1098-ci ildə Fransa imperatorunun şəxsi nümayəndəsi qraf De La Kotye bir neçə həftəlik uzun və ağır yol qət etdikdən sonra, nəhayət ki, səfərinin əsas məqsədinə – Əlamüt qalasına çatdı. İranın şimalında, dağların əhatəsində yerləşən bu qala, öz əlçatmazlığından daha çox, sahibinin adı ilə məşhurlaşmışdı. Qraf, məhz qəsrin sahibi ilə görüşmək üçün bu qədər uzun və təhlükəli yol qət etmişdi.
Həsən ibn Əs-Sabbah fransızların səfirini şərq lütfkarlığı və eyni zamanda soyuqqanlığı ilə qarşıq bir şəkildə qarşıladı. Bu öz növbəsində hər şeyi ifadə edə biləcəyi kimi, heç nəyi də göstərə bilərdi. Şərq ölkələrində yaşadığı illər ərzində qraf bir həqiqəti dərk etmişdi – insanın necə gülməsi və ya nə danışması əhəmiyyət kəsb etmir. Əhəmiyyətli sayıla biləcək şey – həmin insanın nə zaman və necə hərəkət etməsidir. Qrafın qarşısına qoyulan məqsəd də, məhz, bu sonuncunu aydınlaşdırmaqdan ibarət idi – Şeyx Həsən və onun müridləri nə etməyə hazırlaşırlar.
Çoxları Həsəni «Dağlar qocası» adlandırırdı. Bəlkə də buna səbəb Əlamüt qalasının uca, əlçatmaz zirvələrdə yerləşməsi olub. Lakin Həsəni qoca adlandırmaq heç cür mümkün deyildi. Şərq adətinə görə, qarşısında duran Şeyxin gözlərinin içinə baxmamağa çalışan qraf, buna rəğmən hiss edirdi ki, Həsən insanın hakimiyyətə can atdığı və onu əldə etmək üçün hər cür mübarizəyə hazır olduğu yaşlardadır. Söhbət məhz nəsildən-nəslə keçən irsi taxt hakimiyyətindən getmir, məhz o hakimiyyətdən gedir ki, onu yalnız ağıl, zor və qan gücünə əldə etmək olar. Həsən məhz taleyinə belə bir qismət yazılmış insan idi.
Qorxunc hakimiyyət
Qrafın qarşısına çox incə və diplomatik məsələ qoyulmuşdu. Şübhəsiz ki, xristian hökmdarının, indi qarşısında dayandığı «aliməqam Əlamüt şeyxi» ilə ittifaqı, hətta bu ittifaq gizli olsa belə, ağlasığmaz idi. Lakin belə bir ittifaqın mümkünsüzlüyünü də iddia etmək olmazdı. Hər iki tərəf bu ittifaqdan yalnız mənfəət əldə edə bilərdi. Qraf da təmkin və ehtiyatla, şərqlilərə məxsus bəlağətli sözlərlə Həsənə təsir etmək ümidindəydi. O, həmişə şərqlilərlə söhbət etdiyi zaman bu cür danışır, onlarda maraq oyatmağa çalışırdı. Çox zaman öz fikirlərini aydınlaşdırmaq, gətirdiyi arqumentləri gücləndirmək üçün, şərq şairlərinin qəzəllərinə də müraciət edirdi. Qraf sanki fransızca deyil, onların dilində düşünürdü, o, hər şeyə onların gözü ilə, onların maraq dairəsi ilə baxmağa çalışırdı. Şərqin incəliklərinə və ədəbiyyatına, fəlsəfəsinə dərindən bələd olan qraf, bununla belə müqəddəs Qurandan misallar gətirməzdi. O, yaxşı bilirdi ki, xristian dodaqlarından qopmuş müqəddəs Quran kəlamları başqa cür səslənə bilər. Bunun isə qiyməti çox ağırdır. Nə yaxşı ki, qraf zamanında bu dili mükəmməl öyrənmişdi. O, həm özündən, həm qarşısına qoyulan əhəmiyətli məsələdən, həm də çox incə diplomatik kombinasiya qurmuş hökmdarından razı idi.
Həmin gün Həsən ibn Əs-Sabbah heç bir cavab vermədi. Lakin, qraf bunun belə olacağını təxmin etmişdi. Axşamçağı onlar, qala divarlarının ətrafında gəzintiyə çıxdılar. Söhbət incə mətləblərdən, lakin eyni zamanda qrafı buralara gətirən əsas məqsəddən kənar şeylərdən – poeziyadan, təbiətdən, ruhun kamilliyindən gedirdi. Əsasən də ruhun kamilliyindən.
- Dağların bu yerindən açılan mənzərə – qraf sözə başladı – istər-istəməz insanda fəlsəfi fikirlər yaradır.
İşinin incəliklərinə xüsusi diqqət yetirən diplomatlar kimi, qraf, əlinə imkan düşdükcə ev sahibinə xoş sözlər söyləyirdi.
- Siz mənim qonağımsınız, - Həsən gülümsədi- Əgər bu misgin mənzərə sizi öz yurdunuzda heç zaman fikirləşmədiyiniz şeylər barədə düşünməyə vadar etdisə, mən çox sevinər və rahat olardım.
Qraf sonuncu sözlərin mənasını özü üçün aydınlaşdıra bilmədi. Həsənin bu sözlərini necə qiymətləndirmək olar: xoş iltifat, yoxsa təhqir kimi?
Lakin, bununla belə, hər ehtimala qarşı gülümsündü. Qrafın da təbəssümü, Həsənin sözləri kimi ikibaşlı göründü. Bunu hiss edən şeyx, öz fikrinə aydınlıq gətirməyi lazım bildi.
- Mənim çox hörmətli qonağım, bu gün öz hökmdarının sözlərini mənə çatdırarkən, baş tuta biləcək ittifaqın bizə vəd etdiyi mənfəətdən söz açdı.
Qraf hörmətlə Əlamüt şeyxinin qarşısında baş əyərək, sanki, dediklərini öz hərəkəti ilə bir daha təsdiq etməyə çalışdı.
- Siz xristianlar – Həsən öz iti nəzərlərini qrafın gözünün içinə zillədi, - yalnız bu barədə düşünürsünüz: mənfəət. Bunun üçün bir-birinizi satmağa, hətta qanını içməyə hazırsınız. Lakin barada yaşadığın, məhz bu zirvələrdən dünyaya baxdığın zaman, hər şeyi başqa cür görməli olursan. O şeyləri ki, siz görmürsünüz, görə bilmirsiniz. O mənim adamımdır... – deyə Həsən başı ilə qala divarlarında keşik çəkən müridinə işarə etdi – indi isə, ey firəng, diqqətlə bax!
Həsən əlini havada yellədən kimi, qrafın gözləmədiyi bir hadisə baş verdi. Ağ əbada olan keşikçi dərhal qılıncını kənara tullayaraq, özünü uçuruma tulladı.
Qraf elə bildi ki, gözləri onu aldadır. O, bilirdi ki, belə şey ola bilməz. İnsan elə-belə, əlin bir tərpənişi ilə, özünü uçuruma tullamaz. Qonağının fikirlərini oxuyurmuş kimi, Həsən nəzərlərini başqa bir keşikçiyə çevirib əlini yellədi. O da digəri kimi qılıncını yerə buraxaraq, özünü qala divarlarından aşağı atdı. Dəhşətə gəlmiş qraf, Həsəni saxlamağa macal tapa bilməmişdi ki, üçüncü keşikçi də eyni şeyi etdi.
- Mənim yetmiş min müridim var. Onlar mənə sədaqətlidir. Mənim yolumda ölümə də gedərlər – Həsən qonağına baxmadan danışırdı, bu isə onun narazılığının ifadəsi idi – Sənin hökmdarının necə, bu cür sədaqətli tərəfdarları var? Mənim bu sözlərimi ona çatdır. Bu mənim cavabımdır.
Şeyxin «70 min müridim var» deməsi, sıradan bir söz deyildi. Məhz buna görə, Xəzərdən tutmuş Atlantikaya, Nildən Skandinaviyaya qədər bütün hökmdarlar onun qarşısında tir-tir əsirdilər. Onun nə imperiyası, nə ordusu var idi. Onun əlində olan yeganə silah – hakimiyyəti idi. İnsanlar üzərində qorxunc hakimiyyət, bir başqalarını öldürməyə və ölməyə məcbur edə biləcək iqtidar...
«Assasiyun»lar
Həmin dövrün hökmdarlarından heç kim özünü Həsənin iqtidarından kənar hesab edə bilməzdi. Paklığın və qanın rənginə uyğun olaraq bəyaz xirqə geymiş, belinə qırmızı qurşaq bağlamış müridlər öz şikarlarını harada olsa tapırdılar. Nə qala qapıları, nə silahlı keşik dəstələri onların qarşısını kəsə bilirdi. Şeyxlərindən yeni tapşırıq alan müridlər, hətta ən dəhşətli ölüm badəsini belə acgözlüklə içməyə hazır idilər. Əlamüt ölüm qalasına, Həsən Əs-Sabbah Əzrayıla, müridlər isə ölüm mələyinin ən qorxulu xidmətçilərinə çevrilmişdilər. Onların qarşısında əyilməyən baş yox idi. Fərq etməz, bu baş ya özü əyilməliydi, ya da ki, bir qılınc zərbəsi ilə ayaqlar altına diyirlənirdi. Onlar tarixin indiyədək tanıdığı ən mütəşəkkil və gizli təşkilatlarından birinin – «Assasiyunlar» təriqətinin üzvləri idilər. «Assasin» sözünün indi də bir çox Avropa dillərində «qatil» mənasında işlənməsi, bu təşkilatın onların tarixində necə dərin iz buraxdığından xəbər verir.
Ümumiyyətlə onlar kim idilər və nə istəyirdilər?
İsmaililər təriqət olaraq şiə məzhəbili müsəlmanlar tərəfindən yaradılıb. İsmaililər başqa şiələr kimi Cəfər əs-Sadiq daxil olmaqla ilk altı imamı qəbul edir, lakin onun vəfatından sonra imamətin, on iki imama inananlardan fərqli olaraq, kiçik oğlu Musa Kazıma deyil, böyük oğlu İsmailə keçdiyinə inanırlar. “İsna əşəri”lərdən (on iki imamçılardan) fərqli olaraq yeddi imamı qəbul etdiklərinə görə, onlara "səbiyyə" (yeddi imamçılar) də deyilir. Bu məzhəbin ardıcılları Cəfər əs-Sadiqin imaməti bilavasitə oğlu İsmailə həvalə etdiyinə inanırlar. İsmail atasından öncə vəfat etdiyinə görə, onun tərəfdarları oğlu Məhəmməd Məqtumun ətrafında toplaşmış və imamətin qeybdə olan (gizli) imamdan ona ötürüldüyünə inanmışlar. İsmaililərə görə, imamlar gizli olsalar da onlara tabeçilik göstərmək vacibdir.
İsmailin yaxın dostu Əbu əl-Xəttab, sonralar "İsmailiyyə" adı altında təşəkkül tapan firqənin əsasını qoyub. İsmaililər yarandığı ilk dövrdə imamların yeddi olduğuna etiqad etsələr də sonralar inandıqları imamların sayı artıb. Məhəmməd Məqtumdan sonra imamətin oğlu Cəfər əl-Müsaddiqə, sonra onun oğlu Məhəmməd Həbibə, daha sonra isə Məhəmmədin oğlu olan Mərakeş hakimi Übeydullah Mehdiyə keçməsi dediklərimizi açıq-aydın isbat edir. Eyni zamanda ismaililərin Misirdə yaratdıqları Fatimilər xilafətinin bütün xəlifələri imam hesab olunub.
Xəlifə əl-Müntəsirinin ölümündən sonra (1094-cü il) şiə İslamının ən böyük təriqətlərindən biri olan İsmaililər arasında parçalanma baş verdi. İsmaililər iki cəbhəyə – nizarilərə və müstəlilərə ayrıldılar.
İsmaili hərəkatının siyasi dəstəyi ilk növbədə Qairədəki Fatimi xəlifəsi əl-Müntəsirdən gəlirdi. Fatimi-Abbasi rəqabətində ismaililər birinciyə tam dəstək verməkdə idilər və onu qanuni imam hesab edirdilər. Lakin əl-Müntəsirin vəfatından sonra, 1094-cü ildə Misirin ambisiyalı vəziri əl-Əfdal qanuni varis olan Nizarı taxtdan uzaqlaşdıraraq həbs etdirir. O, istəyirdi ki, hakimiyyəti onun kiçik qardaşı əl-Müstəliyə devr etsin. Əl-Müstəli vəzirin bacısının əri idi və hakimiyyətin kiçik qardaşa ötürülməsi vəzirin faktiki olaraq taxtın hakimi olması demək idi. Vəzir buna nail olur. Nizar isə İsgəndəriyyəyə qaçıb qiyam qaldırmaq istəsə də, məğlub olub zindanda öldürülmüşdür.Lakin dağlar qocası bu dəyişikliyi qəbul etmir. Səbbah əl-Müstəlini imam olaraq qəbul etməkdən imtina edir və Nizarı dəstəkləməkdə davam edir. Həsənin tərəfdarları sonra təsdiqləyirdilər ki, Nizarın azyaşlı oğlunu gizli şəkildə Əlamütə gətirərək, qeyb olmuş imam kimi yetişdirirdilər. Nizarı dəstəkləmələri səbəbi ilə isə, Sabbahın tərəfdarlarına artıq “nizarilər” deyilməyə başladı. Dağlar qocası artıq ciddi problemlə baş-başa qalmışdı. Əvvəllər o, Abbasilərə qarşı mübarizədə Fatimilərin dəstəyini almaqda idi, indi isə artıq tək qalmışdı...
Əs-Səbbah öz dailərini İslam coğrafiyasının hər nöqtəsinə göndərərək tərəfdarlarının sayını artırmağa cəhd göstərdi. Nəticədə, Abbasi və Fatimi torpaqlarında baş alıb gedən özbaşınalıqlar, dağlar qocasına böyük tərəfdar kütləsi qazandırdı. Həsən biri birinin ardınca bir sıra qalaları və ətrafdakı bölgələri öz nəzarəti altına aldı. Ağır həyatdan bezmiş yerli camaat isə, cənnəti görmək ümidi ilə həvəslə şeyxin fədailər ordusuna qoşulmaqda idi.
Nizarilər İranda və şərqin Fatimi xilafətinə daxil olmayan başqa ölkələrində, müstəlilər isə Qərbdə Misir və Fatimi Xilafətinə tabe olan ölkələrdə üstünlük təşkil edirdilər. Qeyd etmək lazımdır ki, İsmaililərin bu iki qolu indi də qalmaqdadır.
İsmaililərə görə İslam şəriətinin həm zahiri, həm də batini mənaları var. İsmaililər daha çox batini şəriətə önəm verdikləri üçün onları "batinilər" də adlandırırlar. İsmailiyə görə, şəriətin batinini yalnız məzhəbin imamları bilir. Buna görə də “Qurani-Kərim” ayələrini məcazi mənada yozaraq iddia edirdilər ki, bütün bu "yozmalar" müqəddəs kitabın batini mənalarını bilən imamlardan gəlir. Bu cür yanaşmalar bəzi sufi təriqətlərinin təlimlərində də var. Zaman keçdikcə ismaililər dinin zahirinə, açıq-aşkar göstərilən halal-haram problemlərinə əhəmiyyət verməyib, batini mənalarının dərk olunmasını vacib hesab edib.
Onlar inanırdı ki, Allah imamları başqa müsəlmanlardan daha üstün tutaraq, onlara varlığın bütün gizlinləri haqqında bilik verib. İsmaililərə görə, imamlar başqalarının xəbəri olmadığı biliklərə sahibdir və özlərini tərəfdarlarına açıq-aşkar göstərməyib, "gizli" də qala bilirlər. İsmaili inancına görə sonda "gizli imam” dünyada peyda olub ədaləti bərpa edəcəkdir. İsmaililərin təlimində qərb fəlsəfəsindən geniş şəkildə bəhrələnib. Onlar antik pifaqorçuluğun və yəhudilərin Kabbala adlı mistik təliminin təsiri ilə rəqəmlərin mistikasına, müqəddəsliyinə inanırdılar. İsmaililər "yeddi" rəqəminə böyük önəm vermiş və onu müqəddəs hesab etmişlər.
Nizarilərin əsas kütləsi Suriyanın, Livanın, İraqın və İranın dağlıq rayonlarında fəaliyyət göstərirdi. XI əsrin axırlarında onlar mərkəzi Əlamütdə (İranın şimalı) olan müstəqil dövlət yaratdılar və bu dövlət XII əsrin ortalarınadək mövcud oldu. Nizari ismaililəri dövlətinin banisi Həsən ibn Əs-Sabbah «əd-dəvət əl-cədidə» (yeni çağırış) adını alan təlimdə öz sosial və siyasi fikirlərini şərh edirdi. Onun təlimi həmçinin, fatimilərin «əd-dəvət əl-qədimə» (köhnə təlim) təlimindən fərqli olaraq «yeni ismailizm» adlandırılırdı. Siyasi mübarizə praktikasında nizarilər terrorçuluq metodundan geniş istifadə edirdilər: terrorçuluq tədbirlərinin narkotik maddə (həşiş) qəbul edən icraçıları orta əsrlərdə Yaxın Şərqdə «həşşaşilər» adı ilə məşhur idilər. Bu ad Avropa dillərinə (ingilis, fransız, italyan) təhrif olunmuş formada (assasin) «qatil» mənasında daxil oldu. Hazırda bəzi ölkələrdə «xoca» adlandırılan nizarilər Asiya və Afrikanın 20-dən artıq ölkəsinə yayılıb. Onların Ağa Xan fəxri adını daşıyan ruhani başçısının iqamətgahı Hindistanda və Geniyada yerləşir (bax: İslam. B., 1989, s. 73).
«Dağlar qocası» Həsən Əs-Səbbahın özünün də maraqlı tarixi var. Həsəni Əlamüt qalasına aparan yol uzun və heç də düz olmayıb.
Nizamülmülkün ədavəti
Səlcuq sultanının vəziri, məşhur «Siyasətnamə» əsərinin müəllifi Nizamülmülkün himayəsi Həsənin qarşısında saray qapılarını taybatay açmaqla yanaşı, ona yüksək bir vəzifə, nazir vəzifəsi də qismət etdi. Çox keçmədi ki, Həsən vəzirə öz minnətdarlığını bildirdi, lakin başa düşdüyü, özünə məxsus tərzdə. Nizamülmülk yazır: «Mən israrla sultana onu məsləhət gördüm və nəhayət, onun divanxanasında nazir işləməsinə nail oldum. Lakin atası kimi özü də yalançı və əclaf çıxdı. O, o qədər riyakar və ikiüzlüdür ki, sanki Allahı tanımır, baxmayaraq ki, dindardır. Tezliklə o, hətta Sultanı belə özünə tam tabe edə bildi».
Həsənin sarayda sürətlə irəliləməsinin qarşısını yalnız bir nəfər kəsirdi. O həmin adam idi ki, Həsən ona hər şeyini borclu idi – saraya gəlməsindən tutmuş, tutduğu nazir vəzifəsinədək. Həmin şəxs vəzir Nizamülmülk idi. «Minnətdarlıq» hissi Həsənə çox ağırlıq edirdi və o, uzun müddət bu ağır yükü öz çiyinləri üzərində gəzdirə bilməzdi.
Bir müddət keçdikdən sonra Həsən Sabbah Nizamülmülkün rəqibləri vasitəsi ilə Sultan Alp Arslanın qulağına çatdırır ki, ölkənin maliyyə-vergi vəziyyəti yaxşı deyil. Mənimsəmə, yeyinti var, xəzinədə böyük çatışmazlıq əmələ gəlib və s. Hər halda yoxlama və hesaba böyük ehtiyac var. Bu işlərin hamısı isə Nizamülmülkün ixtiyarında idi. Alp Arslan, nəhayət, Nizamülmülkü çağırtdırıb vilayətlər üzrə bütün ölkə haqqında kamil və hərtərəfli hesabat hazırlamasını və şəxsən ona təqdim etməsini tapşırır. Nizamülmülk saraya toplanmış əlaqədar adamların yanında deyir ki, belə mühüm və məsuliyyətli iş üçün xeyli müddət tələb olunur. Nizamülmülk şübhəsiz ki, vəziyyətin necə olduğunu hamıdan yaxşı bilir, Sultanın gözlənilmədən belə hesabat istəməsini yaxşı niyyətlə olmadığını da gözəl duyurdu. Vaxt nə qədər çox olsa, o qədər əlverişli idi. Alp Arslan nə qədər vaxt lazım olduğunu soruşur. Vəzir altı ay möhlət istəyir. Məclisdə iştirak edən Həsən Sabbah yerindən duraraq baş əyir, bu iş ona həvalə edilərsə, hesabatı iki həftə ərzində hazırlaya biləcəyini söyləyir (A. Bolotnikov. Ömər Xəyyam. M., 1935, s. 181). Bu təklif Nizamülmülkü sarsıdır. Sultan həsənlə razılaşır və bir müddət kəskin baxışlarla öz vəzirini süzür. Hələ uzun müddət Nizamülmülk bu baxışları öz yaddaşından silə bilmir.
Hamı başa düşürdü ki, Həsən öz hesabatını Sultana təqdim etdikdən sonra, vəzirin günlərinə az qalacaq. Və hamı Nizamülmülkdən sonra kimin vəzir olacağını da bilirdi. Vəzirin özü isə bu həqiqətləri hamıdan daha aydın başa düşürdü. Təyin edilmiş gün əyanlar hamılıqla Sultanın sarayında toplandılar. Həsən taxtın qarşısında duraraq əlindəki perqament vərəqləri çevirir, başlamaq üçün Sultanın işarəsini gözləyirdi. Bu zaman Nizamülmülklə Həsən Sabbah arasında maraqlı bir dialoq yaşanır.
- Hesabatın necə də gözəl yazılıb. – Nizamülmülk yerindən söz atdı – mən elə bir xəttat tanımıram ki, bu cür kamil bir iş yaratsın.
Saraya uğultu düşdü. Ola bilməz ki, məğrur vəzir məğlubiyyətini görüb, bu qoca vaxtı mənliyini alçaltsın, yaltaqlıq etsin.
- Bu hesabatı mən özüm yazmışam – Həsən bu sözləri laqeyd bir tərzdə söylədi. Sanki hamıya yaltaqlığa biganə olduğunu nümayiş etdirmək istəyirdi.
- Ola bilməz – vəzir Nizam yenidən sözə başladı – Bu yazılarda əsl sənətkar əli hiss olunur.
- Allaha and olsun ki, ilk sətirdən son hərfinədək burada yazılanların hamısı mənim qələmimdən çıxıb – Həsən etiraz etdi.
Və tələ qapandı. Lakin həmin zaman heç kim bunu hiss etmədi (Nizamülmülk. «Siyasətnamə». B., 1989, s.10).
Sultan başı ilə Həsənə başlamaq işarəsi verdi. Saray əyanları səssiz durub, əs-Sabbahın hesabatını dinləməyə başladılar. Hesabat böyük ustalıqla hazırlanmışdı, bunu hamı başa düşürdü. Lakin Həsən ikinci səhifəyə keçdikdə qeyri-adi bir cümlə oxudu:
- ... Beləliklə, alimənsəbin xəzinəsinə il ərzində şimal əyalətlərindən on beş qurbağa ayağı daxil olub...
Həsən bir anlıq oxuduğu cümlənin fərqinə varıb duruxdu:
- ... on beş... – o, bir anlıq susaraq, dəhşət içində əlində tutduğu vərəqə baxdı – bu səhvdir, məni bağışlayın böyük sultan, mən istəmədən belə olub – deyə bildi.
Sultan narazı qalmışdı, bununla belə, davam etməsi üçün Həsənə razılığını verdi.
- Bundan isə belə nəticə hasil olur ki, - Həsən səsinə bir qədər qətiyyət və üstünlük çalarları əlavə etsə də, yenidən özünü itirdi – hasil olur ki...
O, artıq özünü tamamilə itirmişdi. Rəngi ağarmış, əlində tutduğu vərəqələri isə yerə salmışdı.
Həsənə hamıdan yaxın yerdə oturan vəzir Nizam, sanki hesabatın ardını oxumaq istəyirmiş kimi yerindən qalxaraq vərəqləri götürdü.
- Bundan isə belə nəticə hasil olur ki, - Nizam da Həsənin sözlərini təkrar etdikdən sonra duruxdu. – Böyük sultan, mən burada yazılmış sözləri sizin hüzurunuzda oxuya bilmərəm.
Hesabat bir neçə dəqiqədən sonra əldən-ələ gəzirdi. Orada nə yazıldığı ilə maraqlanan saray əyanları vərəqləri biri-birilərinə ötürürdülər.
Əgər Həsən sultanın sevimlisi olmasaydı, elə saraydaca öz başı ilə xüdahafizləşmək məcburiyyətində qalardı. Hələ bir saat əvvəl sultanın Həsəni saray əyanlarına tərifləməsi onun həyatını qurtardı. Lakin yaşamaq hüququ, onda qalan yeganə ixtiyar idi. Əmlakından tutmuş bütün imtiyazlaradək hər şeydən məhrum olmuş Həsən, saraydan birbaşa sürgünə göndərildi.
Hələ də Nizamülmülkün öz adamları vasitəsi ilə hesabatın vərəqlərini necə dəyişdirməsi və Həsənin xəttini ustalıqla təkrarlaması məlum deyil. Əslində, heç bu o qədər vacib də deyil. Vacib olan budur ki, həmin gün qoca vəzir bir zamanlar öz himayəsində saxladığı, lakin sonralar rəqibə çevrilmiş düşməni qarşısında qələbə çalmışdı. Həmin gün sultan Nizama xüsusi diqqət göstərdi. Lakin vəzir və onun hökmdarına gələcək əyan olsaydı, onlar şadlanmaqdan daha çox ağlamağa və fəryad etməyə üstünlük vermiş olardılar. Məhz taleyin bu acı oyunu onların hər iksinin ölüm hökmünü kəsmiş oldu. Məhz sarayda baş vermiş bu intriqa tarixə «dağlar qocası» ləqəbli Əlamüt şeyxini bəxş etdi və Avropanın «Əssasiyunlar» adlandıracağı ölüm təşkilatının bünövrəsini qoydu. Bir müddət keçəcək, Həsən səlcuq sultanından və vəzirindən öz intiqamını alacaq.
Abbasqulu ağa Bakıxanov özünün «Gülüstani-İrəm» əsərində yazır: «Axırda Məlikşahın baş hərəmi Türkan xatun cürbəcür böhtanlarla Nizamülmülkü sultanın gözündən saldı. Nizamülmülk işdən kənar edildi və bir il sonra Nəhavənd şəhərində Həsən Səbbahın fədailəri tərəfindən öldürüldü» (A. Bakıxanov. «Gülüstani-İrəm». B., 1951, s. 71).
Türkan xatun oğlunu vəliəhd etmək üçün bütün tədbirlərə əl atır, əri Məlikşahla açıq üz-üzə gəlməsə də, arxada xəlifə ilə sazişə girə bilir. Bunu eşidən Məlikşah qəzəblənir, Bağdada yürüş edərək, xəlifənin oranı tərk etməsini tələb edir. Tarixi mənbələrin verdiyi məlumata görə, 1090-cı illərdə Qəzvin yaxınlığında Əlamüt qalasının bir tərəfdən Səlcuq dövlətinə, digər tərəfdən isə ərəb xilafətinə meydan oxuması, vəziyyəti xeyli gərginləşdirirdi. Nizamülmülk Məlikşahı təhrik edir, Həsən Sabbah fitnəsinə son qoymaq üçün qəti tədbir görməsini tələb edirdi. Fədailərin elə həmin il (1090-cı il) Savə müəzzinini öldürmələrinə etiraz olaraq Məlikşah, Əlamüt qalasında oturan Həsən əs-Sabbaha məktub yazır: «Sən özündən yeni din icad edibsən, avam dağlıları yoldan çıxarıb Abbasi xəlifələrini ələ salır, adamları öldürtdürür, ölkədə qarışıqlıq salırsan. Təriqətdən əl çək, əsl İslam yoluna qayıt. Əks halda qalanı yerlə-yeksan edib, sakinlərini qılıncdan keçirərəm». Həsən əs-Sabbah cavab məktubunda yazır ki, o, yeni din icad etməyib və əsl müsəlmandır: «Xəlifəyə gəldikdə isə, Abbasiləri devirmək, onları Bağdaddan qovmaq lazımdır. Çünki onlar xəlifəliyi zəbt etmişlər. Həqiqi Xəlifələr Fatimilərdir (IV xəlifə Həzrəti Əli ilə peyğəmbərin (ə.s.) qızı Həzrəti Fatimənin izdivacından törənən nəslə verilmiş ad). Ölkədə olan qarışıqlıq, adamların öldürülməsi isə camaatın narazılığı üzündəndir. Onun da səbəbkarı vəzir Nizamülmülkdür. Bunların hər iksini aradan qaldır. Onda hər şey öz qaydasında olar. Əks halda bir başqası çıxıb bu vəzifəni yerinə yetirə bilər» (Osman Turan. Səlcuqlar tarixi və türk-islam mədəniyyəti. Ankara, 1965, s. 227).
Cavab ağır, söz kəskin, məzmun qorxulu idi. Həsən Sabbah güclü rəqib olmaqla yanaşı, geniş xalq kütləsi arasında nüfuz da qazana bilmişdi. Bu sahədə dərviş geyimli təşviqatçıları az iş görməmişdilər. Məlikşah Həsənlə bağlı «başağrını» kökündən kəsmək qərarına gəlir. 1092-ci ildə Əmir Aslan Takşı böyük bir ordu ilə Əlamütə göndərir. Lakin ordu məğlub olur...
1092-ci ildə Səlcuq İmperiyasının tərkibində yerləşən Savə şəhərində ismaili tərəfdarları olan bir qrup ələ veriləcəklərindən ehtiyat edərək yerli müəzzini qətlə yetirirlər. Səlcuk sultanının vəziri Nizam əl-Mülk isə, qatilləri tapdıraraq əmrlə əzablı bir şəkildə qətlə yetirir. Həsən əs-Sabbah, məhz bundan sonra öz köhnə dostunun qətlinə dair fətva verir. Deyilənə görə, o, qalanın başına çıxaraq tərəfdarlarına səslənir ki, “Bu iblisin qətl edən kəsin qarşısında, cənnət qapıları sualsız açılacaq”. Və Sabbah aşağı enənədək, tərəfdarlardan bir qrup könüllü fədai fətvanı yerinə yetirmək üçün hazır vəziyyətdə dayanır. Onlara rəhbərliyi isə Əbu Tahir Arrani adlı bir fədai edir. O, dağlar qocasının qarşısında diz çökərək, əmri nəyin bahasına olursa olsun yerinə yetirəcəyinə söz verir. Və sözünün üstündə durur...
Nizamülmülkün qətli barədə mənbələrdə bəzi xırda ixtilaflar olsa da, əsasən hadisə eyni şəkildə təsvir edilir. Hicri-qəməri təqvimi ilə 485-ci ildə (1092-ci il) Məlikşah İsfahandan Bağdada gedərkən yolda, bəzilərinin yazdığına görə Bricirid («Tərcümeyi-hali-vəzir»), bəzilərinə görə isə Nəhavənd (Şəmsəddin Sami. Qausül-Əlam. IV cild) yaxınlığında dərviş paltarında bir adam sultana yanaşaraq məktub vermək istəyir. Vəzir məktubu aldığı zaman dərviş pıçaqla onu vurur. Bəzi mənbələr qatilin adını yazmasa da, bir çoxları bunun Həsən əs-Sabbahın fədaisi Əbu Tahir olduğunu söyləyirlər. Bir ay sonra Məlikşah Türkan Xatunun fitvası ilə Həsən əs-Sabbahın başqa bir müridi tərəfindən zəhərlənir. Həmin mürid sultanın yanında nökər işləyirdi...
Camış dərisinin tuta biləcəyi qədər torpaq
Saraydan qovulduqdan sonra Həsən şimala sürgün edildi. Həmin gündən etibarən onun həyatının bir nömrəli məqsədi – intiqam almaq oldu. Və o günlərdə Həsən əs-Sabbah görünməz sərhədlərə, hesaba gəlməz ixtiyara malik böyük bir imperiyanın ilk bünövrə daşlarını qoydu. Əlamüt dağı bu imperiyanın paytaxtına çevrildi.
Həsənin bu qalanın sahibinə çevrilməsi ilə bağlı isə tarixi mənbələrdə maraqlı bir əhvalat qeyd edilir.
... Şəhərin hakiminin yanına gələn Həsən camış dərisinin tuta biləcəyi qədər torpaq sahəsi almaq istədiyini bildirir. Hakim gülümsəyərək bu qeyri-adi təklifi qəbul edir. Həsənin tələbi ilə şərtləşdirilmə qanuniləşdirilir. Hər iki tərəf və alqı-satqıda şahidlik edən müftilər kağıza barmaq basırlar. Hakim gülümsəyərək, hələ də nə baş verəcəyinin fərqinə varmadan pulu götürür. Lakin sonradan Həsənin etdiklərini gördükdə üzündəki təbəssüm yox olur. Həsən əmr edir ki, camış dərisini xırda xətlərlə elə bölsünlər ki, dəridən uzun bir ip alınsın. Bu iplə Həsən qalanı ətrafa alır və alqı-satqının baş tutduğunu elan edir. Təbii ki, hakim öz etirazını bildirir. Lakin məhkəmə Həsənin lehinə qərar çıxarır. Məgər, şərtləşmə tam qaydası ilə tərtib edilmədimi? Məgər hakim öz xoşu ilə sənədə barmaq basmadımı? Məgər o, Həsənin verdiyi pulları götürmədimi? Şəhər hakimi bu suallara məhkəmə qarşısında cavab verə bilmədi. İş-işdən keçmişdi.
Çox az müddət ərzində Həsən artıq öz ətrafına ölkənin hər tərəfindən kifayət qədər tərəfdar toplaya bildi. İsmaili təriqətinə mənsub Həsən, bu qolun «batin elmindən» xəbərdar olduğunu, «gizli həqiqətləri» bildiyini söyləyirdi. Dindar müsəlmanlara vəd edilən cənnəti Həsən həyatda ikən öz adamlarına «göstərə» bilərdi. Bunun üçün müridlər Həsənə sössüz itaət etməli, hətta lazım olduğu zaman həyatlarını belə qurban verməyi bacarmalıdırlar. Onlara görə, ona sadiq olmaq Allaha sadiq olmaq, ona itaət etmək Allaha itaət etmək idi.
Həsən bu yeni işə başlayarkən məğlub olmayacağını bilirdi. Məhkəmə instansiyalarında onun tərəfdarları var idi. Onlar sadəcə Həsənə yaxşılıq etmək istəyən məmurlar deyil, onun bir sözü ilə hər şeyə hazır olan müridlər idi. O, buna necə nail olmuşdu?
Yalancı cənnət
Mənbələr yazırlar ki, Həsən bir gün müridlərindən iksini yanına çağırıb, ona vəhy gəldiyini və buna əsasən də hər iki müridə cənnəti göstərəcəyini söyləyir. Qalanın otaqlarından birində dəvətliləri şəhanə nahar yeməyi gözləyirdi. Həsən də onlarla bir süfrə arxasında oturmuşdu. Onun dediyi sözlər dərin məna kəsb edirdi, lakin bu məna müridlər üçün bağlı idi. Süfrəyə şərab gətirildikdə hər iki fədai bir qədər pərt oldu. Peyğəmbər şərabı haram buyurub. Lakin şeyx onlara «başa saldı ki», həyatda iki həqiqət qapısı var. Biri sadə xalq üçün, digəri isə yalnız seçilmiş insanlar üçün nəzərdə tutulub. Sadə camaat üçün qadağan edilmiş şeylər, əslində onlar üçün haram deyil. Çünki onlar bu gündən etibarən «batini həqiqətlər qapısının açarlarına» malik olacaqlar, onlar seçilmişlərdir. Zaman keçdikcə onlar bu sirrlərə yiyələnəcəklər. Az sonra hər iki fədai artıq nə baş verdiyinin fərqinə varmırdılar. Ya şərab çox bərk idi, ya da ki, onun içinə nəsə əlavə edilmişdi. Müridlərin fikirləri qarışır, gözləri isə yumulurdu. Bir qədər sonra onlar artıq kim və harada olduqlarını belə unutmuşdular. Lakin oyananda xoş təəccüb və heyrət bürüdü.
Müridlərdən biri gözlərini açdığı zaman səhər tezdən idi. O, bağda idi. Hələ əncirin vaxtı olmasa da, ağac əməlli bar gətirmişdi. Əncirlər elə böyük və yetişmiş idilər ki, beləsini heç vaxt görməmişdi. Yaxınlıqda ərik ağacları var idi. Bir qədər qabaqda üzüm tənəkləri saralır, nar ağacları görsənirdi. Fədai hara baxsa meyvə və indiyədək heç yerdə rast gəlmədiyi qeyri-adi çiçəklər görürdü. O, hara düşmüşdü? Necə bura gəlib çıxıb? Birdən fədai hiss etdi ki, kimsə onu izləyir. Üç qız ürkək baxışlarla yasəmən kolunun arxasından ona baxırdılar. Lakin müridin onları gördüyünü yəqin edən qızlar nədənsə qaçmadılar, utanaraq üzlərini belə örtmədilər... Mürid dünən olanları, ona şeyxinin vəd etdiklərini xatırlayırdı. Bura cənnət imiş. Onunla söhbət edən bu qızlar isə adəm övladları deyil, hurilərdir. Onlar müridi əyləndirir, ona içkilər və təamlar verirdilər. O, bir neçə gün burada qaldıqdan sonra, «cənnəti» gəzmək qərarına gəldi. Bağın o biri başında digər fədai dostu ilə rastlaşdı. Hər iksi bura eyni zamanda düşmüşdü. Əylənən fədailər yuxuya getdikdən sonra, səhəri gözlərini açdıqda yenidən Əlamüt qalasında idilər. Bu iki mürid Həsənin ilk «şikarı» idilər.
Zaman keçdikcə «cənnətin» dadını görənlərin sayı da yüzlərlə oldu. Oraları gördükdən sonra, bu onların üstündə əsdikləri yeganə xatirə, yenidən ora düşmək həsrəti ilə yaşadıqları yeganə ümid mənbəyi idi. Onları burada – yerdə əhatələyən hər şey yorucu və bədbin idi. Əgər ölümdən sonra onların düşəcəyi yer bu qədər gözəldirsə, niyə ora can atmasınlar? (A.Qorbovskiy, Ö. Semenov. Zakrıtıe straniüı istorii. M., 1988).
Lakin bundan sonra baş verənləri Həsən gözləmirdi. Fədailər yenidən cənnətə düşmək həvəsi ilə özlərinə qəsd edirdilər. İş o yerə çatmışdı ki, sağ qalanlar özünü öldürənlərə qibtə hissi ilə baxır, onların bəxtli olduqlarını söyləyirdilər. Lakin Həsən tez bir zamanda tərəfdarlarını inandıra bildi ki, özünə sui-qəsd edənlər heç də cənnətə düşməyiblər, əksinə, cəhənnəmin ən dərin qatında məskunlaşıblar. Cənnətə yol isə yalnız ona itaət edənlərə, acı ölüm badəsini onun əmri ilə içənlərə açıq ola bilər. Və beləliklə yüksələn «Elə isə əmr et, ya Sahib-əz-zaman» nidaları ilə Həsən əmr etməyə başladı...
Bir sıra tədqiqatçılar təşkilatın adı olan «assasin» sözünü, ərəb dilindən «həşiş» sözü ilə qarşılaşdırırlar. Belə ki, növbəti müridi «cənnətə göndərmək» üçün, onu həşiş vasitəsi ilə yatızdırırdılar.
Şeyxin əmrləri həmişə qısa olurdu – harasa yola düşmək, kimisə öldürmək. Tapşırıq nə qədər çətin və təhlükəli olurdusa, fədailər bir o qədər onu icra etmək üstündə mübahisə edirdilər. Təhlükə onlar üçün şirin gələn ölüm idi. Bəzən tapşırığı yerinə yetirdikdən sonra onlar, hətta qaçmağa, canlarını qurtarmağa belə cəhd göstərmirdilər. Onlardan biri tapşırığı yerinə yetirdikdən sonra, sağ-salamat geri qayıdarkən, digərləri ona Allah tərəfindən qəbul edilməyən, bəxtsiz birisi kimi baxırdılar. Hətta tapşırıq yerinə yetirilməsə belə, fədainin qətlə yetirilməsi uğurlu sayılırdı, nəinki müridin kimisə öldürdükdən sonra sağ-salamat geri qayıtması...
Danışan baş «möcüzəsi»
Zaman-zaman qəsrdə qalan adamların da edamı həyata keçirilirdi. Həsən elan edirdi ki, kimdənsə narazı qalıb və bu səbəbdən onun başının kəsilməsini əmr edib. Adətən başı ilə «xüdahafizləşənlər» Həsənə yaxın və hamının tanıdığı şəxslər olurdu. Hamı edamın baş verdiyini eşitdikdən sonra Həsən bir neçə gənci yanına çağıraraq yerə döşənmiş xəlçənin üstündə olan boşqabı göstərirdi. Boşqabın içində yenicə kəsilmiş insan başı isti qan içində buğlanırdı.
- Bu insan məni aldatdı – Həsən deyirdi - o belə hesab edirdi ki, məndən öz yalanlarını gizlədə biləcək. Lakin Allahın izni ilə mənə hər şey məlumdur. Budur indi o, olub. Lakin ölü ikən də o mənim hakimiyyətim altındadır. Əgər istəsəm elə o an bu başı dirildə bilərəm. Dua oxuduqdan sonra, Həsən havada bir neçə sehrli fiqurlar cızır və bütün izləyiciləri dəhşətə gətirən hadisə baş verir. Boşqabın içində olan kəsilmiş baş qanla dolmuş gözlərini açaraq onlara baxırdı. Həsən başa baxaraq soruşdu: «Allahın adı ilə sənə and verirəm, cavab ver! Sən həmin Ömərsən ki, mənim ardımca gedən ilk fədailərdən oldun?». Və baş cavab verdi: «Bəli, mən Ömərəm. Mən sənin ardınca gedən və cənnətin ləzzətini alan ilk fədailərdənəm. Mən sənin lütfünə layiq deyiləm. Allah səndən razı olsun!». İçəridə olan hər kəs danışanın səsini tanıyırdı və burada heç bir şübhə yeri ola bilməzdi. Bu həqiqətən də Ömər adlı mürid idi və kəsilmiş baş danışırdı.
- Soruşun, - Həsən təklif edirdi – istədiyiniz, ürəyinizdən keçən hər şeyi soruşun və o, mənim sehrimin təsiri ilə sizə cavab verəcək.
Dəhşətdən yerində donmuş gənc müridlər nə soruşsalar, kəsilmiş baş onlara dəqiq cavab verirdi. Onlar otağı tərk etdikdən sonra isə, Həsən əmr edirdi ki, digər müridləri yanına çağırsınlar. Bununla da Həsənin hüdudsuz və dəhşət saçan şan-şöhrəti barədə yeni əhvalat çox keçmir ki, bütün Əlamütə, oradan isə dünyaya yayılır. «Hətta ölülər belə onun hakimiyyətinə tabe olurlar», - Həsən haqqında belə deyirdilər.
«Kəsilmiş baş» ilə təklikdə qaldıqdan sonra, Həsən nimçəni kənara çəkirdi. Nimçə qoyulmuş yerin altında qazılmış kiçik xəndəkdə oturan fədai, şeyxdən soruşurdu: «Mən düz danışdımmı, böyük şeyxim?». Həsən isə «Hə, səndən razı qaldım» cavabını verirdi. Bir saat keçməmiş, «ölü» ilə danışanlar yenidən həmin kəsilmiş başı görə bilərdilər. Fərq yalnız onda idi ki, bu dəfə baş həqiqətən kəsilmiş halda nizəyə sancılır və qəsrin darvazaları qarşısında nümayiş etdirilirdi. Darvaza qarşısında toplaşan onlarla insan, nizəyə taxılmış bu kəsik başın bir müddət öncə Həsənin əmri ilə necə danışdığını və ona verilən suallara necə cavab verdiyini digərlərinə söyləyirdilər. Bütün bu olub-keçənlərdən sonra Əlamüt şeyxinin qeyri-adi hakimiyyətindən necə şübhələnmək olardı?
Nizami Gəncəvi, Ömər Xəyyam və Əlamüt
Həsən əs-Sabbah haqqında orta əsr mənbələrində qeyd edilən məşhur hadisələrdən biri də dahi özbək şairi Ömər Xəyyam ilə bağlıdır. Nizamülmülkün «Məcməul və saya» («Vəsiyyətlər toplusu») adlı əsərində nəql edilən bu hadisəyə görə, Nizamülmülk, Ömər Xəyam və Həsən əs-Sabbah gənc yaşlarında eyni mədrəsədə oxuyublar. Onlar söz verib əhd peyman bağlayırlar ki, kim birinci olaraq böyük bir mənsəbə çatsa, digərlərini də irəli çəkərək onlara kömək edəcək. Zahirən bu rəvayət bəzi tarixi hadisələr baxımından mümkün olduğu halda, başqa faktlar bunun həqiqət olmadığını ortaya qoymuş olur. Belə ki, biz, əsrin son dərəcə görkəmli alim və şairi olmuş Ömər Xəyyamın həqiqətən də Nişabur yaxınlığında kənd aldığını, orada yaşayaraq yaratdığını, Həsən Sabbahın Nizamülmülk vasitəsi ilə sarayda vəzifə aldığını görürük. Lakin digər tərəfdən, bu tarixi şəxsiyyətlər arasındakı yaş fərqləri onların gənclikdə bir yerdə oxuya biləcəklərini tamamilə şübhə altına alır. Tarixdən məlum olduğu kimi, Nizamülmülk 1018-ci ildə, Xəyyam 1040-cı ildə anadan olub. Həsən Sabbahın anadan olduğu tarix mənbələrdə dəqiq göstərilməsə də, təqribən XI əsrin 50-60-cı illəri ehtimal edilir. Bu qədər yaş fərqləri olan adamların gənc yaşlarında bir mədrəsədə təhsil almalarını, əlbəttə, ciddi bir hökm kimi qəbul etmək olmaz. Lakin qeyd etmək lazımdır ki, Sabbahın Ömər Xəyyama böyük simpatiyası olub. Hətta bildirildiyinə görə, şair, ən çətin anlarda Həsəndən iltifat və himayə görüb.
Lakin Xəyyamdan fərqli olaraq Azərbaycan və türk poeziyasının təkrarolunmaz dühası Nizami Gəncəvinin Əlamüt şeyxləri ilə münasibəti pis olub. Bəzi mənbələrə görə, Azərbaycan Atabəylər Dövlətinin görkəmli hökmdarı Qızıl Arslan Gəncənin yaxınlığında yerləşən Həmduniyan kəndini böyük şairə bağışlayır. Kəndin əvvəlki sahibi isə Əlamüt ilə əlaqədə olan birisi imiş. Nəticədə kəndin əlindən çıxması ilə barışmayan həmin şəxs, kömək üçün Əlamüt ismaililərinə müraciət edir və himayə istəyir. Çox keçmir ki, Nizami fədailərdən məktub alır. Məktubda təklif edilir ki, şair Qızıl Arslanın bağışladığı kəndi köhnə sahibinə qaytarsın və cümə məscidinə gedib tövbə namazı qılsın. Bir tərəfdən atabəy Qızıl Arslanı, digər tərəfdən isə Şirvanşah Axstanı özünə arxa bilən Nizami Əlamüt şeyxinin xəbərdarlıq məktubuna əhəmiyət vermir. İsmaililər bir neçə dəfə xəbərdarlıq kimi, şairə göndərilmiş hədiyyə karvanlarını qərət etsələrdə, şair bunu da ciddiyə almır. Nəticədə həmin dövrün Əlamüt şeyxi Çalqara daisinə şairi «cəzalandırmaq», Həmduniyan kəndini isə əvvəlki sahibinə qaytarmaq barədə fitva verir. Çalqara daisi isə öz növbəsində müridlərdən birini şairin ardınca göndərir. Eyni zamanda Əlamüt müridlərinə qarşı amansız təqibə başlayan atabəy Qızıl Arslanı cəzalandırmaq üçün bir neçə fədai yola düşür. İkincilər məqsədlərinə çatırlar, atabəy öldürülür. Birinci tapşırıqla bağlı isə hər şey nəzərdə tutulduğu kimi olmur.
Fədailər sonuncu xəbərdarlıq kimi, gecə şairin evinə girib balıncının yanına bıçaq saplayırlar. Bunun da nəticəsiz olduğunu görən qatillər növbəti gecə evə basqın edirlər. Lakin səhvən Nizami Gəncəvinin yerinə həyat yoldaşı Gövhəri öldürürlər...
Avropada ölüm kabusu və ya tamplierlərin müəllimləri
Nizamülmülkə olan qəsddən və Məlikşahın zəhərlənməsindən sonra hakimiyyətə gələn yeni Səlcuq sultanı «ilanı yuvasında boğmaq» qərarına gəlir. O, böyük qoşun toplayaraq, «lənətə gəlmiş qəsri dağıtmaq, Əlamüt dağını isə yerlə-yeksan etmək» məqsədi ilə şimala yürüş edir. Lakin səfər zamanı, bir gün yuxudan oyanarkən balıncının yanında yerə sancılmış xəncər görür. Xəncərin ucuna taxılmıx kağızda bu sözlər yazılmışdı: «Sən çox qabağa gedirsən!». Nə çoxminli süvari ordusu, nə hərbi fillər, nədə yüksək təlim keçmiş keşikçi dəstələri sultanı qoruya bilməzdi. Bu dəhşətli həqiqəti hamıdan çox onun özü anlamışdı. Elə həmin gün hərbi şeypurlar səsləndi, ordu geri dönürdü...
Nə şahzadələr, nə hökmdarlar, nə də şeyxlər sonrakı hədəfin onlardan kim olacağını əvvəldən təsəvvür edə bilmirdilər. Ölümün Əlamüt şeyxi adlı qara mələyi bir qorxunc kabus kimi onların başı üzərində hərlənirdi. Qalırdı, qılıncı boyuna endirmək. Həsən Səbbahın növbəti şikarını seçməsində məntiq və ya məna axtarmaq hər zaman mümkün deyildi. Hətta uzun məsafələr, sərhəddlər belə Sabbahın hədəfi üçün təhlükəsizliyin təminatı deyildi. Avropanın göbəyində oturan Fransa kralı bilirdi ki, onu nə ordu, nə də saray əyanları qurtara biləcək. Onun əmri ilə xüsusi təlim keçmiş cangüdənlər dəstəsi yaradılmışdı və hər yerdə onlar kralı müşayiət edirdilər.
Həsən Fransa şahzadələrindən birini öldürmək zamanının gəlib çatdığını qərara aldıqdan sonra, yazın erkən vaxtı iki fədai yola düşür. Müridlər payız aylarında şahzadənin idarə etdiyi vilayətə çatırlar. Şərqdən gəlmiş tacirlər həmin vilayətin yerli sakinləri üçün adi hal olduğundan, onlara heç kim əhəmiyət vermir. Lakin «tacirlər» isə öz növbələrində hamıya və hər şeyə diqqət edirdilər. İlk növbədə də şahzadə ilə bağlı məsələləri xüsusilə öyrənməyə çalışırdılar. Şahzadə harada olur, hansı yerdə daha çox əylənməyi xoşlayır, bazar günü ibadət etmək üçün hansı kilsəyə gedir, onu necə qoruyurlar və s. Məlum olur ki, şahzadəyə yalnız kilsədə yaxın düşmək olar. Bundan sonra hər iki «tacir» islam dininə iman gətirdiklərinə görə «peşman» olduqlarını elan edir və xristianlığı «qəbul edirlər». Onlar şahzadənin ibadət üçün gəldiyi kilsəyə qiymətli hədiyyələr bağışlayır, xristianlıqla bağlı bütün vacib ibadətlərə əməl edir, bir gün belə kilsə xidmətində durmaqdan yayınmırlar. Şübhəsiz ki, bütün bunlar yalnız bir şey üçün idi – şikarlarına daha yaxın gəlmək üçün səbrlə münasib zamanı, günü, anı gözləmək. O zaman artıq əldəki əyri xəncər şahzadəni yaxalayacaqdı. Və həmin gün yetişdi. Şahzadə qanına qəltan olaraq kilsənin daş plitələrinin üzərinə düşdü. Keşikçilər şahzadəyə qəsd etmiş müridlərdən birini yaxalayaraq yerindəcə öldürdülər. İkinci qəsdçi isə kütləyə qarışaraq gözdən yayına bilir. Lakin ən maraqlısı da elə bu zaman baş verir. Eşidiləndə ki, şahzadə hələ sağdır, izdihamın arasından çıxan mürid şahzadəyə sonuncu ölümcül zərbəni vurur. Fədainin özü isə tutularaq ona verilən işgəncəyə dözməyərək həlak olur, sevinclə, heç nədən peşman olmadığını hayqıraraq...
Qiyom Tirskinin yazdığına görə, Suriya ismaililərinin lideri Qüdsə elçilər göndərir. Heyət hökmdar Amoriyə bildirməli idilər ki, ismaililərin lideri yeni müjdəni diqqətlə oxuyub və müsəlmanların inancının düzgün olmadığına qənaət gətirib. Bu səbəbdən o, İslamı öz nüfuzu altında olan yerlərdə qadağan edib və öz tərəfdarları ilə xaş suyuna çəkilərək xristianlığı qəbul etmək istəyir. Yeganə şərt isə, tamplierlərə ödənilən illik 2000 bezant xəracın ləğv edilməsi idi. Hökmdar sevincindən özünə yer tapa bilmirdi. O, bu şərtə razılıq verərək məbəd cəngavərlərinə əldən çıxan gəliri kompensasiya edəcəyinə söz verir. Elçiyə hökmdar mühafizəsi təltifnaməsi verilir və o, yola salınır. Lakin ismaililərin elçisi öz torpaqlarına girər-girməz Volter Dyu Menilin rəhbərlik etdiyi bir qrup məbəd cəngavəri qafilənin qarşısını kəsir və ismaililər qətlə yetirlirlər.
Bu hadisə Amori ilə tamplierlər arasında ədavətə səbəb olur. Məbədin magistri Odo de Sent-Aman, yalnız papanın onları mühakimə etmək səlahiyyətinə malik olduğunu əsas gətirsə də, Amori dyu Menili həbs etdirərək Tir qalasında zəncirləyir. Qiyom Tirskinin yazdığına görə, bu hadisələr Səlahəddinin Transiordaniyaya 1173-cü ilin sentyabr ayında həyata keçirdiyi yürüşü ilə Nürəddinin 1174-cü ilin may ayında vəfatı arasında baş verir.
Qiyomdan başqa, Qüdsdə baş verən bu hadisələr barədə Volter Map 1181-1182-ci illərdə qələmə aldığı "De Nugis Curialium" əsərində də qeyd edir. Akranın episkopu Jak de Vitri (1216-1228) franklarla ismaililərin danışıqlara getdiyini özünün "Orientalis Historia" əlyazmasında xatırladır.
Əslində şərq ismaililəri ilə qərb tamplierləri arasında bu rəqabət və savaş bütün xaç yürüşləri dönəmində davam etməmkdədir. Onlar mehriban düşmənlər kimi bəzən müttəfiq kimi çıxış edir, bəzən isə əzəli rəqiblər olaraq biri birilərinə üstünlüklərini qəbul etdirmək üçün savaşa girirdilər. Gah bir tərəf xəraca bağlanır, gah da digəri yüksək məbləğdə xərac ödəməyə məcbur olurdu. Amma fakt odur ki, ismaili-nizarilər istər Avropanın ilk dini-mistik-hərbi təşkilatı olan Tamplier Ordeni üçün, istərsə də Vatikanın dəstəyi ilə məbəd cəngavərlərinin qətlə yetirilərək qadağan edilməsindən sonra yaranan digər gizli təşkilatlar – Rozenkreyser, Hospitalyer və hətta məşhur Frank-masonlar üçün – ilkin əsas rolunu oynadılar. Avropalılar ilk gizli mistik təşkilatların yaradılmasının əlifbasını məhz İsmaili-nizarilərdən və ilk gizli türk təşkilatı olan Əxilərdən öyrəndilər.
Tamplierlər 1118-ci ildə "İsanın Kasıb Əsgərləri" adı altında, San Bernardo De Chiaravalle adlı bir yepiskop və onun bacısı oğlu Cəngavər Hugs Da Payens tərəfindən quruldu. Da Payens və fərqli ölkələrdən seçilən səkkiz Cəngavər də daxil olmaqla “Müqəddəs Torpaqları kafirlərdən qorumaq və möhtac kəslərə kömək etmək” məqsədi ilə 1119-cu ildə Qüdsə getdilər.
Qüdsün xristianlar tərəfindən işğal edilməsinə və Fatımilərin nəzarətindən çıxmasına rəğmən Abbasilərlə mübarizədə xristianlarla ittifaq onlar üçün məqbul idi. Digər tərəfdən məzhəb düşmənçiliyi, Fatmiləri xaçlılarla müttəfiq edən başlıca siyasi kazus idi. Səlahəddin Eyyubinin 1171-ci ildə Fatımi dövlətini tənəzzülə uğratması, İsmaililər ilə Xaçlıların həmrəyliyini daha da artırdı. İsmaililərin ən radikal qolu olan Həsən Sabbah fədailəri ilə, Xaçlıların fəalları Cəngavərlər arasında zaman içində xüsusi bir bağ meydana gəldi.
Qüdsə gəlmələrindən sonra, Kral II Baudouin tərəfindən Süleyman Məbədini qorumaqla vəzifələndirilən və məbədin yerində 540-da Bizans İmperatoru Justinyanus tərəfindən tikilmiş olan kilsədə yer verilən "İsanın Kasıb Əsgərləri", yeni vəzifələri səbəbi ilə adlarını dəyişdirdilər və "Məbəd Cəngavərləri” adlandırıldılar. Bir müddət sonra bu Cəngavərlərə və təşkilatlarına qısaca "Templiyerlər" deyildi.
Cəngavər Da Payens və bərabərindəkilər Qüdsə gəldikdən qısa bir müddət sonra İsmaililər ilə qarşılaşdılar. Rahiblərdən Cəngavərlər haqqında məlumat alan və onların xristian ictimaiyyəti içindəki ən təsirli və məlumatlı kəslər olduğunu öyrənən ismaililər, Məbəd Cəngavərləri ilə görüşmək də xüsusilə maraqlı idilər. Bu istəyin altında, Templiyerlərin qədim məbədi qoruma vəzifəsini boynuna götürmələri və məbəd içində bəzi itmiş sirləri ortaya çıxarmaq üçün etdikləri araştırmaların da təsiri var idi. Bəzi araşdırmaçılar, Da Payensin əmisi olan yepiskop Chiaravallenin Avropada yaşayan Kabbalacılardan, məbədin təməllərində basdırılmış olan bəzi Ezoterik sirlərin yerlərini öyrəndiyini və təriqəti də sırf bu sirlərin tapılması üçün qurduğunu və Qüdsə göndərdiyini irəli sürürlər. Başqa iddialara görə, aralarında itən bir müqəddəs sözün yazılı olduğu daş lövhə də daxil olmaq üzrə, sirlərin böyük hissəsi Cəngavərlər tərəfindən məbədin təməlləri arasında tapılıb.
Bəzi mənbələrin yazdığına görə, Hugs Da Payens və digər Cəngavərlər, dəvət üzərinə, Əlamut qalasını da ziyarət etdilər. Burada Sabbahın qurduğu sistemi gözləriylə görən Cəngavərlər, təşkilat və Qərbi doktrina haqqında da ilkin məlumatları aldılar. Qüdsə gəldikləri zaman Katolik inancın irəlidə gələn müdafiəçiləri arasında nüfuzlu olan Templiyerlər, Həsən Sabbah və dailərini tanıdıqdan, İsmaili təlimini dərincə araşdırdıqdan sonra, Katolik inanc tərzindən gedərək uzaqlaşaraq mistikanı ön plana çıxaran Ezoterik doktrinaya bağlandılar. Templiyerlərdəki bu inanc dəyişikliyi, qurduqları güclü təşkilat sayəsində bütün Avropaya yayılması Katolik kilsəsinin də gedərək zəifləməsinə gətirib çıxardı. İsmaililərlə əlaqələri Templiyerlərin bütün fəlsəfəsini dəyişdirmişdi ancaq bu əlaqə, təşkilatın tənəzzülünü və günahlı olmalarını təmin edən əsaslardan ən başlıcası oldu. Templiyerləri yox etmək üçün bəhanə axtararkən Papalıq, təriqəti "Müsəlmanlarla əlaqə yaratmaq və hətta Müsəlmanlaşmaqla" günahlandırdı.
Məbəd cəngavərləri Əlamut fadailərindən Ezoterik təlim ilə birlikdə bir şeyi də öyrəndilər: gerçək inanclarını saxlamaqla yanaşı inanclı bir xristian kimi görünməyi. Onlar bunu elə ustaıqla etdilər ki, hətta 1128-ci ildə Papa Honarius, göstərdikləri faydalılıqlar səbəbiylə təriqətin şöbələrinin bütün xristian dünyasında açılmasına icazə verdi. Yenə Papa, 1139-cu ildə də Templiyerlərin hər hansı bir dünyəvi və dini nüfuza tabe ola bilməyəcəyini və yalnız Papanın özünə qarşı məsul olduqlarını açıqladı. Bu icazə ilə Templiyerlərin üzərindən hər cür şübhə və dini təzyiq də qalxmış oldu.
Cəngavərlər, xristian görünmə zəruriliyi ilə Ezoterik inanclarını bir yerdə tuta bilmək üçün üzərinə and içmək üzrə, Ezoterik bir quruluşu olan Yohanna İncilini seçdilər. Templiyerlərin bu seçimi digər Cəngavər təşkilatlarına da təsir etdi. Hər cür məsələdə Templiyerləri nümunə götürən digər Cəngavər təşkilatları da eyni İncil üzərinə and içməyə başladılar. Belə ki, Cəngavərlik təşkilatının bir başqa məşhur nümunəsi olan və döyüşlərdə yaralananlara etdikləri köməklərdən ötəri özlərinə "Hospitalierler" deyilən Cəngavərlərin bir başqa adı da, "Sen Jan Cəngavərləri" idi. İsa təliminin Ezoterik məzmununu izah edən İncil, Sen Jan tərəfindən qələmə alınmışdı.
Təşkilatlanmalarını İsmaili təşkilatı quruluşunu nümunə götürərək reallaşdıran Tampliyerlər, intizam, iyerarxiya, təriqətin başçısı olan "Böyük Ustada mütləq bağlılıq və itaət kimi kimi İsmaili tətbiqlərini davam etdirdilər. Üç dərəcəli bir inisiasiya sistemi qurdular. "Mass" adı verilən ayinlərdə, Müqəddəs Ruhun simvolu olaraq qəbul etdikləri çörəyə, çirkli ola biləcək əlləriylə dəyməmək üçün əlcək geyən Templiyerlərin önlükləri də qoyun dərisindən hazırlanmışdı və ağ idi. Templiyerlərin yalnız önlükləri və əlcəkləri deyil, bütün geyimləri ağ idi. Bu ənənəni də İsmaililərdən götürən Templiyerlər, tək fərq olaraq, sinələrinin üzərinə Xaçlıların simvolu olan qırmızı bir Xaç tikdirərdilər.
Bu cür müridlərə malik olan «dağlar qocası» o zaman üçün dünyanın məlum olan bütün nöqtələrinə öz qorxunc hakimiyyətini tanıtdıra bilmişdi. Düşmənlərindən öc almaq və ya sadəcə olaraq öz təhlükəsizliyini təmin etmək məqsədi ilə Əlamüt qalasına yollar axtaran hökmdarı başa düşmək olardı. Otuz dörd il «dağlar qocası» ləqəbli Həsən ibn Əs-Sabbah dünyanı idarə etdi. Və bu otuz dörd il ərzində o, bir dəfə də olsun qəsrin hüdudlarından kənara çıxmadı. Zatən buna ehtiyac da yox idi: onun gözləri hər yeri görür, qulaqları hər şeyi eşidir, əlləri isə hər yerə çatırdı. İldən-ilə Əlamüt fədailərinin sıraları genişlənirdi. Yeni-yeni gənclər qəsrin darvazası önündə şərti sözləri söyləyir və darvazanın qapıları ağır-ağır açılaraq onları içəri dəvət edirdi. Bir müddət sonra elə həmin qapılar onları yenidən dünyaya qaytarırdı, lakin başqa insan kimi, şeyxi üçün hər şeyi gözə ala bilən fədai kimi.
«Dağlar qocası»nın sonu
Lakin, zaman hamıya olduğu kimi, Həsənin özünə qarşı da amansız və laqeyd idi. «Dağlar qocası» bu acı həqiqəti başa düşürdü. Onun iki oğlu, iki dayağı, iki fədaisi var idi. Və yaxşı olardı ki, Həsən hakimiyyətini ya onların hər iksinə, ya da birinə verəydi. Lakin hökmdarların təcrübələri ilə yaxından tanış olan Həsən onu da bilirdi ki, ölümündən sonra, onun övladları biri-biri ilə hakimiyyət üstündə savaşa qalxa bilərlər, bu isə təriqəti bir-biri ilə düşmənçilik edən iki təşkilata parçalaya bilər. Bu hökmdar varisliyinin acı həqiqəti idi. Onun övladları öz üzərilərində qardaş qatili damğasını və ən əsası da Həsənin böyük əziyyətlər hesabına ərsə gətirdiyi, ona hər şeydən doğma və əziz olan təşkilatını məhv etmək taleyini gəzdirirdilər. Bu səbəbdən Həsənin gəldiyi qənaətə görə, qurbansız ötüşmək olmazdı. Həsən öz qurbanlarını verdi, hər iki övladını öldürtdü. Ölümünün yaxınlaşdığını hiss etdiyi zaman isə, «işi davam etdirməyi bacaracq birisinə» təhvil verərək elə həmin gün vəfat etdi.
Həsənin xəlifələri onun yolunu davam etdirirlər. Təriqət yaradıcısının dövründə olduğu kimi, sonralar da öz hüdudsuz hakimiyyəti ilə bütün dünyanı lərzəyə salmaqda davam edir. İmperator və hökmdarlar, krallar və şahlar öz elçilərini Əlamütə göndərir, qəsrin şeyxi elçiləri qəbul edərək lütf göstərərsə, özlərini dünyanın ən xoşbəxt bəndələri sayardılar. Bu səbəbdən də xaç yürüşləri zamanı Avropanın ən gizli və qüdrətli təşkilatı olan tamplierlər ismaililərlə müttəfiq olarkən bunu özlərinin ən böyük uğuru hesab etmişdilər.
İllər ötür, Əlamütün gizli təşkilatı isə tarix səhnəsindəki yolu ilə heç nə olmamış kimi gedir, Həsəndən sonrakı varislər biri-birilərinin ardınca dünyaya meydan oxumaqda davam edirdilər. Hətta Əlamüt şeyxliyini II Həsən kimi çılğın və iddialı birisi qəbul etdikdən sonra, gözlənilənlərin əksinə olaraq təriqət nə zəifləyir, nə də dağılır. II Həsən Allah ilə müridlər arasında elçi, XII imam funksiyası ilə razılaşmayaraq, daha da irəli gedir. O, elan edir ki, Allah onun dili ilə danışır. Həsən bütün tərəfdarlarına bəyan edir ki, Allahdır və Tanrı onun cismində qərar tutub. Bundan belə yalnız ona inananlar bütün ibadətlərdən və ya saçlardan azaddırlar. Artıq müridlər nə istəsələr onu edə bilərdilər və onların qarşısını kəsə biləcək heç kim, heç nə, heç bir qüvvə yox idi, yalnız Həsənin simasında qərar tutan Tanrıdan başqa.
II Həsəndən sonra şeyxliyə oğlu II Məhəmməd gəlir. Məhəmməd allahlıq iddiasına düşməsə də, onun başqa bir şakəri ortaya çıxır. Şeyx tələb edir ki, hamı onu filosof və şair kimi tanısın. Artıq siyasi intriqalar, hökmdarları qorxu altında saxlamaq yaddan çıxmaqda idi. Məhəmmədin düşmənləri onun istedadını şübhə altına alanlar və qələmindən çıxan qəsidələri bəyənməyənlər idi. İranın o dövrdə məşhur alimlərindən biri Məhəmmədin yaradıcılığını tənqid etmək kimi böyük riskə atılır. Çox keçmir ki, gecə ikən Əlamütdən olan çapar şairin evinə daxil olur. Elçi şairə iki yol təklif edir: ziyalı olduğu üçün sürətli və ağrısız ölüm və ya bir daha tənqid dilinə gətirməmək şərti ilə həyat və təqaüd kimi ildə bir neçə min qızıl pul. Təbii ki, şair ikinci yolu seçir.
Qüds fatehi Səlahəddin Əyyubinin təşkilatı tamamilə zəiflətməyə yönəlik ardıcıl zərbələrindən sonra, 1256-cı ildə Monqol süvariləri Ön Asiyanı tar-mar etdikləri zaman, Əlamüt qalası da süquta uğradırlar. İyirmi ildən sonra Məmlüklər Suriya və Livanda təşkilata sonuncu zərbələri endirirlər. Assasiyunların təşkilatı beləcə məhv edilir...
Son
1810-cu ildə Aleppodakı (Suriya) fransız konsolu, kralın tələb etdiyi lazımi məlumatları toplayarkən, assasiyunlar barədə məlumatlara rast gəlir. Təşkilat hələ də fəaliyyətini davam etdirməkdə idi. Təşkilatın şeyxi, İsfahan ilə Tehran arasında yerləşən kiçik kənddə məskunlaşmışdı. Şeyxi tərfdarları və onu az qala tanrı kimi qəbul edən müridləri qoruyurdu. Konsul yazırdı: «Onun tərəfdarları iddia edirlər ki, o, möcüzələr törədə bilir».
Assasiyunlar barədə daha bir fakt, 1866-cı ildə ortaya çıxır. O zaman Britaniyanın kolonial məhkəməsi Bombeydə maraqlı bir işi tədqiq edirdi. Məhkəməyə ərizə ilə müraciət edənin ismi Ağa-Xan idi. O, iddia edirdi ki, assasiyunların dördüncü şeyxinin nəticəsidir. Lakin Bombey kastası ona vergi verməkdən imtina edir. Söhbət o zaman üçün böyük məbləğdən – 10 min funt sterlinqdən gedirdi. Məhkəmə aydınlaşdırır ki, sözügedən kastanın üzvləri həqiqətən də assasiyunların təşkilatına qəbul olunubmuşlar və ismaililərin başçısı olan Ağa-Xan, həmçinin assasiyunların lideri hesab olunur.
Ənənəyə görə Ağa-xan titulu nəsildən-nəslə keçmir, hər şeyx özü ondan sonrakı varisi təyin edə bilər. Sonuncu (hazırda o, sağdır) Ağa-Xan 1997-ci ildə şeyxliyi öz babasından qəbul edib. Həmin dövrdə o, idman avtomobillərini və əylənməy xoşlayan gənc bir oğlan idi. Bu onun haqqında mətbuatda yazılmış və bilinən yeganə şeydir. Artıq o, ismaililərin 49-cu imamıdır – IV Kərim Ağa-Xan.
Yorumlar
Yorum Gönder