Ana içeriğe atla

Köhnə Yaxın Şərqdə yeni oyunlar


2007-ci ilin gəlişi ilə Yaxın Şərqdə baş verən proseslər yeni axara düşdü. İraqın keçmiş prezidenti Səddam Hüseynin edamı və bunun bir mənalı qarşılanmamısının ardından bölgədə yeni oyunların qurulması aşkarlandı. Türkiyə, İran, Suriya kimi bölgə dövlətləri, o cümlədən ABŞ-ın rəhbərlik etdiyi Qərb cinahı bölgədə yeni nüfuz savaşına girdilər. Bölgədə baş verənlər arasında Ən diqqət çəkəni qardaş Türkiyədə baş verən olaylar və İranla bağlı proseslər oldu. Türkiyəyə daxildən problemlər yaşatmaq arzusunda olan qüvvələr keçən ilin əvvəllərində olduğu kimi bu il də aktivləşdilər. İran isə Amerikaya meydan oxumaqla yeni müttəfiqlər axtarışına çıxdı və məqsədinə müəyyən qədər nail ola bildi də. 


Türkiyəyə yeni təzyiqlər 

Türkiyə yeni ilin ilk aylarında yeni çalxalanmalara məruz qaldı. Məhz bu dövlət ABŞ-ın və ya onun arxasında duran QÜVVƏNİN «Yaxın Şərqin yeni xəritəsini çəkmək planını əngəlləmək» və bölgədə öz avtoritetini qəbul etdirmək əzmkarlığı nümayiş etdirməkdədir, Türkiyənin AKP iqtidarının qərbyönümlü siyasətinə rəğmən. Və bu səbəbdən də qardaş ölkədə baş verənləri Türkiyəni sıradan çıxırmağa hesablanmış zərbələr kimi qiymətləndirmək olar. 

Türkiyə içində solçulara yaxınlığı ilə seçilən, dövlət və millətlə bağlı heç də müsbət anlamda qəbul olunmayacaq «fikirlərin» sahibi, erməni jurnalisti Hrant Dinkin qətlə yetirlməsi ilə ölkə içində yeni canlanma yarandı. «Hamımız erməniyik, hamımız Dinkik» deyə küçələrə axışan və əsasən sol ideologiya və etnik təmsilçilərdən ibarət qruplar bir neçə günlük olsa belə diqqəti öz üzərilərinə cəlb edə bildilər. Lakin, qətldən bir müddət keçdikdən, yəni necə deyərlər cılğın başların sakitləşməsindən sonra, baş verənlərin fərqinə varan ictimaiyyətin əsas elitası, olanların çox təhlükəli bir məcraya geçə biləcəyini anladı. Bu o zaman idi ki, Türkiyədə aktiv olaraq Kərkük məsələsi gündəmə gəlirdi, Türkiyə Böyük Millət Məclisi bu məsələni ciddi olaraq müzakirəyə çıxarmağa hazırlaşırdı, iqtidar partiyası olan Ədalət və Kalkınma Partiyası müxalif rəqibləri ilə müqayisədə xeyli səs itkisinə məruz qalmışdı, Milliyyətçi Hərəkat və Cümhuriyyət Xalq Partiyaları isə əksinə keçirilən son sorğuların nəticələrinə görə, qarşıdan gələn parlament seçkilərində ən azı keçid həddini aşa biləcəkdilər. 

Dinkin ölümünün nəyə və kimə xidmət edəcəyi məhz Türkiyənin ictimai-siyasi həyatında həmin günlər nələrin baş verməsi ilə birgə götürülərək təhlil edilə bilər. 

Yeniyetmə bir gəncin, «günün-günorta çağı» tapança ilə bir erməni jurnalistini küçənin ortasında qətlə yetirməsi ilk növbədə Türkiyənin daxilində getdikcə daha çox tərəfdar qazanan milliyyətçi qüvvəni nüfuzdan salmağa və Türkiyənin daxilində ciddi qarşıdurmalara təkan verməyə hesablanmış addım idi, desək yanılmarıq. Fikir verək, Dinkin qətlindən sonra, solçu və qərbpərəst mətbuat orqanları hadisəyə, məhz yuxarıda sadaladığımız faktorların işə salınması üçün əsaslar verə biləcək məqalələrlə çıxış etməyə başladılar. Avropa mətbuatı daha irəli gedərək Dinki «əzabkeş ermənilərin soyqırım qurbanlarının» siyahısına əlavə etməyə belə səy göstərdi. İngilislərin «İndependent» qəzeti erməni jurnalisti «soyqırımın bir milyon beş yüz min birinci qurbanı» adlandırdı. Ermənilər isə bu zaman vaxtdan istifadə edərək (baxmayaraq ki, erməni lobbisinin Dinkə münasibəti heç də xoş deyildi) Avropada tez-tələsik etiraz aksiyaları təşkil etməyə başladılar. Hələ biz, Türkiyədə nəşr olunan bəzi mətbuat orqanlarında erməni quruluşlarının «Rahat uyu Hrant, biz buradayıq» şüarlarını çap etdirməsini demirik. Bir sözlə, hər şey Türkiyənin daxilində böyük qarşıdurmanın yaradılması, əsəblərin tarıma çəkilməsi üçün hesablanmışdı. Bəlkə də hər şey əvvəldən düşünülmüş ssenari ilə gedə bilərdi, lakin bəzi detallar nəzərdən qaçmışdı, xoşbəxtlikdən… 

Türkiyədə daha tez «ayıldılar». Ssenarini yazanlar «Biz hamımız erməniyik…» şüarının Türkiyənin daxilində son dərəcə nifrətlə qarşılanacağını tam götür-qoy edə bilməmişdilər. Məhz bu tip heç bir çərçivəyə sığmayacaq dərəcədə şüursuz və məntiqsiz şüarların səslənməsi baş verənlərin əslində əvvəldən hesablanmış bir şey olduğunu ortaya çıxardı. Məsələnin əsl mahiyyətini anlayan sivil quruluşlar və ictimai xadimlər bu tip mitinqlərin keçirilməsini qınayaraq bunun haqlı olaraq Türkiyə üçün baş ucalığı gətirməyəcək bir şey olduğunu bəyan etdilər. Və beləliklə, «Hamımız türkük, hamımız Mehmetciyik» şüarı ilə yeni aksiyalar keçirildi ki, bumeranq effekti yaradan bu şüar tezliklə bütün Türkiyənin əsas şüarına çevrildi. Millətçiləri və milliyyətçiliyi hədəfə almağı, eyni zamanda Türkiyənin daxilində qarşıdurma yaratmağı hesablamış qüvvələr əksinə, ölkə içində millətçiliyin daha da yayqınlaşması və nüfuz qazanması üçün şərait yaratmış oldular. Bütün bu baş verənlərin fonunda isə Yaxın Şərq adlı şahmat lövhəsi üzərində oynayan dövlətlərin incə gedişləri getdikcə daha sürətli və kəskin çalar aldı. 

Türkiyənin başını daxili problemlərlə qatmağa çalışan və bunun üçün erməni jurnalistini «qurbanlıq» seçən qüvvələr qarşılarında yenə Türkiyə Silahlı Qüvvətlərini gördü. Dink olayının şirilmiş eyforiyası öz aktuallığını itirdikdən sonra başqa və daha ciddi bir problem özünü biruzə verdi. Kərkük məsələsinin öz aktuallığını saxlamasına rəğmən dövlətin daxilində siyasi iqtidarla hərbçilərin arasında fikir ayrılığının ortaya çıxması, yeni problemlərin başlanğıcının əsasını qoydu. 

ABŞ hər vəhclə Türkiyədəki siyasi iqtidardan Bərzani ilə görüşməyi tələb edir və təzyiqləri artırır. Siyasi iqtidarın Xarici işlər naziri Abdullah Gülün timsalında Bərzani ilə görüşün prinsip etibarı ilə mümkün ola biləcəyini söyləməsi fonunda, silahlı qüvvətlərin mövqeyini Genelkurmay başqanı Yaşar Böyükanıt ifadə edir: «Heç bir görüşdən söhbət belə gedə bilməz!». Böyükanıtın Amerikaya səfəri zamanı bu mövqeyi daha sərt və aydın ortaya qoyması, eyni zamanda Bərzaninin PKK-ya yardım etdiyini bildirməsi, ABŞ-dan «PKK ilə bağlı nə lazımdırsa edin, etməsəniz biz lazım olanı edərik» tələbini irəli sürməsi, silahlı qüvvətlərin bu məsələdə mövqeyinin dəyişməz və konkret olduğunu sübut etdi. 

Türkiyə prezidenti Əhməd Necdət Sezər isə öz mövqeyini atdığı addımla nümayiş etdirdi. Sezərin Türkiyəyə gələn İraq Prezidentinin yardımçısı Adil Abdül Mehdi ilə görüşməyərək, Bərzani hökumətinə öz etirazını bildirdi. Əvəzində isə Türkiyə prezidenti İranın Xarici İşlər naziri Manucöhr Mutteki ilə görüşməyə üstünlük verdi. Türkiyə mətbuatı prezidentin bu addımını «İraqa və ABŞ-a incə mesaj» olaraq dəyərləndirməkdədir. Türkiyə prezidenti ilə İran rəsmisinin nə barədə danışacaqları hələ məlum olmasa da, hər halda Yaxın Şərq və PKK mövzusunun da müzakirə predmetinə çevriləcəyini istisna etmək olmaz. Bu arada İran təkcə Türkiyə ilə deyil, bölgə dövlətləri ilə də ədaqələrini genişləndirmək üçün bütün səylərini səfərbər etməkdədir. 


İran təhdid edir 

İrana gözlənilməz dəstək okeanın o tayından gəldi. Venesuela İranın uranın zənginləşdirilməsi ilə bağlı apardığı işi, bu dövlətin və xalqının təbii haqqı olduğunu bəyan edərək onlara dəstək verdi. Qeyd edək ki, Venesuela prezidenti Cənubi Amerika dövlətlərinin «ABŞ imperializminə qarşı bir cəbhədə birləşməsi» ideyasının müəllifidir. ABŞ-ın necə deyərlər «qulağının dibindən» gələn bu dəstək İranın müttəfiq axtarışında təkcə Asiya dövlətləri ilə kifayətlənməyəcəyini, hətta lazım olarsa Venesuela prezidenti kimi sol baxışlı bir dövlət başçısı ilə də «şeytan əməlinin yer üzündəki ifaçısı» Amerikaya qarşı əməkdaşlıq etməyə hazır olduğunu sübut etdi. Bu dəstəklə yanaşı, bölgənin, yəni Yaxın Şərqin özündə baş vermiş ən son maraqlı razılaşmaya da İran prezidenti imza atdı. 

Suriya prezidenti Bəşər Əsədlə Əhmədnecatın Tehranda keçirilən iki günlük görüşü ABŞ və İsrail əleyhinə yeni bir ittifaqın elan edilməsi ilə nəticələndi. Tehranda keçirilən görüşdən sonra, təşkil edilmiş mətbuat konfransında hər iki ölkənin prezidenti maraqlı açıqlamalarla çıxış etdilər. Hər iki dövlət başçısı bölgə dövlətlərini «ABŞ və İsrailin sinsi planlarına qarşı oyaq olmağa» cağırdı. Prezidentlər açıq şəkildə ABŞ və İsraili bölgəyə müdaxidlə etmiş «düşmən dövlətlər», bu ittifaqı isə «düşmənlərin şeytani planlarını pozmağı qarşısına məqsəd qoymuş təbii birlik» kimi dəyərləndirdilər.  
Əsədin səfər zamanı Ayətullah Əli Hamneyi ilə də görüşdüyü bildirilir. Görüş zamanı Hamneyinin «İran və Suriya düşmənin hücumlarına qarşı birgə hərəkət etməlidir» və ya «hər iki ölkə İraq, Fələstin və Livan məsələlərində birgə hərəkət etməlidir» ifadələrini görüşün yekun nəticə olaraq ifadə etməsi bu ittifaqın əsas hədəflərini ortaya qoymuş oldu. 

Bölgədə yeni alternativ, güc mərkəzini formalaşdırmağa iddialı olan Tehran-Şam ittifaqının sonrakı addımlarının nə olacağını da təhmin etmək mümkündür. Türkiyənin loyallığını qazanmağa çalışacaq bu ittifaq, ən azı Livan və Fələstin hökumətlərini də bura daxil etmək üçün əllərindən gələni edəcəkdir. Bütün bu görüşlərin və razılaşmaların baş verdiyi anda isə Qərb cinahı parçalanma yaşamaqdadır. 


Maraqlar toqquşdu 



ABŞ bu zaman baş verənləri müşahidə etməklə kifayətlənmir, sanki İraq adlı bataqlıqda batmayacağına az qala bütün dünyanı inandırmaq həvəsi ilə «mən hələ varam» prinsipi ilə hərəkət edərək öz rəsmilərinin (məsələn, Kondaliza Raysın) dili ilə, bölgəyə yeni nizam gətirəcəyini israrla bildirməklə yanaşı, İrana qarşı qəti addımlar atmaqdan tam vaz keçmədiyini də xatırlatmaqdadır. 

Lakin, Böyük Britaniya və Danimarkanın İraqda yerləşən hərbi hissələrini geri çəkmək barədə qəbul etdikləri qərar ABŞ-ı pis vəziyyətdə qoydu. İraqda təkbaşına qalan Amerikanın İranla bağlı hədələrini reallaşdıracağı bu baxımdan inandırıcı görünmür. Zatən, İngiltərənin qoşunları geri çağırmasını İranla bağlı məsələdə Amerikaya təzyiq kimi də başa düşmək olar. Keçən nömrələrimizin birində biz, Orta Doğu Projesində ABŞ və İngiltərənin maraqları arasında yeganə üst-üstə düşməyən məqam kimi İran rejiminə msünasibətin olduğunu bildirmişdik. ABŞ-ın İrana hərbi müdaxiləsinin əleyhinə olan İngiltərə həmin bölgədəki neft ixracından götürdüyü gəliri (əsasən İranda mövqeləri heç də zəif olmayan BP və başqa qərb yönümlü neft şirkətlərinin köməyi ilə) itirmək niyyətində deyil. ABŞ-ın İraqda mücahidlərlə baş-başa qalması isə, Vaşinqtonu İran kompaniyasından bir növ diksindirə bilər. Etiraf etmək lazımdır ki, İran İraq deyil və hərbi müdaxilə olarsa Amerikanın heç bir dəstək olmadan bu bölgədə nəsə əldə etməsi qeyri-mümkündür. Bu səbəbdən son zamanlar okeanın o tayının yadına on illərdir ki hüquqları pozulan Azərbaycan türkləri düşüb. İpə-sapa yatmayan İran rejiminə başqa yolla təzyiq etmək mümkün deyil. Lakin İraqda türkmənlərə heç bir qiymət verməyən ABŞ-ın Azərbaycan türklərinə səmimi olaraq müttəfiq kimi baxacağı, fikrimcə inandırıcı deyil. 

İngiltərə isə Pəhləvilərin taxtdan salınmasından sonra «islam inqilabı»nın köməyi ilə əldə etdikləri mövqeləri itirmək istəmirlər. ABŞ isə əksinə Orta Doğu ilə bağlı layihəsini reallaşdırmaq üçün inqilaba qədərki nüfuzunu bərpa etmək niyyətindədir. Bu bir həqiqətdir ki, Orta Doğunun qapısı əgər Türkiyədirsə, ürəyi İrandır, ruhu qan ağlayan Təbriz olan İran… 


Bakı, 2007

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...