Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərində ümumi nəticələrə əsasən AKP 45 faiz səs toplayaraq yenə birinci oldu. Ərdoğan 2002-ci ildən bu yana 8-ci seçkisini qalibiyyətlə başa vurdu. Lakin bu qalibiyyət bir sıra məqamları ilə yadda qalan oldu. Seçkidən əvvəl müşahidə edilən qütbləşmə, seçki gecəsi nəticələr açıqlanarkən də özünü göstərdi. Bu hətta Türkiyənin iki aparıcı xəbər agentliyinin qarşıdurmasında da özünü biruzə etdi.
Əslində AKP-nin bu cür özünə inamlı şəkildə qələbə qazanmasının ciddi səbəbləri var. Bu səbəblər təkcə cəmiyyət və seçici ilə bağlı deyil, əlbəttə ki. Məsələni daha dərindən və geniş rakursda baxaraq təhlil etdiyimizdə, Türkiyənin daxilində gedən siyasi proseslərdə çox incə məqamlarla üzləşməli oluruq. Beləliklə, AKP niyə qalib gəldi, sualına öz baxışımızdan irəli gələrək cavab tapmağa çalışaq.
Ərdoğanın AKP-si
Son zamanlar Türkiyədə baş verən iki əsas məqam seçkilərdə AKP-nin parlaq qələbə qazanacağına inamsızlıq yaradırdı. “Gezi parkı olayları” və 17 dakabrla açıq müstəviyə daşınan Cəmaət-Ərdoğan qarşıdurması, baş nazirin seçki zamanı sandıqdan istədiyi nəticəni əldə edə bilməyəcəyi təəsüratını formalaşdırmaqda idi. Bundan əvvəl Atatürk və cümhuriyyət ilkələrinə qarşı elan edilməmiş qeyri-rəsmi müharibənin, seçkiqabağı sosial paylaşım alətlərinə (Tweteer, youtube) yönləndirilməsi, Internetə müəyyən qadağaların tətbiqi sanki qələbə şansını daha da azaltmış olurdu. Məhz bu səbəbdəndir ki, qarşıdurmaların yüksələn xətlə inkişaf etdiyi dönəmdə partiyadan istefalar olması ilə yanaşı, hətta AKP-nin bir sıra üzdə olan liderləri müşahidəçi mövqedə qalmağa üstünlük verdilər. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, AKP-nin yüksək tavanında da hətta nəticəli qələbə gözlənilmirdi.
Lakin siyasi gedişatı dəyişən maraqlı və bəlkə də çoxlarının diqqətə almadığı məqam oldu. Ərdoğan Gülənlə qarşıdurmada faktiki olaraq daxili parçalanma yaşayan (ki, bunun belə olması əslində normal idi. Belə ki, AKP- məhz milli görüşçülərlə Gülən cəmaətinin siyasi koalisiyası kimi formalaşmışdı) partiyasını bir növ kənara itələdi. Belə bir rəy yarandı ki, sanki Ərdoğan hər şeydə özünü günahkar elan edərək, zərbələri təkbaşına qəbul etməyə hazırdı. Bu ilk növbədə daxili auditoriyaya hesablanmış çox uğurlu PR idi və sadə xalq da bunu uddu. Yəni Ərdoğan, cəmaətin AKP-dən çox şəxsən ona qarşı apardığı təbliğatı, ustalıqla öz lehinə çevirməyi bacardı. 13 il bundan əvvəl qurulan koalisiyanın 2 əsas dayağından biri kimi, partiyaya qarşı təbliğat aparmağın özlərinə zərər verəcəyini hesablayan "Cəmaət", bu səbəbdən tək Ərdoğanı hədəf kimi göstərməkdən savayı çıxış yolu taba bilməmişdi. Amma “Günahkar AKP yox, Ərdoğandır” – sloqanı, bumeranq effekti ilə əks reaksiyaya çevrildi.
Lakin seçim kompaniyası zamanı uzun müşahidələrdən və bəlkə də keçmiş müttəfiqləri tərəfindən aldıqları gözlənilməz zərbədən gec də olsa özünə gələ bilən AKP və Ərdoğana sadiq komanda, öz liderinin müdafiəsinə qalxdı. Və yenə də daxili auditoriyaya hesablanmış uğurlu bir PR addımı atıldı: bu dəfə dombıra ilə. Musiqinin sözlərinə fikir versək görərik ki, AKP faktiki olaraq bələdiyyə seçkisinə Ərdoğanın adı ilə qatıldı. Yəni, “Ərdoğanı deyirdiniz? Buyurun, bu da o”! Ərdoğan da buna müvafiq olaraq 30 martı bələdiyyə seçkisi statusundan çıxardaraq, özü üçün, dolayısı ilə gələcəyi üçün “güvən səsverməsinə” çevirməyə müvəffəq oldu. O, eyni zamanda cəmaətlə qarşıdurmanı, kənardan - qərbin təzyiqi kimi təqdim etməyi də bacardı.
AKP adambaşına düşən gəlirin artmasından tutmuş, inflyasiya səviyyəsinin aşağı olması, yeni iş yerləri, iqtisadiyyatda müəyyən dinamik inkişaf kimi kartları qabartmaqla da qabağa düşə bildi. Adi insanlar üçün dəyişməz “Aş və iş” psixologiyasına yönəlik bu həmlə də öz effektini verməli idi. Türkiyədə hələ də yaxın keçmişdə bir neçə milyon lirəyə bir çörək aldıqlarını unutmayıblar, görünür.
Və nəhayət dini mühafiəzkar kəsim faktoru da öz rolunu oynamış oldu. Burda bir incə məqamı vurğulamaq lazımdır. Türkiyədə böyük üstünlük təşkil edən dindar və ya ən azı özünü müsəlman hesab edən əksər əhali arasında təriqətlərin böyük nüfuzu var. Hələ cümhuriyyətin ilk illərində Qazi Mustafa Kamal Paşa bu təriqətləri siyasi və ideoloji arenadan silməyə cəhd göstərsə də, tam olaraq bunun qarşısını ala bilməmişdi. Təriqətlər hər zaman Cümhuriyyətin siyasi tarixində pərdəarxası qüvvə kimi bir iştirakçı olaraq qalmışdı. Və bu zaman – cəmaətlə (ki, təriqətlərin Gülənə və cəmaətə ABŞ və İsrail məsələlərinə yumuşaq mövqelərinə görə münasibətləri yaxşı deyil) qarşıdurmaya gedən Ərdoğan və onun timsalında milli görüşçülər, ənənəvi müttəfiqlərinin dəstəyini tam qazana bildilər. AKP, iqtidarı dönəmində faktiki olaraq dini-mühafizəkar kəsimə yönəlik fəaliyyəti ilə zatən, onların dəstəyini qazana bilmişdi – tək başörtüsü məsələsini yada salmaq kafidir. Bir sözlə, təriqətlər Ərdoğanı müdafiə etdilər. Bu isə, böyük gücdür...
AKP seçkiqabağı dönəmdə xarici siyasətində də müəyyən korrektələr etdi. Diqqət edin: Türkiyə son dönəmdə Suriya məsələsində bir o qədər aktiv deyil. Krım problemi qalxdığı zaman isə, bütün gözlərin Türkiyədə olduğu bir vaxtda, rəsmi Ankaradan ümuyyətlə reaksiya gəlmədi. Amma buna paralel olaraq, Ərdoğan Brüsseldə Avropa Birliyi ilə bağlı isti və yumuşaq mesajlar verdi. Bu da öz təsirini göstərməli idi, necə ki, göstərdi də...
Yuxarıda sadaladığımız səbəblər AKP və Ərdoğanla bağlı səbəblərdir. Lakin bütün mənzərəni göz önündə canlandırmaq üçün, Türkiyənin siyasi sistemi və ən əsası da müxalifəti ilə bağlı da səbəbləri sadalamağımız vacibdir.
Bəli, partiyalara keçməzdən əvvəl məhz bu məqam xüsusilə vurğulanmalıdır. Bu gün Türkiyə siyasi sistemində son dərəcə ciddi şəkildə sağ mərkəz problemi var! AKP iqtidara gələnə qədər olan onillikdə bu funksiyanı DYP və ANAP uğurla yerinə yetirirdi. Bu gün onlar yoxdurlar. Və Türkiyə siyasətində sağ mərkəzin qapısı qıfıllanıb. O qapını döymək istəyən seçici isə, alternativ kimi təbii olaraq iqtidar partiyasını görür. Milliyyətçi Hərəkat Partiyası, ideoloji yönünə görə sağ mərkəzçi deyil və bu səbəbdən həmin elektoratı öz ətrafına yığmaqda çətinlik çəkir. Cümhuriyyət Xalq Partiyası təməl ideoloji prinsiplərinə görə sol mərkəzdir. AKP isə, iqtidara gəldiyi dönəmdə milli görüş ənənələrindən gəldiklərini etiraf etmələrinə rəğmən, sağ-mərkəzə doğru dəyişdiklərini, bu partiyanı da zatən o səbəblə qurduqlarını elan etmişdi. Bəli, bütün bu illər ərzində partiyanın siyasi və ideoloji baxışının heç də sağ-mərkəzçi olmadığı, yəni dəyişmədikləri aydın oldu. Amma digəl ki, onların bu sözünü udmuş olan sağ-mərkəzə meyl edən seçici, hələ də alternativ görmədiyindən AKP-nin qapısını döyməkdədir.
Müxalifətin seçkidə uğursuzluğunun başlıca adı CHP oldu. Məhz CHP gözlənilən ümidləri doğrultmadı. Təbii ki, bunun da öz səbəbləri var. Birinci səbəb ənənəvidir: CHP dindarlardan və kürdlərdən səs ala bilmir. Son seçkidə CHP faktiki olaraq güney-doğudan tamamən sıxışdırılaraq çıxardıldı. Bunu Tuncelidəki nəticələr sübut etməkdədir. Dindar auditoriya isə, ənənəvi olaraq ideoloji baxış fəqrlərinə görə CHP-ni seçmirlər. O zaman başqa sual ortaya çıxır: Bəz böyük şəhərlərdə niyə səs yığa bilmədilər? Axı, ilk baxışda hər şey CHP-nin qələbəyə yaxın olduğu görüntüsü verirdi.
Birinci səbəb CHP-nin əslində xeyrinə yaranmış olan siyasi vəziyyəti siyasi təbliğat alətinə çevirə bilməməsindədir. Məsələn, AKP-nin cəmaətlə qarşıdurmasını, qərbin təzyiqi kimi auditoriyaya təqdim etdiklərində CHP, bunun belə olmadığı üzərində dura bilərdi. Lakin onlar, cəmaətin özü ilə qeyri-rəsmi siyasi koalisiyaya girmək yolunu seçdilər. Və əslində ən böyük səhvləri də bu oldu. Cəmaətlə razılaşma nəticəsində müəyyən dindar elektoratın səsini qazana biləcəklərinə ümid edən ana müxalifət partiyası, əksinə, səs itkisi ilə üzləşdi. Çünki təbliğat öz işini görməkdə idi: “CHP kənardan bizə təzyiq edənlərlə işbirlikçiliyi edir!”. CHP-ni yanlış addıma sövq edən, cəmaətin səs elektoratının olması ilə bağlı təsəvvür idi. Amma faktiki olaraq ortaya çıxan mənzərə o oldu ki, kifayət qədər məmur və bürokrat potensialına malik olan cəmaət, əslində sadə xalq arasında ciddi gücə malik deyil. Əvəzində, istənilən sağ qüvvə ilə rəsmi və ya qeyri-rəsmi ittifaqı “imperializmə xidmət” kimi qəbul edən sol yönümlü seçici, CHP-dən üz çevirdi. Nəticə: İstanbul, Ankara və ən əsası da Antalya. Kılıçdaroğlu, sağla yaxınlaşmanı düzgün anlada bilmədi. O, bir siyasi lider olaraq öz gündəmini müəyyənləşdirmək yerinə, Ərdoğanın gündəmini izlədi. Bu seçki eyni zamanda onu sübut etdi ki, böyük şəhərlərdə təbliğat aparmağa başı qarışan ana müxalifət partiyası, Anadoludan tam qopmuş bir vəziyyətdədir. Yozgat, Tokat, Çankırı, Kastamonuda olan səs nəticələri bunun ən bariz nümunəsidir. Lakin, MHP isə əksinə, Anadoluya doğru yürüməkdədir...
MHP bu seçkidə öz səslərini artırmağa və hətta gələcək üçün ümid vəd edəcək bir görüntü yaratmağı bacardı. CHP-Cəmaət koalisiyasının qaçırtdığı səslər, küçələrdən uzaq durmaq prinsipi ilə yanaşma MHP-yə olan səsləri artırmış oldu. Qazandığı 8 vilayətdən başqa, daha 29 vilayətdə ikinci olaraq seçkini başa vurmaq, nisbi uğur olaraq qiymətləndirilə bilər.
BDP isə güney-doğu vilayətlərində birinciliyini əldən vermir...
Və nəticə
Seçki arxada qalsa da, nəticələri ilə bağlı müzakirələr hələ uzun müddət davam edəcək. Nəzərə alsaq ki, qarşıdan prezident və parlament seçkiləri gəlir, Türkiyənin siyasi gündəmində hələ yeniliklərin şahidi olacağıq. Məsələn, istisna deyil ki, İstanbulda mücadilə verən Sarıgülün CHP başqanlığına namizədliyi irəli sürülsün. Unutmayaq, Kılıçdaroğlu da nə zamansa İstanbuldan namizəd idi və o da ciddi mücadilə verməsinə rəğmən AKP-li rəqibinə uduzmuşdu.
Türkiyədə yeni sağ mərkəzçi partiyanın yaradılmaslının da şahidi ola bilərik. Bunu, yaxınlarda həbsdən azad edilən hərbçi «ergenekonçular» edə bilər. Zatən onların partiya yaratmaq fikrində olmaları ilə bağlı xəbərlər bir ara siyasi gündəmdə dolaşmaqda idi. Əslində belə bir addımın atılması, yeni və alternativ güc mərkəzinin ortaya çıxmasını təmin etməklə yanaşı, eyni zamanda artıq illərdir davam edən «sağ-mərkəz» boşluğundan doğan problemi də həll edə bilər.
Ərdoğan isə, birmənalı şəkildə demək olar ki, bu qələbə ilə əlini daha da möhkəmləndirəcək. Artıq onun Cankaya köşkünə gedən yolu daha düz və hamardır. Hətta istisna etmək olmaz ki, prezident və parlament seçkisi bir yerdə birləşdirilərək keçirilsin. Hər halda, bütün bunların cavabını və nələr olacağını yaxın zamanlarda birlikdə görəcəyik...
Türkiyədə yeni sağ mərkəzçi partiyanın yaradılmaslının da şahidi ola bilərik. Bunu, yaxınlarda həbsdən azad edilən hərbçi «ergenekonçular» edə bilər. Zatən onların partiya yaratmaq fikrində olmaları ilə bağlı xəbərlər bir ara siyasi gündəmdə dolaşmaqda idi. Əslində belə bir addımın atılması, yeni və alternativ güc mərkəzinin ortaya çıxmasını təmin etməklə yanaşı, eyni zamanda artıq illərdir davam edən «sağ-mərkəz» boşluğundan doğan problemi də həll edə bilər.
Ərdoğan isə, birmənalı şəkildə demək olar ki, bu qələbə ilə əlini daha da möhkəmləndirəcək. Artıq onun Cankaya köşkünə gedən yolu daha düz və hamardır. Hətta istisna etmək olmaz ki, prezident və parlament seçkisi bir yerdə birləşdirilərək keçirilsin. Hər halda, bütün bunların cavabını və nələr olacağını yaxın zamanlarda birlikdə görəcəyik...
Yorumlar
Yorum Gönder