Ana içeriğe atla

Hantinqton

Hantinqtonun təhlükəli nəzəriyyəsi 



Samuel Hantinqtonun hay-küylü «mədəniyyətlərarsı münaqişələr» nəzəriyyəsi təhmin edilə biləcək şəkildə güclü mübahisələrə və dünya siyasətini izləyənlər arasında böyük dartışmalara – hətta iki amerikalı politoloqun dili ilə desək «nəzəriyyələrin toqquşmasına» səbəb oldu. Hantinqtonun nəzəriyyəsi bir çox məsələlərlə bağlı olsa da, xüsusilə beynəlxalq münasibətlər, ABŞ-ın xarici siyasəti və İslam-Qərb, İslam-demokratiya münasibətləri sahələrində önəmli mübahisələr yaratdı. Yazı ilə bağlı münasibətləri nəzərdən keçirərkən onları şərti olaraq yeddi qrupa ayırmaq mümkündür. 

Hantinqtonun bu nəzəriyyəsi böyük səs-küy yaratdı
Birinci qrupun fikrincə, Hantinqtonun nəzəriyyəsi soyuq müharibə sonrası dünya siyasətini qavramada «yeni bir paradiqma» vəd edir. Əvvəllər də deyildiyi kimi, Hantinqton, soyuq savaş dönəmində nüfuzlu olan dövlət-mərkəzli realist beynəlxalq münasibətlər teoriyasının müasir dövrdə öz əhəmiyyətini itirdiyini ifadə edib, mədəniyyətlər arası fərqliliklərin regional və qlobal münaqişələrə səbəb olacağını iddia etməkdəydi. Bu məsələdə Hantinqtona irad tutanlar münaqişələrin mədəniyyətlər arası fərqliliklərdən savayı, bir çox başqa səbəblərin olduğunu da bildirirlər. Onların fikrincə, mədəniyyət təməlli səbəblər bu dövrdə önəmli rol oynamamaqdadır (Marc Gopin, Shireen T. Hunter). Huntinqtonun nəzəriyyəsinin əksinə olaraq, günümüzün politoloqlarının bir çoxu, istər günümüzdə, istərsə də gələcəkdə baş verəcək münaqişələrin səbəbinin mədəniyyətlərarası çatışmalar deyil, “mənafelərin toqquşması” kimi dəyərləndirirlər. Məsələn, Vaşinqtondakı Strateji və Beynəlxalq Əlaqələr Mərkəzi (CSİS) İslam Proqramının direktoru Şrin T. Hanter qərb ilə müsəlman sivilizasiyaları arasındakı bir çox problemlərin təməlində mədəniyyətlərarası fərqliliklərin deyil, balavasitə iki dünya arasındakı dərin siyasi və iqtisadi fərqlərin yatdığını önə çəkir. Digər tərəfdən Fouad Ajami Hantinqtonun mədəniyyətlər arasındakı fərqləri şişirtdiyini və Qərb ilə İslam dünyası arasındakı münasibətlərdə birincilərin siyasi güc və nüfuzunun təsirini isə nəzərə almadığını söyləyir. Zira, soyuq savaş dönəmində hakim olan blok zehniyyətinin Hantinqtonun nəzəriyyəsinə hakim olduğu görülməktədir. Hantinqton Qərbin texnoloji və hərbi üstünlüyünün davamı məsələsində olduqca narahatdır və realist nəzəriyyənin önəmli fiqurlarından olan Magiavellini xatırladacaq dərəcədə İslam və Konfutsi mədəniyyətləri arasındakı fərqliliklərdən Qərbin faydalanmasını tövsiyyə edir. Con İkenberri, Ricard Rubenşteyn və Çarl Kroker Huntinqtonun “toqquşma” nəzəriyyəsi ilə yeni bir soyuq savaşı elan etdiyini iddia etməkdədirlər. Onların fikrincə, “mədəniyyətlər toqquşması” paradiqması yeni bir şey deyildir. 

“Toqquşma” nəzəriyyəsinin yeni bir paradiqma olmaması fikrindən sonra Hantinqtona tutulan ən önəmli irad, təzə hakim olan “təkci-monolitik” mədəniyyət anlayışı və mədəniyyətlərin öz içərilərində saxladıqları fərqliliklər və toqquşmaları nəzərə almaması ilə bağlıdır. Bir çox alimlər Hantinqtonun yalnız Qərb və İslam anlayışını qəbul etməklə digər mədəniyyətləri onalrın içində əridərək fərqlilikləri yox saymasını düzgün hesab etmirlər. 

Hantinqtonun nəzəriyyəsinə görə mədəniyyətlərin sinifləndirilməsi
Eyni zamanda Amerikada çoxmədəniyyətlilik – Amerikanlaşma düşüncə fikirləri arasında ciddi bir nəzəri toqquşmadan bəhs edən nəzəriyyəçilər də var ki, məsələn, Ceyms Kurt bunu “əsl toqquşma” olaraq dəyərləndirir. Kurta görə Qərb fikri son zamanlar ciddi bir təsirə məruz qalmaqdadır və gələcəkdə əsas toqquşma, Hantinqtonun düşündüyünün əksinə Qərblə digər dünya arasında (məsələn, İslam dünyası) deyil, birbaşa Qərbin öz içində Amerikadakı qərb yönümlü mühafizəkarlar ilə (post-Vestern) liberal çoxmədəniyyətlilik arasında yaşanacaq. Digər tərəfdən Hantinqton, İslam dünyasının sahib olduğu sosial, mədəni və siyasi dinamikanı, müxtəlif nəzəri istiqamətləri və “minbir fərqli özəllikləri” diqqətə almamaqdadır. Bir çox nəzəriyyəçi (məsələn, İbrahim Kalin) Hantinqtonun təqdim etdiyi tək İslam mədəniyyəti anlayışı ilə razılaşmayaraq, müsəlman dünyasında bir çox fərqli mədəni mərkəzlərin və biri-birindən fərqli siyasi İslam və İslamçılıq anlayışlarının olduğunu önə sürmüşlər. Bu səbəblə, həmin ziyalılar İslam və Qərb haqqında Hantiqtonun irəli sürdüyü “tək mədəniyyət” anlayışının çözümlənməsi gərəktiyini önə sürmüşlər. Digər tərəfdən mədəniyyətlərin içində də bir çox münaqişələr yaşanmaqdadır. Məsələn, Əhrari və Hanterə görə İraq və Türk dövlətlərinin kürdlərə münasibəti, bizi fikrimizcə farsların türklərə (əsasən də Azərbaycan türklərinə) münasibəti Hantinqtonun “vahid İslam mədəniyyəti” haqqındakı nəzəriyyəsinə ziddiyyət təşkil edir. Mədəniyyətlər öz aralarında fərqlilik və toqquşmalara sahib olduğu kimi, dünya siyasətində fərqli mədəniyyətlərə aid iki ölkə arasında ciddi ölçüdə işbirliyinin varlığına da rast gəlmək mümkündür, bu zaman dövlətin və milli maraqların əsas götürülməsinə diqqət etmək lazımdır. Məsələn, Azərbaycan və İran İslam sivilizasiyasının tərkib hissələri olsalar da, İranın Azərbaycanın torpaqlarını işğal edən xristian Ermənistanla münasibətləri göz qabağındadır. Və ya hələ yaxın tariximizdə İran-İraq müharibəsi, İraqın Küveytə hərbi müdaxiləsi və ABŞ-ın öz maraqları çərçivəsində hərəkət edərək bir məsəlman dövlətinə hərbi yardıma gəlməsi buna əyani sübutdur. Başqa bir misal kimi 90-cı illərdə Türkiyə ilə İsrailin strateji əməkdaşlığının yüksələn xəttlə inkişaf etdiyi bir zamanda, onun paralel olaraq ərəb dövlətləri və İranla münasibətlərində soyuqluq yaranmasını göstərmək olar. Xüsusən ikinci tip münasibət, Hantinqtonun toqquşma nəzəriyyəsinin, mədəniyyətlərin özündə cəmləşdirdiyi fərqlilikləri və toqquşmaları diqqətə almaması üzərində yoğunlaşır. Eyni zamanda bu münasibətlərdə haqlı olaraq, nə Qərbin, nə də İslam dünyasının yekcins-monolitik olmadığını, daha da önəmlisi mədəniyyətlərin öz içindəki toqquşmaların mədəniyyətlərarası çatışmalardan daha çox gerçəyə əsaslandığını ifadə etməkdədir. 

Üçüncü tip münasibət Hantinqtonun nəzəriyyəsindəki bir sıra metodoloji xətalar, həqiqəti ifadə etməyən nəticələr və tarixi təhriflərlə bağlıdır. Məsələn, Robert Marks Hantinqtonun «Mədəniyyətlərarası toqquşmalar» kitabında daha çox ikinci dərəcəli qaynaqlardan istifadə etdiyini, onun İslam, Çin və Yaponiya haqqında təsəvvürünün zəif olmasını iddia etmişdir. Marks eyni zamanda, Hantinqtonun nəzəriyyəsində metodoloji olaraq ciddi xətalar olduğunu, mədəniyyətləri təhlil edərkən səhv nəticələrəgətirib çıxaran təhlil apardığını ifadə etmişdir. Digər tərəfdən, Hantinqtonun nəzəriyyəsində ziddiyyətli məqamlara da rast gəlmək mümkündür. Məsələn, Hantinqton «Mədəniyyətlərarası toqquşmamı?» məqaləsinin bir yerində «Ərəb» mədəniyyətindən bəhs edərkən digər bir yerində «İslam» mədəniyyətindən söz açır. Halbıki, Hantinqtonun nəzəriyyəsinə əsasən ərəb sivilizasiyası İslam sivilizasiyasının tərkibindədir və müstəqil olaraq mövcud deyil. Hantinqtonun nəzəriyyəsini müdafiə etmək məqsədi ilə təqdim etdiyi misallar isə, yeni münasibətlərin açıqlanmasına təkan verir. Məsələn, onun 1990-91-ci illərdə Körfəz savaşını nəzəriyyəsinə münasib formada təhlil etməsinə müqabil olaraq, Fouad Ajami bu savaşın «maraqların toqquşmasına» misal ola biləcəyini və bunun sivilizasiyalararası toqquşmalara aid etmənin mümkün olmadığını irəli sürür (bu barədə biz öz fikrimizi yuxarıda yazmışdıq). Maraqlıdır ki, Hantinqton öz nəzəriyyəsini Səudiyyə Ərəbistanı kralı Hüseynin «savaşın Qərb ilə İslam arasında yaşandığı» yönündəki açıqlamasıyla gücləndirməyə çalışmışdır. Halbuki, Hantinqton Səddam Hüseynə qarşı qurulan ABŞ liderliyindəki beynəlxalq ittifaqda Türkiyə və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox müsəlman ölkələrin yer aldığını bilməmiş deyil. Ajaminin Körfəz savaşı məsələsində apardığı paralelə uyğun olaraq, Şiren Hanter də, Hantinqtonun Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsini mədəniyyətlərarası toqquşma kimi dəyərləndirməsinə qarşı çıxaraq, müsəlman İranın müsəlman Azərbaycanın yerinə işğalçı xristian Ermənistanla daha isti münasibətlərdə olmasını vurğulamışdır. Digər tərəfdən Seizaburo Sato, Hantinqtonun mədəniyyətlərarası toqquşmadan qaynaqlanacaq Üçüncü Dünya Müharibəsi zamanı İslam-Konfutsi mədəniyyətlərinin ittifaqı qarşısında, Qərbin Yaponiyanı öz tərəfinə çəkməli olacağı yönündəki tövsiyyəsini, elə onun daha əvvəl dilə gətirdiyi «Yaponiyanın Qərb üçün iqtisadi təhlükə olması» fikri ilə ziddiyyət təşkil etməsini önə çəkir. Sato, eyni zamanda, Hantinqtonun Rusiyanı Slav-Ortodoks mədəniyyətinin mərkəz dövləti olaraq təqdim etməsinin ardınca, elə həmin Rusiyanın Avropa Birliyinə daxil edilməsini təklif etməsini bir başqa ziddiyyət olaraq ifadə etmişdir. 

Mədəniyyətlər toqquşması nəzəriyyəsinə tutulan digər irad isə, bu nəzəriyyədə tez-tez «biz» və «onlar» və ya «özümüz - başqaları» ifadələrindən istifadə edilməsidir. Tənqidçilər, Hantinqtonun İslam-Qərb münasibətləri anlayışının təməlində orientalist İslam təsəvvürlərinin üstün olduğunu söyləyirlər. Burada İslam Qərb üçün başlıca problem, hətta bir təhlükə olaraq dəyərləndirilməkdədir. Orientalizmin önəmli tədqiqatçılarından Edvard Səid, Hantinqtonun nəzəriyyəsinin orientalist bir təsəvvürə malik olmaması səbəbi ilə, davamlı olaraq Qərbi («özümüz») yüksəldib, İslamı («başqaları») dəyərə almadığını, İslam və İslam dünyası haqqında doğru olmayan, yanlış təsəvvürə sahib olmasını irəli sürmüşdür. Səidə görə, belə bir münasibət isə, İslam dünyasını anlamaq üçün yetərli deyil və yalnız birbaşa Qərbi yüksəltməyi qarşısına məqsəd qoyub. Səid eyni zamanda mədəniyyətlər toqquşmasından əlavə, birinin digərini anlamağa səy göstərməməsindən qaynaqlanan bir münaqişənin varlığından bəhs etməkdədir. Edvar Səidin münasibətinə bənzər şəkildə başqa bir tənqid Mənucehr Dorraja aiddir. O, toqquşma nəzəriyyəsinin müsəlmanlar haqqında yanlış təsəvvür formalaşdırdığını, hətta müsəlmanları narahat etdiyini vurğulayır. Nəticə olaraq bir çox nəzəriyyəçi və alim nəzəriyyədə, «başqaları»nın (yəni İslam dünyasını) dünyaya meydan oxuyan bir təhlükə olaraq təqdim edilməsini tənqid edərək, belə bir təsəvvürün «Qərbin təşəbbüsü və üstünlüyü ilə əlaqədar olaraq «başqaları»nın təcrid olunmasına səbəb» kimi qiymətləndirmişlər. 

Hantinqtonun nəzəriyyəsinin önəmli bir hissəsini də Qərb və Amerika elitası üçün təqdim etdiyi tövsiyyələr təşkil edir. Tənqidlərdə məhz bu tövsiyyələrin əsas qayəsini təşkil edən «düşmən-təhlükə» fikri əsas yer tutur. Monşipouri, Petonito və Battistella kimi nəzəriyyəçilər Hantinqtonun soyuq savaşın bitməsi səbəbi ilə Sovet İmperiyasının yerini alacaq «yeni düşmənlər» formalaşdırdığını vurğulamaqdadırlar. Digər tərəfdən, Səid və Vasim Hantinqtonun nəzəriyyəsinin ideoloji və strateji özəlliyə malik olduğunu və Amerikanın xarici və müdafiə siyasətini istiqamtələndirmək məqsədi daşıdığını bildirməkdədirlər. Bununla əlaqədar Hans Kunq, nəzəriyyənin bütün dünyada böyük səs-küy yaratdığı bir zamanda – 1994-cü ildə Hantinqtonun Pentaqonda ekspert olaraq çalışmasına diqqət çəkməkdədir. Kunq, üçüncü dünya müharibəsinin mədəniyyətlərarası toqquşmadan qaynaqlanacağı ssenarisinin ən çox hərbi və silah sənayesi çevrələrinin mənafelərinə xidmət etdiyini iddia etmişdir. Bu səbəbdən, toqquşma nəzəriyyəsinin ABŞ-ın xarici və müdafiə siyasətinə təsir etmə gücündə olmasının təsadüfi olmadığı ortaya çıxır. Con Aykenberri Hantinqtonun blok zehniyyətinə sahib olduğunu və toqquşma nəzəriyyəsinin həm ABŞ, həm də beynəlxalq sülh üçün təhlükəli bir görüş olduğunu bildirmişdir. Mahbubani və Sato da oxşar səkildə, Hantinqtonun təklif etdiyi siyasi tövsiyyələrin (ABŞ və Qərb tərəfindən) yerinə yetirilməsi nəticəsində dünya sülhü və sabitliyi ücün ciddi bir təhlükə olacağını vurğulamışlar. 

Nəzəriyyə ilə bağlı mübahisələrdən ən önəmliləri beynəlxalq münaqişələrin səbəbləri ilə İslamla demokratiyanın biri-birilərinə uyğun gəlib-gəlmədikləri ilə əlaqədar olmuşdur. Bununla əlaqədar olaraq, son illərdə Hantinqtonun nəzəriyyəsinin əksinə olan üç önəmli empirik-statistik çalışmadan bəhs edə bilərik. İlk olaraq, Harvard və Miçiqan Universitetlərində dərs deyən iki Amerika politoloqu Ronald İnqlehart və Pippa Norrisin birgə apardıqları tədqiqatın önəmli və maraqlı nəticələrə gətirib çıxardığını söyləyə bilərik. Hər iki tədqiqatçı Qərb və İslam toplumlarının sahib olduğu siyasi və sosial dəyərləri qarşılaşdıraraq, ikincilərin ən azı qərblilər qədər demokratik ideallara sahib olduqları və demokratiyanı mənimsəmə baxımından Qərbin Müsəlman dünyasından üstün olmaması nəticəsinə gəldilər. Yəni, qərb və İslam toplumları bənzər siyasi dəyərlərə sahibdirlər. Bu nəticə Hantinqtonun – İslam və Qərb fərqli dini inanc və mədəniyyətə sahib olduqlarından tamamilə fərqli siyasi dəyərlərə malikdirlər – fikrini alt-üst etməkdədir. Bu səpkidə aparılan başqa bir araşdırma isə Manus Midlarskiyə aiddir. Midlarski araşdırmasının sonunda İslam və demokratiya arasında neqativ bir münasibətdən bəhs etməyin mümkün olmadığını söyləyir. Bu nəticə, Hantinqtonun «İslam-demokratiya uyğunsuzluğu» ilə bağlı verdiyi son qərarın tam əksini ifadə edir. 

Toqquşma nəzəriyyəsinə meydan oxuyan ampirik tədqiqatlardan üçüncüsü isə üç Amerika politoloqu Bryus Rassett, Con Onil və Mikalen Koksa aiddir. 1885-1994-cü illər arasında meydana gələn və hərbi münaqişələrə səbəb olan dövlətlərarası toqquşmaları təhlil süzgəcindən keçirən araşdırmaçıların gəldikləri nəticəyə görə, müharibələrin hamısında realist beynəlxalq münasibətlər nəzəriyyəsi (coğrafi şərait, güc və ittifaqlar) ilə liberal nəzəriyyə tərəfdarlarının irəli sürdüyü faktorlar (demokratiya, iqtisadi asılılıq və beynəlxalq təşkilatlar) Hantinqtonun irəli sürdüyü mədəniyyət təməlli toqquşmalardan daha önəmli rola malik olmuşlar. 

Nəticə olaraq, Hantinqtonun dünyanın gələcəyi ilə bağlı olduqca pessimist fikirlərə sahib olduğunu vurğulayan bir çox politoloq və alimlər, toqquşma nəzəriyyəsinin, mədəniyyətlərarası münasibətlərə və əməkdaşlığa ciddi şəkildə mənfi təsir göstərdiyini bildirmişlər. 


Bakı, 2005 

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...