Ana içeriğe atla

Zarafatlaşdığımız 1 aprel


Qeyd etdiyimiz və bəzən hətta səbrsizliklə gözlədiyimiz təqvim bayramları var ki, onların tarixini bəzən hətta bilmirik. Bilmədiyimizdən də bu «günün» əsl mahiyyətindən kənarda qalır, nəyi qeyd etdiyimizin fərqinə varmırıq. Bundan iki il əvvəl «8 mart» və «14 fevral»lın gerçək tarixləri ilə bağlı yazmışdım. Bu dəfə «1 aprel – Beynəlxalq gülüş günü» ilə bağlı yazmaq istədim. 

Tam olaraq ortaya çıxması ilə bağlı bəlli bir tarixi olmayan «Aldatma günü» haqqında olan yazıları incələdiyimdə maraqlı və düşündürücü detallarla üzləşdim. Ümumiyyətlə aprelin ilk günündə zarafat etmənin Fransada 5 əsrlik bir ənənə olduğunu görmək mümkündür. Mövzu ilə bağlı ciddi araşdırmalar aparan Gabriella Kalapesin də qeyd etdiyi kimi, sözügedən günün tarixi ilə əlaqədar onlarla fikir mövcuddur və sadəcə bəziləri digərlərinə nisbətdə daha yayğındır və bilinir. 


Hər halda zarafat etmək və hətta bəzən əndazəsini belə gözləmədən qarşımızdakı insanı aldatmaq üçün səbrsizliklə gözlədiyimiz, fransızların "Poisson d'Avril" (Aprel Balığı) və ya "April Fools's Day" (Axmaqlar Günü) adlandırdıqları bu özəl günün tarixi ilə bağlı bir neçə maraqlı məqamları bölüşmək istərdim…


1-ci məqam

Deyilənə görə, XV əsrin sonlarında xaçlı ordusu İspanyadakı Əndəlus müslümanlarının son qalasını mühasirəyə alır. Mühasirənin uzun sürməsinə rəğmən, qış aylarının da təsiri ilə qala müdafiə oluna bilir. Qalanı almağın çətin olacağını və bu zaman böyük itki verəcəyini anlayan xaçlı ordusunun komandanı hiyləyə əl atmaq qərarına gəlir.

Ən sonunda 31 mart gecəsi qalanın önünə gələrək, bir əlində Quran, digər əlində İncil, - «Bu iki kitab üzərinə and içirəm ki, təslim olsanızbu axşam sizə bir şey etməyəcəm, canlarınız bağışlanacaq və sərbəst buraxılacaqsınız», - deyir. Qalanın müdafiəçiləri müqəddəs kitab üzərinə edilən anda etibar etdiklərindən onlara toxunulmayacağına inandıqlarına görə təslim olurlar. 

Sabahı gün, yəni aprelin 1-də komandan bütün müslümanların öldürülməsi əmrini verir. Əmrə kəskin etiraz edən müslümanlar, - «Müqəddəs kitablar üzərinə and içdiniz, söz vermişdiniz», - dediklərində xaçlı komandanı, - «Mənim sözüm dünən axşam üçün idi, bu günlə bağlı isə sizə bir söz verməmişəm», - deyə cavab verər və qalanın bütün müdafiəçiləri qılıncdan keçirilərək şəhid edilər. 

Deyilənə görə məhz bu hadisədən sonra Avropa xristianları aprel ayının birini zarafat və hiylə günü olaraq qeyd etməkdədirlər. Hadisənin nə dərəcədə tarixi bir gerçəklik olduğunu söyləmək və ya iddia etmək çətindir. Düzdür, Əndəlüsdə son qala 1492-ci ilin yanvar ayının 2-də zəbt edilir. Amma oradakı qalalardan başqa birinin məhz rəvayətdə qeyd edildiyi kimi tutulduğunu da təsdiq edə bilmədiyimiz kimi, təkzib də edə bilmərik. 


2-ci məqam

Daha bir maraqlı hadisə Boston Universitetinin tarix professoru Joseph Boskinin irəli sürdüyü və sonradan qalmaqala səbəb olmuş nəzəriyyə ilə əlaqədardır. Qlobal informasiya məkanında böyük təsir gücünə malik, beş iri dünya informasiya agentliyindən biri olan «Associated Press»in sayəsində yüzlərlə media orqanına ötürülən və nəticədə yayılan bu «nəzəriyyə»nin sonradan zarafat olduğu məlum olur. 

Boskinin orta əsrlərlə bağlı araşdırma aparması səbəbi ilə inandırıcı bir şəkildə anlata bildiyi bu hadisə hamı tərəfindən ciddi qəbul edilir. O, yazır ki, Kugel adlı bir fırıldaqçı hiylə yolu ilə hamını aldatmağı bacararaq, məhz aprelin 1-də kral taxtına əyləşir və «1 aprel» də məhz onun şərəfinə yüz illərdir ki, qeyd edilməkdədir. Lakin bu hadisədə diqqəti çəkən əsas məqam həm də ondan ibarət olur ki, kugel - əslində insan adı yox, məşhur yəhudi yeməyinin ismi olur. 

Professorun bu fərziyyəsi çox keçmir ki, media ilə «1 aprel» zarafatı kimi anlaşılır və əslində hadisənin Boskinin xəyal məhsulu olması məlum olur. 


3-cü məqam

Başqa tərəfdən də Kanzas Universitetinin hazırladığı «Calerıdar of Diversity»də (Fərqliliklər Təqvimi) 1 Aprel zarafatı haqqında ən çox qəbul edilən hadisənin təqdim edildiyini görürük. 

1582-ci ildə Papa XIII Gregory zamanında, vaxtı ilə Roma İmparatoru olmuş Yuliy Sezar tərəfindən hazırladılan «yulian təqvimi», Papanın adı ilə adlandırılmış «Gregoryan təqvimi» ilə əvəz edilir. Bu səbəbdən də, əvvəllər 25 mart-l aprel tarixlərində qeyd edilən yeni ilin vaxtı, 1 yanvar gününə dəyişdirlir. Dəyişikliyi etirazla qarşılayanalar və hətta buna qarşı çıxanlar olur. Müxaliflər etiraz əlaməti olaraq yeni ilə köhnə təqvimin vaxtı ilə bayram etdiklərindən, digərləri tərəfindən məsxərə və gülüş obyektinə çevrilirlər və köhnə yeni il olan 1 aprel günü boyunca müxtəlif zarafatlara (saxta əyləncə dəvətnamələri, sümükdən hazırlanmış hədiyyələr və s.) məruz qalırlar. 

Yuxarıda qeyd etdiyim məqamların üçü də öz-özlüyündə düşündürücü və ibrətamizdir. Hər halda nəyi və necə qeyd etdiyimizi bilməyimiz baxımından…

Mövzu ilə bağlı fikirlərimi isə məşhur amerikalı yazıçı və publisist Mark Tvenin, 1 aprelə eyni zamanda «Axmaqlar günü» deyilməsi ilə əlaqədar söylədiyi bü düşündürücü sözlərlə yekun vurmaq istərdim: «1 aprel – digər 364 gündə nə olduğumuzu xatırladığımız gündür»…

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Əlamüt şeyxinin sirli dünyası

1098-ci ildə Fransa imperatorunun şəxsi nümayəndəsi qraf De La Kotye bir neçə həftəlik uzun və ağır yol qət etdikdən sonra, nəhayət ki, səfərinin əsas məqsədinə – Əlamüt qalasına çatdı. İranın şimalında, dağların əhatəsində yerləşən bu qala, öz əlçatmazlığından daha çox, sahibinin adı ilə məşhurlaşmışdı. Qraf, məhz qəsrin sahibi ilə görüşmək üçün bu qədər uzun və təhlükəli yol qət etmişdi. Həsən ibn Əs-Sabbah fransızların səfirini şərq lütfkarlığı və eyni zamanda soyuqqanlığı ilə qarşıq bir şəkildə qarşıladı. Bu öz növbəsində hər şeyi ifadə edə biləcəyi kimi, heç nəyi də göstərə bilərdi. Şərq ölkələrində yaşadığı illər ərzində qraf bir həqiqəti dərk etmişdi – insanın necə gülməsi və ya nə danışması əhəmiyyət kəsb etmir. Əhəmiyyətli sayıla biləcək şey – həmin insanın nə zaman və necə hərəkət etməsidir. Qrafın qarşısına qoyulan məqsəd də, məhz, bu sonuncunu aydınlaşdırmaqdan ibarət idi – Şeyx Həsən və onun müridləri nə etməyə hazırlaşırlar.