Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərində ümumi nəticələrə əsasən AKP 45 faiz səs toplayaraq yenə birinci oldu. Ərdoğan 2002-ci ildən bu yana 8-ci seçkisini qalibiyyətlə başa vurdu. Lakin bu qalibiyyət bir sıra məqamları ilə yadda qalan oldu. Seçkidən əvvəl müşahidə edilən qütbləşmə, seçki gecəsi nəticələr açıqlanarkən də özünü göstərdi. Bu hətta Türkiyənin iki aparıcı xəbər agentliyinin qarşıdurmasında da özünü biruzə etdi. Əslində AKP-nin bu cür özünə inamlı şəkildə qələbə qazanmasının ciddi səbəbləri var. Bu səbəblər təkcə cəmiyyət və seçici ilə bağlı deyil, əlbəttə ki. Məsələni daha dərindən və geniş rakursda baxaraq təhlil etdiyimizdə, Türkiyənin daxilində gedən siyasi proseslərdə çox incə məqamlarla üzləşməli oluruq. Beləliklə, AKP niyə qalib gəldi, sualına öz baxışımızdan irəli gələrək cavab tapmağa çalışaq.