Ana içeriğe atla

"Ərəb baharında" domino effekti: Misir


Misirdə yeni bir çevriliş baş verdi. Siyasi qarşıdurmalar fonunda gərginliyin yatırılması üçün beynəlxalq ictimaiyyətin konsensus çağırışının nəticəsiz qalması, yeni bir dəyişikliyə səbəb oldu. Əslində hadisələrin gedişatı, belə bir sonluğu proqnozlaşdırmaq üçün kifayət qədər əsaslar verirdi. Ordunun uzlaşma çağırışına və 48 saatlıq zaman verməsi tələbinə, prezidentin sandıqdan aldığı referans və “ərəb baharı”ndan qalma güvənci ilə güzəştə getməyəcəyini açıq şəkildə bəyan etməsi, qarşıdurmanın gərginləşəcəyinin siqnalı idi.
Nəticədə, ordu dövriyyəyə girdi. “Düzəni qurmaq məqsədi ilə qısa müddətlik” bir çevriliş gerçəkləşdirdi və idarəyə əl qoyaraq, prezidentin istefaya getdiyini açıqladı. Müdafiə naziri Əbdülfəttah əl-Sisi, bununla kifayətlənməyərək mövcud anayasanı da asqıya aldıqlarını və növbəti seçkilərə qədər Konstitutsiya Məhkəməsinin rəhbəri Adli Mansurun prezidentin səlahiyyətini icra edəcəyini açıqladı. 
Keçid höküməti qurulacaq, 9 ay- 1 il müddətində ümumi seçkilər və prezident seçkiləri keçiriləcək.
BELƏLİKLƏ, YAXIN ŞƏRQ ÜÇÜN ÇEVRİLİŞ QAPISI, QƏRB ÖLKƏLƏRİNİN SƏSSİZ DƏSTƏYİ VƏ KÜÇƏLƏRİN ƏLİ İLƏ YENİDƏN AÇILDI... TAHRİR MEYDANI İSƏ, ÇOX QƏRİBƏ BİR ŞƏKİLDƏ DEMOKRATİYANIN ARDINDAN HƏRBİ ÇEVRİLİŞİ DƏ ÖZÜ İLƏ GƏTİRMİŞ OLDU...
Mursi hər nə qədər tərəfdarlarını müqavimətə çağırsa da, hesablaşmanın növbəti seçkilərdə sandıqda gedəcəyi aydındır.
Amma “qardaş”ların səssiz qalacağına ehtimal azdır. Onlar artıq tərəfdarlarını qarşıdurmaya getmədən etirazlara qatılmağa dəvət ediblər. Lakin Misirdı qan töküləcəyi kəsin... Ordu yerini rahat şəkildə möhkəmlədə bilməyəcək... 
General Əbdülfəttah əl-Sisinin televiziya ilə çıxışında qeyd etdiyi məqamlar, qardaş Türkiyədə 1980-ci il hərbi çevrilişinə çox bənzəyir. “Xalq ordunu xidmət etməyə dəvət etdi” - bu tezis keçən əsrin ortalarında nə az, nə çox düz 3 dəfə Türkiyə siyasi iqtidarlarını və siyasətçilərini çalxalamışdı. İndi Misirdə eyni hal baş verməkdədir. Partiyalardan bəzilərinin bağlanması, siyasətçilərin həbsi, Konstitutsiyanın qüvvədən düşməsi, keçid texnokrat hökümətin formalaşması və demokratik seçkilərə gediş sürəcinin elanı... Türkiyə keçən əsrdə 1960-cı ildən başlayaraq dəfələrlə bunları yaşadı...
Misirdə də eyni ssenari gedir...

Tahririn gətirdiyi məqamlar
Nə oldu ki, “Ərəb baharı”nın Yaxın Şərqdə əsdirdiyi rüzgarla demokratik seçkidə prezident seçilmiş biri, 1 il keçdikdən sonra, çevriliş ilə vəzifəsindən uzaqlaşdırıldı? Hələ bir il bundan əvvəl Tahrirdə prezidentə əl çalan xalq, nə oldu ki, indi də onu iqtidardan salan orduyla qucaqlaşdı?
Bu qarışıq müddətdə bir neçə maraqlı məqamlar diqqət çəkir...

İLK MƏQAM: UNUTMAMALIYIQ Kİ, MÜBARƏKİN GETMƏYİNİ İSTƏYƏNLƏR, İHVANIN GƏLMƏSİNİ İSTƏMİRDİLƏR...
İhvan ərəb dünyasında ən yayğın və güclü islami hərəkat hesab edilə bilər. Məhz bu hərəkatın gücü və nüfuzu bu gün ABŞ, Suriya və İsraili bu çevrilişə göz yummağa vadar edir. Suriya çevrilişi dəstəkləyir, ABŞ sadəcə yumuşaq mövqe ortaya qoymaqla demokratiyaya tez bir zamanda keçidin baş verəcəyinə ümid etdiyini dilə gətirir, Avropa isə ümumiyyətlə hələ susmaqdadır... Hətta təkcə qərb ölkələri deyil, ərəb rejimləri də iqtidarın tam şəkildə İhvana keçməsindən narahat idilər. İHVAN – “ƏRƏB BAHARI”NIN DOMİNO EFFEKTİ İDİ...
Misir xalqının da İhvana münasibəti birmənalı deyil. Tərəfdarları olduğu kimi, çox sayda əleyhidarları da var. Və birincilərlə müqayisədə ikincilər, siyasi nöqteyi nəzərdən daha aktivdirlər. Misir eyni zamanda dünyəvi baxışlara üstünlük verən bir xalq cameəsinə sahibdir. Mursinin dayağı isə, radikal islamçılar idi...
Mursi “qardaşlar”a güvənirdi. Bu “ərəb baharı”nın ruzgarını Yaxın Şərqə pərçimləyən qüvvələrin istəyi ilə də üst-üstə düşmürdü. Onlar bu “baharı” 2011-in qışında ona görə gətirməmişdilər...
Digər tərəfdən İhvan, Mübarək iqtidarına qarşı mübarizədə əsas siyasi qüvvə olsa da, Tahrirdə hər zaman geri planda durdu. Sonrasında da, xatırlayırsınızsa, “prezidentliyə namizəd verməyəcəklərini” açıqladı. Lakin bunun tam əksi oldu. Həm parlament, həm də prezident seçkilərini qazandılar. İhvan, Misirdə bütün siyasi daşlar yerinə oturmadan, səhnəyə çıxdı. Çıxması ilə Fələstinin BMT-də müşahidəçi status qazanmasına Mursi iqtidarının əli ilə tam siyasi dəstək verdi. Sina yarımadası isə faktiki olaraq HAMAS-ın nəzarətinə keçdi... 

İKİNCİ MƏQAM MURSİ İLƏ BAĞLIDIR. Kürsüyə oturduqdan sonra barışdırıcı mövqe sərgiləmədi. Dialoqdan qaçdı və hətta müxaliflərinə qarşı sərtlik göstərdi. Sələfi müttəfiqlərinə və "müsəlman qardaşlar"a güvənərək özünü tam səlahiyyət sahibinə çevirəcək bir konstitutsiyanin qəbul edilməsi prosesinə start verdi. Iqtisadiyyata əhəmiyyət verərək, xalq dəstəyini qazanmaği düşünmədi. Hətta məhkəmə, media və bürokratik aparatla bir sıra problemlər yaşadı. Daxili sabitlik təmin edilmədi. Xarici siyasət kursunda isə, qeyri müəyyənlik hökm sürdü. Və nəticədə etibar erroziyası yaşandı...
Mursi demokratik lider imici də formalaşdira bilmədi. Məclis işləmədi. Məhkəmə ilə münasibətlərdə qarşıdurma yarandı. Yeni konstitutsiya da bütün qüvvələrin razılığı ilə hazırlanmadı. Hətta diktator kimi qəbul ediləcəyinə yol açacaq bəzi dəyişikliklər etmək niyyətinə düşdü. Lakin beynəlxalq təzyiq gücləndikcə, güzəştə getməli oldu. 

VƏ...
Bu çevriişin ən pərdəarxası məqamı: ABŞ müdafiə naziri Çak Hagel keçən həftə iki dəfə əl-Sisi ilə tefonla danışdığını təsdiqləsə də, detallara varmaq istəmədiyini, sadəcə Misirdəki son durumu müzakirə etdiklərini açıqlayıb. 
Hüsnü Mübarək dönəmində, ABŞ Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən olan Misirin ordusunu illərlə etdiyi yardımlarla ayqda tutdu və bu vəziyyət “ərəb baharı”ndan sonra da dəyişmədi. Mursini devirən Misir ordusu, ABŞ-dan ildə 1,3 milyard dollar yardım alır. Bu ordunun yüzdə 20 faiz xərcinin okeanın o tayından ödəndiyi mənasını ifadə edir.Yardımlar yəhudi lobbisinin razılığı olmasa edilmir. Mursi hökumətinin isə, İsraillə münasibəti, yumuşaq ifadə edilərsə, isti hesab edilə bilməzdi. Hətta bir ara bu münasibətlər o qədər kəskinləşdi ki, hər iki qonşu ölkənin arasında hərbi qarşıdurmadan belə söz edilməyə başlandı. Yardımlarsa Misir ordusuna konkret şərtlərə əməl etməklə verilir: İsrail ilə savaşmamaq, Kemp Devid razılaşmasına əməl etmək! 
Maraqlıdır ki, ABŞ qanunlarına görə “demokratik yolla seçilmiş bir iqtidar, əsgəri bir çevrilişlə devrildiyi təqdirdə Amerika hökumətinin yardımları kəsilir”. Bu səbəbdən hamının diqqəti ABŞ prezidentinin öz çıxışında konkret olaraq “çevriliş” ifadəsindən istifadə edib-etməyəcəyində idi. Barak Obama ilk açıqlamasında əsgər müdaxiləsindən narahatlığını dilə gətirərək, tez bir zamanda səlahiyyətlərin demokratik yolla seçilmiş mülki iqtidara devr edilməsini gözlədiklərini bəyan etdi. Lakin Obama, birbaşa “çevriliş” mənasını ifadə edən söz işlətmədi...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...