrə hücum edirlər. Onlar Ət–Toif şəhərini mühasirədə saxlayaraq, müqaviməti qırdıqdan sonra ora daxil olur, əhalinin demək olar ki, hamısını qılıncdan keçirirlər. Məkkənin şərifi Qalib ibn Müsaid Əbdülvəhhabın ardıcılları ilə 1789-cu il məhərrəm ayının 8-də qarşılıqlı olaraq bir-birinə hücum etməmək barədə müqavilə imzalayır. Lakin, 1800- cü ildə vəhhabilər Məkkəni mühasirəyə alırlar və ora gedən yolları tam nəzarətə götürürlər. Şəhərdə dəhşətli aclıq başlayır. Şərif Qalib müqəddəs şəhərdə qan tökülməsinin qarşısını almaq və aclığı dayandırmaq məqsədi ilə vəhhabilərlə sülh bağlamağa və onları şəhərə buraxmağa məcbur olur. Elə həmin il vəhhabilər Mədinəni tutur və bəzi mənbələrin iddia etdiyinə görə, peyğəmbərin məzarı yerləşən otağı qarət edirlər. Vəhhabilərin müqəddəs şəhərlər üzərində ağalığı yeddi il çəkir. Bu illər ərzində onlar bir çox məzarları qarət edərək dağıdır, onlara qarşı çıxanları edam etdirir, müqəddəs Kəbənin zinnət əşyalarını götürərək, onu qara parça ilə bürüyürlər, əzandan sonra peyğəmbərə salavat çevirməyi islamdan çıxmaq kimi qələmə verir və qadağan edirlər. İbn Əbdülvəhhab özü şəxsən bu əmri yerinə yetirməyən müəzzini edam etmək əmrini verir. Ərəblərin müqəddəs saydığı və altında peyğəmbərə and içdikləri ağacı kəsir, «müsəlmanların ona ibadət etməsi» bəhanəsi ilə həzrəti Xədicənin məzarını dağıdırlar. Deyilənə görə, vəhhabilər həmçinin həm kişilərdən, həm də qadınlardan başı qırxdırmağı tələb edirdilər. Buna qarşı çıxan qadınlardan biri vəhhabilərdən saqqallarını qırxmağı tələb edir. Buna cavab tapa bilməyən ibn Əbdülvəhhab qadınları bu tələbdən azad edir. 


Vəhhabilər ingilislərlə müttəfiqdir-Türklərə qarşı 

Ərəblər türkləri arxadan vurdular
Vəhhabilər müqəddəs şəhərləri ələ keçirdikdən və ərəblər üzərində nəzarətlərini gücləndirdikdən sonra yeni hədəf kimi türkləri və Osmanlı İmperiyasını görürdülər. Bu zaman vəhhabilik artıq dini elementləri özündə əks etdirən və eyni zamanda ərəbləri türklərə qarşı yönəldən millətçi bir hərəkat formasına keçir. Vəhhabiliyin konkret olaraq türklər əleyhinə çevrilmiş ölümcül bir silah olmasında Osmanlı İmperiyasının çökməsində və İslamın parçalanmasında xüsusi marağı olan indi «Qərb» deyə adlandırdığımız qüvvələrin də böyük rolu oldu. Ərəb xilafətinə məhz ərəbin rəhbərlik etməli olduğu fikrinə hakim olan Əbdülvəhab ingilis və fransızlardan kömək görür. Hər iki tərəf bu «siyasi» izdivacdan xeyir götürürdü. Hədəf xilafətdə türk hökmranlığına son qoymaq, Osmanlını arxadan vurmaq, ərəblərin xilafətdə üstün mövqelərini bərpa etmək və təşkilatlanmaq idi. 

«İngilis casusu Hempherin etirafları» kitabında 1710-cu ildə Misir, İraq, Ərəbistan və Osmanlıya göndərilmiş Hempher adlı ingilis casusunun başına gələn hadisələr və türklərin əleyhinə göstərdiyi cəsusluq fəaliyyəti elə özü tərəfindən qeydə alınır: «… Biz ingilislər rifah və səadət içində yaşamağımız üçün bütün dövlətlərdə fitnə və təfriqə çıxarmaq məcburiyyətindəyik. Osmanlı dövlətini yalnız belə fitnələrlə yıxa bilərdik». Türk dilinə mükəmməl yiyələnən və İstanbulda bir müddət qaldıqdan sonra, yeni tapşırıqla Bəsrə şəhərinə gələn ingilis casusu Hempher şikəst bir kişinin dükanında özünə iş tapır və fars dilinə daha mükəmməl yiyələnmək üçün öz üzərində işləyir: «Bu dükana ara-sıra elm qiyafəsində, ərəbcə, türkcə və farsca bilən Muhəmməd ibn Əbdülvəhhab Necdli adlı bir dəliqanlı gəlirdi. Bu gənc yüksək dərəcədə hündürdən danışan və xasiyyətcə çox əsəbi adam idi. Osmanlı dövlətini çox tənqid etdiyi halda, İran dövləti haqqında pis şey deməzdi. Necdli Muhəmməd sünnilərin dörd məzhəbindən birinə tabe olmağa bir səbəb görmürdü. Bu barədəki Quran ayələrini görməməzliyə vurur, Hədisi-Şəriflərə əhəmiyyət vermirdi. Bu iş mənim lap ürəyimdən oldu, çünki axtardığımı Necdli Muhəmməddə tapmışdım». «Etiraflarda» daha sonra Muhəmmədlə mütəmadi olaraq görüşdüyünü bildirən Hempher onun üzərindəki nüfuzunu və nəzarətini daha da gücləndirmək məqsədi ilə Səfiyyə adı ilə göndərilən bir qadın-ingilis casusu ilə bir həftəlik nigah bağladır. Bu zaman cəsuslar Əbdülvəhhabı daha da özlərinə bağlamağa müvəffəq olurlar və «Necdli Muhəmmədin əynindən iman paltarını yavaş-yavaş çıxarmağa müvəffəq» olurlar. «Artıq Necdli Muhəmməd mənim cızdığım yolla gedirdi. Mənim vəzifəm ona istiqlalı, hürriyyəti və qisasçılığı başa salmaq idi, bunu da bacardım. Məhz bundan sonra artıq bir məzhəb qurmağa qərar verdik, axı biz bir-birimizin sirr dostu olmuşduq. İki il sonra (1730) üsyana başladıq. Dəriyyə əmiri Muhəmməd ibn Səudu da öz tərəfimizə çəkdik. Nazirliyin (İngilis Müstəmləkələr Nazirliyi-V.Ə.) yardımı ilə xeyli gücləndik. Mənim kimi o bölgədə minlərcə cəsus vardı. İngilis cəsusları kölə adı ilə əsgərlərimizə yardım edirdilər. Biz bir çox cəsusu əsgər olaraq yanımıza toplamışdıq. Hamımız müsəlman qızları ilə ailə qurmuşduq. Müsəlmanların qəlblərini və etimadlarını dini yolla əldə etmək üçün Necdli Muhəmməddən, siyasi yolla təmin etmək üçünsə Muhəmməd ibn Səuddan istifadə edirdik. Beləcə davamlı şəkildə gündən-günə qüvvətlənməyə başladıq. Dəriyyə şəhərini özümüzə mərkəz seçdik. Din olaraq da yeni Vəhhabilik dinini təsis etdik. İngilis hökuməti Vəhhabi hökumətini gizlində dəstəkləyir və hər şeylə təmin edirdi. Yeni hökumət ərəb dilini və səhra müharibəsini çox yaxşı bilən 11 ingilis gəncini də kölə adı altında satın aldı. Planları məhz bu gənclərlə bərabər hazırlayırdıq. Hər iki Muhəmməd də göstərdiyimiz yolla gedirdilər…». 

Əslində Əbdülvəhhab ingilis cəsusunun dediyi qədər sadəlövh deyildi ki, «göstiərilən yolla getsin». Və ingilislərlə işbirliyinin Osmanlı əleyhinə yönəlik olması onu razı salırdı. Əks halda artıq ərəblər içində müəyyən iş görə bilmiş və nüfuz toplamış birisinin «cəsus qadına» və «şirin dilə» inanması mümkün olmazdı. Ərəbləri birləşdirməyin yeganə əsas yolu Osmanlının nüfuzunu zəiflətmək və türklərin yarımadada mövqelərinə zərbə vurmaq idi. Ərəblər öz birliklərini təmin etmək və xilafəti ələ keçirmək üçün ingilislərdən, ingilislər isə Osmanlını buradan çıxarmaqla öz mövqelərini gücləndirmək və bölgəyə nəzarəti artırmaq üçün ərəblərdən istifadə etməyi düşünürdü. İngilislər Osmanlının yerinə Xilafətin başına keçəcək və bölgədəki ərəbləri birləşdirəcək Səudlara nəzarət etməyi daha məqbul sayırdılar, nəinki «ipə-sapa yatmayan türkləri». 

Türklərə qarşı çıxışlar ilk əvvəl özünü hənəfilik və sufilik əleyhinə yönəlik vəhhabi təlimlərində qabarıq göstərməyə başlayır. Milli birlik təfəkkürünü bir o qədər özündə aşılamayan ərəbləri osmanlılar əleyhinə qaldırmaq üçün vəhhabilər yenə dini pərdə ilə bürünməli oldular. Belə ki, türk ağalığına müti boyun əyən ərəbi yalnız dini hisslərlə ayağa qaldırmaq olardı. Bununla da 18-ci əsr Osmanlı İmperiyası ərazisində geniş yayılmış sufilik əleyhinə açıq formada olmasa da, müəyyən çalarlarla özünü büruzə verən anti sufi münasibət formalaşmağa başlayır. Muhəmməd ibn Əbdülvəhhabın oğlu Abdullah hətta bir dəfə sufilərə qarşı olmadığını da bildirmişdi. Lakin bu, dini rəhbərin sözündən daha çox hər hansı siyasətçinin taktiki gedişinə daha çox oxşayırdı. Qurani Kərimi, sünnəni və islam tarixinin ilk üç əsrində yaşamış üləmaların katablarını əsas kimi götürən vəhhabilərin fikrincə, sufilik islama sonradan gəlib və ona görə də küfrdür. Sufi dərvişlərinin əleyhinə yönəlik (orta əsr sufi dərvişləri onlara etiraz edirdilər. Onlarda imamlara və təriqət başçılarına fövqəlsitayiş elementləri özünü göstərir, eyni zamanda yeri gəldikdə magiyadan və okkultizmdən istifadə edirdilər) vəhhabi fikirlərindən müqəddəslər kultuna sitayişi qadağan etmələrini, magiya və cadügərlik əleyhinə çıxış etmələrini misal göstərmək olar. Həmçinin tütünün, həşişin, musiqinin, qrup halında icra edilən ayinlərin və rəqslərin qadağan edilməsini də bir başa sufilərin əleyhinə yönəlik qərarlar kimi qiymətləndirmək olar. İslamda beş ənənəvi məzhəbin (bu məzhəblərdən dördü eyni zamanda əhli–sünnə məzhəbləridir: Hənəfilik, Hənbəlilik, Şafiilik, Malikilik) birindən - hənbəlilikdən qopmuş vəhhabilik, adı çəkilən məzhəbin mövqeyini ifrat dərəcədə yuxarı qaldırmaqla yanaşı, digər ənənəvi məzhəb olan və Osmanlıda hakim mövqeyə malik Hənəfiliyi rədd edirdi. Məhz bu səbəbdən qeyd etmək olar ki, vəhhabilər o islama qarşı çıxış edir və küfr adlandırırdılar ki, o Osmanlıda hakim idi. Unutmayaq ki, sufilik də Osmanlı ərazisində geniş yayılmışdı və hər iki islam cərəyanı daha çox milliyyətcə türk olan müsəlmanları (istər hənəfilik məzhəbində, istərsə də sufilikdə türk psixologiyasına yaxın olan elementlər həddən artıq çoxdur. Hənəfilik məzhəbinin yaradıcısı olan Əbu Hənifənin özü də milliyyətcə türk olub. İndinin özündə də dünya türklərinin böyük əksəriyyəti (eyni zamanda sünni olan Azərbaycan türkləri) hər hansı bir digər məzhəbi və ya təriqəti deyil məhz hənəfiliyi qəbul edirlər) öz ətraflarında birləşdirirdilər. Məzhəb ayrı seçkiliyinin yaranması isə ərəblərdə əsrlər boyu sürən türk ağalığına dini pərdə altında son qoya bilərdi. Tütün, ipək paltarlardan istifadə əleyhinə yönəlik qadağalar əslində ərəblərin hakim elitasını təmsil edən Nəcd əhalisinin Osmanlı türklərinin yaşayış tərzinə qarşı bir çıxışı idi. İ.Burkxardt qeyd edirdi ki, «vəhhabilər türk zəvvarlarının geyindiyi şəhanə geyimlərə nifrətlə yanaşırdılar». O yazırdı ki, ərəblər türklərin uzun müddətli ağalığından və orada baş verən özbaşınalıqlardan təngə gəlmişdilər. Bağdad paşasının xidmətində olan fransız artileriyaçısı J. Raymon bildirirdi ki, bütün Ərəbistan ərazisində anti–türk əhval–ruhiyyə hökm sürürdü. Hətta ərəblərdən biri ona belə demişdi: «Bir gün gələcək biz xilafət taxtında ərəbin oturduğunu görəcəyik, biz çox bu qəsbkarların qamçısı altında yaşadıq».

Bakı, 2004

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...