Ana içeriğe atla

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 
Fütüvvət anlayışı

Təməldə Qurana və həzrət Peyğəmbərin sünnəsinə əsaslanan prinsipləriylə İslami anlayısa birbaşa bağlı olan Əxilik təşkilatının qurulmasında, fütüvvət anlayışının büyük əhəmiyyəti var. İslamın ilk əsrindən etibarən görülməyə başlanan fütüvvət təşkilatları içində IX əsrdən etibarən sənətkar birlikləri ortaya çıxdı. 
Əxiliyin yayılma arealı və onun ideya əsaslarının formalaşması ilə bağlı əxi araşdırıcıları arasında müxtəlif fikirlər mövcuddur. Bu fikirlərdən biri əxiliyin Türk "akılıq" və "alp" ənənəsinin, Ərəb və İran fütüvvət idealıyla islamın bir sintez halında birləşməsi nəticəsində yarandığının irəli sürülməsi ilə bağlıdır (M.Saffet Sarıkaya, “Alevilik ve Bektaşiliğin Ahilikle İlişkisi-Fütüvvetnâmelere Göre-”, İslâmiyât, VI/3(2003), s. 93); M. Bayram, Ahî Evren ve Ahî Teşkilâtının Kuruluşu, Konya 1991, s. 363-364; Anzavur Demirpolat, Gürsoy Akça. Ahilik ve Türk sosyo-kültürel hayatina katkilari. Türkiyat Araştırmaları Dergisi 15. Sayi Güz 2004, s.59; Galip Demir, Osmanlı Devletinin Kuruluşu ve Ahilik, Ahi Kültürünü Araştırma ve Eğitim Vakfı Yayınları, İstanbul 2000, s. 321).
Digər bir fikir əxiliyin fütüvvətin “bir uzantısı” və onun yeni, daha mükəmməl və təkmilləşdirilmiş bir forması olması ilə bağlı olan fikirlərdir (Tezcan M. (1999). Ahilik Çerçevesinde Oluşan Türk Kültürünün Temel Taşları, II. Uluslararası Ahilik Kültürü Sempozyumu Bildirileri, Kırşehir 1999, s. 287; Çağatay Neşet. “Futuvvet-Ahi Müessesesinin Menşei Meselesi”, AÜ., İlahiyat Fakültesi Dergisi, Ankara 1952, C.1, Sayı: 1, s. 59 Çağatay, Neşet, Bir Türk Kurumu Olan Ahilik, AÜ. İlâhiyat Fakültesi Yay., Ankara 1974, s. 28-35). Bəzi araşdırıcılar isə əxiliyi “Türk hadisəsi”, “Türk fütüvvət hərəkatı”, “...daha çox türkləşmiş bir qurum” kimi dəyərləndirirdilər (5, s. 174). 
Türklər məhz, İslamı qəbul etmələrindən sonra fütüvvət ideyasını mənimsəyib özlərinə xas igidlik, comərdlik və qəhrəmanlıq vəsfləri ilə süsləyərək Əxiliyin formalaşmasına və İslam dünyasında 500 il önəmli rol oynamasına səbəb oldular. 
İslam aləmindəki fütüvvətçilik ənənəsini, insani və əxlaqi üstün məziyyətləri ifadə etməsi mənasında İslamdan əvvəlki dövrlərə qədər götürmək mümkündür. Lakin fütüvvətçilik gerçək məna dərinliyini İslam dininin ortaya çıxmasından sonra və xüsusilə də mutasavviflərin əməyi ilə qazanıb. Belə ki, fütüvvətçilik İslam aləmindəki igidlik və qəhrəmanlıq ülküsünün adı olarkən, bu ülkünü şəxsində təmsil eden kişiyə “fəta” deyilib. Məşhur təsəvvüfçülərdən və ilk fütüvvətna-mələrdən birinin müəllifi olan Əbu Əbdurrəhman əs-Süləmi “Kitabul-Fütüvvət" adlı risaləsində fütüvvəti belə dəyərləndirirdi: "Məlaməti şeyxlərindən bəziləri də, sizcə fütüvvət mövqeyini kim qazanar, fəta adına kim haqq edər deyə soruşulunca deyərlər ki, Allah hamısına rəhmət etsin, kimdə Nuhun səbatı, İbrahimin vüqarı, İsmayılın doğruluğu, Musanın ixlası, Əyyubun səbri, Davudun ağlayışı, Məhəmmədin comərdliyi varsa, yenə kimdə Əbu Bəkrin canıyananlığı, Ömərin qeyrəti, Osmanın utancaqlığı, Əlinin elmi varsa, sonra bütün bunlarla bərabər nəfsini boğar, öz eyiblərini görə bilirsə, o, fütüvvət sahibidir». Cüneyd Bağdadi (ö. 297/909) isə deyirdi ki, “Fütüvvət, çətinliyin öhdəsindən gəlmək, malından, pulundan pay verməyi bacarmaq, hər bir şeydən ötrü şikayət etməmək, zəngin və ya yoxsul kim istəsə geri çevirməmək, haramlardan qaçınmaqdır” (5, s. 175-176).
Fəthlərin də təsiri ilə VIII əsrdən etibarən İslam dünyasında böyük sosial və siyasi sarsıntılar yaşanırdı. Bu durum, özəlliklə mərkəzi hakimiyyətin nəzarətindən kənarda qalan və onların idarəçiliyinə müxalif olan yerlərdə və bölgələrdə özlərini fütüvvət əhli olaraq təqdim edən bir sıra təşkilatların ortaya çıxması ilə nəticələndi. Bu dönəmdə sufilər öz düşüncələrini sistemləşdirərək yeni fütüvvət anlayışını ortaya qoydular. Bu anlayışın qəhrəmanı olan “fəta” savaş və sərtlikdən çox fövqəladə dürüstlük, comərtlik, fədakarlıq, Allahdan qorxmaq və ona bağlılıq kimi vəsflərlə xarakterizə olunurdu. 
Sufilər, bu fütüvvət anlayışını mənimsəyənlərin xalq arasında çoxalması ilə sıxıntıların azalacağına ümid edirdilər. Bu düşüncənin həvəsi ilə İmam Qüşeyri, Əbu Fərəc İsfəhani, Əhməd bin Həzrəveyh, Əbu Talib Muhəmməd əl-Məkki kimi alimlər müxtəlif əsərlər ortaya qoydular. Sufilərdən Əbu Əbdürrəhman Muhəmməd Süləmi fütüvvət hədəflərini birləşdirərək ilk “fütüvvətnamə” yazan alim oldu. 
Əxilik anlayışı ilk əsərlərdə və fütüvvətnamələrdə “əhl-i fütüvvət” deyə anılırdı. Bu barədə əxiliyin Türk araşdırıcılarından olan Camal Anadol özünün “Türk-islam Medeniyetinde Ahilik Kültürü ve Fütüvvetnameler” adlı əsərində yazır: “XIII əsrin ortalarından etibarən Anadoludakı fütüvvətçilər özlərini "əxi" olaraq adlandırmaları ilə fütüvvət təşkilatından ayrılmış oldular. O zamana qədər fütüvvət qaydaları deyə tanınan, təriflənən gözəl xasiyyətlərə, Türk qonaqpərvərliyinin də əlavə olunması ilə Anadoludakı Türk sənət və peşə mütəxəssisinin ortaq qanunları və davranışları olaraq “əxilik” adı altında yeni bir quruluş ortaya çıxdı. Bu əxilik, bütün Anadolunu, ələ keçirilməsindən sonra Krımı və Balkanları da əhatə edən və kəndlərə qədər yayılan bir qurum halında təşkilatlandı” (1, s. 46)

Azərbaycanda Əxiliyin yaranması və yayılması

Orta əsrlərdə Azərbaycanın bir çox yerlərində - Təbriz, Gəncə, Xoy, Şamaxı, Ərdəbil, Ordubad, Şəki, Bakı və başqa şəhərlərində sənətkarlıq inkişaf edir, sənətkar birlikləri yaranırdı. Tarixçi V. Piriyev Azərbaycanda əxilərin “əsnaf” və ya “möhtərifə”, Monqol dövründə isə “ozan” adlandırılması ilə bağlı faktların olduğunu bildirir. Türk tarixçisi, əxiliyin mühüm araşdırıcılarından biri M. Bayram yazırdı ki, Anadoluda əxi təşkilatının zühurundan əvvəl Azərbaycanın müxtəlif şəhər və qəsəbələrində türkmənlər arasında əxilik peşəsinə mənsub, özlərinə əxi deyən tacir və sənətkar insanlar vardı . Bilinən həqiqətdir ki, «Anadolunun inkişafında və müxtəlif mütərəqqi ideyaların yayılmasında Azərbaycandan gələn intellektuallar çox mühüm rol oynamışlar. O dövrlərə aid “anonim Səlcuqnamə”də bu barədə qeyd edilirdi ki, 1170-ci ildə yenidən tikdirdiyi Ağsarayda mədrəsələr, zaviyələr və məscidlər inşa etdirdiyi II Qılıcarslan (1155-1192) buraya Azərbaycandan alimlər, qazilər və tüccarlar gətirmiş və yerləşdirmişdir. XIII yüzillikdə təkcə Konya şəhərində Siracəddin Ürməvi, Mahmud əl-Xoyi (Əxi Evrən), Məcidəddin Mərəndi (Baba Mərəndi), Şəms Təbrizi, Nəcməddin Naxçıvani, İzzəddin Ürməvi, Bədrəddin Təbrizi, Əminəddin Təbrizi, Tacəddin Xoyi, Mahmud Tusi və başqaları kimi azərbaycanlı elm və təsəvvüf adamları yaşayıb-yaratmışlar» (5, s.196). 
M. Bayram yazır: “Anadoludakı ilk əxilərin demək olar ki, hamısı Azərbaycandan və əsasən də Sökməyin elindən gəlmiş şəxslər olduqları görülməkdədir. Anadolu əxi təşkilatının bas memarı sayılan dabbaqçıların piri olmuş, Əxi Evrən deyə adlandırılan Şeyx Nəsrəddin Mahmud Xoyludur. Əxi Türk və qardaşı Əxi Bacara Urmiyalıdır. Xoy və Urmiya o dövrdə Sökməyin elinə daxil idi. Tacir Məvdudun oğulları Əxi Sihabəddin Çoban və Əxi Bədrəddin Yaman Ahlatlıdırlar. Əxi Ahmər Naxçıvanlıdır. Əxi Yusuf Sürmarlıdır. Nəhayət Mərəndli, Təbrizli, Zəncanlı, Marağalı əxilərində olması məlumdur. Abbasi Xəlifəsi ən-Nasir li-Dinillahın qurduğu Fütüvvət təşkilatının üzvləri olan bu ilk əxilər Anadoluda təşkilatlanaraq əsnaf və sənətkarları da içinə alan bir qurum olaraq ortaya çıxmışdır”. 
Əxi Türk ləqəbli Hüsaməddin Çələbi və onun nəslinin Konyada çox böyük nüfuz sahibi olması haqqında mənbələrdə geniş məlumat var. O, Cəlaləddin Ruminin «canişinlərindən» olmuş, 1284-cü ildə vəfat edib. Onun qəbirüstü abidəsinin kitabəsində bu sözlər yazılıb: “Bu türbə şeyxlərin şeyxi, ariflərin qabaqda gələni, doğru yolun və bilginin imana, doqquzuncu göyün xəzinələrinin açarçısı, yer üzünün xəzinələrinin etibarlı adamı, zamanın dostu, ərdəmin atası, Haqqın işığı Əxi Türk olaraq da bilinən Urmiyalı Həsən oğlu Məmməd oğlu Hüsaməddin Həsənindir. Allah ondan və onlardan razı olsun. Onların ruhunu müqəddəs etsin. 683-cü ilin Şaban ayının 24-ü”.
Əxilik ideyasının Azərbaycanda yayılması ilə bağlı ilk məlumatlar Əbu Bəkr Hüseyn ibn Əli ibn Yəzdanyar Urməvinin (ölümü 944) adı ilə bağlıdır. Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuş və İbn Yəzdanyar adı ilə tanınmış bu azərbaycanlı mütəfəkkirin həyatı və fəaliyyəti ilə bağlı orta əsr müəllifləri Əbdurrəhman Cami “Nəfaxatul-Üns”, Əlişir Nəvai isə “Nəsayimul-Məhəbbə min Şəmayimil-Futuvvə” adlı əsərlərində geniş məlumat vermişlər (5, s. 192). İbn Yəzdanyardan sonra onun ideyalarının ən məşhur təmsilçisi və “əxi” təşkilatının ilk qurucularından biri azərbaycanlı alim Əxi Fərəc Zəncani (ölümü 1065) sayılır. Əbdurrəhman Cami “Nəfaxatul-Üns” əsərində onun da adını çəkir. C.Cahenə görə, tarixdə ilk əxi sözünü məhz Əxi Fərəc Zəncani işlətmişdir (3, s. 198). 
Əxi gənclər təşkilatında yalnız eyni sahənin sənətkar, usta əlaltıları və şagirdlərinin olması fikrinə İbn Battuta Rumda gördüyü müxtəlif sənət sahələrindən olan 200- ə yaxın sənətkarın başında duran gənc rəis haqqındakı məlumatı ilə son qoyur. Buradan görünür ki, gənc rəislər əxi şeyxlər tərəfindən yönləndirilirdilər. O, Harraz zaviyəsi və sənətkarlarla bağlı müşahidələrindən bəhs edərkən) olarkən əxilərin özlərini necə adlandırması onun diqqətini çəkmişdi və bu barədə o, öz səyahətnaməsində yazmışdı: “Orada əxi, evlənməmiş, subay və sənət sahibi gənclərlə, digərlərinin bir cəmiyyət quraraq öz içlərindən seçdikləri bir kimsəyə deyilir. Bu cəmiyyətə də fütüvvə adı verirlər” (7, s. 194). Hətta sufi ordenlərinin şeyxləri belə əxiləri öz tərəflərinə çəkməyə, bununla da özlərini dini-siyasi güclə təmin etməyə çalışırdılar. XV əsrin sonu – XVI əsrin əvvəllərində Ərdəbil şeyxlərinin başçılığı ilə Azərbaycanda, İran və Kiçik Asiyanın bir sıra yerlərində ilkin mərhələdə birlik və bərabərlik təbliğ edən, bununla da sənətkar və yoxsullar arasında rəğbətlə qarşılanan şiəlik inkişaf edir. Bu da əxilərin Səfəviyyə, Heydəriyyə və Nemətullahiyyə ordenləri ilə əlaqəsini gücləndirir. Vurğulamaq lazımdır ki, Bəktaşilik, Xəlvətiyə kimi təriqətlər də, bəzi cəhətləri əxilikdən götürüblər. Xəlvətilik təriqətinin şeyxlərindən Əxi Məhəmmədin, Əxi Yusif, Şeyx İzzəddinin, Şeyx Sədrəddinin, Səfəvi müridləri Əxi Şadi Xəbbazinin, Əxi Duluzinin, Əxi Hənifənin, Əxi Həsənin və bir çox başqalarının bu təşkilata üzv olduqları bəllidir.
XI-XII əsrlərdə Azərbaycan və Anadolu ərazilərində sənətkarları öz ətraflarında birləşdirən təşkilatlar yaranmağa başladı. Bu əsrdən etibarən on minlərlə qafilələr şəklində türklər Qafqaz və Anadolu ərazilərinə köç etməyə başladı. Bu insanların əksəriyyəti tacirlər və sənətkarlardan ibarət idi. Onlar köçdükləri bu ərazilərdə iqtisadi və sosial həyatlarında köklü dəyişikliklər etdilər. Bir sözlə türklərin şəhərlərə yerləşməsi prosesi sürətləndi. Bu yeni gələnlər, həm yerli Bizans xalqına qarşı, həm də onları buraya qədər qovan monqollara qarşı özlərini müdafiə etmək üçün təşkilatlanmaq məcburiyyətində idilər. Yerli tacir və sənətkarların rəqabətinə tab gətirmək üçün daha ucuz, daha sağlam və daha keyfiyyətli mal düzəltməyə başladılar. Eyni zamanda da yerli xalqı belə monqol işğallarına qarşı savaşa bilən vəziyyətə gətirməyə can atırdılar. Qurulan bu təşkilatlara Əxi Birlikləri deyilirdi. Bu təşkilatın məqsədi, XIII əsrin ortalarında, Asiyadakı böyük türk şəhərlərindən gələn çoxlu sayda sənət və məslək sahiblərinə asan iş qurmaq, yerli sənətkarlar ilə rəqabət ede bilmək, sənət və ticarətlərində daha irəli gedə bilmək üçün istehsal etdikləri malların keyfiyyətini qorumaq, istehsalı ehtiyaca görə etmək, sənət və məslək sahiblərini insaflı və əxlaqlı yetişdirmək, türk xalqını iqtisadi yöndən müstəqil hala gətirmək, ehtiyac içində olanlara hər sahədə kömək etmək, ölkəyə edilən xarici hücumlarda dövlətin silahlı quvvələri yanında savaşmaq, milli kimlik şüurunu sənətdə, dildə, ədəbiyyatda, musiqidə, adət və ənənələrdə milli həyacanı artırmaq və daim ayaqda saxlamaqdır. Bu məqsədi həyata keçirə bilmək üçün əsnaf və sənətkarlara bir yandan yamaq, çıraq və şagird saxlamaq və onlara sənətin incəliklərini öyrətmək imkanı verilir, digər yandan da axşamlar toplandıqları əxi toplanma və qonaqlalama salonlarında İslam əxlaqına dayanan əxlaq dərsləri verilirdi. Gözəl əxlaqın, sənətin və qonaqsevərliyin birləşməsi olan əxilik, Səlcuqlular zamanında elə bir hörmət və sayğılı vəziyyətə gəldi ki, bu təşkilat yuz illər boyunca əsnaf, sənətkar və məslək sahiblərinə yol göstərmis, onların sosial və iqtisadi sahədə uğur qazanmalarına şərait yaratmışdır. Yəni əxilik, Əhməd Yasəvi, Hacı Bektaş fikirləri ilə birlikdə xalqın yaşayışında rol oynamış, hökümdarların bir qismi daxil, dövlət adamları belə bu təşkilata üzv olmuşdular. Misal ücün Osmanlı sultanlarından biri olan Orxan Qazi və onun oğlu I Murad, bir əxi dədəsi tərəfindən qurşaqla mükafatlandırılmış və əxi təşkilatının önəmli şəxsi olmuşdur. Əxilik üzərinə ciddi araşdırmalar aparan qərb oryantalistləri bu təşkilatın təməlini Şərqə, xüsusi ilə İslamdan sonra ərəblər arasında yaranan “Füttüvvət Təşkilatı”na dayandığını söyləsələr də, Əxiliyin Azərbaycan və Anadolu türkləri tərəfindən İslam əxlaqı və türk adət ənənələrinə görə inkişaf etdiyinə inanmış, müsəlman bir türkə xas bir təşkilat olduğunu öz əsərlərində vurğulayırdılar. Əxilərin geniş təsvirini verən səyyahlar onların fiziki cəhətdən güclü olduqlarını, tünd göy rəngli şalvar geyindiklərini, yaşıl kəmər və xəncərləri ilə seçildiklərini yazirdilər. Əxilərin digər bir ictimai fəlayyəti də onların ölkəsinə səyahətə gəlmiş əcnəbilərə ehtiyacları olan köməkliyi göstərmələri idi. Əcnəbilər əxilərin qonaq evlərində qalır, yemək və geyimlə təmin olunurdular. 
«Əxi» sözünün həm ərəbcə, həm də türkcə izahını verməyə çalışan tədqiqatçılar onun «qardaşım», «comərd», «igid» anlamını verdiyini də qeyd edirlər. Y.E.Bertels əxiliyi (fütuvva) «sənətkarların gizli təşkilatı» adlandırırdısa, İ.P.Petruşevski onları «usta əlaltılarının gizli təşkilatı» adlandırır.
Abbasi xilafəti dövründə qurulan Azərbaycan, Orta Asiya və Anadoluda yayılan bu təşkilat Xəlifə Nasir tərəfindən dəstəklənir və islam ölkələrində geniş yayılır. Pozulan ictimai nizamı yenidən tənzimləmək istəyən xəlifə bu düşüncəsini gerçəkləşdirmək üçün Şəhabəddin Ömər Sührəverdiyə “Kitabül-fütuvvət” adlı bir əsər yazdırır və bu barədə xəbər vermək üçün ətraf ölkələrə elçilər göndərir. Anadolu səlcuqlularının bu məsələyə müsbət münasibətinə görə burada əxilik təşkilatlanmağa başlamışdır. Həmin dövrdə Anadolu əxilərini təşkilatlandıran Əxi Evrən adı ilə məşhur olan mənşəcə Azərbaycan türkü böyük sufi alim Şeyx Nəsrəddin Mahmud Xoyidir. 
Tədqiqatçılar əxiliyin Anadoluda təşkilatlanmasında «İran türkmənlərinin əli var» dedikdə məhz Evrəni nəzərdə tuturlar. Əxi Evrəndan sonra əxiliyin mərkəzinə çevrilən Kırşehirdə qüvvədə olan fütuvvətnamələr Azərbaycandan tutmuş Balkanlaradək yayıldı. Bu gün Əxi Evrənin məzarı da elə Kırşehirdədir. Tədqiqatçıların bir çoxu dabbaq Əxi Evrəni (1172- 1262) əxiliyin banisi kimi qeyd etsələr də, M.Heydərov bununla razılaşmayaraq yazır ki, hələ XI əsrdə Urmiyalı Əxi Fərəc Zəncani, qacarlardan olan Əmin əd-din Mahmud ibn Yusuf və başqaları əxi kimi məlum idilər. 
XI əsr yazılı abidəsi olan «Qabusnamə»də gənc əxi cavanmərdlərin və sufilərin davranışlarına ayrıca fəsil həsr olunmuşdu. XII əsrdə mütəfəkkir, «kəmala çatmış arif, təriqət mürşidi və gerçəklik rəhbəri» olan Sadəddin Mahmud Əbülqasım oğlu Təbrizi də əxi idi. Mövlanə Cəlaləddin Rumi dövründə yaşamış, Konyadakı tanınmış əxi ordeni başçılarından olan Əhməd Ərdəbili də Azərbaycandan idi.
Əxi Evrənin ölümündən sonra onun yolunu tələbələri davam etdiriblər. Eyni zamanda Əxi Evrənin xanımı Fatimə Bacının yetişdirdiyi bacılar da əldə etdikləri əxilik mədəniyyətini bacıdan, bacıya nəql etdilər. Söyüd civarında – Bizans sərhəddində inkişaf etməyə başlayan Osmanlı bəyliyinə tabe olan və bir qismi ucqarlara yerləşdirilən əxilər özlərinin təkyə və zaviyələrini qurdular. Bir əxi şeyxi olan Şeyx Ədəbali qızını Osman bəyə verərək, aralarında qohumluq əlaqəsi yaratdı. Daha sonar bu Osman bəy türklərin tarixdə ən böyük imperiyanın Osmanlı İmperiyasının əsasını qoydu. Əxilərin Şah İsmayılın hakimiyyəti ələ almasında da mühüm rolu olub.
Əxilər bi çox hallarda təkcə əxlaq və sənətkarları öz ətrafında birləşdirən həmkarlar təşkilatı kimi fəaliyyət göstərmir, eyni zamanda hərəkat və üsyan təşkilatçıları kimi də çıxış edirdilər. XV əsrin birinci yarısında təbrizlilərin Teymuri hökmdarı Ömərə qarşı üsyanına Əxi Qəssab başçılıq edib. Səfəvi müridləri arasında əxilər də vardı. Onlara Əxi Şadi Xəbbazı, Əxi Düluzini, Əxi Hənifəni, Əxi Həsəni və başqalarını misal göstərmək olar. Tarixi Azərbaycan torpaqlarında geniş yayılan əxiliyin dini ictimai-siyasi mahiyyəti onun dövlətin bu və ya digər mühüm işlərində də önəmli rola malik olmasından xəbər verirdi. Sənətkar birlikləri Səlcuqlu dövlətinin və Osmanlı imperiyasının ilk dövrlərində də cəmiyyətdəki siyasi və ictimai yerləri ilə seçilmişlər. Belə ki, ara müharibələri, basqınlar, üsyan və iğtişaşlar zamanı əxilər şəhər idarəsini öz əllərinə alaraq şəhərin dağılmasına və qarət olunmasına imkan vermirdilər. 
Şirvanda əxiliyin yayılması ilə bağlı Sara xanım Aşurbəyli özünün “Şirvanşahlar dövləti” adlı əsərində yazır: “Feodal zülmü və özbaşınalığına qarşı mübarizə aparan “əxi” təşkilatının Şirvan şəhərlərində, Bakıda, Abşeronda, Şamaxıda nümayəndələri var idi”. Sara xanım akademik B. Dornun fikrinə əsasən qeyd edir ki, Bakı qalasının cənub darvazasının h. 786 (1384)-cı ilin rəcəb ayında həkk olunmuş kitabəsində binanı tikmiş əxi ibn Ramazan əş-Şirvaninin adı çəkilir (200, 188). Həmin kitabəni əsaslı surətdə araşdıran Məşədixanım Nemətova hesab edir ki, bu, qala divarlarının kitabəsi yox, o dövrlər Bakıda olan hansısa bir zaviyənin kitabəsidir. Alim bildirir ki, uçmuş zaviyənin kitabəsi sonralar qala hasarlarının təmirində istifadə olunaraq qala divarına hörülmüşdür. Digər tərəfdən, bu kitabədə söhbət ancaq imarətin tikin-tisindən gedir, hər hansı qala divarlarının yox. Kitabə belədir: “Bu imarət 786-cı ildə (miladi təqribən 1367) mübarək rəcəb ayında Əxi Ramazan əş-Şirvani tikdirdi”. Əxiliyin Şirvanda, özəlliklə də Şamaxıda mövcud olmasını Xaqani (1120-1199) mahir dülgər olan atası Əli Naccara həsr etdiyi şeirində də göstərir. Burada o, ixvan deyərək atasının «qardaşlarının» (ixvan – ərəbcə «əxi» sözünün cəm şəkli) da adı çəkilir. 
Abşerondakı Kürdəxanı kəndindəki zaviyənin kitabəsində deyilir: “Bu şərəfli zaviyənin əzəmətli şeyxlərinin nümunəvisi, vahid müdafiənin şiri Əxi Nurullah ibn Hacı Əbayilə üçün tikilməsini səkkiz yüz əlli ikinci ildə (h.852/1448-49) əmr etmişdir” . Təbriz yaxınlığındakı Bilyanguhda yerləşən Əxi Sədinin qalası (1438-ci ildə Qaraqoyunlu hökmdarı İsgəndər oğlu Qubad tərəfindən bu qalada həbsə salınmışdı), Nardaran pirində dəfn edilmiş Mirzə Məhəmməd ibn Hacı Əxi Aşurun epitafiyası, Ermənistanda azərbaycanlıların yaşadığı Ələyəz kəndindəki Əxi Təvəkkülün zaviyəsi (XVI əsr), Gəncə şəhərindəki Comərd Qəssab türbəsi, Zəngəzurdakı Comərdli kəndi, Qubadakı “Comərd” adlı müqəddəs yerlərin olması da Cənubi Qafqazda əxi təşkilatının olmasını göstərir. 
Elxanilər dövlətinin dağılma dövründə Təbriz şəhərində və Azərbaycanda Əxicuq (kiçik əxi) adlı şəxsiyyət bir neçə il hakimiyyəti öz əlində saxlamağa müvəffəq olmuşdur (757/1356-760/1359). Hətta Kalkaşandlısının verdiyi məlumata görə, o siyasi yazışmalarında tək Əxucuq, yaxud da əxi ləqəbindən istifadə edirdi. O çobanilərdən Məlik Əşrəfin tərəfdarı idi (203, 285).
Kəşifi Azərbaycanda əxi üzvlərinin şəcərəsini yazır: “Əxi Əli Mübarək Şirvani, Gəncədəki nəvəsi Qütbəddin Əxi, onun oğlu Əxi Tacəddin Əli və b”. 
Təbii ki, hakim dairələrin nümayəndələri əxilərin gücündən istifadə etmək istəyir və edirdilər də. Bu da əxilər arasında bir çoxlarının vəzifələrə çəkilmələrinə və nəticədə təbəqələşmə ilə nəticələndi. Şeyx Əxi Qəssabın başçılığı ilə 1406-cı ildə Təbrizdə Teymurilərə qarşı baş verən üsyan nəticəsində şəhər sənətkarlar və yoxsullardan ibarət üsyançılar tərəfindən ələ keçirilir və bir neçə ay onlar tərəfindən idarə olunur. Bundan başqa, yenə 1412-cı ildə Qaraqoyunlu Qara Yusif Təbriz şəhərini ələ keçirərkən Şirvanşah İbrahimi əsir götürür. O vaxtlar Təbriz qazisi və şəhər rəisi kimi fəaliyyət göstərən Əxi Qəssab başda olmaqla, şəhər əyanları Qara Yusifin yanına gedib onun can bahası olaraq verəcəyi pulu, sonradan əvəzini Şirvan dövləti xəzinəsindən almaq şərtilə, qiymətli şeylərlə ödəyib Şirvanşahı azad etdilər. Qaraqoyunlu dövlətinin banisi Qara Yusufun Şeyx Əxi Qəssabla hesablaşması, onun şəhər əhalisindən bu qədər malı toplaya bilməsi bir daha əxi şeyxin Təbriz əhli arasındakı nüfuzundan xəbər verirdi. Göründüyü kimi, artıq XV əsrin əvvəllərində əxi başçılarının feodallarla əlaqəsi ortaya çıxır.
Səfəvi dövlətinin quruluşunda və güclənməsində Anadoludan köçüb Səfəvi dövlətinin xidmətinə girən Anadolu türkmənləriylə birlikdə əxilərin də olduğu bilinməkdədir. Bu vəziyyət, əxilərin Səfəvilərlə və tarixi müddətdə şiəliklə əlaqəsini də ortaya qoymaqdadır. Səfəvi ordularında əxilərin qazi kimi vuruşduğu da məlumdur. Şah İsmayılın sərkərdələrindən biri Əxi sultan Təkəli idi. Bu əxi bəyə şah Xəzərin cənub-qərb sahillərini vermişdi. Şah İsmayıl öz tərəfdarlarını “qazi”, “sufi, “əxi” adlandıraraq” onlara güvəndiyini şeirlərində də ifadə etmişdir: 

Şahın övladına iqrar edənlər
Əxi1ər, ğazilər, əbdallar oldı.

XV əsrin sonlarında Ağqoyunlu sarayında nüfuzlu əmirlərdən biri də Əxi Fərəc ibn Əli idi. Sosial-siyasi dəyişikliklərə uğrayan əxilər şəhər sənətkarlarının və yoxsullarının həyatında önəmli rollarını və bununla da mövqelərini əldən verdilər. Təbii ki, qazi kimi Səfəvi ordusunda vuruşan əxilərdən fərqli olaraq sərkərdə əxilər varlanır, şahdan ənamlar alır, təbəqələşmə artır, onlara inam azalırdı. 
Dövlətşah Səmərqəndinin verdiyi məlumata görə, böyük şair Nizami Gəncəvi də Əxi Fərrux Zəncaninin müridi olub. Əsgər Əhməd özünün «XII - XV əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti» əsərində haqlı olaraq qeyd edir ki, əslində Dövlətşah Səmərqəndi bir yanlışlığa yol verir. Belə ki, Zəncani Şeyx Nizaminin anadan olmasından yetmiş il öncə dünyasını dəyişib. Y.E.Bertels də Dövlətşah təzkirəsindəki Nizami Gəncəvinin əxi Şeyxi Fərrux Zəncaninin müridlərindən olması haqqında qeydini şübhə altına alır. Şeyx Nizami olsa-olsa özünü ancaq onun mənəvi müridlərindən hesab edə bilərdi (5, s. 193). Bertels Nizaminin əxi sufi təriqətinə – zalım hökmdarlara qarşı mübarizə edən "əmək cəngavərlərinin" gizli sex cəmiyyətinə mənsub olduğunu yazırdı. A.Y.Krımski də hesab edir ki, Nizami hələ gənc yaşlarından əxi sektasına (fütüvvət ordeninə) qoşulub. M.Ə.Rəsulzadə də Nizaminin əsərlərində əxiliklə bağlı çoxlu motivlərin olduğunu bildirir: “Yalnız “Xəmsə”nin ədəbi təşbehləri arasında “əxiliyi” andıran fikirlərə deyil, əsnaf cəmiyyətləri arasında yayılmış və onları birləşdirən “əxi” ideologiyasında da Nizami fikirlərinə uyğun ideyalara rast gəlirik. “Fütüvvətnamə”lərdəki əxlaq normaları ilə Nizamidəki əxlaqi beytləri qarşılaşdırsaq, ibrətamiz nəticələrə gələ bilərik” (9). Tam şəkildə qətiyyətlə deyə bilərik, dahi şairimizin “Sirrlər Xəzinəsi” ümumiyyətlə əxi kodeksləri və rəvayətləri ilə tam şəkildə kodlaşdırılmış olan bir ədəbi nümunə hesab edilə bilər. 
Ə.Xaqaninin də əxi ideyasının daşıyıcısı olduğunu irəli sürürlür. Professor X.Yusifli Xaqani Şirvaninin seçilmiş əsərlərinə yazdığı “Xaqani Şirvani və ədəbi irsi” adlı ön sözdə yazır: “Şair dünyagörüşü etibarilə əvvəllər Ərəstü (Aristotel) - İbn Sina fəlsəfəsinə rəğbət bəsləmiş, hikməti-məşşani (məşşai-peripatetik fəlsəfəni) qəbul etmiş, lakin çox erkən də bu mövqedən uzaqlaşmış və əxilik mövqeyinə keçmişdir. Onun yaradıcılığındakı humanizmi, yunan fəlsəfəsinə tənqidi münasibəti də məhz bu əxilik dünyagörüşü ilə bağlılıq müəyyənləşdirir. Sufızmə, məlamiliyə, qələndəriyəyə rəğbət göstərən sənətkar əxilik ideyaları cəbhəsində daha inamla dayanmışdır. Əxilik onun yaradıcılığına sağlam və dərin humanizm, xəlqilik, demokratiklik bəxş etmişdir”. O, Xaqani yaradıcılığından "Mərdlərin, yəni əxilərin ayaq torpağını başına tac elə, ancaq qızıl tac alıb gizli sirrini bildirmə", "Şah məftun olan kəs dərviş deyil, gərək dərviş yoxsulla şahı bir gözlə görə". "Torpaq sənin dayən olub, südünü əmmisən, o da sənin qanını əməcək. Sənin qanın dayənin verdiyi süddəndir. Əlində tutduğun badə cavanlar qanıdır, icmə, zalımların nəfsi kimi bu qaniçən dünyanın içi məzarıstan, eşiyi isə bağbağçadır" kimi misallar gətirərək onun əxiliyə mənsubluğunu sübut etməyə çalışır (5, s. 194).
Lakin elə gətirdiyimiz fakt və misallardan da göründüyü kimi, orta çağlarda Gəncə və Şirvan nəinki sənətkarlıq mərkəzi, eləcə də əxiliyin geniş yayıldığı bölgələr kimi tanınırdılar. Bunu günümüzdə belə həm şairlərin yaradıcılığında, həm şəhərin memarlıq abidələri arasında özünə yer alan Comərd Qəssab türbəsi, həm də Azərbaycan tarixində şanlı səhifələrdən biri olan duluzçu Bəndər üsyanı bir daha sübut edir.

Əxiliyin qurucuları: Azərbaycanlı alimlər Əxi Fərəc Zəncani və Əxi Evrən

Əxi Fərəc Zəncani Seyid Əbülabbas Nəhavəndinin müridi idi. Azərbaycan ərazisində yaşayan XI əsr əxilərdən ilk söz açan müəlliflərdən biri Cüllabi Xuciviri o vaxtın ən məşhur əxisi kimi Fərəc Zəncani adlı bir nəfərdən söz açır. Və dövrün təsəvvüf alimlərindən ən böyüyü olduğunu deyir. Dövlətşah Səmərqəndiyə görə Fərəc Zəncani Azərbaycanda yaşayan türklərdən olmuş, eyni zamanda Nizami Gəncəvinin müəllimi olması haqqında məlumatlar vermişdir.
Əsl adı Şeyx Nəsrəddin Mahmud olan Əxi Əvrən 1171-ci ildə Azərbaycanın Xoy şəhərində anadan olub. Uşaqlığı və ilk təhsil dövrü öz ölkəsində keçib. Sonra Xorasana gedərək görkəmli alim Fəxrəddin Razinin təhsil halqasına daxil olaraq, ondan feyz alıb. Fəxrəddin Razinin böyük kəlam alimi olması, Şeyx Nəsrəddin Mahmudun də şəri elmləri öyrəndiyini söyləməyə əsas verir. Bununla yanaşı o, ilk təsəvvüfi tərbiyəsini Xorasan və Məvarəünnəhrdə yəsəvilik dərvişlərindən alıb. Daha sonra Həcc səfəri üçün ölkəsindən ayrılan Əxi Əvrənin bu səyahət zamanı Şeyx Əvhədəddin Kirmani ilə tanış olub ona mürid olması məlumdur. Əxi Əvrən şeyxi Əvhədəddin Kirmaninin qızı Fatimə ilə evlənib, onun kürəkəni də olur. 
Səlcuqlu sultanı I Qiyasəddin Keyxosrov zamanında Əvhədəddin Kirmani ilə birlikdə Anadoluya gələn Əxi Əvrən ilk öncə Kayseridə məskunlaşır və burada bir dabbağlıq emalatxanası qurur. Şeyx Nəsrəddin Mahmud Xoyi eyni zamanda “32 peşənin ustadı” kimi məşhur idi. O, dabbağ, yəni dəriçi idi. Dərinin emal edilməsi və dəridən müxtəlif əşyaların düzəldilməsində mahir idi. Şeyx dəri emalı və işlənməsiylə bağlı əsərlərin də müəllifi idi. Kayseri şəhərində o, böyük bir sənaye şəhərciyi qurmuşdu. Müxtəlif peşə sahibləri bu şəhərcikdə toplanmışdılar və Şeyx Mahmud Xoyini özlərinin ustadı sayırdılar. O, şeyxi ilə birlikdə Anadolunun şəhər, qəsəbə və kəndlərini gəzərək, əxilik anlayışının yayılması və təşkilatlanmasına rəhbərlik edir. Bu zaman şərqdən-qərbə bütün Türk dünyası Monqol təhlükəsi ilə qarşı-qarşıya qalır. Onun təşviqləri ilə əxilər və xalq, kütlələr halında Anadoluya axan monqollara qarşı qəhrəmancasına mücadilə edirlər. Anadolunun qarışıqlıq zamanında Anadolu Səlcuqi dövlətinə qarşı meydana gələn bir hadisə bəhanəsi ilə Əxi Əvrən iftiraya məruz qalır və həbs edilir. Beş il həbsdə qaldıqandan sonra Dənizliyə gedir. Bir müddət sonra Sədrəddin Konəvinin istəyinə əsasən digər üləma ilə birlikdə Konyaya qayıdır. Konyada bir müddət yaşadıqdan sonra mövləvilərlə aralarında meydana gələn anlaşmazlığa və ən əsası da Mövləvilərin mürşidi Şəms Təbrizinin öldürülməsində günahlandırıldığına görə Konyadan çıxıb Kırşəhərə gedir. O, burada əxiliyin nəzəri və praktiki əsaslarını əks etdirən bir çox dəyərli əsərlər yazır (Mətaliul-iman”, “Mənahüci səyfi”, “Tabsirətül-mübtədi və Təzkirətül-münhəci”, “Yəzdani-şenaxt”, “Müridil-kifayə”, “Ağaz-u əncam”, “Mədhi-fəqr və Zəmmi-dünya”, “Risaleyi-ərz”, “Cihadnamə”, “Lətaif-i Hikmət”, “Mürşidül-Kifayə”, “Tercüme-i Əlvah-i İmadi”, “ət-Təvəccühül-Ətəmm” və s.).
Ümumiyyətlə son dərəcə mürəkkəb siyasi proseslərin cərəyan etdiyi bu illərdə əxilərlə - mövləvilərin, Əxi Əvrənlə Mövlanə Cəlaləddin Ruminin münasibətlərindəki gərginliklərlə bağlı son araşdırmalar maraqlı məqamları ortaya çıxardır. 1243-ci ildə Anadoluda baş vermiş Kosadağ müharibəsində Səlcuqlu ordusu məğlub olandan sonra moğol orduları Anadoluya daxil olaraq dəhşətli qırğınlar törədirlər. Kayseri şəhərinin mühasirə olunmasında və şəhərin ələ keçirilməsində, başda Şəms Təbrizi olmaqla, “cəvlakilər” və mövləvi dərvişlərinin monqollara kömək etdiyi mənbələrdə qeyd edilməkdədir. Kayseridəki əxilər isə müdafiəni təşkil edərək monqolların şəhəri işğal etməsinə uzun müddət mane olurdular. Lakin nəticədə cövlaki dərvişlərin köməyi ilə monqol orduları şəhərə daxil ola bilirlər. Bu hadisə əxilərlə bəzi sufi dərvişlərinin münasibətlərindəki gərginliyi yüksək səviyyəyə çıxardır. Əxilər Anadolunun bütün şəhərlərində monqollara qarşı cihad elan edərək mübarizəni təşkil edir və əhalini monqollara itaət etməməyə çağırırdılar. Bu gərginlik zəminində Konyaya gəlmiş Şəms Təbriziyə qarşı sui-qəsd təşkil edilir və Şəms Təbrizi bu sui-qəsd nəticəsində qətlə yetirilir. Mənbələr Əxi Evrənin müridi olan və Cəlaləddin Ruminin oğlu Əlaəddin Çələbinin başçılığı ilə 7 nəfər əxinin Şəms Təbrizini 1247-ci ildə xəncərlə doğrayaraq bir quyuya atdıqlarını qeyd edir. Bu hadisədən sonra bəzi dövlət xadimlərinin təzyiqi ilə Əxi Əvrən baş vəzirlik vəzifəsindən uzaqlaşdırılır və paytaxt şəhəri olan Konyanı tərk etməyə məcbur edilir. Əxi Əvrən öz tələbələri ilə Kırşəhrdə məskunlaşır. 
Bundan sonra ölkənin hər tərəfindən əxilər Kırşəhrə, onun ətrafına toplaşmağa başlayırlar. Səlcuqlu hökmdarı IV Qılınc Arslanın moğolların təzyiqi ilə atdığı addımlar, əxilərdə narazılıqlara səbəb olur. Bu da nəticədə Kırşəhrdə əxilərin moğol işğalçılarına qarşı qiyamı ilə nəticələnir. Bu zama mövləvilərdən ciddi dəstək alan monqollar, nəticədə qiyamı çox qanlı bir şəkildə yatırmağa müvəffəq olurlar. 1262-ci ildə moğolları Kırşəhri tamamilə zəbt edilir. Yaşı 90-ı haqlamış Əxi Əvrənlə yanaşı minlərlə əxi, o cümlədən Mövlanənin oğlu Əxi Əlaəddin Çələbi Qırşəhər əmiri Nurəddin Caca tərəfindən şəhid edilir. 
Əxi Əvrənə görə, əxiliyə girənlərin bir sənətə sahib olması vacibdir. Çünki, əxi halal qazancla yaşamağı öhdəlik olaraq götürmüşdür. Halal qazancın yolu insanın öz əməyi ilə dolana biləcəyi bir sənətə sahib olmasından başlayır. Belə ki, zəngin olan başqasına daha çox xidmət edə bilər. Əxi olan eyni zamanda cihad idealına da sahib olmalıdır. Çünki, cihad Quranda fərz qılınmışdır. Ona sual verib nəsihət istəyənlərə “Ey əxi (qardaşım)! Alış-veriş elmini bilməyən, haram loxmadan xilas ola bilməz. Haram loxma yeyən isə ibadətlərinin savabını tapa bilməz. Zəhmətləri həmişə boşa gedər. Sonunda böyük əzaba tutular və peşman olar” deyirdi. Əxi Əvrən bundan başqa, getdiyi yerlərdə tacirleri bir yerə toplayıb təşkilatlandırırdı. Beləliklə, o, Anadolu şəhərlərində əxi təşkilatlarının qurucusu oldu. Bu təşkilatın xocası (müəllimi) və bütün Anadolu əxilərinin şeyxi qəbul edildi. 
Şeyx Mahmud Xoyi haqqında ən geniş və ətraflı tədqiqat professor Mikail Bayram tərəfindən aparılıb. Möhtərəm professor əslən cənubi Azərbaycanın Xoy şəhərindən olan bu azərbaycanlı mütəfəkkirin 20-dən çox əsərin müəllifi olduğunu müəyyənləşdirib. Araşdırmalar nəticəsində o da məlum olub ki, Şeyx Nəsrəddin Mahdum Xoyi ilə bütün türk dünyasında, o cümlədən ölkəmizdə xalq arasında lətifələri ilə bu gün də məşhur olan və sevilən Molla Nəsrəddin eyni adamdır. Şeyx Nəsrəddin Mahmud Xoyinin ən məşhur əsərləri “Lətaiful-Hikmə” və “Lətaiful-Qiyasiyyə” adlı əsərlərdir. “Lətaiful-Qiyasiyyə” adlı əsərini müəllif Anadolu Səlcuqlu sultanı II Qiyasəddin Keyxosrova (1237-1246) ithafən yazıb və dövlətin idarə olunmasına dair sultana müxtəlif məsləhətlərini bu əsərdə qeyd edib. Sultan I Əlaəddin (1219-1237), sultan II Qiyasəddin (1237-1246) və sultan II İzzəddinin (1246-1256/1257-1261) hakimiyyəti dövründə yaşamış Şeyx Mahmud Xoyi eyni zamanda “Tuhfətuş-Şəkur”, “Yəzdani Şenaxt”, “Mətailul-İman” kimi əsərlərin də müəllifidir. Bu əsərlərində o, müxtəlif sənət və peşə sahələri, İslam dininin əsasları, hətta insan anatomiyası kimi tibbi mövzulara da toxunub. Sultan I Əlaəddinin böyük hörmətini qazanan şeyx, sultan II İzzəddinin hakimiyyəti dövründə 1246-1248-ci illərdə baş vəzir vəzifəsinə təyin olunub.

Əxilik nəyi öyrədirdi?

Əxilər həqiqətən məslək və sənət sahibi, qonaqsevər və əxlaqlı adamlar idilər. Onlar, yamaq, çıraq, kalfa və ya şagird olaraq yanlarında işlətdikləri gəncləri hər baxımdan istedadlı, əxlaqlı və vətənsevər biri olaraq yetişdirirdilər. Buna görə onlar Səlcuqlular zamanında olduğu kimi, Osmanlılar zamanında da çox etibarlı insanlar hesab olunurdular. İlk Osmanlı sultanları onları sərhəd boylarında nizam-intizam yaradan qoruyucular olaraq istifadə etmişdilər. Oralarda qurduqları vəqflərin idarəsini əxilərə tapşırırdılar.
Əxiliyin əsas məqsədi, insanları dünya və axirətdə xoşbəxt olmaları üçün çalışmaqdır. Bu anlayış, əxilərin dünya üçün axirətlərini, axirət üçün dünyalarını tərk etməmələrində ibarət idi. Savaşan, çatışan, aqresiv yox, sevgi, hörmət sahibləri hesab olunurdu. Varlı ilə kasıb, istehsalçı ilə istehlakçı, əmək və sərmayə, millət ilə dövlət, qısacası cəmiyyətin bütün fərd və qurumları arasında yaxşı münasibətlər quraraq hər kəsin xöşbəxt halda yaşamasını təmin etmək əxi təşkilatlarının başlıca məqsədləri hesab olunurdu.
Əxilikdə cəmiyyət bir bütöv olaraq qəbul edilir. İnsanlar, məsləklərinə, rənglərinə, mövqelərinə və sərvətlərinə görə ayrılmazlar. Hər fərd cəmiyyətin bir parçası olaraq görülür. Bir insanın rahatsızlığı bütün cəmiyyətə təsir edər. Qonşusu aç ikən tox yatanın cəmiyyətdə yeri olmadığı düşünülür. Təşkilat yalnız üzvlərini deyil toplumun bütün fərdlərini düşünmək və təşkilatlanmasını buna görə qurmaq məcburiyyətində idi. Necə ki bir əxi qazancından ona yetəcək qədər istifadə etməli artıq qalarsa bunu kimsəsizlərə, köməyə ehtiyacı olanlara paylamalı idi. Bu düşüncə əxiliyin əsas əxlaqi qanunu halına gəlmişdir.
Əxi birlikləri üzvlərinin daha yaxşı yaşamasını, məsləyini daha yaxşı inkişaf etdirməsini istəməklə yanaşı, eyni zamanda üzvlərinin tərbiyəsi, fəziləti, dürüstlüyü və inanclarının sağlamlaşdırılması kimi mənəvi dəyərlərə də fikir verirdi. Bu mövzuda çalışan bir çox araşdırmaçıların diqqətini çəkən və maraqlarını artıran türk əsnaf və sənətkarları gözəl əxlaq və davranışlarını bu əxi birliklərdə öyrənmişdilər. Əxi birliklərinə görə güzəştə gedilmədən əxlaq qayda qanunlarını pozanlar cəzalandırılırdılar. Əxilik əxlaqını meydana gətirən qaydalar acıq və qapalı, xarici və ya daxili olmaq üzrə iki yerə bölünürdü:
Qapalı və ya daxilə aid olan əmrlər; şəhvət, mədə, dil, göz, qulaq, əl-ayaq və tamahla bağlı olan əmrlərdən ibarətdir. Şəhvət ilə bağlı əmr, qeyri qanuni münasibətlərdən qorunmaq, mədə ilə bağlı əmr, Allah tərəfindən qadağan edilmiş yeyəcək və içəcəklərdən uzaq durmaq, göz və qulaqla bağlı əmr, görülməməsi və duyulmaması lazım olan şeylərdən uzaq dayanmaq, əl və ayaqla bağlı əmr, pislik etməkdən çəkinmək, tamah ilə bağlı əmr, dünya nemətlərinə qarşı hədsiz sevgidən çəkinməyi özündə ehtiva edər. Bu əmrlər: Azərbaycan, Özbək və Anadolu türklərinin atalar sözünə belə daxil olmuşdur: “Əlinə, Belinə, Dilinə hakim ol”.
Açıq və xaricə aid olan əmrlər isə; mərdlik, təvəzökarlıq, kərəm, mərhəmət və bağışlama kimi xüsuslardan ibarət idi.
Təşkilata daxil olmaq digər batini təriqətlərdə olduğu kimi, xüsusi mərasimlə həyata keçirilirdi. Mərasimdə namizədə göy rəngdə kəmər bağlanır və bütün insanlara qarşı sevgi dolu, sayğılı davranmalı, doğruluq və igidlikdən ayrılmaması tövsiyyə olunur. Təşkilat üzvlərindən bağlılıq, sonsuz itaət və tabeçilik istənilir. Dinsizlər təşkilata daxil ola bilməz, lakin sofu və tərki-dünya olan kimsələrin də əxilər arasında yeri yox idi. Əxilikdə də bilgilənmə, səbr, ruhun təmizlənməsi, sədaqət, dostluq, xoşgörü, qanunlara əməl etmək kimi tələblərin irəli sürüldüyü mərhələlərdən keçilir. Bu vəsflərə sahib olmaqdan savayı Əxiliyin başlıca 6 təməl prinsipləri bunlardır:
1- Əlini açıq tut,
2- Süfrəni açıq tut, 
3- Qapını açıq tut, 
4- Gözünü bağlı tut,
5- Belinə sahib ol, 
6- Dilinə sahib ol. 
Əxilikdə üç mərhələli və 9 dərəcəli bir sistem mövcuddur. Birinci mərhələ olan “Şəriət” qapısında müridə məsləyi ilə bağlı bilgilər, Quran dərsi, oxuma və yazma, Türk dili, riyaziyyat və təşkilatın anayasası dərəcəsində olan Fütüvvətnamə öyrədilir. İkinci mərhələdə “Təriqət” qapısında məsləyi ilə bağlı bilgilər ən yüksək dərəcəyə çıxardılır, təsəvvüf, musiqi, Ərəb və fars dilində dərsləri tədris edilir. Bu mərhələdə mürid eyni zamanda hərbi dərslər də alır. Şeyx mərtəbəsinə yüksələn üçüncü mərhələ - “Mərifət” qapısıdır. Bu mərhələdə müriddən Allaha sonsuz bağlılıq, şəxsi eqonun öldürülməsi, ululara xidmət və cəhalət qarşısında susqunluq tələb olunur. Əxilərin qanunlarına görə, yalnız bunlar tamamlandıqdan sonra “Həqiqət”ə çatmaq, bununla da insanın kamala ərməsi mümkün olur. Fütüvvət kimi Əxilik də 9 dərəcəli bir sistemə dayanır. Hər qapı 3 dərəcəni daxilində çəmləşdirir. Bu dərəcələr aşağıdakı kimi sıralanır:
1- İgid 
2- Yamak 
3- Çırak 
4- Kalfa 
5- Usta 
6- Nakip 
7- Xəlifə
8- Şeyx
9- Şeyx -ül Meşayıh – Əxi baba
Əxilərin əxlaqdan kənar saydıqları, əxini əxilikdən çıxartdığına görə təşkilatdan xaric etdikləri əməllər isə aşağıdakılardır:
1. İçki içən, 
2. Zina işləyən, 
3. Münafıqlık, dedi-qodu və iftira edən, 
4. Gürurlanan, təkəbbür edən, 
5. Mərhəmətsizlik edən, 
6. Qısqanan, 
7. Kin bəsləyən,
8. Sözündə durmayan, 
9. Yalan söyləyən, 
10. Əmanətə xəyanət edən, 
11. İnsanın ayıbını örtməyən, bu ayıbı üzünə vuran, 
12. Xəsislik edən,
13. Adam öldürən 
Əxilik- işsizliyə qarşıdır. Hər kəsin bir işi olmasını və çalışmasını istəyir. Ancaq heç kimsəni əməyinin əvəzindən artıq səmər almasına imkan verməz. İşsiz qalanlara iş tapmaq təşkilatın əsas vəzifəsidir.
Əxilik – İslam inancı ilə türk adət ənənələrini özündə birləşdirən düşüncə sistemidir. Bu düşüncədə insan, sistemin əsas qayəsi hesab edilir və hər şey onun dünya və axirət xoşbəxtliyi üçün düzənlənir. Heç bir şeyə əşrəfi məxluqat hesab edilən insandan daha artıq qiymət verilə bilməz. Bu anlayış əxiliyin bütün fəaliyyətlərində hakim olan bir düsturdur.
Əxilik – hər şeydən üstün tutulan insanın, dünyasında və axirətində xoşbəxt ola bilməsi üçün onu bir bütün olaraq ələ almış və “kamil insan” deyə biləcəyimiz ideal bir tip ortaya qoyur.
Məqaləmizi böyük ustad və mürşid Şeyx Əxi Evrənin əxilərə müraciəti ilə tamamlamaq istərdik:
Ey Əxilər! Mücahidlər - igid, aslan ürəkli olur. Düşməndən qorxmaz, qaçmaz və ona boyun əyməz. Yağmada qurd kimi saldırsalar heç sarsılmaz. Atılan oxlara və qılınç zərbələrinə mətanətlə sinə gərər. Savaşarkən safda, namazdakı kimi səssiz olub, başbuğuna itaətdə cəmaatın imama uyması kimidir. Düşməninə qarşı nərəsi göy gürultusu tək olmalıdır. Düşməndən qorxmayın, Allah-Təalanın əmir və qadağalarına əməl etməməkdən qorxun. Vətən sevgisinin imandan olduğunu unutmayın!”.

İstifadə edilmiş ədəbiyyat:

1. Anadol C. Türk-İslâm Medeniyetinde Ahilik Kültürü ve Fütüvvetnâmeler, KB. Yay., Ankara 1991
2. Bayram M. Ahi Evren ve Ahi Teşkilâtının Kuruluşu. Konya, 1991
3. Claude Cahen. Osmanlılardan Önce Anadoluda Türkler. (Çev. Yıldız Moran). İstanbul 1994
4. Çağatay N. Ahilik nedir? Ankara, 1990
5. Əhməd Ə. XII - XV əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti (tarixi etnoqrafik araşdırma). Bakı, 2012
6. Güllülü S. Ahi Birlikleri. İstanbul, 1977
7. İbn Battûta Tancı. İbn Battûda Seyahatnâmesi, (Çev: A.Sait Aykut), C. I. YKY., İstanbul 2004
8. Kazıcı Z. Ahilik maddesi. İslam Ansiklopedisi. Türkiye Diyanet Vakfı yayınları. I cilt. İstanbul, 1988
9. Rəsulzadə M.Ə. Nizami kimdir? (http://www.rasulzade.org)
10. Rıhtım M. Əxilik. «Zaman» qəzeti, Aprel 2012

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...