Ana içeriğe atla

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik.

Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...


Cənubi Qafqaz dil ailəsinə mənsub olan svanlar (mediamızda son iki gündə yazılan xəbərlərdə yanlış olaraq onları Kartli dil ailəsinə mənsub göstərməkdədirlər. Halbuki Svan və Zan-Kartli dil qrupları ayrı iki qol olaraq Cənubi Qafqaz dil ailəsini formalaşdırırlar) gürcülərin alt etnik qrupu kimi qəbul edilirlər. Lakin gürcülərlə aralarında yaşam tərzinə görə kifayət qədər fərqləri var. Maraqlıdır ki, 1930-cu ilə qədər onlar ayrı bir xalq olaraq qəbul ediliblər və yalnız həmin ildən sonra zanlarla (lazlar, meqrellər) birlikdə svanlar da gürcülərin siyahısına daxil ediliblər.

Svanlar 90-cı illərin əvvəllərində yaşadıqları Svaneti bölgəsindən Bolinisi və Dmanisi bölgələrinə köçürülürlər. Hər iki bölgə tarixən də etnik azərbaycanlıların yaşadıqları bölgələrdir. Köçürülmə məntəqəsi olaraq bu iki yerin seçilməsi təsadüfi deyildi: hər iki bölgənin etnik xəritəsini maksimum dəyişdirmək. Svanların köçürülməsinin başlıca səbəbi isə Svaneti bölgəsi ilə qonşu olan Abxaziyada başlayan müharibə olur. Eyni zamanda həmin illərdə yaşanan ciddi ekonomik durum və təbii fəlakətlər (daşqınlar) bu köçə təsir edən köməkçi faktorlar kimi qiymətləndirilə bilər.

Bildirmək lazımdır ki, Gürcüstan höküməti tərəfindən svanların sözügedən ərazilərə köçürülməsindən sonra zaman-zaman azərbaycanlılarla aralarında kiçik, əsasən də məişət xarakterli münaqişələr yaşanıb. Lakin bunların heç biri son iki gündə yaşanan hadisələr kimi geniş olmayıb. Deməli, bundan əvvəl də yaşanan və müəyyən qədər hər iki tərəfin yaddaşına daşınmış olan narazılıqdan ustalıqla istifadə edənlər var.

Dmanisi (Başkeçid) bölgəsinin özü də kifayət qədər ciddi və strateji nöqtədə yerləşir. Ermənistanla sərhəddir. Və üçüncü qüvvənin xüsusi xidmət orqanları hansısa provokativ addım atmaq üçün məhz Dmanisidən yaxşı bölgə seçə bilməzdilər...

Görünən odur ki, zaman da təsadüfi seçilməyib. Və əslində bu zaman məsələsinə diqqət etdiyimiz zaman bir çox mətləblər aydınlaşır.

Beləliklə, hadisə nə zaman baş verir?

1. Qarşıdurmadan nə az-nə çox düz 3 gün əvvəl (mayın 12-13) Şuşada Xarı bülbül festivalı keçirilir. Festival başdan ayağa mesajlarla yadda qalır: həm dostlara, həm düşmənlərə. Regionda marağı olan bütün tərəflər, necə deyərlər, “öz paylarını” götürürlər. Festivalda ən diqqət çəkən məqam, həm da Azərbaycanla dost olan, onun haqq davasında dəstə vermiş ölkələrin də nümayəndələrinin iştirakıdır. Onların arasında Gürcüstan da var.

2. Elə həmin gün gündəmə başqa bir vacib xəbərlər də oturur. Zəngəzurda sərhədlərin dəqiqləşdirilməsi aktiv fazaya daxil olur və Azərbaycan ordusu 3 istiqamətdə bizə məxsus olan ərazilərə daxil olur. Təbii ki, bu Ermənistanda ciddi panika yaradır və panika hələ də davam etməkdədir.

3. Bu gün – mayın 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin müavini Mirça Coane ilə görüşür. Məlumatı NATO yayır, bildirilir ki, görüşdə Azərbaycan – NATO əməkdaşlığı müzakirə olunub.

4. Və elə bu gün başqa önəmli hadisə baş verir: Kiyevdə Ukrayna, Gürcüstan və Moldova xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir.Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayır. Bildirilir ki, üçtərəfli görüş zamanı hər üç ölkənin Avropaya inteqrasiyasının sürətləndirilməsi məqsədi ilə birgə koordinasiya və əməkdaşlıq formatının təsis edilməsi barədə memorandum imzalanır. Memoranduma əsasən, hər üç ölkə Avropa İttifaqına üzvlüyü son məqsəd elan edir. Əlavə etmək yerinə düşər ki, hər üç ölkə ərazi bütünlüyü problemi ilə üz-üzədir və bu problemi yaşadan dövlətin hansı olduğu da məlum həqiqətdir.

Və qalır nəticə çıxartmaq: Başkeçiddə yaşananları, hətta məişət zəminində olsa belə, böyütməkdə maraqlı olan qüvvə(lər) kimlərdir və məqsədləri nədir.

Tanış ssenaridir...

200 ildir Qafqazda tətbiq olunan ssenari...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!