Ana içeriğe atla

Difai

«Difai»


“Millətçilik özlüyündə hörmətə layiq, hətta əzəmətli bir hadisədir. O hər bir xalqın həyatında labüddür. Mən bələ düşünürəm ki, bəşər təkamülü tarixində insan qəlbinin dindən sonra ikinci böyük tapınağı millətçilikdir. O tarix boyu misilsiz hünərlər qaynağı olub və olacaqdır.”
Əhməd bəy Ağaoğlu

XX əsrin əvvəlləri... Azərbaycan Türkləri öz ərazilərində qətliama və ermənilər tərəfindən törədilən qırğınlara məruz qalır. Azərbaycan Türkü əzilir, alçaldılır, onun torpaqlarından özgələr üçün dövlət yaradılması planlaşdırılır. Ruslar tərəfindən silahlandırılan ermənilər İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız Azərbaycan Türklərinə, dinc əhaliyə hücum edir, vəhşiliklər törədirlər...

"Difai" firqəsinin möhürü
1905-ci il... Bakı şəhərində Azərbaycanın görkəmli türkçü-ziyalısı Əhməd bəy Ağaoğlu tərəfindən “Fədai” adlı gizli bir cəmiyyət yaradılır. Bu, Azərbaycan Türkünün özünümüdafiə instinkti, illərdən bəri toplanmış passionar enerjisinin vulkantək püskürməsi demək idi. Türk həmişə olduğu kimi bu dəfə də hücumda olmalı idi. Böyük türkçü-publisist Yusif Akçuraoğlu 1928-ci ildə nəşr etdirdiyi “Türk ili” kitabında Əhməd bəy Ağaoğlunun tərcüməyi-halını yazarkən qeyd edir: “Türklərin ermənilərə qarşı mübarizə aparmaq üçün bir təşkilata böyük ehtiyacları vardı. Bu ehtiyacı təmin etmək üçün Əhməd bəy Ağaoğlu 1905-ci ildə Bakıda “Fədai” adlı gizli bir cəmiyyət təşkil etməyə müvəffəq oldu”

“Fədai”lər

“Fədai” cəmiyyətinin fəaliyyəti çox keçmir ki, öz bəhrəsini verir. Hüseyn Baykaranın yazdığı kimi, “Fədai” cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alınır. “Hələ Şuşada məktəbdə işləyərkən ermənilərlə mübarizə aparan Əhməd bəyin “Fədai” təşkilatı vasitəsilə onlara qarşı böyük miqyasda müqavimət göstərdiyinin şahidi oluruq...” (Y.Akçuraoğlu, “Türk ili”, səh. 441). Bir müddət sonra “Fədai” cəmiyyəti “Difai” Partiyasına çevrilir. Sonuncu isə Azərbaycan tarixində misli görünməmiş qeyrət səhifələri yazır, millətinin və vətəninin düşmənlərinə qarşı amansız olmaqla...

“Difai”

1906-cı ilin əvvəllərində Tiflisdə Qafqaz canişini Vorontsov-Daşkovun yanında aparılan sülh danışıqlarının nəticəsizliyi, vəziyyəti «sakitləşdirmək» üçün bölgəyə göndərilmiş rus generalı Qoloşapovun qoşun dəstələrinin və rus kazaklarının ermənilərlə birgə yerli əhaliyə qarşı hücumlarda iştirak etmələri artiıq yeni bir müqavimət səhifəsinin açılması zərurətini yaradırdı. Bu fəaliyyət istiqaməti üzrə «Fədai» cəmiyyətindən daha böyük və əhatəli olmalı idi. 

1912-ci il 16 Mart tarixində Qafqaz canişinliyinin arxivindən tapılmış və hal-hazırda Bakıda yerləşən arxivdə mühafizə edilməkdə olan «Difai» Partiyasına məxsus Bəyannamədə deyilir: «Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda, yəni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnak partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökümətini özünə tabe ədib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Bizim Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak Partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, həç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik.»

Həsən bəy Ağayev
Beləliklə, Difai Partiyası bu Bəyannaməsi ilə, Hüseyn Baykaranın qeyd etdiyi kimi, Azərbaycan Türklərinin, eləcə də, Qafqaz müsəlmanlarının «ölüm-qalım» mübarizəsini açıqca ortaya qoyaraq öz siyasi platformasını elan etmiş oldu. Sonrakı iş isə təşkilatdan asılı idi. Bu səbəbdən də Əhməd bəy Azərbaycanın vilayətlərini dolaşmağa başladı. İlk olaraq o, Azərbaycanın ikinci paytaxtı sayılan Gəncəyə yola düşdü. Gəncədə tanınmış vətənsevər ziyalılar və nüfuzlu adamlarla görüşərək orada «Difai» təşkilatını yaratdı. Ələkbər və Ələsgər bəy Xasməmmədovlar, doktor Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli, Şeyxülislam Axund Molla Məmməd Pişnamazzadə, gimnaziyada din müəllimi işləyən Mirzə Məmməd Axundzadə, müəllim Mirzə Cavad, gənc müəllimlərdən İdris Axundzadə və başqaları Gəncədə təsis olunan «Difai» Təşkilat Komitəsinin üzvləri idilər. Qarabağda (Şuşada) «Difai» Komitəsinin üzvlərindən Nəcəfqulu ağa, Mircabbar ağa, Səyid Miriş, Əfrasiyab, Alı kişi, İsfəndiyar Alpouti, Zərgər Məmiş və başqalarının adını çəkmək mümkündür. 

Nağı bəy Şeyxzamanlı özünün «Azərbaycan İstiqlal Mücadiləsi Xatirələri»ndə həmin günləri belə qeyd edir: «O vaxt gizli təşkilatımız ilhamını bir neçə irəli gələn millətpərvərlərimizdən alırdı. Onların başında Ələkbər bəy, iki qardaş Xasməmmədli Ələkbər və Ələsgər, Yusifbəyli Nəsibbəy, doktor Həsən Ağaoğlu dururdular. Bu böyüklərimiz Ağaoğlu Əhməd bəyi axşam yeməyinə dəvət edərkən xeyli söhbət aparırlar. Azərbaycan xalqının gələcəyi qaranlıq olduğu və qarşıda ruslar ermənilərin əli ilə hər bir pisliyi edə biləcəkləri üçün yenidən xalqı birləşdirmək, rus idarəsi ilə mücadilə etmək və ruslara anlatmaq ki, asanlıqla məhv olmayacağıq. Rusların gözlərini qorxutmaq. Bunun üçün gizli bir tədhiş komitəsi yaratmağa, gizli firqəni «Difai» firqəsi deyə adlandırmağa qərar verirlər» (N.Şeyxzamanlı. «Azərbaycan İstiqlal Mücadiləsi xatirələri», B., 1997, səh.20).

Rafael Hüseynov 1996-cı ildə çap edilmiş «Rəfibəylilər» adlı kitabında yazır: «Difai» təşkilatı 1905-ci ildə Bakıda erməni təcavüzkarlarına qarşı mübarizələrin təşkilatlanma ehtiyacından doğdu və onun yaradıcısı Əhməd bəy Ağayev idi. Bakıda doğulan «Difai»nin ilk bölgə təşkilatı Gəncədə yaranır, onun özəyində sadiq vətənsəvərlər dayanır və əlbəttə ki, ilk sırada Ələkbər bəy... Və əsrin əvvəlində Gəncədə türk əleyhinə yönəlik əlbir ərməni-rus hücumlarına qarşı mübarizənin önündə «Difai»çi Ələkbər bəy Rəfibəyov dayanmışdı».

Bu minvalla Azərbaycanın ermənilər hücum ədən vilayətlərində də yaradılan «Difai» təşkilatının yerli şöbələri erməni silahlı dəstələrinə qarşı mübarizəyə başladı. Partiyanın fəaliyyəti və rəhbərliyi barədə Tiflisdəki quberniya jandarm idarəsinə vaxtaşırı donoslar gedirdi. Həmin gizli donoslardan birinin məzmunu ilə tanış olaq.

Yelizavetpol polismeysteri
18 iyul, 1907
№ 179
Tam məxfi
Cənab Yelizavetpol qubernatoruna

RAPORT

Bu il 30 may tarixli, 571 nömrəli sirkulyar sərəncama müvafiq olaraq Zati Alilərinizə bildirirəm ki, müsəlman partiyaları “DİFAİ” və “Müdafiə”nin quberniyanın müsəlman əhalisindən qeyri-ləqal yolla toplanan vəsait hesabına mövcud olmaqlarını müəyyənləşdirdik.
Partiyanın rəhbərləri yelizavetpollu Ələkbər bəy Rəfibəyov və Axund Molla Məmməd Paşa Namanzadədir. 
“Difai” Partiyasının məqsədi: ümumilikdə xalqın maraqlarının müdafiəsi və başlıca olaraq təhsil; “Müdafiə” – ümumən kəndlilərin həyat şəraitinin yaxşılaşdırılması, mülkədar torpaqlarının kəndlilər arasında bölünməsi, mövcud dövlət quruluşunun devrilməsi, həmçinin, mülkədarlara torpaq üçün vergilərin ödənilməməsi vasitəsilə onların rifah halının yüksəldilməsi.
Ümumiyyətlə, hər iki partiyanın son məqsədi eynidir.

Polismeyster


QEYD: Yarım əsr sonra (1959) Azərbaycan SSR Elmlər Akademiyası tərəfindən nəşr edilən «Azərbaycan tarixi» adı ilə çap olunmuş kitabda (nəşr tarixi 1964) «Difai» Partiyasına bələ qiymət verilir: «1905-ci ilin payızında Azərbaycanın Şuşa, Cavanşir, Karyagin və başqa qəzalarında tacirlərdən, qolçomaqlardan, burjua-mülkədar ziyalılardan və qismən də bəylərdən ibarət mürtəcə «Difai» adlı təşkilat meydana çıxdı. Burjua-mülkədar ziyalıları K.Mehmandarov, Ə.Ağayev, Ə.Rəfibəyov təşkilata başçılıq edirdi. Müsəlmanları daşnakların basqınından müdafiə etmək pərdəsi altında çıxış edən «Difai» təşkilatı millətlər arasında toqquşmaları qızışdırmaqda iştirak edirdi. Onun fəaliyyətindəki əsas metodlardan biri fərdi terror idi. Bəzi hallarda “Difai”nin üzvləri daşnaklara kömək etməkdə təqsirləndirilən məmurlara qarşı terror tətbiq edirdilər» («Azərbaycan tarixi», Bakı, 1964, səh. 613).


Partiyanın fəaliyyəti

«Difai» Partiyası aqrar məsələdə mülkədar torpaqlarının əvəzsiz olaraq kəndlilərə paylanmasını nəzərdə tuturdu. Proqramda daha gəniş inzibati özünüidarə, xüsusilə din və məhkəmə işlərində, gələcəkdə isə Qafqazın və Zaqafqaziyanın müsəlmanlarına muxtariyyət vərilməsi məsələləri təbliğ olunurdu. Partiya təhsilin yaxşılaşdırılmasını əsas vəzifə hesab edirdi. «Difai»nin Mərkəzi Komitəsi Bakıda yerləşirdi.

Ələkbər bəy Rəfibəyli
1905-1906-cı illərdə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı «Difai» sözün əsl mənasında «Qafqazı qanlı səhnə halına salmaq» barədə verdiyi vədə əməl etdi. Gəncədə yerləşən «Cəmiyyəti-Xeyriyyə» və «Nəşri-Maarif» cəmiyyətlərinin binası qərərgaha çevrilmiş və Gəncənin ən mötəbər, tədbirli, xalq arasında sözü keçən adamlarından biri – Ələkbər bəy Rəfibəyli bu hərəkata rəhbər seçilmişdi. Hüseyn Baykara yazır: «Əks-hücum gecə, qaranlıq düşəndən sonra başlayacaqdı, erməni kəndləri və məhəllələri dağlıq tərəfdən əhatəyə alınaraq hücuma keçiləcəkdi. Bu hərəkatda əli silah tuta bilən bütün şəhər camaatı və dağlardan enərək köməyə gələn Dəli Alının silahlı dəstəsi Ələkbər bəyin rəhbərliyi altında hücuma keçdilər. Ermənilər törətdikləri vəhşiliklərin əvəzini gördülər...»

«Difai»nin sözdən işə keçməsi artıq bütün Qafqaza səs salır. Hansısa bir təşkilatın Rusiya İmperiyasının maraqlarına zərbə vuracaq dərəcədə açıq cəsarət nümayiş etdirməsi yerli canişinləri qorxudur. Şeyxzamanlı yazır: «Bu hadsələrdən sonra rus idarəçiləri qorxu içində hər hərəkətlərini ölçüb-biçərək addım atırdılar, digər tərəfdən «Difai» firqəsinin kimlər tərəfindən idarə olunduğunu bilmək istəyirdilər. Amma əziyyətləri boşa çıxırdı, xalqımızdan bir şey öyrənə bilməzdilər, çünki, xalq bir şey bilmirdi, bilsə də söyləməzdi. Hökumət ara-sıra axtarışlar aparırdı. Lakin, nəticə alınmırdı. «Difai» firqəsinin heç bir yerdə qeydi yox idi, ancaq bir möhürü var idi. Bu möhürün kimdə olduğunu, firqəni idarə edənləri bilmirdilər. Rus idarəsi «Difai» firqəsinin bir üzvünü tapıb xəbər verənə və yaxud möhürü əldə edənə 50 min rubl vəd etmişdi. Buna baxmayaraq, heç bir dəyişiklik olmadı, lakin rusların etdikləri zülmlər artırdı və bu səbəbdən firqə fəaliyyətini müəyyən bir vaxt üçün dayandırmaq məcburiyyətində qaldı». 

Bu barədə Rafael Hüseynovun «Rəfibəylilər» kitabında belə qeyd olunur: «O günlərin və hadisələrin şahidi N.Keykurunun xatiratı əlavə təfərrüatları pıçıldayırdı: «Rus idarəsi «Difai» Firqəsinin bir üzvünü tapıb xəbər verənə yaxud möhürünü əldə edənə 50000 qızıl rubl vəd etmişdi. Lakin vəziyyətdə heç bir dəyişiklik olmadı.» 

«Difai»nin rəhbərliyi altında aparılan əməliyyatlar nəticəsində Qarabağ, Bakı və Şamaxı vilayətlərində də döyüş təşəbbüsü Azərbaycan Türklərinin əlinə keçdi. Professor Şamil Qurbanov «Difai» Partiyasının fəaliyyətini belə təhlil edir: «Həmin təşkilat Milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan xalqına divan tutanları öldürməli idi. Belə də oldu. Yığıncaqda deyilirdi: filankəsi kim öldürməlidir? Cavab verirdilər: Mən!... Həmin adamlar tez bir zamanda aradan götürülürdü. Bu terror deyildi. Açıq-aydın intiqam idi». Rus İmperiyasının yerli çinovnikləri artıq silahın ucunun onlara tərəf çevrildiyinin fərqinə vararaq gürcü əsilzadələrinin əli ilə müvəqqəti də olsa barışıq yarada bildilər. Hər iki tərəfdə nisbi sakitlik yarandı. Lakin 1905-ci il inqilabının gətirdiyi həyəcanlar davam etməkdə idi. Artıq ermənilərlə türklər arasında barışıq əmələ gəlmişdi, lakin erməniləri türklər əleyhinə təhrik edən çar idarəsinin fitnələri davam edirdi. «Difai» bunun da əlacını tapır: «Difai» Partiyasının rəhbərləri bu məsələni də müzakirə etdilər – erməniləri türklərə qarşı təhrik edən rus idarəsinin yüksək vəzifəli məmurları «aradan götürüləcəkdi». Bu, «Difai» Partiyasının qərarı idi...” (Hüseyn Baykara, Azərbaycan İstiqlal Mübarizəsi Tarixi, səh. 124).

«Difai» firqəsinin ilk qurbanı Gəncə qubernatorunun müşaviri Kiresçinski olur. Qətlin ertəsi gününün gecəsi «Difai» firqəsinin möhürüylə divarlara bəyannamələr yapışdırılır. Bu rus məmurlarında böyük qorxu yaradır. Gəncə qubernatorunun müşaviri Kreşçinski də Şuşada olduğu zaman ermənilərə köməklik etmişdi. Kreşçinskini öldürmək üçün “Difai” Partiyası Gəncə təşkilatının üzvləri öz aralarında püşk atırlar və püşk Gəncənin Topalhəsən kəndinin sakini Səmədə düşür. Kreşçinski çox keçmir ki, Gəncədə elə öz evinin qabağındaca qətlə yetirilir. Nağı bəy Şeyxzamanlı öz «xatirələr»ində «Həmən «Difai» firqəsinə möhür düzəldilir, açıqdan-açıca fəaliyyətə keçilir. Gəncə vali müşaviri Kiresçinski (Gəncədə türklərdən kimsə salam verməzdi) Difai firqəsinin ilk qurbanı olur. Qətlin ertəsi gününün gecəsi firqənin möhürü ilə divarlara bəyannamələr yapışdırılır» yazır.

«Rus idarəsinin hər təşkilatında «Difai»nin adamları var idi, xüsusilə də Rus Milli Təhlükəsizliyində tərcüməçi və katib Sədrəddin adında çox qiymətli bir qardaş var idi. Bir gün o qardaş «Difai» firqəsinin üzvü olduğunu təxminən bilən birisinə xəbər verir ki, Molla Hadı adında bir nəfər gizli olaraq Rus Milli Təhlükəsizlik Komitəsinə gəlib və beş dəqiqə sonra tanımadığım bir erməni müfəttişini otağına aparır, zənnimcə, erməni Molla Hadıya tərcüməçilik edir, xeyli qalırlar və söhbət edirlər. «Difai» toplantılarına ara verir, ancaq bütün qüvvələri ilə rusların nəyi təqib etdiklərini öyrənməyə çalışırlar. Digər tərəfdən Sədrəddin bəyə məsələ ilə maraqlanmasını məsləhət görürlər. Molla Hadı pusqu altına alınır. Təhqiqat nəticəsində Molla Hadının ruslara satıldığı öyrənilir. Molla Hadının qohumları araşdırılır, haradan və nə zaman Gəncəyə gəldiyi anlaşılmır. Ancaq öyrənilir ki, Molla Hadını mülki paltar geyinmiş bir polis nəfəri hər axşam evinə qədər mühafizlik edir. Gündüz vaxtı da həmin polis nəfəri onu təqib edir. «Difai» firqəsi Molla Hadının qətlinə qərar verir və bir gün sonra o, öldürülür. Polislər cənazəni götürmürlər, bütün gün evində qalır. Mollalardan heç kəs cənazə namazını qılıb dəfn etməyə cəsarət göstərmirlər. Nəhayət, Molla Musa adında bir nəfər «Difai»nin üzvü təxmin etdiyi birisinə yanaşır və deyir, «cənazə evdə qalıb. Sən izn ver, gedib namaz qılıb, dəfn etdirim». Həmin kəs hirslənərək mollaya cavab verir: «Mənə nə, niyə məndən soruşursan, kim sənə bir şey edər?!». Molla Musa bunu «Difai» tərəfindən izin sayaraq Molla Hadını dəfn etdirir» (N.Şeyxzamanlı. «Azərbaycan İstiqlal Mücadiləsi xatirələri», B., 1997, səh.21).

Beləliklə, Gəncədə həbsxananın imamı olan müsəlman mollası Molla Atakişi (Molla Hədi) rus gizli polisinə xəfiyyəçilik edərək «Difai»nin bir neçə üzvünü ələ verdiyi üçün partiyanın qərarı ilə öldürülür. 

Şuşada ermənilər qırğın törətdikləri zaman onlara köməklik edən general Qoloşanov çarın naibi, eyni zamanda, çarın əmisi Qrandik Nikolay Nikolayeviçə raport vermək üçün Tiflisə gedir. Bu xəbəri əldə edən «Difai» Partiyasının Şuşadakı təşkilatı tərəfindən xalq arasında igidliyi ilə seçilən və tanınan Hüsü adlı birisinə Tiflisdə Qoloşanovun məhv edilməsi tapşırılır. Bir həftə keçməmiş bu əmr Tiflisdə yerinə yetirilir. «Difai»çilər Hüsünün təhlükəsizliyini qorumaq niyyətilə onun İrana qaçmasına köməklik edirlər.
Şeyxzamanlı Tiflisdə baş vermiş başqa bir qətlin tarixçisi barədə öz «xatirələri»ndə yazır: «Bir həftə sonra «Difai» firqəsi Bilal adında bir qarabağlını general Kalasçapovu öldürmək üçün Tiflisə göndərir. Həmin Kalasçapov ki, Qarabağda diviziya komandiri olaraq, diviziyada olan erməni əsgərlərinə mülki paltar geyindirərək türkləri güllələtmişdir. Bunun üçün Tiflisə göndərilən Bilal 2 gün sonra generalı küçədə öldürmüşdü və bu xəbər rus idarəçilərini narahat edirdi. Hətta «Difai» firqəsinin əmri olmadan hər tərəfdə belə qətl hadisələri baş verirdi. Ancaq «Difai» firqəsi qərar verdiyi ölümlərə bəraət verirdi. «Difai» bəyannamə yayırdı» (N.Şeyxzamanlı. «Azərbaycan İstiqlal Mücadiləsi xatirələri», B., 1997, səh.20).

Şuşada xalq arasında “dəli sudya” adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin də ermənilərə kömək etdiyi üçün «Difai»nin Şuşa Komitəsinin qərarı ilə öldürülür. Gəncədəki polis rəisi Bannikov, Tərtərdəki polis rəisi Felikinski də eyni səbəbdən partiyanın qərarı ilə qətlə yetirilirlər. Bu siyahını uzatmaq da olar. Bütün bunları əlbəttə ki, Azərbaycanda millətimizin öz azadlığı uğrunda mübarizəsinin başlanğıcı kimi qiymətləndirməliyik. Sonralar «Difai» partiyasının üzvlərindən bəziləri Stolıpinin irtica illərində həbs olunur, bəziləri isə Türküstana sürgün edilirlər (1908).

Karyagin qəzasının dəftərxana rəisinin Yelizavetpol (Gəncə) qubərnatoru İ.V.Mitskeviçə göndərdiyi məktubda bu partiyanın fəaliyyəti haqqında belə bir məlumat verilir ki, «Difai Partiyası öz fəaliyyətində az və ya çox dərəcədə müvəffəqiyyət qazanmış və öz mövcudluğunu bir sıra tərror aktları ilə , o cümlədən, Yəlizavətpol qubərnatorluğunun valisi Kləşinskinin öldürülməsi və gənəral Qoloşanova sui-qəsdlə qeyd etmişdir: bu partiyanın öz komitələri, kassası, proqramı və əhali arasında nüfuzu vardır. Bu partiya siyasi çalarına görə dəmokratikdir. Partiyanın tərkibinə əsasən tacirlər, kəndlilər, tələbələr və qismən də həkimlər, vəkillər daxildir. Xan və bəylər üçün partiyanın qapıları bağlı idi».

Çar idarəsi bütünlüklə bu partiyanın kimlədən ibarət olması və fəaliyyətlərini nəyin hesabına qurduqları ilə ciddi maraqlanır, lakin heç nə əldə edə bilmirdilər. Azərbaycan xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi xüsusi komissiyasının hazırladığı və 1920-ci ildə çapdan çıxmış «Zaqafqaziyada Rusiya siyasətinə dair sənədlər» məcmuəsindən bəlli olur ki, 1907-ci ilin may ayında Yelizavetpol qubernatoru Q.Kovalyov tabeliyində olan polis rəislərindən «tamamilə gizli şəkildə» bu təşkilatın şəxsi heyəti, qarşısına qoyduğu məqsədləri və bəhrələndiyi maliyyə qaynaqlarının müəyyənləşdirilməsini tələb edir. 18 iyul 1907-ci il tarixli raportda qubernatora «Difai» haqqında «ətraflı» məlumat verilir: «… Aydındır ki, partiya ağıllı, ehtiyatlı, ardıcıl, düz və səmimi adamların əlindədir. Mərkəzi komitəsi Bakıda yerləşir, əsas ideoloqu doktor Ağayevdir». Qubernatorun 1907-ci ilin avqust ayında yuxarı instansiyalara göndərdiyi məktubda isə artıq təlaş və qorxu özünü tam çılpaqlığı ilə göstərir: «Mən inanıram ki, «Difai» Partiyası tərəfdarları çox tez zamanda bütün Qafqaz müsəlmanları arasında yayılacaq, çünki cəmi bir neçə ay əvvəl bu partiya barəsində hes bir təsəvvürü olmayan əhali, indii bu təşkilatı dəstəkləyir, hərəkətlərini bəyənir və üzvü olmağa can atır». 

«Difai»ni dayandırmaq üçün başında duranları «əzmək» qərarına gələn çar idarəsi birinci hədəf kimi Əhməd bəy Ağaoğlunu seçir. 14 mart 1908-ci il tarixli Yelizavetpol şəhər Qubernatorunun göndərdiyi məktubda yazılır: «Difai» Partiyasının tamamilə məhv edilməsi məqsədi ilə mən öz tərəfimdən xahiş edirəm ki, «Difai» Partiyasının Bakıda yerləşən Mərkəzi Komitəsinin sədri Əhməd bəy Ağayev başda olmaqla bütün tərkibi Zaqafqaziya regionundan dərhal çıxarılsın». Tədqiqatçı Lalə Hacıyeva «Difai-mübarizlər partiyası» məqaləsində qeyd edir ki, 1908-ci il 23 və 24 mart tarixli raportlarda isə artıq «Difai»nin Şuşa bölməsinin bütün üzvlərinin həbs olunması barədə qərarların qəbul olunduğu bildirilir. Həbs olunacağını anlayan Əhməd bəy rus hökumətinin əlinə keçməmək üçün gizli şəkildə Azərbaycanı tərk etməli olur. 

1917-ci inqilabından sonra Kerenskinin müvəqqəti hökumətinin sərəncamına görə, hər yerdə, eləcə də Gəncədə icra komitəsinin təşkili işinə başlanılır. «Difai» ilk dəfə olaraq burada öz üzündəki niqabını götürür və üzə çıxır. Nağı bəy Şeyxzamanlı yazır: «…Növbə siyasi partiyalara gəlmişdi… Dörd saat davam edən müzakirə sona çatmaqda idi. Bu vaxt bir erməni yerindən qalxaraq dedi: «Vətəndaşlar, bilirsinizmi ki, ermənilərin iki əsas siyasi partiyaları var – biri «Daşnak», digəri «Qnçak» partiyasının tarixini söylədi və dedi ki, bu partiyanın məqsədi qanun və sülh içərisində yaşamaqdır (Bu təklifdən əvvəl, Azərbaycan türklərindən «Ədəmi – mərkəziyyət» partiyasından bir nümayəndəsi, ermənilərdən isə bir nəfər «Daşnak» nümayəndəsinin namizədliyi qəbul edilmişdi. Ermənilər «Qnçak»dan da bir nəfərin icra komitəsində təmsil olunmasına çalışırdılar – V.Ə.). Məclisə bu partiyadan da bir nəfər üzv alınsa, türklər heç bir şey itirməzlər. Hamı susurdu. Mən dördüncü cərgədə əyləşmişdim. Qabaqdakı bir yoldaşa dedim ki, sən də qalx, belə bir təklif irəli sür. Məşhur «Difai» firqəsindən də bir üzv alınmasını istə və namizəd olaraq firqəni idarə edən Nağını təklif elə. O, sözümü dinlədi və dediklərimi etdi. Mən qalxdım, adımı çəkdim, ünvanım yazıldı. Yazıldı, amma erməni və türklərin gözləri məndə idi. On il çar idarəsini dəhşət və qorxu içində saxlayan gizli «Difai» firqəsinin nümayəndəsini görürdülər» (N.Şeyxzamanlı. «Azərbaycan İstiqlal Mücadiləsi xatirələri», B., 1997, səh.26). Təkliflər keçir. Bir həftədən sonra Kerenskidən teleqram gəlir. O, «Difai»nin tarixini, nizamnaməsi ilə maraqlanır. Lazımi sənədlər ona göndərilir və «Difai» firqəsi olaraq açıq fəaliyyətə başlanılır: «İlk iş olaraq gənclərdən ibarət şəhərin hər bir məhəlləsində «Difai» ocağı qurduq. Hərbi təlim və tərbiyə aparılmaqda idi. İki ay keçmədən bir hərbi qüvvə halına gələn «Difai» təşkilatının köməyi ilə Gəncə milli komitəsi rusların 218-ci və 219-cu ehtiyat alaylarının silahlarını alaraq əsgərlərini şəhərdən dəmir yolu vasitəsi ilə çıxartdı. «Difai» firqəsi təşkilatının hərbi təlim və tərbiyələri rus əsgərlərini, hətta erməniləri də qorxudurdu» (N.Şeyxzamanlı. «Azərbaycan İstiqlal Mücadiləsi xatirələri», B., 1997, səh.27).

«Difai»nin möhürü

Azərbaycan türklərinə düşmən kəsilmiş məmurların öldürülməsini birbaşa üzərinə götürən «Difai» hər belə qətldən sonra məsuliyyəti öz üzərinə götürməklə yanaşı, öz möhürü ilə bəyannamədə yayırdı. «Difai»nin möhürü Azərbaycan türkü üçün bir intiqam günəşinə, bu millətin qanını içməyə hazır olan yadelli məmurlar üçün isə ölüm mələyinin simasına dönmüşdü. «Ancaq bir həqiqət vardı ki, rus idarəsinin ən qəddar işçilərinin gözləri əməlli başlı qorxmuşdu. Beləcə rus idarəsi ilə «Difai» mücadiləsi 1906-cı ildən 1909-cu ilin ortalarına qədər davam etdi. Xalqımız da, «Difai» firqəsi də əmin olmuşdur ki, artıq rus idarəçiləri hər vasitə ilə özlərini xalqımıza sevdirməyə çalışırlar. Bu vaxt mən gizli təşkilatda çalışırdım. Yığıncaqlarımızın birində dostlarımızdan biri soruşdu: «Artıq «Difai» fəaliyyətini dayandırıb. Möhür saxlanırmı, yoxsa yox edilib?» Mirzə Məhəmməd dedi: «Onu yox etmərik. O möhür gələcək Azərbaycan muzeyində saxlanacaq». Beləliklə, möhürün Mirzə Məhəmməddə olduğu anlaşılır» (N.Şeyxzamanlı. «Azərbaycan İstiqlal Mücadiləsi xatirələri», B., 1997).

Möhürün sonrakı taleyi ilə bağlı Nağı bəy Şeyxzamanlı öz «xatirələri»ndə geniş məlumat verir. Belə ki, Rusiya İnqilabi Sosialist Partiyasının nümayəndəsi olan Kruçkovun həbsi zamanı Mirzə Məhəmməd də tutulur və evində aparılan axtarışlar zamanı «Difai»nin möhürü də götürülür. Axtarışa və Mirzə Məhəmmədin həbsinə səbəb, Kruçkovun onunla yaxın münasibətdə olması idi. Mirzə rus solçusuna Azərbaycan türkcəsindən ruscaya tərcümə işlərində kömək edirdi. 

Evdə axtarışın aparılması və rus milli təhlükəsizlik şöbəsi əməkdaşlarının «naməlum» möhür tapmaları, «Difai»çiləri ciddi təhlükə altına qoyurdu. Bu zaman köməyə Təhlükəsizlik Şöbəsinin katibi, «difai»çi Sədrəddin gəlir. Şeyxzamanlı və Sədrəddinin birgə qurduqları plan müvəffəqiyyətlə həyata keçirilir. Sədrəddin elə həmin gecənin səhəri Şeyxzamanlının ona verdiyi inqilabi sosialist partiyasının möhürü ilə seyfdə saxlanılan «Difai»nin möhürünü dəyişir, izi itirmək məqsədi ilə möhürü sobaya atıb məhv edir. İstintaq zamanı təhlükəsizlik şöbəsinin seyfindən çıxan möhürün və sənədlərin isə Kruçkova məxsus olduğu sonuncunun özü tərəfindən təsdiqləndiyindən, «Difai» bu vəziyyətdən «quru» çıxa bilir. Mirzə Məhəmməd isə sosialist firqəsinin nümayəndəsi ilə əlaqədə olduğu üçün beş illik sürgünə göndərilir. Onun sürgün edilməsi ilə əlaqədar Gəncə gimnaziyasında boşalan müəllimlik yerinə maarif cəmiyyətindən namizədliyi irəli sürülmüş Mirzə Hüseyni rus maarif müdiri işə qəbul etmək istəməsə də, Ələkbər bəy Rəfibəylinin müdaxiləsi və «Difai»nin təzyiqi ilə geri çəkilməli olur: «Rəfibəyli klubda maarif müdirindən gimnaziyaya Mirzə Hüseynin təyin olunmamasının səbəbini soruşmuş və tələbələrin himayədarlarının bu şəxsin təyin olunması üçün israr etdiklərini söyləmiş və demişdir ki, «Qorxuram ki, bir siyasi məsələ çıxa bilər. «Difai» firqəsi isə müdafiə edərək Mirzə Hüseynin təyin olunmasını tələb edir. Bu səbəbdən xoşagəlməz bir hadisə baş verə bilər. Siz buna mane olmalısınız, yəni Mirzə Hüseyni təyin etməlisiniz». Maarif müdiri bir müddət fikirləşdikdən sonra başqa çıxış yolu olmadığından əvvəlki fikrindən və qərarından vaz keçərək Gəncə gimnaziyasına Mirzə Hüseyni müəllim təyin edir» (N.Şeyxzamanlı. «Azərbaycan İstiqlal Mücadiləsi xatirələri», B., 1997, səh.24).

“Difai”nin ardıcılları

“Difai”nin fəaliyyəti tezliklə Azərbaycanda yeni milliyyətçi ruhlu təşkilatların meydana gəlməsinə təkan vərdi. O zaman Bakıda yaradılıb Şuşada fəaliyyət göstərən “Müsəlman Xeyriyyə Cəmiyyəti” və “Qarabağ Birlik Məclisi” təşkilatlarını buna misal göstərmək olar. “Qarabağ Məclisi”nin başlıca komitəsi Şuşada yerləşirdi. Onun sədri Kərim bəy Məhmandarov idi. Məclis yaxşı silahlanmış 400 gəncdən ibarət döyüş drujinası təşkil etmişdi. Bu təşkilatın proqramının əsas məqsədi hökümət idarələrinin boykot edilməsi, aqrar məsələ, partiyanın tələblərinə tabe olmayanların cəzalandırılmasından ibarət idi. “Qarabağ Birlik Məclisi” Partiyasını yaratmaqda başlıca məqsəd isə şübhəsiz ki, gələcəkdə ermənilərlə toqquşmalarda onlara layiq olduqları cavabı verməkdi. Bu partiya əhali arasında baş vermiş cinayət işlərini araşdırır, günahkarı ya cərimə edir, ya da cəzalandırırdı. Bu isə cinayət hadisələrinin və oğurluğun nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olmuşdu. 1907-ci il sentyabrın sonunda Məclisin fəaliyyəti dayandırılır. 1908-ci ildə onun Şuşa komitəsinin üzvləri həbs edilir və hökümət əleyhinə yaradılmış müsəlman partiyasında fəaliyyət göstərdiklərinə görə Həştərxana sürgün olunurlar.
1907-ci ilin may ayında korpus topoqrafı polkovnik İbrahim bəy Vəkilov tərəfindən Tiflisdə yaradılan “Müdafiə” partiyası isə Yelizavetpol quberniyasının qərb hissəsində, Borçalı və Qazaxda xeyli nüfuza malik idi. Bu partiya da “Difai”nin proqramını qəbul etmişdi. “Müdafiə” kəndlilərin məişət və mədəniyyəti, onların mülkədarlara verdikləri bəhrə vergisindən azad olunması, mövcud dövlət quruluşunun devrilməsi kimi vəzifələri qarşısına məqsəd qoymuşdu. Partiyanın mərkəzi Vladiqafqazda yerləşirdi. Təşkilatın liderləri kimi tarixi sənədlərdə Ağabəy Qiyasbəyovun, İsmayıl Xan Ziyadxanovun və Cəfər Axundovun adları göstərilir. Partiyanın əsas mübarizə vasitələri maariflənmək və qüvvə tətbiq etmək idi. Bu partiya öz fəaliyyətini 1909-cu ildə dayandırmışdı.

1905-ci ildə yenə də Gəncədə Şəfibəy Rüstəmbəyov tərəfindən “Qeyrət” təşkilatı yaradılmışdı. Təəssüf ki, tarixi mənbələr bu partiyanın fəaliyyəti barədə ətraflı məlumat vermirlər. Lakin onun “Difai” ilə sıx əməkdaşlıq etməsi məlumdur.

Bakı, 2001

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...