Bir gün jurnalistlər Çerçilldən demokratiyanı necə qəbul etdiyini, onun mənasını necə başa düşdüyünü soruşurlar. Cavabı maraqlı olur: «Democracy is a very bad form of government. Unfortunately all the others are so much worse» («Demokratiya bərbad bir dövlət formasıdır. Lakin təssüf ki, digərləri də o qədər bərbaddır»). İllər keçir, jurnalistlər Ukraynada baş vermiş məxməri inqilabdan sonra Rusiyanın müdafiə naziri Sergey İvanova da eyni sualla müraciət edirlər. Nazir cavab verir: «Democracy is not a potato that grows wherever you plant it» («Demokratiya kartof deyil ki, onu planlaşdırdığın yerdə əkəsən»).
Ortaya atılan hər yeni ideyanın tərəfdarları, irəli sürdəkləri fikirlərin daha gözəl, yeni bir dünya quracağına iddia edərlər. Bu «yeni dünya düzəni»nin bəşəriyyətə sülh, azadlıq və bolluq gətirəcəyində israr edərlər.
Tarixdə XIX əsr bütünlüklə və XX əsrin ilk yarısı «istismar çağı» olaraq qəbul edilir. Bu dönəmdə Avropa dövlətləri hərbi güclərindən yararlanaraq Asiya, Afrika və Cənubi Amerikada işğalçı müharibələr aparıblar. Bütün bu istilaların da ideoloji əsası yaradılmışdı: «bəyaz irqin üstünlüyü». «Bu üstünlüyün başlıca vəzifələri» sırasında «az inkişaf etmiş irqlərə mədəniyyət gətirmək», «Qərb mədəniyyətinin təməlini təşkil edən xristianlığı həmin az inkişaf etmiş millətlərin arasında yaymaq» kimi «fikirlər» xüsusi əhəmiyyət təşkil edirdi. Əslində isə bütün bunlar qərb dövlətlərinin biri-biriləri ilə apardıqları «rəqabət yarışını»nın görünən yönlərindən idi.
Əslində bu «yarış» yeni bir şey deyildi. «Yeni düzən» adı altında təkrar ortaya sürülən görüşlərin kökü ən az miladdan öncəki Roma İmperatorluğuna qədər gedib çıxmaqdadır. Günümüzdəki «dünya düzəninin» təməli XVIII əsrdə başlayan «imperatorluq» və «demokratiya/cümhuriyyət» tipli iki siyasi düzən arasında gedən rəqabət dönəmində ortaya atıldı. İngiltərə İmperatorluğu və Avropadakı digər üç böyük imperatorluq (Çar Rusiyası, Avstriya-Macarıstan və Almaniya) «imperatorluq düzəninin» yaşaması üçün bütün güclərini ortaya qoyurdular. Qarşılarında isə Amerika (1776) və Fransa (1789) inqilabları və bu inqilabları təşkil edən qüvvələr və onun ideoloji bazasını müəyyənləşdirmiş fikir sistemi dururdu. İnqilabların gerçəkləşdirilməsinin əsasını, bəziləri ideoloji fikir axını kimi mütləqiyyət və müstəqil respublika dünya görüşləri arasındakı yarışın nəticəsi olaraq, bəziləri də dünyaya öz «düzənini» gətirməyə iddialı olan pərdəarxası fövqəlqüvvənin öz iddialarını gerçəkləşdirmək üçün fəaliyyətə keçməsi kimi qiymətləndirirdi.
XX əsrin əvvəllərində Avropadakı həmin üç böyük imperatorluq təlatümlərlə zəngin bir tarix yaşadı. Almaniya I Dünya Müharibəsindən böyük zərərlər və itkilərlə çıxdı, Avstriya-Macarıstan dağıldı. Çar Rusiyasında isə kommunizm kabusu əsdi…
Tomas Mor «Utopiya» əsərini yazanda ideal cəmiyyət arzularını qələmə almışdı. Kommunistlər qurmaq istədikləri ideal «sosialist cəmiyyətinin» ideoloji bazasını da məhz «Utopiya»dan götürürdülər. Onlar da bu cür yeni dünya düzəni qurmaq istəyirdilər. Bu gün Sovet İmperiyası yoxdur, kommunistlərin qurmaq istədiyi «yeni sosialist dünya düzəni» ideyası da iflasa uğrayıb.
Şərq blokunun 1989-cu ildə çökməsinin ardınca o dövrün ABŞ prezidenti Buş yeni bir dünya düzəni qurulduğunu söyləmişdi. O zamandan bu yana «Yeni dünya düzəni» haqqında çox şeylər yazıldı, böyük müzakirələr və konfranslar təşkil edildi. Ata Corc Buşun «Yeni Dünya Düzənini» elan etməsindən sonra beynəlxalq məsələlər üzrə ekspert və ABŞ-ın keçmiş xarici işlər naziri Henri Kissincer sözu edilən düzənin yalnız tam mənası ilə XXI əsrdə anlaşılacağını söyləməsi bu gün özünü yada salır. Diplomatın o zaman hansı mənada bu ifadəni işlətməsini bilməsək də, biz artıq bu «düzənin» yaratdığı düzənsizliklərin şahidi olmaqdayıq.
Ata Buşun «Yeni Dünya Düzən(sizliy)i» ideyasının tam sürətlə gerçəkləşməsi planı isə oğlunun qismətinə düşdü. ABŞ prezidenti «XXI əsrin tarixini yazacaqlarını» bəyan etdi. Kondaliza Rays isə daha irəli gedərək «Yaxın Şərqin yeni xəritəsini çəkəcəklərini» söylədi. Hələ də tam formada açılmayan və naməlum sirr pərdəsi ilə örtülmüş 11 sentyabr hadisələrindən sonra «düzən» qurucuları yeni hədəflərini açıqladı: Böyük Yaxın Şərq Layihəsi: Şimali Afrikadan Cənubi və Ön Asiyaya doğru böyük bir ərazini əhatə edən, insanlığın ilk sivilizasiya məkanı, dinlərin və qədim inancların qarışdığı və çulğalaşdığı tarixi məkan - YAXIN ŞƏRQ.
Bu gün 11 sentyabr hadisələri ilə yeni bir tarixi dönəmə daxil olan Şərq dünyası, bəlkə bu müddətlə birlikdə tam mənasında sonu görünməyən bir qeyri-müəyyənliyə doğru getməkdədir: «Terroristləri cəzalandırmaq məqsədi» ilə Əfqanıstana qarşı başladılan savaş, İraqın işğalı, Livana edilən müdaxilə və ardınca start götürən daxili qarşıdurmalar, Fələstində hakimiyyət uğrunda daxili savaşlar, «şər üçbucağının» elan edilməsi ilə paralel olaraq Gürcüstanda, Ukraynada, Qırğızıstanda «məxməri inqilablar», Yaxın Şərqin qapısı Türkiyədə terror probleminin qabarması, daxili siyasi qarşıdurmalar və sair.
XXI əsrin başlanması ilə Yaxın Şərqdə yenidən eyni daşlarla oynamağa başladılar. Zatən, I Dünya Müharibəsindən sonra yalnız Yaxın Şərqdə eyni daşları yenidən oyuna salırdılar. Lakin niyə məhz Yaxın Şərq? Nəyə görə 4 min ildir ki, Avropa məkanında liderliyi ələ keçirmiş istənilən sivilizasiya birinci hədəf kimi məhz Orta Doğunu – Yaxın Şərqi görür? Eramızdan əvvəl yunanlar, romalılar, makedoniyalılar, Rusiyanın şimalından köç edib Əhəməni adı ilə bölgəyə axın edən, bütün yerli dəngələri sürətlə alt-üst edən farslar, orta əsrlərdə Vatikanın səfərbərliyi altında xaç yürüşlərində iştirak edən ingilislər, almanlar, fransızlar, italiyanlar, yeni tarix dövründə I və II dünya müharibələri zamanı demək olar ki, Avropanın aparıcı dövlətlərinin hamısı və nəhayət XX əsrin sonu XXI əsrin əvvəllərində ABŞ-ın rəhbərliyi altında koalisiya qüvvələri. Səbəb nədir? Neft, 20 ildən sonra sürətlə tükənəcəyi ehtimal edilən və hətta neftdən daha qiymətli olacağı bildirilən su və ya başqa təbii sərvətlər? Kim bilir.
Yox, əgər bu «yeni dünya düzəni»nin mahiyyəti demokratiyadırsa… Demokratiya həqiqətən də hər şeyin üzərinə qəlib kimi oturacaq bir əlbisə deyil. Bir bədənə əvvəldən yaxşı oturarsa, digərinə bir qədər uyğunlaşdırıldıqdan sonra yarayar, başqa birisinə isə heç oturmaz. Bir torpaqda tutar, digərində bir qədər keçdikdən sonra alınar, başqasında isə gün gələr hətta zərər verər. İngiltərənin XX əsrin ikinci onilliyindən etibarən 5-10 nəfərlik topoqraf və mütəxəssislərdən ibarət əli cədvəlli bir komandasına sərhədlərini çəkdirdiyi başı bəlalı Yaxın şərq və Şimali Afrikaya illərdir bu «demokratiya kartofu»ndan əkmək istədilər və yenə də buna çalışırlar. İraqda Feysəli, ailəsini və adamlarını parça-parça edərək ətlərini günəşdə qurudan General Əbdülkərim Kasım İngilis malı sistemindən İraq malı demokratiyaya keçməyə cəhd göstərdi. Əhali içində əmin-amanlıq yaratmaq üçün fərqli etnik və dini görüşlərə malik əşirət liderləri və şeyxləri ilə görüşərək, onların maraqlarını uzlaşdırmağa çalışdı. Digər tərəfdən Misirin (daha doğrusu Nasirin) liderliyi ilə Ərəb dünyasında tərəfdar toplamağa başlayan İhvan hərəkatı (pan-ərəbizm) «Baas» partiyasını yaradaraq Yaxın Şərqin taleyinə ciddi bir zərbə vurdu. Bütün Yaxın Şərq ərazisində birləşmiş ərəb dövlətini yaratmağı proqramında məqsəd kimi göstərən «Baas» İraq, Suriya və Yəməndə iqtadara gəldi. Yarı sosialist, yarı sünni, yarı pan-arabist görüntüyə sahib, mahiyyəti qarışıq Baas rejimi əslində, çoxlu etnik və dini fərqliliyi içində təcəssüm etdirən Yaxın Şərqin kiçik modeli sayıla biləcək İraq üçün, maraq sahiblərinin (dünyanın düzənini özlərinə uyğun formalaşdırmağa çalışan qüvvələrin) mənfəətləri baxımından uyğun bir seçim idi.
Lakin avtoritar idarəçəlik, 21-ci əsrin “Yeni Dünya Düzəni” strategiyası üçün məqbul hesab edilə bilməzdi. Əfqanıstan və İraqda öz simasını itirən ABŞ, öz maraqlarını və təsir dairəsini artıq yeni bir üslubda sınaqdan keçirmək məcburiyyətində qalırdı. Oğul Buşun birbaşa müdaxilə siyasətini, yeni prezident Obama, “demokratik müdaxilə” strategiyası ilə əvəz etdi. Nəticədə, fərqi nədir, əsas müdaxilə olsun! Və beləliklə ABŞ-ın yeni üslubda fərqli şəkil almış ekspansiyasına start verildi – “Ərəb baharı" gəldi Yaxın Şərqə…
"Ərəb baharı"nın gətirdiyi "demokratiya"...
“Ərəb baharı” ilə içdən qarışdırılan ərəb ölkələrində “demokratya” tələbləri ilə dəyişikliklər baş verdi. İraqa müdaxilədən daha fərqli ssenari Misir, Tunis, Yəmən, Liviyaya tətbiq edildi. Suriya da artıq düşmək üzrədir.
Bu gün Yaxın Şərqə münasibətdə başda İsrail, ABŞ və İngiltərə olmaqla bazardan pay almaq və söz sahibinə çevrilmək üçün sürünərək Livana doğru yaxınlaşan Fransa və Almaniya kimi ölkələrin bölgənin gələcəyinə olan baxışları arasındakı fərqlər ortadadır. Və bu fərqlərin bir ümumi «prinsipi» qeyd edilir: «Bölgədə yeni düzən – demokratik, terrorsuz bir düzən qurulmalıdır».
Yəni, demokratiya hələ də vahid millət kimi tam olaraq formalaşmamış etnosların əsrlərdir yaşadıqları torpaqlarını savaş və ya sərbəst ticarət məkanına çevirmək istəyən GÜCÜN bu topluluqlara atdığı tarixi və qanlı bir tələdir.
Lakin bütün bunlar- təbii sərvətlər, demokratiya, terrorla mübarizə və sair bu kimi nəsnələr ikinci dərəcəlidə ola bilər. Əslində «Yeni Dünya Düzəni»ndə Yaxın Şərqə biçilən rol dünyanın dəyişdirilməsindən ibarətdir. Çünki dünyanın ruhi bütünlük açarı məhz Yaxın Şərqdir. Və Yaxın Şərq yer üzündə yeganə məkandır ki, min illər boyu insan beyinlərində daşlaşmış bir inanca görə, onu nəzarətə götürməklə, DÜNYA HAKİMİ olmaq mümkündür. Bəlkə elə dörd min illik bu savaşların əsl mahiyyəti elə indiyədək bizə naməlum qalan HƏQİQƏTLƏRDƏN, o hakimliyi qazanmaqdan ibarətdir?
Yorumlar
Yorum Gönder