Və ya ölkəmizə qarşı aparılan informasiya müharibəsinin konturları barədə 21-ci əsrdə savaşlar yalnız isti təmas xəttində aparılmır. Media texnologiyalarının inkişafı, hazırda başqa müharibə növünü – “informasiya müharibəsini” ən aktual, ən vacib məqam kimi ortaya qoymaqdadır. Çoxu zaman sosial media alətləri vasitəsi ilə aparılan bu savaş, öz təsir gücü və əhatə dairəsinə görə çox geniş olur və təsadüfi deyil ki, bu gün artıq informasiya müharibəsi ilə bağlı yeni modellər öyrənilir və tətbiq edilir. Ölkəmizə qarşı da ciddi informasiya müharibəsi aparılır. Bu müharibənin yalnız düşmən ölkə tərəfindən olmasını düşünmək, təbii ki, sadəlövhlük olardı. Azərbaycan hər ciddi gücün hədəfində olacaq qədər vacib, əhəmiyyətli ölkədir: həm geosiyasi mövqeyi, həm da geoiqtisadi durmuna görə. Bura ölkəmizin artan və təsir dairəsini getdikcə genişləndirən siyasi nüfuzunu da əlavə edərsək, o zaman mənzərə tam aydın olur.