İstanbulun fəthindən sonra Avropada yeni bir xaç yürüşü təşkil etmək fikri gündəmə gəldi. Bu ideyanı reallığa çevirmək məqsədi ilə V Nikol və III Kalikst papalıqları dönəmində səylə xristian birliyi qurmağa çalışsalar da, bir nəticə hasil olmadı.
III Kalikst 1458-ci ilin avqust ayında vəfat etdikdən sonra, yerinə tarixdə II Piy adı ilə tanınan Sienanın keçmiş Başyepiskopu Enea Silvio Pikkolomini keçdi. Yeni papa daha çox saray intriqalarını yaxşı anlayan siyasətçi və diplomat imici ilə məşhurlaşmışdı. O, demək olar ki, Avropanın hər yerini qarış-qarış gəzmişdi, yüksək təhsilə və siyasi diplomatik bacarığa malik idi. Lakin bütün bu üstünlüklərinə rəğmən II Piy, Avropanı gündən-günə daha artıq dərəcədə silkələyən Osmanlı sultanını durdura bilmirdi.
II Piy diplomatik bacarıqlarını və siyasi əlaqələrini işə salaraq Avropada böyük anti-türk ittifaqı formalaşdırmağa çalışırdı. O, bu hədəfini gerçəkləşdirmək üçün Avropa monarxlarının konqresini çağırmaq niyyətində idi.
1458-ci il oktyabr ayının 13-də nəşr edilmiş və “Vocabit nos Pius” sözləri ilə başlayan məşhur müraciətnamədə papa II Piy, Mantuya şəhərində konqress çağırdığını elan edir. 1459-cu ildə konqressin açılışı üçün Mantuya şəhərinə gələn Papa latın dilində nitq söyləyir. Çıxış mükəmməl hazırlansa da, konqressin özü fiaskoya uğrayır, avropalı monarxlar görünməmiş dərəcədə passivlik və etinasızlıq nümayiş etdirirlər. Bununla da Piy artıq xaç yürüşləri dövrünün geridə qaldığını və qüvvələri bir bayraq altında birləşdirməyin mümkün olmadığını anlayır.
II Piy diplomatik bacarıqlarını və siyasi əlaqələrini işə salaraq Avropada böyük anti-türk ittifaqı formalaşdırmağa çalışırdı. O, bu hədəfini gerçəkləşdirmək üçün Avropa monarxlarının konqresini çağırmaq niyyətində idi.
1458-ci il oktyabr ayının 13-də nəşr edilmiş və “Vocabit nos Pius” sözləri ilə başlayan məşhur müraciətnamədə papa II Piy, Mantuya şəhərində konqress çağırdığını elan edir. 1459-cu ildə konqressin açılışı üçün Mantuya şəhərinə gələn Papa latın dilində nitq söyləyir. Çıxış mükəmməl hazırlansa da, konqressin özü fiaskoya uğrayır, avropalı monarxlar görünməmiş dərəcədə passivlik və etinasızlıq nümayiş etdirirlər. Bununla da Piy artıq xaç yürüşləri dövrünün geridə qaldığını və qüvvələri bir bayraq altında birləşdirməyin mümkün olmadığını anlayır.
Beləliklə, Mantuya Konqresində yaşanan xəyal qırıqlığı papanı, daha əvvəl dediklərini unutmağa və yeni siyasət izləməyə məcbur etdi.
Yorğun, cəsarəti qırılmış və xaçlı ordusuna güvənci boşa çıxmış papa, Fatehi xristianlığa dəvət edərək, Avropanı xilas etməyi düşünürdü. 1461-ci ildə Piy Fatehə məktub yazaraq, onu dinindən dönməyə və xristianlığı qəbul edərək qüvvələri birləşdirməyə çağırır. Bir çox tarixi qaynaqların bildirdiyinə görə, məktub sultana yetişmir. Bu məktub əslində, həmin dönəm Avropasının çarəsizliyini tam çılpaqlığı ilə göstərən əyani misaldır. Pfeffermann, Şvoebel, Zinkeysen və Babingerin əsərlərində bu məktubla bağlı geniş məlumat verilir.
Qeyd etmək lazımdır ki, həmin dövrdə Avropanın özündə Fatehin xristian olması ilə bağlı çoxdan söz-söhbət gəzirdi.
Bu söz-söhbətlərin yayılmasına səbəb isə, Fatehin Patrik Qennadiusla xristianlıq kanonları ilə əlaqədar mübahisəsi və patrikdən İncilin 20-ci hissəsinin tərcüməsini tələb etməsi olmuşdu. Bundan əlavə Fatehin anasının xristian olduğu və oğlunu öz dininin tələblərinə görə tərbiyə etdiyi, Osmanlı sultanının “Pater Noester” duasını əzbər bildiyi, hətta onun gizli bir xristian olduğu belə söyləntilər arasında idi.
Qeyd etmək lazımdır ki, türkiyəli jurnalist-araşdırmaçı Çətin Altan Sultan Mehmedin Avniya məhəlləsi ilə bağlı yazdığı bir beytə istinad edərək, İstanbul fatehinin xristian olduğu fikrini irəli sürüb. Altanın istinad etdiyi beyt belədir:
Bir frengi kâfir olduğun bilürdi Avniya (Avniya -Fatehin məhləsi- bilirdi sənin bir kafir xristian olduğunu)
Belde zünnarını boynunda çelipayı gören.
Osmanlı tarixi ilə bağlı bir sıra ciddi araşdırmaların müəllifi olan, Bilkənt Universitetinin professoru Xəlil İnalcıq isə, Altanın təqdim etdiyi beytin təhrif olunduğu qənaətindədir və əslinin aşağıdakı kimi olduğunu irəli sürərək sultanın xristian olması ilə bağlı iddianı rədd edib:
Bir frengi kâfir olduğun bilürdi Avniya
Belün ü boynunda zünnâr u çelîpâyı gören
Bildirək ki, İnalcıq papanın məktubunun sultana çatdığı fikrini də irəli sürüb. Onun fikrincə, Fateh məktubu ciddiyə almadığından, ona cavab yazmağı da artıq sayıb.
Sultanın xristian olması ilə bağlı Avropada yayılan bütün bu şayiələrdən özünəməxsus nəticə çıxaran Papa, türklərin qarşısını almağın yeganə yolunu sultanın xristianlığı qəbul etməsində gördü.
II Piy 1461-ci ildə Fatehə xitabən bir məktub yazdı. Məktubda o, sultanın bir neçə damla su ilə xaç suyuna çəkilməklə dünyaya hökm edə biləcəyini söyləyir, onu xristianlığa dəvət edirdi. Lakin Papa bu məktubu Fatehə göndərə bilmədi. Məktub Fatehin sağlığında 1469-cu ildə Köln, 1475-ci ildə isə Treviso şəhərlərində çap edildi.
II Piy məktubda yalnız xristianlığın İslamla müqayisədə “üstün”lüyünü isbat etməyə çalışmırdı. O, həm də papalıq məqamının ruhani hakimiyyəti altında bir Qərb İmperatorluğu qurmaq niyyətini də açıqlayırdı. Sultan Mehmedə Qərbə və Balkanlara hakim olduğu kimi, rahatlıqla İtaliyaya hakim ola bilməyəcəyini yazırdı. II Piy, dinini dəyişdirəcəyi təqdirdə sultana, Bizansın fəthini qanuniləşdirə biləcəyi vədini verərək, bununla da digər Avropa hökmdarlarını da qorxudacağına ümid edirdi.
Papanın Osmanlı sultanına yazdığı məktub Avropanın özündə böyük əks-səda doğurdu. Məktuba kütləvi halda nəzirələr yazılmağa başlandı. Bu bənzətmə məktublar renessans Avropasında yayğın bir şəkildə əldən ələ dolaşırdı. Halbuki, onlar müəlliflərinin xəyal məhsulundan başqa bir şey deyildilər. Bir çoxu sadəcə müəlliflərin mövzu ilə bağlı maraqlarından doğan qeyri-peşəkar ədəbi çalışma, bəziləri isə siyasi təbliğat məqsədi ilə qələmə alınmışdı. Teoloq Paolo Quistinianinin Fatehə ünvanladığı, lakin göndərə bilmədiyi məktubunda o, sultana Makedoniyalı İskəndəri deyil, xristianlığı sonradan qəbul etmiş Konstantini örnək almağı tövsiyə etmişdi.
Papanın məşhur məktubu
II Piy məktubunda Fatehə yazırdı:
“Əgər sən, xristianlar arasında hökmdarlığını yaymaq və şanına şan qatmaq istəyirsənsə, pula, silaha, orduya və hərbi gücə ehtiyacın yoxdur. Kiçik bir şey səni bu gün yaşayanların ən böyüyü, ən güclüsü və ən məşhuru halına gətirə bilər. Bunun nə olduğunu bilməkmi istəyirsən? Tapılması çətin deyil, tapmaq üçün uzun bir yol qət etmək gərəkməz: Özünü xaç suyuna çəkdirəcəyin, bununla da xristiana çevriləcəyin və İncilə inancı qəbul edəcəyin bir neçə damla su. Bunu edəcəyin təqdirdə, dünyada sənin şanından daha artıq şana sahib olacaq və ya səndən daha artıq gücə malik bir hökmdar belə olmayacaq.
Səni rumların və Qərbin imperatoru təyin edəcəyik və hazırda zorla zəbt etdiyin və haqsız olaraq işğal etdiyin yerlər o andan qanuni olaraq sənə aid olacaq. Bütün xristianlar sənə hörmət edəcəklər və anlaşılmazlıqları olduğu zaman sənin hakimliyinə etibar edəcəklər. Haqsızlığa uğrayanlar ortaq bir himayədar kimi sənə sığınacaqlar, dünyanın haradasa bütün ölkələrindən sənin yanına gələcəklər. Çoxu sənə könüllü olaraq təslim olacaq, hüzuruna gələrək xərac ödəyəcəklər. Tiranlara boyun əydirəcək, yaxşılara yardım edəcək, zalımlarla mübarizə apara biləcəksən və Roma kilsəsi doğru yolda olduğun müddət ərzində qarşına çıxmayacaq. Papalıq məqamı səni digər krallar kimi sevgi ilə qucaqlayacaq, hətta məqamın daha yüksək olacağı üçün daha bərk bağrına basacaq. Bu şərtlər altında savaşmadan və qan tökmədən bir çox zənginliklər əldə edəcəksən….
… Qüsursuz bir xristian olmaq üçün Türkün nəyi əksikdir? Oruc tutursunuz, sədəqə verirsiniz, Həccə gedirsiniz, verdiyiniz sözü tutursunuz. Mərhəmətli və müsafirpərvərsiniz. Bütün fərqimiz bir neçə damla sudur...
…Əsla düşmənlərinə yardım etməyəcəyik, əksinə, zaman-zaman Roma kilsəsinin haqlarından istifadə edərək, öz analarına asi olanlara qarşı sənin yardımını tələb edərdik. Necə ki, sələflərimiz Stefan, Adrian və Leo Lonqobardiya kralları Aistulf və Desideriusa qarşı Pipin və Şarlkeni köməyə çağırmış və tiranların əlindən xilas olduqdan sonra rumların hakimiyyətini onlara vermişlər. Biz də kilsə təhlükə içində olduğunda sənin himayənə sığınardıq və bizə bu şəkildə edilən yaxşılıqları yenə də yaxşılıqla ödəyərdik. Ah, bu necə də hər tərəfi razı salan bir barış olardı…
… Bütün yer üzündə barışı saxlamağa müktədir bir istək olardı: bu Sənin də istəklərindən biridir…”.
Fatih cavab yazdımı və ya troyalılarla türklər eyni kökdəndi?
Türk tarixçiləri Fatehin papanın məktubunu ciddiyə almadığı və ona cavab yazmadığı qənaətindədirlər. Onların fikirincə, Fatehin papaya ən gözəl cavabı, onun Avropada uğurlu səfərlərini davam etdirməsi və ardıcıl qələbələr qazanması oldu. Yalnız bir mənbə Fateh Sultan Mehmetin papaya cavab yazdığını irəli sürür. O mənbə də, maraqlıdır ki, Avropaya aid orta əsr mənbəsidi. Fatihlə arasında cəmi 50 il fərq olan, Fransanın məşhur renessans məktəbinin yetirməsi Michel de Montaigne öz məşhur esselərində (1580) İstanbul fatehinin papaya bir cavab məktubu yazdığını irəli sürüb.
Məktubun maraqlı tərəfi, təkcə onun mövcudluğunun orta əsərlərə aid və son dərəcə ciddi qəbul edilən bir müəllifə aid tarixi mənbədə təsdiqini tapması deyil, həm də bu məktubda Osmanlı sultanının türklərlə etruskların soyunun bir olmasını ifadə etməsi, eləcə də soyla bağlı bu fikrin orta əsrlərin Avropasında qəbul edilməsidi. Həmin məktub əslində türk tarixinin bir çox qaranlıq məqamlarından xəbər verir. Məktubun orijinalının Vatikan arxivində saxlanıldığı iddia edilir. Bu səbəbdən də, məktubun tam mətni əldə deyil və indiyədək heç bir mənbədə tam şəkildə öz əksini tapmayıb. Michel de Montaigne öz esselərində məktubdan yalnız kiçik bir parçanı təqdim edir: "Türklərin padşahı II Mehmet papamız II Piyə bunları yazdı: İtalyanların mənə düşmən olmasına doğrusu heyrətlənirəm! Biz də italyanlar kimi troyalıların soyundanıq! Yunanlardan Hektorun qisasını almaq, mənim qədər onların da üzərinə düşər. Onlar isə mənə qarşı duraraq, yunanların tərəfini saxlayırlar".
Maraqli melumatdi. Tesekkur edirem.
YanıtlaSil