Ana içeriğe atla

70-de doğulanlar


70-Cİ İLLƏRDƏ DOĞULANLAR...


Keçən əsrin 70-ci illərindən başlayaraq hər onilliyində anadan olmuş nəslin özünəməxsus xüsusiyyətləri var. Fərqli və müxtəlifliklərlə dopdulu olan 70, 80 və 90-cı illərin nəsilləri bəlkə də özləri də bilmədən indi və gələcəkdə Azərbaycanın həyatında doğrudan da önəmli rol oynayacaq bir mətanətə sahibdirlər. Amma bu 3 onilliyin içində yeganə olaraq 70-ci illərdə anadan olanlar, bütün keşməkeşli və çətinliklərlə dolu uşaqlıq və gənclik illərini bəlkə də doğrü dürüst yaşaya belə bilmədilər. 
Məhz onların uşaqlıq və yeniyetməlik illəri “Azadlıq” deyə hayqıran bir millətin əsarət zəncirini qırmaq üçün meydanlara axışdığı dövrə təsadüf etdi. Məhz onlar 80-ci illərin sonlarında çörək qıtlığını yaşadılar, talonla alınan 200 qram ətlə tanış oldular. Məhz onlar, gizlin şəkildə 80-nin sonlarında bütün sovet imperiyasında bir möcüzə kimi qarşılanan video maqnitafona əlahiddə bir sehr aləmi kimi pərəstiş etdilər, ilk dəfə azad mahnı üslubu ilə rəqs etməyə başladılar. Kommunistlərin ütülü və dəfələrlə senzuradan keçmiş standart mahnılarına deyil, məsələn, “Miraj”, “Kombinasiya”, “Laskoviy may”, “Karmen” qruplarınnın üsyankar treklərini dinlədilər. 50 və ya 60-cı illərdə anadan olan nəsillərdən fərqli olaraq o dövrdə doğulanlar hind aktyorlarının deyil, bu qrupların üzvlərinin və ya türk aktyorlarının şəkillərini ciblərində gəzdirdilər. Qızları Əmrahın və İbrahim Tatlısəsin filmləri ilə ağladılar, oğlanlar isə dərslərdən qaçaraq avtobuslarda yerləşən və ya köhnə klublarda təşkil edilən videosalonlarda Çin və ABŞ istehsalı olan savaş filmlərinə baxaraq, oradakı qəhrəmanlara özlərini bənzətməyə çalışdılar.İlk dəfə diskoteka mühitini sərbəstliyin simgəsi və nəzarətdən, senzuradan kənar bir məkan yeri kimi qəbul edən yeniyetmələr məhz 70-cilər idi. İlk dəfə kola içən onlar oldu, ilk dəfə əcnəbi saqqızın keyfini və o saqqızdan çıxan rəngli açıqcaların kolleksiyası ilə digər həmyaşıdlarına acıq vermənin ləzzətini də onlar yaşadılar. Banan şalvar, enli köynək, ofiserski papaq hər yeniyetmənin arzu etdiyi geyim dəstinə çevrildi. Qızlar Sandra, Madonna və ya Sabrina kimi saş düzümü edir, oğlanlar isə Şatunov kimi geyinir, qızlara İbrahim Tatlısəsin filmlərindəki eşq kimi romantik hisslər yaşamaq üçün yanaşır, Silvester Stallonenin sovet qoşununa qan udduran “Rembo”su kimi bədən şişirtməyə çalışırdılar. Beləliklə, bütün bunları edərək romantik, üsyankar və qürurlu bir nəsil kimi zamanın diqtəsinə meydan oxuyurdular. VƏ QANLI YANVARDA BU NƏSİL ÖZ ŞƏHİDLƏRİNİ VERDİ! İLK DƏFƏ DÜŞMƏN QARŞISINDA ÖZ QANLARINI AXITDILAR! VƏ BİR ÇOX YAŞLI NƏSLİN HƏTTA BU ZAMAN BELƏ PARTBİLETİNDƏN BƏRK-BƏRK YAPIŞDIĞI ZAMAN, İLK DƏFƏ BİR MƏKTƏBLİ OLARAQ SİYASİ ETİRAZIN ƏSASINI QOYDULAR! BU QANLI QIRĞINA ETRAZ OLARAQ PİONER QALSTUKLARINI və KOMSOMOL NIŞANLARINI MƏKTƏB HƏYƏTLƏRİNDƏ QALADIQLARI TONQALLARA ATARAQ YANDIRDILAR VƏ BİR DAHA O QALSTUKU BÜTÜN HƏDƏLƏRƏ RƏĞMƏN BOYUNLARINDAN ASMADILAR!
Onlarla, yəni 70-ci illərdə anadan olanlarla başladı azad və düşüncəsi, iradəsi olan gənclik yetişməyə. Onlardan Pavlik Morozovlar yetişə bilməzdi. Onlar öz uşaqlıq və yeniyetməliklərini meydanlarda keçirərək, hətta bəzən orada qalanan tonqaların ətrafında gecələyərək, öz kiçik yumruqlarını böyüklərinə baxaraq “Qarabağ” tələbi ilə yuxarı qaldırmaqla yetişirdilər... 
Və ilk dəfə məhz 70-ci illərdə anadan olanlar vətən müharibəsində iştirak etmək üçün birbaşa məktəb partasından, universitet auditoriyasından cəbhə bölgəsinə yollandılar! O səbəbdəndir ki, kişi cinsindən 71-74-cü illərdə anadan olan nə qədər az nümayəndəmiz var. Onların çoxu bu gün ŞƏHİDLƏR XİYABANINDA əbədiyyata qovuşublar. Siyasi təlatümlər, vətən müharibəsi – bu nəslin gəncliyinin bir parçası oldu! Bu nəsil yeniyetmə, gənc ikən 20-ci əsrin sonunda bir soyqırımın necə yaşandığının şahidi oldu öz gözləri ilə! Bu nəsil şəhid verən, qazi yetişdirən ən gənc nəsil oldu! Gəncliyini yaşaya bilməyən, arzularında boğulan gənc nəsil...
70-ci illərin nəsli qan da gördü, vətəninin azadlığını da, millətinin soyqırıma uğramasını da, ata yurddan didərgin düşmənin acısını da...
Onların sevinci üçrəngli bayrağın 70 ildən sonra təkrar qürurla dalğalanması, savaşı Qarabağ, dərdi isə özlərini anlada bilməmək oldu. Onlar hər çətinliyi gördülər. Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasının şahidi oldular. Bu anları yaşadılar. Yeganə görə bilmədikləri, yaşaya bilmədikləri yeniyetmə və gəncik çağları oldu... 
Bunu yaşamaq üçün onların sadəcə zamanı qalmadı...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Türkizmlər

Qərbi Avropa dillərində türkizmlər  Türkologiya uzun müddət qarşısına qoyulan səddləri aşaraq, nəhayət ki, adını öz üzərinə götürdüyü ulu bir etnosun tarix və ədəbiyyatının qaranlıq səhifələrinə qovulmuş şanlı irsini öyrənmək istiqamətində ciddi nəticələr əldə etməkdədir. Əsasən 20-ci əsrdən populyarlaşan «bəşəriyyətin ən mədəni və şanlı irsini hind-avropalılar yaratdılar» şüarı ilə oturub-duran «alimlər» tərəfindən ortaya atılmış paradokslarla zəngin bir əfsanə, nəhayət ki, bir çox türkoloq ziyalıların göstərdikləri çaba ilə gerçək sifətini açmağa başladı. Oljas Süleymanov demişkən, «Budda ayağına tapınan buddalılar tək, Hind-Avropa çəkməsinin dar qəlibinə sitayiş edən çəkməçilər bizə həqiqəti söyləyə bilməz, bu həqiqəti biz özümüz yada salmalıyıq». Böyük bir mədəni epoxanın yaradıcısı olan türklərə o dərəcədə həqarət edilirdi ki, onlarda hətta bir yazı və əlifbanın olmadığı belə müzakirə predmetinə çevrilmişdi. «Türklər köçəridir, maldardır, onların mədəni irsi ola bil...

Hantinqton

Hantinqtonun təhlükəli nəzəriyyəsi  Samuel Hantinqtonun hay-küylü «mədəniyyətlərarsı münaqişələr» nəzəriyyəsi təhmin edilə biləcək şəkildə güclü mübahisələrə və dünya siyasətini izləyənlər arasında böyük dartışmalara – hətta iki amerikalı politoloqun dili ilə desək «nəzəriyyələrin toqquşmasına» səbəb oldu. Hantinqtonun nəzəriyyəsi bir çox məsələlərlə bağlı olsa da, xüsusilə beynəlxalq münasibətlər, ABŞ-ın xarici siyasəti və İslam-Qərb, İslam-demokratiya münasibətləri sahələrində önəmli mübahisələr yaratdı. Yazı ilə bağlı münasibətləri nəzərdən keçirərkən onları şərti olaraq yeddi qrupa ayırmaq mümkündür.