Ana içeriğe atla

İran Yəməni aldı və ya Yaxın Şərqin yeni savaş meydanı (təhlil)

2015-ci il daxil olandan Yəmən gündəmdən düşmür. Əvvəl Parisdə “Charlie Hebdo” dərgisinə edilən hücumla gündəmə gələn Yəmən, indi daxilində baş verən maraqlı proseslərlə diqqəti öz üzərinə cəmləşdirməkdədir.

Əslində Ərəb yarımadasının cənubunda yerləşən Yəmən, 1990-cı ildə tək bir dövlət halında birləşdikdən sonra, bir iç savaş və daxili qarşıdurmalar yaşamaqdadır. Əvvəllər Şimali və Cənubi olmaq üzrə iki hissəyə parçalanmış olan Yəmənə, birləşmək uğur və bütövlük gətirmədi. Şimali, daha sonra isə birləşmiş Yəmənin paytaxtı olan Səna şəhəri, Ədən şəhərinin mərkəz olduğu cənub torpaqları, eləcə də ölkənin şimal və şimali-şərq ərazilərində öz nüfuzunu təsdiq edə bilmədi. Beləliklə də, unitar ölkə olmasına rəğmən Sənada yerləşən Yəmən iqtidarı öz gücü və təsirini ölkənin tamamına qəbul etdirməyə müvəffəq ola bilmədi. 

Məzhəbsəl qarşıdurmanın (köhnə) yeni şəkli 

Bu səbəbdən də, ölkənin xüsusən şimal və şimali-şərq hissəsindəki dağlıq ərazilərdə yaşayan və ölkə əhalisinin təqribən 40 faizini təşkil edən Şiə məzhəbli Zeydilər və onların ən önəmli hərbi gücü sayılan Husilər ilə, Ədən və ətrafında Cənubi Yəmən adı altında müstəqil dövləti yenidən qurmağı qarşısına məqsəd qoymuş Ali Salim əl-Beyd liderliyindəki əhli-Sünnə məzhəbli ərəb əşirətləri, siyasi ayrı-seçkiliyə əsaslanan və Yəmən iqtidarının nüfuzunu keçərsiz edən bir sistem formalaşdırmağa çalışmaqdadırlar. Bu iki qrupdan əlavə, Parisdə adlarını bütün dünyaya tanıtmış Kuaşi qardaşlarının da içində təmsil olundukları və dünyanın hər yerindən gələn insanları sıralarına qəbul edərək xüsusi düşərgələrdə yetişdirən və ABŞ tərəfindən dünyanın ən təhlükəli terror şəbəkəsi olaraq göstərilən məşhur “Əl-Kaidə”nin Ərəb yarımadasındakı mərkəzi də məhz Yəməndə yerləşir. Vurğulamaq lazımdır ki, “Əl-Kaidə”ölkənin Qırmızı dəniz sahilləri və cənubunda son dərəcə ciddi nüfuz sahibidir. 

Ümumiyyətlə əhalinin yarıdan çoxunu əhli-Sünnə məzhəbli müsəlman ərəblər təşkil edir. Əsas etibarı ilə cənub və şərqdə yaşamaqda olan sünnilərin içində “əl-Kaidə”yə rəğbəti olan kifayət qədər tərəfdar var. Paytaxt Səna isə, həm sünni, həm də şiə zeydilərin birlikdə yaşadıqları şəhərdir. 

Yəməndə 1994-cü ildən mütəmadi şəkildə şiddətlənərək özünü biruzə verən bir daxili müharibə ab-havası mövcuddur. Bunun səbəbi isə “əl-Kaidə”nin son zamanlar artan hücumları ilə yanaşı, zeydilərin Sənada sünnilərin nəzarəti altında olan hökümətə iqtisadi, siyasi və sosial sahələrdə bərabər olan ortaq dövlət qurmaq tələbi ilə mübarizəyə başlamaları, İranın bu məsələdə onlara tam dəstək vermələri və eyni zamanda buna paralel olaraq Cənubi Yəmənin keçmiş baş naziri və birləşmiş Yəmənin keçmiş baş nazir müavini işləmiş Ali Salim əl-Beydin liderliyi ilə Cənubi Yəmən Hərəkatının iqtisadi bərabərsizlik, sosial ədaətsizlik, yoxsulluq və korrupsiyaya etiraz olaraq ortaya qoyduqları müstəqillik hədəfi istiqamətində mübarizə aparmalarıdır. 

Səudlar üçün qiymətli ərəb incisi - YƏMƏN

Yəmən Oman dənizi ilə Qırmızı dənizin kəsişdiyi nöqtədə yerləşmiş, Şərqi Afrika sahillərini nəzarətdə saxlamaq imkanı ilə yanaşı, Sünni Ərəb dünyasının lideri və neft zəngini Səudiyyə Ərəbistanını cənubdan çevrələyən bir coğrafiyaya sahibdir. Bu səbəbdən Qırmızı dəniz- Oman dənizi – Bəsrə- Hörmüz xətti istiqamətində işləyən enerji daşıma xəttinə nəzarət etməkdə və Səudiyyə Ərəbistanının təhlükəsizliyinin təmin edilməsi baxımından son dərəcə ciddi strateji əhəmiyyətə malikdir. Bu həmin Səudiyyə Ərəbistanədər ki, məhz Yəməndə baş verən son proseslər, uzun müddətdir ki, xəstə yatan krallarının vəfatı fonunda cərəyan etdi. Yəni birmənalı şəkildə Yəməndə baş verən son aktivliyi və şiələrin çıxışını, Səudların rəhbərinin vəfatı ilə eyni zamana dəng gəlməsini təsadüf hesab etmək korluq və ya ağılsızlıq olardı. Məhz bu səbəbdən də Yəməndə gücün kimin əlində olması başda Səudiyyə Ərəbistanı olmaqla, Yaxın Şərqdə marağı olan güclər arasında çox əhəmiyyətlidir. Bu ilk növbədə son proseslərdən kifayət qədər güclü çıxa bilmiş İranı da maraqlandırmaqdadır. 

Səudlar Yəmənin hər zaman sünnilərin nəzarətində qalmasına maraqlı olmaqla yanaşı, onlarla müttəfiqlik etmək üçün daim səy göstəriblər. Hətta Yəmən ordusunun zeydilərlə bağlı həyata keçirdikləri əməliyyatlara, hərdən sərhəddən kənar hərbi əməliyyatlar təşkil etməklə də dəstək verməkdədirlər. Əslində Ər-Riyad eyni zamanda Cənubi Yəmən hərəkatını da pərdə arxasından dəstəkləməkdədir. Belə ki, Ədən mərkəzli bu hərəkat, sünni kimiyinə itinad etməkdədir və Ədən körfəzi ilə Oman dənizini nəzarətdə saxlamaq üçün ideal nöqtədə yerləşməklə, Sənadan daha çox əhəmiyyətli rol oynamaq imkanına malikdir. Sənadakı hökumətin tamamən şiə zeydilərin əlinə keçməsi halında, ər-Riyadın Cənubi Yəmənə tam dəstək ifadə edəcəyini açıqlayacağı heç də syurpriz qarşılanmamalıdır. Lakin bir vacib məqamı da vurğulamaq lazımdır. Yəmənin bu günki vəziyyətə düşməsinin səbəbi məhz, Səudların Yəmənə münasibətdə sağlam və səmimi siyasət yürütməmələri, eləcə də “ərəb baharı”ndan sonrakı “İxvan-ül Müslimin” qorxularıdır. Bəli, Yəmənin bu hala gəlməsində, Səudiyyə Ərəbistanının “Müslüman Qardaşlar” qorxusu və həssaslığının ciddi rolu oldu. Zamanında bölgədə İxvanı (oxu: Qatarı) rəqib olaraq görən Səudlar, Yəməndə Husiləri İxvana tərcih etdilər. Amma sonrakı proselərin gedişini hesablaya bilmədilər. Məhz bu səbədən də, Yəməndə ki son proseslərlə Kral Abdullahın son günlərini yaşaması eyni zaman təsadüf etdi. Zamanlama dəqiq hesablanmışdı...

Husilər – İranın ərköyün “şiələri”

Yəmən əhalisinin 40 faizini Şiəliyin Zeydilik qoluna mənsub ərəblər təşkil edir. Bu qrup İrandan ciddi iqtisadi və hərbi dəstək almasına rəğmən, əsasən 12 imam prinsipinə dayanan ənənəvi Şiəliyi qəbul etmirlər, yəni İsni-əşari deyillər. 

Lakin işin maraqlı məqamı zeydilərin vuran qolunu təşkil edən – Husilərdir. 

Husi Hərəkatı 1992-ci ildə “Gənc Mömünlər” adı ilə yaradılıb. Adı sonralar “Ənsərullah” olaraq dəyişdirildi. Hərəkatın qurucusu və lideri Hüseyn Bədrəddin əl-Husi 2004-cü ildə Yəmən təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü və rəhbərliyə Abdulmelik əl-Husi gətirilir. 2009-cu ildə Əli Salih iqtidarına qarşı üsyan etsələr də, müvəffəqiyyətsizliyə uğradılar.

Husilər də şiəliyin zeydi qolunun radikal istiqaməti olan Cərudiyyə ekoluna mənsubdurlar. Lakin Husi əşirət lideri Hüseyn Bədrəddin əl-Husinin, İranın Qum şəhərində aldığı ilahiyyat təhsili nəticəsində 12 imami Cəfəriliyi qəbul etməsi ilə, Yəməndəki Husi hərəkatı əslində Sünni və Zeydi hərəkatlardan fərqli bir istiqamət aldı və hazırda İran siyasi fikrini tam dəstəkləyir. İranda qurulan və din adamlarının nüfuz sahibi olduğu Vilayəti-Fəqih sisteminə bənzər bir “İmamlar Dövləti” tələb edən Husilər, İran iqtidarı ilə koordinasiyalı şəkildə hərəkət edən Livan Hizbullahına bənzəməkdədir. 

Vurğulamaq lazımdır ki, məhz Hüseyn əl-Husi İrandakı təhsilini başa vurduqdan sonra hərəkatdakı ad dəyişikliyi edilir və “Ənsərullah” meydana çıxır. Təşkilatın zeydilikdən ismi-əşariyyəyə də məhz bu zaman keçid etdiyi iddia edilir. 

Bildiyimiz kimi, 1517-ci ildə Məmlüklərdən Osmanlı idarəsi altına keçən, 1918-ci ildə isə Zeydi İmam Yəhyanın idarəsinə girən Yəmən, 1962-ci ildə Cümhuriyyət oldu. Husi Ənsərullah Hərəkatı isə 1962-ci ildən əvvəlki İmamlar Dövlətinin öz soyları çərçivəsində təkrar qurulmasını tələb etməkdədirlər. Husilərin dövlət nəzəriyyəsi, Husi soyunun Hz. Muhammədə dayandığı və dolayısı ilə dövləti idarə etmək haqqının Husi soyuna aid olduğu fikrinə əsaslanır. 

Yəmən hazırda çox maraqlı hadisələrə şahidlik etməkdədir. Şiə zeydilərin ən əhəmiyyətli silahlı gücü olan Husilər şimaldan yola çıxaraq paytaxt Sənaya qədər gəldilər və bütün şimal əyalətlərini və eyni zamanda paytaxtdakı dövlət qurumlarını da nəzarətə götürməklə, 2011-ci ildə “ərəb haharı” dalğası ilə devrilmiş Əli Abdullah Salihin yerinə oturmuş baş nazir Əbd Rabbuh Mansur Hadini təzyiq altına aldılar. Husilərin özlərinin dediklərinə görə hədəfləri, onlarla bərabər şəkildə davranacaq və iqtidarı paylaşacaq, həmçinin Səudiyyə Ərəbistanı ilə müttəfiq olaraq onları yox etmək üçün çalışmayacaq bir Yəmən hökuməti yarada bilmək idi. Lakin Husilərin paytaxta qorxu salan bir işğalçı güc olaraq ortaya çıxmaları və yeni bir konstitusiya ilə federal idarəçilik modeli üzərində çalışan komissiyaya belə çətinliklər yaratmaları, onların əsl hədəflərinin nə olması ilə bağlı istər Ərəb dünyasında, istərsə də Qərbdə ciddi suallar doğurdu və fikir çaşqınlığına yol açdı. Və bu zaman husilərin arxasındakı əsl güc özünü göstərməyə başadı: İran. 

2014-cü ilin oktyabrın ortalarında İran rəsmiləri açıq şəkildə Yəmən şiələrini güclənməyə və “Hizbullah”dan örnək götürməyə çağırdılar. Hətta “Ənsərullah” Şiə Husi Hərəkatının tez bir zamanda gücləndirilməsinin əhəmiyyəti İranın Yəməndəki səfirinin dili ilə gündəmə gətirildi. Iran Ali Dini Rəhbərinin Müşaviri Əliəkbər Vilayəti Tehranın Yəmən Şiələrini tam dəstəklədiyini bildirərək bu ölkənin Şiələrinin Livan Hizbullahı kimi təşkilatlanmasını və fəaliyyət göstərməsini istədi. Vilayəti Tehranda səfərdə olan Yəmən Ənsarullah qrupunun üzvləri ilə görüşündə “Hizbullahın düşmənlə fəaliyyətinə işarə edərək Yəməndə də Ənsarullahın belə bir quruma çevrilməsini” istəyib. Ərəb ölkələri, ö cümlədən Səudlar buna kəskin şəkildə etiraz edərək İranı ərəb ölkələrinin daxili işlərini qarəşmaqda günahlandırsalar da, İran açıq şəkildə dəstək verməkdə davam etdi. Hətta Yəmən Ansarullah (Husiler) Hərəkatının sözcüsü Muhammed Abdus Selam, dekabrda Yəmən dövlət televiziyası ilə çıxış edərək İranla münasibətləri gücləndirməyi tələb edərək, İranın Yəmən hadisələrinəki müsbət rol oynadığınl vurğuladı və “İranın bölgədə Amerika və İsrail liderliyindəki dünya imperializminə qarşı mücadilədə ana təməl” olduğunu bildirdi.

Və nəticə göz qabağındadır: 2015-ci ilin yanvarının ikinci on günlüyündə Kral Abdullahın vəziyyətinin pisləşməsi ilə başlanan proses, bir həftə içində Yəməndə “İran çevrilişi” ilə başa çatır. 

Yaxın Şərqin aynadakı kiçik şəkli

Bu gün Yəmən, zeydilərə dəstək verən İran ilə, sünni əşirətlərin nəzarətində olan mərkəzi hökuməti dəstəkləyən və pərdə arxasında Cənubi Yəmən Hərəkatına qəyyumluq edən Səudiyyə Ərəbistanı arasında bir savaş meydanına çevrilib. Bu görüntüyə Livan və İraqdakı misallardan alışmışıq. Bu vəkalət savaşının yaratdığı iqtidar mücadiləsi fonunda “əl-Kaidə” və onun bağlı qruplaşmaların fəaliyyətlərini artırmaları və Cənubi Yəmən Hərəkatının siyasi ayrılıq yönündəki fəaliyyətini gücləndirmiş olması, Yəməndəki iş qarışıqlığın bu gün ortaya çıxardığı əsas mənzərələrdir. Yəni Yaxın Şərqin az qala hər nöqtəsində ortaya çıxan Sünni-Şiə qarşıdurması (Səudiyyə-Ərəbistanı-İran liderlik savaşı fonunda, məzhəb savaşı ilə Qərbin idarə olunan xaos yaratmaq ssenarisi), Sələfi radikalizmi (İŞİD faktoru və ona bağlı qüvvələrin artması, “əl-Kaidə”nin aktivliyi) və siyasi qarşıdurmalar kimi məsələlərin hər birini Yəmənin timsalında görməkdəyik. Yəni, Yəmən bu gün bütün problemləri və qarşıdurmaları ilə Yaxın Şərqin kiçik modelini təşkil etməkdədir. 

Enerji ilə zəngin, həmçinin enerji daşıma xəttlərinə malik bölgələrdə yerləşən ölkələrdə yaşanan daxili qarışıqlıq və siyasi gərginliklər eyni ilə Yəməndə də mövcuddur. Yəmənin qarşısında, Şərqi Afrikada yerləşən və Qırmızı dənizin girişini nəzarətdə saxlayan Somalidəki dramatik vəziyyət və Efiopiya ilə Eritriya arasında yaşananlar da diqqətə alındığında, bu coğrafiyanın münaqişələr içində boğulmasının heç də təsadüf olmadığı anlaşılır. Bu ölkələr beynəlxalq güc mücadiləsinin mərkəzində yer alan enerji daşıma xəttləri üzərində olduqları üçün, qlobal/bölgəsəl güclərin biri-biriləri ilə görünməz qarşıdurmaya girdikəri savaş meydanına çevriliblər. Bu səbəbdən Ədən mərkəzli bir dövlət qurmağı hədəfləyən Cənubi Yəmən müstəqillik hərəkatına Səudların verdiyi gizli dəstək, bu ölkənin yaradılması halında Səudlar vasitəsi ilə Qərbə yönəlməsi ehtimalı şübhəsz ki, böyükdür. İran isə şiə zeydilər vasitəsi ilə Qırmızı dənizə, hətta bəlkə də Oman dənizinə çıxış əldə etməyi hədəfləməkdədir. 

Bura əlavə olaraq Çinin də, nə zamansa sosialist düşüncəyə malik Cənubi Yəmən Hərəkatı ilə təmasa keçə biləcəyi ehtimalını da əlavə etmək olar. Belə ki, bu bölgə, Afrikanı arxa baxçası halıa gətirmiş və Yaxın Şərqdən özünə nəql edilən enerji qaynaqlarına həyati əhəmiyyət verən Çin üçün çox önəmlidir. Bi bilinən aksiomdur ki, Qırmızı dəniz üzərindən Qərbə nə qədər az enerji göndərilərsə, Çin üçün o qədər yaxşıdır. Çünki Çin, bölgədəki qaynaqları tamamən özünə çəkməyi qarşısına məqsəd qoyub. Buna görə də, Yəməndəki qarışıqlıq səbəbi ilə Qırmızı dəniz və Oman dənizinin qərbində təhlükə riskinin artması, Çini məmnun edir. 

Yəmən yaşanan daxili gərginlikləri və qarşıdurmaları ilə birlikdə Yaxın Şərqin aynadakı kiçik şəklini xatırlatmaqdadır. Xarici təsirlərə və şoxlu güc müdaxilələrinə səhnə olan 25 milyon əhalisi olan bu boyük torpaq sahəsi, yaxın zamanlarda da bölgəsəl güc savaşının mərkəzində yer alacaq.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...