Ana içeriğe atla

İslam ölkələrinin geosiyasi perspektivi

18.05.2012

Güc mərkəzi kimi İslam dünyası haqqında XX əsrin sonlarında danışmağa başladılar. Bundan əvvəl İslam dünyası yaranışının ilk üç yüz ilində siyasi güc mərkəzi kimi mövcud olsa da, sonrakı tarix iç çəkişmələr və daxili güc məkrəkəzlərinin tez-tez dəyişməsi ilə zəngin olub. 

Bu gün İslam dünyası və onun geosiyasi proseslərdə yeri haqqında müəyyən şərtilikləri nəzərə almaqla danışmaq mümkündür. İlk növbədə onu vurğulamaq lazımdır ki, ölkələr arasında siyasi birlik mövcud deyil. İranda şah rejiminin islam inqilabı ilə devrilməsi və 1969-cu ildə İslam Konfransı Təşkilatının yaradalması isə sadəcə keçən əsrin 70-ci illərindən başlayaraq siyasi İslamın ortaya çıxması ilə nəticələnən əsas proseslər oldu. Lakin İKT beynəlxalq təşkilat olaraq dövlətüstü rola iddia etmir və bu gün də daha çox regional iqtisadi birlik funksiyasını yerinə yetirməkdədir. Bütün bunlara rəğmən müasir dövrdə geosiyasi münasibətləri şərh edərkən, şərti olsa belə siyasi İslamın beynəlxalq siyasətdə faktor kimi qəbul edilməsindən danışmaq mümkündür.


Qərb nəzəriyəçiləri İslam dünyasının gələcək geosiyasi güc mərkəzi kimi formalaşmasına təkan verəcək əsas faktorlar sırasında, İslamın özündə mövcud olan xüsusiyyətləri ön plana çəkirlər. Bu xüsusiyyətlər arasında ilk növbədə «ümmət» nəzəriyyəsi qabardılır. Daha sonra, İslam, universal din olaraq onun bütün dünyaya yayılmasına imkan verəcək mümkün qlobal model imkanlarını özündə biruzə verməkdədir. Bu isə İslam qlobalizmini siyasi fəaliyyətin əsas hərəkətverici mühərrikinə çevirməkdədir. 

İslam qlobalizmi modelinin həyata keçirilməsini (eyni sözlər xristian dünyasına da aiddir) əngəlləyən əsas maneələr isə, həmin dində təmsil olunan millətlərin müxtəlifliyi və dövlətlərarası rəqabətdir. İslam politoloqiyasında həmişə xəlifə anlayışı altında, bütün müsəlmanların dövlət başçısı ifadəsi nəzərdə tutulurdu. Lakin bildiyimiz kimi, Əməvilər dönəmindən başlayaraq xəlifələrin hakimiyyəti heç də həmişə mütləq səciyyə daşımayıb və xilafətin öz daxilində bu hakimiyyəti qəbul etməyən kifayət qədər iri bölgə və vilayətlər olub. 1258-ci ildə xilafət taxtının Osmanlı türklərinin əlinə keçməsi, 18-19-cu əsrlərdə qərb dövlətlərinin siyasi manevrləri ilə pərdəarxası türk-ərəb qarşıdurmasına gətirib çıxarıb. 1924-cü ildə Xilafət ləğv edilib.

Bu səbəbdən İslam dünyasının geosiyasi potensialı haqqında fikir yürüdərkən, müxtəlif ölkələr və müxtəlif siyasi modellər haqqında danışmaq yerinə düşər.

İslam dünyasının güc mərkəzləri

Müasir dövrdə müsəlmanların sayı dəqiq məlum deyil. Rəqəmlər təqribən 1,5 millyardı göstərir. Eyni zamanda son 50 ildə qərbdə (əsasən, Avropa ölkələrində) müşayət olunan mənəvi deqradasiya bu dinə pənah gətirənlərin sayının daha çox olmasına səbəb olub. Din nəzəriyyəçilərinin böyük əksəriyyətinin demoqrafik göstəricilərə əsasən gəldikləri qənaətə görə, 21-ci əsrin ortalarında İslam Yer kürəsinin ən böyük dini olacaq. 

Hazırda 50-dən yuxarı ölkədə əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil edir və təqribən 29 ölkədə İslam rəsmi dövlət dinidir. Maraq doğuran hal budur ki, müasir dünyada, müsəlman əhalinin daha çox cəmləşdiyi bölgələr, heç də ənənəvi olaraq İslamın mərkəzi hesab olunan ölkələr deyil, əksinə «umma»nın kənarıdır.

Əhalisinin sayına görə ən böyük müsəlman ölkəsi İndoneziyadır, burada 253 milyon insan yaşayır. Müsəlmanların sayı 200 milyondan yuxarıdır. Sürətlə böyüyən digər İslam ölkəsi Nigeriyadır. Bu ölkədə müsəlmanların sayı 67 milyondur. «Qədim» İslam ölkələri arasında sayına görə seçilən ölkə Pakistan – 160 milyon müsəlman (əhalinin 96 faizi) və Banqladeşdir – 135 milyon (əhalinin 85 faizi). Hindistanda müsəlmanlar əhalinin 12-13 faizini təşkil etsələr də, rəqəmdə bu əhalinin təqribən 150 milyon olduğunu göstərir. Ərəb ölkələrində isə yer kürəsi müsəlmanlarının 18 faizi yaşayır. Onların ən çoxu Misirdədir – 70 milyondan aprtıq.

Maraqlı məqam ondan ibarətdir ki, əhalisi daha çox olan müsəlman ölkələri, bir qayda olaraq İslam dünyasının öz daxilində lider rolunda deyillər. Aparıcı rol o ölkələrdədir ki, iqtisadi və texniki cəhətdən inkişaf etməklə yanaşı, həm də tarixi, siyasi və mədəni ənənələri özündə ehtiva edir. Bu ölkələr Səudiyyə Ərəbistanı, Misir, «münbit aypara» (İraq və Suriya), Türkiyə, İran və Pakistandır.

Səudiyyə Ərəbistanı. Nəcd əmirliyi I Dünya müharibəsindən sonra Osmanlı İmperiyasının çökməsi nəticəsində yarandı. 18-ci əsrdən başlayaraq Ərəbistanın daxili səhraları vəhhabiliyin əsas güc mərkəzi halına gəlmişdi. 1920-ci ildə onlar Hicazı zəbt edərək, Həcc ziyarətini qadağan edirlər. Lakin sonralar bundan təkcə maliyyə deyil, həm də siyasi gəlir əldə etməyə başlayırlar. 

Bir qədər sonra İran körfəzində böyük neft ehtiyatlarının kəşf edilməsi, Səudiyə Ərəbistanının hakim dairələrini təkcə ərəb və İslam dünyasında deyil, həm də dünya miqyasında əsas nüfuz sahiblərindən birinə çevirir. Vəhhabilik Səudiyyə Ərəbistanının ummaya əsas ideoloji təsir vasitəsi olur. Lakin bu təsir ölkə iqtisadiyyatının birtərəfli (enerji və yanacaq) olması və ABŞ-la davamlı əməkdaşlıq nəticəsində zəifləməkdədir. 

Misir. Bu ölkənin ərəb dünyasında liderliyi ələ keçirmək cəhdi prezident Nasirin (1954-70) dövrünə təsadüf edir. Bu isə öz növbəsində islamla deyil, «ərəb sosializmi» (bir növ ərəb millətçiliyi) ideologiyası ilə bağlı idi. Lakin Misirin hakim dairələri ərəb liderliyinin onların ölkələrinin hüququ olduğunu hesab etsələr də, digər ölkələrdəki ərəblərin bununla bağlı nə fikirləşdikləri barədə düşünmürdülər. Bu səbəbdən İraq və Suriyada iqtidara gələn «ərəb sosializmi» tərəfdarları tezliklə Misrdən ümidlərini kəsməli olurlar. 

Misir və Suriyanın əsasında Birləşmiş Ərəb Respublikasını (1958-61) yaratmaq cəhdi də nəticəsiz oldu. Suriya tezliklə Misirdən ayrıldı. İraqda Nasirin cəsusları çevriliş təşkil etməyə cəhd göstərsələr də, uğursuzluqla üzləşirlər. Misirin Ərəb dünyasında nüfuzunun daha kəskin şəkildə aşağı düşməsi İzraillə 1979-cu ildə əldə edilmiş Kemp-Devid razılaşması fonunda baş verir. 

Son illərdə Misir, Yaxın Şərqdə İzraildən sonra ABŞ-dan daha çox yardım alan ikinci ölkə idi (2007-ci ildə 1,7 milyard). Əslində, bu Misirin ABŞ-dan güclü siyasi asılılığının göstəricisi kimi qəbul edilməkdə idi. Lakin “ərəb baharı”ndan sonra Mübarək hakimiyyətinin devrilməsi, Misirdə yeni siyasi mənzərə ortaya qoydu. Nəticə etibarı ilə, son illərədək Misirdə mövcud olmuş son dərəcə ciddi İslam müxalifəti iqtidara gələ bildi. Bunu isə ilk növbədə regionda yeni proseslərin başlanmasına ən güclü təkan olaraq qiymətləndirmək mümkündür. Son aylarda Misir-İsrail münasibətlərində artan xətt üzrə inkişaf edən gərginlik bunun ən bariz nümunəsidir.

Suriya. Keçən əsrin 60-80-ci illərində Suriya və İraqda «ərəb sosializmi» ideologiyası hakim mövqedə idi. «Ərəb sosializmi» quruculuğu Əlcəzairdə, Liviyada, Livanda həyata keçirilir, Fələstin Azadlıq Təşkilatı bu ideologiyanı qəbul edirdi. Lakin ABŞ-ın Yaxın Şərqə müdaxiləsi gələcəkdə şübhəsiz ki, ciddi güc mərkəzi kimi ortaya çıxacaq ərəb birliyi prosesinin qarşısını aldı. İraqın işğalı, Qəddafi rejiminin devrilməsi, Ərəfatın vəfatı, İzrailin Livana son müdaxiləsi fonunda ərəb ölkələrində bu modelin nüfuzu kəskin şəkildə aşağı salındı. 

Bütün bu proseslər Suriyanın da bölgədəki aktivliyini azaltdı. ABŞ-ın Suriyanı «şər üçbucağı»nda elan etməsi ilə, bu ölkənin iqtisadi cəhətdən boğulması prosesinə start verildi. «Ərəb sosializmi» ideyasının müxtəlif ölkələrdəki sonrakı evolyusiyası isə (məsələn, Əlcəzairdə fundamentalistlərin ciddi təzyiqi ilə) milli dövlətlərin müxtəlif formalarının ortaya çıxması ilə nəticələndi. İslam aparıcı dövlət dini elan edilsə də, siyasi idarəetmə dünyəvi dairələrin əlində cəmləşdi. Hazırda isə, “ərəb baharı” dalğasının hədəf olaraq vurduğu bir ölkə olaraq Suriya, kəskin daxili iç çəkişmə yaşamaqdadır. Uzun müddətdir ki, davam edən qarşıdurma artıq vətəndaş müharibəsi səviyyəsinə qədər yüksəlib. 

Türkiyə. Səlcuqilər dönəmindən (11-ci əsr) başlayaraq İslam dünyasında və Xilafətdə böyük nüfuz əldə edən türklər, Abbasilərin süqutu (1258) ilə xilafət taxtını ələ keçirdilər və bu, prosesin təqribən 700 il davam etməsi ilə nəticələndi. Osmanlı dönəmində İstanbulun fəthi (1453) türk millətinin liderliyini tam təsdiq etmiş oldu. 

İmperiyanın süqut etməsi ilə İslam dünyasında nüfuzunu itirmiş Türkiyə, 1923-cü ildə dünyəvi dövlət olaraq yeni yola çıxdı. Dövlətin əsas xarici təsir ideyası isə türkçülüyün üzərində cəmləşdi. Sovet İmperiyasının dağılması ilə yeni türk dövlətlərinin yaranması Türkiyənin bölgədəki nüfuzunu artırmaqla yanaşı, təsir dairəsini də genişləndirdi. 

Lakin təəssüf ki, Türkiyə elitasında vahid ideoloqiya və xarici siyasətdə vahid orientasiya yoxdur. Avropaya inteqrasiya tərəfdarları ilə yanaşı, türk dövlətləri birliyinin yaradılması tərfdarları və «elmli islam» ideyası daşıyıcılarının çoxluğu da sezilməkdədir. Qeyd etmək lazımdır ki, hər üç istiqamət köklü şəkildə biri-birindən fərqlənən konturları özündə ehtiva edir. 

Türkiyə NATO-nun ilk üzvlərindəndir və Cənub-qərbi Asiya ölkələri və İslam dünyasında öz hərbi potensialına görə liderliyi ilə seçilir. Avropa vasitəsi ilə dünyaya inteqrasiya etmiş iqtisadiyyatı öz dinamizmi və müasir strukturuna görə fərqlənir. Bu ölkə ən müasir İslam dövlətidir və bu səbəbdən də böyük liderlik potensialı var. Bu inkişafın qarşısı isə daim xaricdən transfer edilən daxili problemlər (kürd sorunu), sonu görünməyən Avropa Birliyi hədəfi və «soyqırım» təzyiqi ilə alınmağa çalışılır.

İran. İslam dünyasında bu ölkənin nüfuzu ilk növbədə antiimperialist və antiamerikan xarakterli 1979-cu il İslam (şiə) inqilabı ilə xarakterizə olunur. Məhz bu xüsusiyyətlər İran fundamentalizmi ideyalarının hətta sünnilər arasında da nisbi populyarlıq qazanmasına gətirib çıxarıb. 1979-cu il inqilabının uğurla sonuclanması, bir çox müsəlmanların nəzərində yanlış olaraq islam fundamentalizmi ətrafında effektiv və qələbə ilə nəticələnən mili-azadlıq ideoloqiyası imicini formalaşdırıb. 

Dini bayraqla bəzədilmiş bu tip mübarizə metodunun bir sıra dini və fundamentalist təşkilatlar vasitəsi ilə transferi İranın Yaxın Şərq bölgəsindəki əsas təsir silahıdır. İranın, özü də təkcə İslam dünyasında deyil, öz liderliyini təsdiq etməsi üçün əsas vasitəsi ABŞ və «beynəlxalq sionizm»ə qarşı mübariz imicini möhkəmlətməsidir.

Pakistan. Ənənəvi İslam mərkəzlərinin nüfuz dairələrinə münasibətdə həmişə preferik vəziyyətdə dayanıb. Pakistanın iqtisadi və hərbi imkanları, bu dövlətin İslam dünyasının şərq hissəsinin lideri olması üçün hər cür şərait yaradır. Hazırda həmin bölgədə müsəlmanların böyük əksəriyəti yaşayır. Lakin istər daxili potensial, istərsə də say faktoru uğursuz qeosiyasi qonşuluq amili ilə öz əhəmiyyətini itirir. Pakistan demək olar ki, Hindistan tərəfindən daim təzyiq altında saxlanılır. Banqladeş (Şərqi Pakistan), hansı ki Pakistanla birləşmə halında olsaydı, dünyanın ən böyük İslam ölkəsi mövcud olardı, Hindistan tərəfindən İslamabaddan 1971-ci ildə qopardılıb. Pakistanın öz nüfuz dairəsini qərb istiqamətində – İran – genişləndirməsi isə, şiəlik faktoru ilə məhdudlaşır. 

Hazırda Pakistan daxili problemlər yaşamaqdadır. Bu isə əsasən «böyük dövlət olmaq aclığı» ilə əlaqədardır. 

Yuxarıda da qeyd etdiyimiz kimi, bölgə lideri olmaq üçün Pakistanın hər cür daxili imkan və potensialı var. Bu imkanla Pakistan dünyanın başqa bölgəsində yerləşsəydi şübhəsiz ki, əsas söz sahiblərindən birinə çevrilərdi. Lakin həmin imkanları Cənubi Asiyada reallaşdırmaq mümkün olmur. Hətta Pakistan rəsmən nüvə silahına malik yeganə İslam ölkəsi olsa belə.

Hazırda Pakistanı yalnız bölgə problemləri maraqlandıra bilər. Onun ayaqda qalmasının yeganə geosiyasi şərti Çinlə əməkdaşlıqdır. Lakin bu da, Pakistanı uyğurların (müsəlman türklərin) apardıqları mili mücadiləni qınamağa məcbur edir. Bu isə öz növbəsində təbii olaraq İslam dünyasında Pakistana nüfuz qazandırmır. Digər tərəfdən Çinlə əməkdaşlığa yeni çalarlar gətirmək istəyi, ABŞ-ın təzyiqi ilə prezident Pərviz Müşərrəfin istefası və bununla da ölkədə baş qaldırmış siyasi böhranla nəticələndi. 

İndoneziya və Banqladeş kimi iri müsəlman ölkələrinə gəldikdə isə, onların İslam dünyasında liderlik imkanları geosiyasi ənənələrinin olmaması və intisadi problemlərin mövcudluğu səbəbindən ciddi şəkildə məhduddur.

İnkişaf proqnozu

Göründüyü kimi, müsəlman ölkələri arasında təkcə güc mərkəzlərinin deyil, ideolociyaların da rəqabəti davam etməkdədir. Və bu siyasi ideologiyaların hamısı heç də dini xarakter daşımır. Lakin bütün bunlara rəğmən say artımı və daxili potensial, iqtisadiyyatın yavaş da olsa, davamlı inkişafı, yaxın 20 ildə İslam ölkələrinin nüfuz dairələrinin genişlənməsinə səbəb olacaq. Müsəlmanların intensiv miqrasiyası (Qərbi Avropa, Balkanlar, Rusiya, Afrikanın bir sıra ölkələri, ABŞ) və Qərbdə getdikcə qarşısı alınmaz xarakter alan mənəvi deqradasiya, ailə institutunun tamamən çökməsi İslamın bir din olaraq nüfuz dairəsini daha da genişləndirməsinə gətirəcək. Milli və dövlətçilik ənənələrindəki fərqlər vahid İslam dövləti altında birləşməni mümkün etməsə də, müsəlman dövlətləri arasında inteqrasiya daha sıx xarakter alacaq. Bu hətta gələcəkdə Avropa Birliyi modelində bir İslam dövlətləri birliyinin yaranmasına da təkan verə bilər. Bu proses Ərəb ölkələrinin və Türk dövlətlərinin iki ayrı blokda birləşməsi ilə də start götürə bilər. Hazırda Yaxın Şərq və Ön Asiyada baş verən siyasi proseslər və dövlətlərin buna meyl etməsi yaxın gələcəkdə belə blokların yaranacağını düşünməyə ciddi əsaslar verir. İslam ölkələrində dünyəvi, demokratik, milliyyətçi elementləri özündə ehtiva edən sosial dövlət quruculuğuna keçidlər (Atatürk modeli) 21-ci əsrdə onların yeni güc mərkəzləri yaradacağına səbəb ola bilər

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...