Ana içeriğe atla

Yaxın Şərqin Suriya bəlası

Yaxın Şərqdə yaşanan son olaylar, əsasən də Suriyada yaşananlar hazırda bütün dünya ictimaiyyətinin nəfəslərini dərərək diqqətlə izlədiyi ən başlıca hadisələrdir. Küseyr hadisələrindən sonra Əsəd tərəfdarlarının demək olar ki, ölkə ərazisində öz gücünü və nüfuzunu təsdiq etdiyi bir məqamda, hər şey anidən dəyişdi. Dəməşqdə ortaya çıxan güclü müxalif silahlı qruplaşma və onları məhv etmək üçün rejimin kimyəvi silah tətbiq etməsi ilə bağlı dünyaya yayılan xəbərlər, Misir hadisələrini ikinci plana çəkərək, gündəmə yenə də Suriyanı oturtdu.
ABŞ diplomatik avantaj axtarışında...
Suriyada gedən proseslərdə xarici faktor hər zaman, daxildən daha ciddi şəkildə böyük və önəmli olub. Məsələn, Misir, Yəmən və ya Tunisdə daxili faktor ciddi qəbul edilirdisə, Suriyada bunun tam əksini görmək mümkündür. Əslində, kimyəvi silah tətbiqi iddiası ilə əlaqədar olaraq Suriyada yaranan son durumu kifayət qədər kritik qiymətləndirməklə, buna olan müxtəlif reaksiyalar və qarşıda baş verəcək proseslərlə bağlı açıqlamalar bunun ən bariz nümunəsidir. 
Hazırda Suriyaya müdaxilə dünya gündəminin ilk sırasında durur. Aparıcı media orqanları isə müdaxilənin hansı istiqamətdən olacağını müzakirə predmetinə çeviriblər. İngiltərənin “The Guardian” qəzeti Kiprin yunan hissəsində hücum hazırlığı ilə bağlı xəbərlər yayıb. Bununla əlaqədar olaraq Akrotiri hava limanına c-130 tipli əsgər daşıma təyyarələri və savaş jetlərinin endiyi bildirilir. Vurğulamaq lazımdır ki, bu xəbərlər müdaxilənin ola biləcəyindən xəbər verir. Akrotiri limanı ilə Suriya arasındakı məsafə 100 mildən daha azdı və hava zərbələri üçün ən münasib məkan hesab edilə bilər. Trükiyədə də bununla əlaqədar olaraq mümkün hərbi hazırlıqlar aparılmaqdadır. Hətta rəsmi Ankara, lazım gələcəyi təqdirdə yeni bir təzkərə çıxaracağını da bəyan edib. 
Lakin bütün hərbi hazırlıqlara rəğmən Suriyaya müdaxilə ilə bağlı diplomatik həmrəyliyə nail olunduğu söylənilə bilməz. Rusiya Suriyaya yardım etməyəcəyini bəyan etsə də, müdaxilənin tərəfdarı olduğunu da ifadə etməyib. Əksinə, Rusiya xarici işlər naziri Sergey Lavrov, Birləşmiş Millətlərin izni omayan müdaxiləni, beynəlxalq hüquq normalarına zidd hesab etdiklərini açıqlayıb. Hətta dünən Hollandiyanın Lahey şəhərində Suriyaya dair sülh konfransına hazırlıq məqsədilə rusiyalı diplomatlarla avqustun 28-ə təyin olunan danışıqlar təxirə salınıb. Bununla əlaqədar olaraq ABŞ Xarici Siyasət İdarəsinin rəsmisi artıq açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Suriyada kimyəvi silah tətbiqinə cavaba dair məsləhətləşmələrin davam etməsi ilə əlaqədar olaraq belə bir qərar qəbul edilib və yaxınlarda bu görüş keçiriləcək. Rusiya xarici işlər naziri Gennadi Gatilov isə, görüşün təxirə salınmasından məyus olduqlarını açıqlayıb. ABŞ-ın sülh konfransı ilə bağlı nəzərdə tutulan görüşü birtərəfli şəkildə, əvvəldən xəbərdarlıq etmədən təxirə salması, əslində Vaşinqtonun Suriya məsələsində Rusiyanın nazı ilə oynamaq niyyətində olmaması kimi də qiymətləndirilə bilər. Zatən görüşün təxirə salınması ilə paralel iki önəmli xəbər, diplomatik dairələrin diqqətini çəkdi. Gündəmə Lavrovun Davudoğlu ilə mümkün görüşü gətirildi ki, ABŞ böyük ehtimal, Rusiyanı yola gətirmək üçün Türkiyədən yararlanmaq niyyətindədir. Və əlavə olaraq da Rusiya ilə görüş baş tutmasa da, ABŞ İsrail nümayəndə heyəti ilə görüş keçirdi. Bəyaz Sarayda beynəlxalq təhlükəsizlik məsələləri üzrə müşavir Kondaliza Rays İsrail nümayəndə heyətini qəbul edərək, bölgədəki son vəziyyəti müzakirə edib. Təbii ki, görüş zamanı Suriyaya hərbi müdaxilə başlıca müzakirə predmeti olub və tərəflər əməliyyatlar zamanı atacaqları addımlar barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda hərbi müdaxilə zamanı İran və Hizbulahın adekvat reaksiyaları ilə bağlı proqnozlar da müzakirə üçün masaya yatırdılıb. 
Vurğulamaq lazımdır ki, BMT-də Rusiyanın ciddi müxalifəti ilə üzləşən ABŞ, paralel olaraq NATO və Ərəb Liqasının müdaxilə ilə bağlı dəstəyini də qazanmağa səy göstərir. 


Türkiyədən yeni təzkərə...
Türkiyə iqtidarı isə, son hadisələrə mövqeyini Əhməd Davudoğlunun dili ilə bildirdi. BMT Təhlükəsizlik Şurasının qərarı çıxmasa belə, müdaxilənin tərəfdarı olduqlarını açıqlayaraq, hətta bu müdaxiləyə qeyri-rəsmi olsa belə hüquqi status verə biləcək yeni format da təklif etdi: Konüllülər Koalisiyası. ABŞ və İngiltərənin bu koalisiyanın qurulmasında iştirak edəcəkləri, onların son rəsmi mövqelərindən və döyüş hazırlıqlarına start vermələrindən də aydın olur. Almaniya və Fransanın timsalında Avropa isə hələ qəti mövqe sərgiləməkdə tələsmirlər. Onlar kimyəvi silah tətbiqini pisləsələr də, BMT-nin qərarı üzərində vurğu edirlər. Eyni zamanda avropalıların kimyəvi silah tətbiqi məsələsinə yanaşmalarında da bir ehtiyatlı mövqe nümayiş etdirdikləri görülməkdədir. Məsələn, bunu Almaniyanın baç naziri Anjela Merkelin öz sözcüsü vasitəsi ilə, “Kimyəvi silah tətbiqi sübut edilərsə (!), güc tətbiq etməyi istisna etmirik” – açıqlaması ilə çıxış etməsi sübut edir. 
Türkiyə siyasi dairələrində də Suriya məsələsi ilə bağlı ciddi fikir ayrılığı mövcuddur. Türkiyə müxalifəti, başda Cümhuriyyət Xalq Partiyası olmaqla hərbi müdaxilənin əleyhinədir. Başbakan yardımçısı Bülent Arıncın Suriyaya müdaxilə ilə bağlı gərəkərsə yeni bir təzkərə (qərar) çıxaracaqlarını bəyan etməsi isə, ümumiyyətlə siyasi gündəmə öz damğasını vurdu. Məsələ ondadır ki, Türkiyə iqtidarı artıq bir ildən çoxdur ki, israrla Suriyaya hərbi müdaxilənin zəruriliyini bəyan edir. Bununla əlaqədar olaraq, keçən il – 6 oktyabr 2012 – Türkiyə Silahlı Qüvvələrinin Suriyaya mümkün hərbi müdaxiləsi ilə bağlı qərar çıxarılmışdı və bu qərar 1 il qüvvədədir. Qərar keçən il Akçaqala hadisələrindən dərhal sonra qəbul edildi və bu ilin oktyabr ayının 6-na qədər türk əsgərinin Suriyaya müdaxiləsinə əsas verir. Mövcud qərarın hələ müddətini başa vurmadığı halda yeni bir qərarın gündəmə gətirilməsi isə, siyasi kluarlarda 1 mart 2003-cü il təzkərisi ilə müqayisələr aparılmasına səbəb olub. Vuruğulayaq ki, TBMM-də müzakirə edilən, lakin qəbul edilməyən 1 mart 2003 qərarı, İraq hərbi əməliyyatlarından əvvəl ABŞ silahlı qüvvələrinin Türkiyədə cəmlənməsini nəzərdə tuturdu. Bu səbəbdən ABŞ xarici işlər naziri Con Kerrinin Vaşinqtonun liderliyində Suriyaya mümkün hərbi müdaxilə olacağını dilə gətirməsi fonunda, Davudoğlu ilə telefon danışığı və ardından da Arıncın yeni bir təzkərəni gündəmə gətirməsi təsadüf görünmür. Lakin müxalifətin, ilk növbədə CHP və MHP-nin buna qarşı çıxacaqlarını proqnozlaşdırmaq olar. 
Lakin bu da bir həqiqətdir ki, Türkiyə heç bir şəkildə hazırki durumu ilə Suriyanı çəkməyə hazır deyil. Nə iqtisadi, nə hərbi, nə siyasi cəhətdən qonşuluğunda ikinci bir Əfqanıstanın olması, Türkiyənin nə daxili, nə də xarici maraqlarına uyğun gəlmir. Unutmaq olmaz ki, hər Əfqanıstanın bir Pakistanı da var və Türkiyənin ikinci Pakistan olması, onun hər mənada maraqlarına ciddi zərbədir. 

Rusiya faktoru
Suriyaya hərbi müdaxiləyə qarşı çıxan və rejimə dəstəyi heç bir çübhə doğurmayan iki gücün çahidi olmaqdayiq. Onlardan biri Rusiya, digəri isə İrandır. Hər iki dövlətin maraqlarından doğan öz səbəbləri var. Və bu səbəbləri ciddiliyi hər iki dövlət üçün Suriya savaşını prinsipial edir. Səbəbləri nəzərdən keçirək və ilk öncə Rusiyadan başlayaq.
Soyuq savaş dönəminin bitməsi ilə Rusiyanın təkcə Balkanlarda deyil, eləcə də Yaxın Şərqdəki mövqeəri xeyli laxladı. 2001-ci il isə, ümumiyyətlə Rusiyanın Yaxın Şərqə təsirinin getdikcə tamamilə sıradan çıxmasnın başlamasının start ili kimi götürmək olar. Lakin Rusiya bölgədə öz mövcudluğunun yox sayılmasını qəbul edə bilmir. Və müəyyən qədər olsa da, Yaxın Şərqdə öz varlığını təsdiq etmək niyyətindədir. Suriya bu istiqamətdə son qaladır və onun əldən getməsi, Moskvanın bölgədəki gücünü tamamilə itirmək anlamına gəlir, desək yanılmarıq. 
Rusiya bölgədəki öz mövcudluğunu nisbi olsa da tədiq etmək üçün, Hərbi Dəniz Donanması faktorundan istifadə etmək niyyətində idilər. Liviyanın Tripoli limanında və Yəmənin Sokotra arxipelaqında yeni hərbi baza yaratmaq və Suriyada yerləşən, rusların icarəyə götürdüyü Tartus limanını genişləndirmək başilica məqsəd idi. Lakin “Ərəb baharı” bunun qarşısını aldı. Liviyada Qəddafi, Yəməndə Saleh rejimi çökdükdən sonra, hakimiyyətə gələn qüvvələr ruslarla anlaşmaqda maraqlı deyildilər. Beləliklə rusların əlində yalnız, icarə götürdükləri Tartus limanı qalır. Ruslar yaxşı anlayırlar ki, Əsəd gedəndən sonra formalaşan yeni hökumətin ilk işi rus bazasını bağlamaq olacaq. Bununla da rusların bu bölgədə real gücünü itirməsi deməkdir. Bu səbəbdən biz, son iyirmi ildə ilk dəfə olaraq Rusiyanın hansısa bir dövləti (oxu: iqtidarı və ya rejimi) belə ciddi-cəhdlə, qərbin hər hansı təzyiqlərinə məhəl qoymadan, ardıcıl şəkildə müdafiə etdiyinin şahidi oluruq. Əslində Rusiya əslində özünü, Yaxın Şərqdə öz mövcudluğunun son nişanəsini müdafiə etməkdədir. 

İran faktoru
Əslində Səddam Hüseynin devrilməsindən sonra Yaxın Şərqdə ciddi bir güc boşluğu yarandı. Və bu gün birmənalı şəkildə demək mümkündür ki, o boşluğu İran və ona bağlı olan Hizbullah doldurmağa çalışır. İran faktoru Yaxın Şərqin istənilən nöqtəsində öz təsirini göstərir. Bunu, növbəti hədəfə çevrilə bilmək ehtiyatından irəli gələn özünü müdafiə instinkti kimi də qiymətləndirmək mümkündür. İran, Suriyada gedən proseslərin davam etməsində maraqlıdır. 
Burada başqa bir məqam, yaranmış son geosiyasi durumla bağlıdır. İraqda siyasi hakiməyyətlə bağlı mənzərəni göz önünə gətirsək, ortaya maraqlı məqam çıxır. İran öz ətrafında bir halqa formalaşdırmaqdadır: İraq-Suriya-Livan zəncirindən ibarət. Suriya bu halqada ən önəmli detaldır. Olmazsa, olmaz. Hətta bu səbəbdən Əsəd rejimi devriləcəyi təqdirdə belə, rəsmi Tehranın və Hizbullahın, Suriyadakı mövqelərini tərk etməyəcəyi aydındır. İran hərbi güc vasitəsi kimi Hizbullahdan yararlandığı kimi, yeni bir siyasi güc də ortaya qoymağa çalışacaq. Bu gücün konturları isə indidən bəllidir: Nüseyri və ələvi ittifaqından doğan şiə siyasi birliyi. İran bu səbəbdən təkcə Hizbullah vasitəsi ilə hərbi deyil, siyasi nöqteyi-nəzərdən tərəfdarlarını da aktivləşdirməyə çalışır və hər cür dəstək olacağını gizlətmir. İran və Hizbullah Suriya məsələsinə son dərəcə ciddi yanaşır. Suriyada mövqelərinin itirilməsi, İranın təhlükəsizlik təminatının əldən verilməsi anlamındadır. Hizbullah isə, birmənalı şəkildə Livana sıxışmış halda qalacaq. Bu səbəbdən Hizbullah vasitəsilə Tehranın, müəyyən əks addımlar atması gözləniləndir. Məsələn, onsuz da Livanı tam nəzarətdə saxlayan Hizbullahın bu ölkəni tamamən ələ keçirməsindən tutmuş, İsrailə raket zərbələri endirməsinə qədər...

Niyə indi?
Əslində ən çox cavabı verilməli olan sual məhz budur: Niyə indi hərbi müdaxilə gündəmə gətirildi? Kimyəvi silah tətbiqi ilə bağlı iddialar artıq bir ildir ki, səsləndirilir. 2012-ci ildə də oxşar açıqlamalar və ittihamlar olmuşdu. Əslində bu sualın ən birinci cavabı hərbi əməliyyatların son zamanlar yaratdığı mənzərə ilə bağlıdır. Yuxarıda da qeyd etdik: Əsəd demək olar ki, Suriyaya yenidən hakim olmaqda idi, müxalifət isə əzilmiş, ümidsiz və parçalanmış bir vəziyyətə düşmüşdü. Əsəsd rejimini geosiyasi hədəfləri və Yaxın Şərqdəki istiqrarının başlıca təhdidi olaraq görən qərb, qüvvələrin belə bir düzülüş şəklində 2-ci Cenevrə sülh konfransına getməsində maraqlı deyildi. Təbiətin ana qanunu var: Bizi öldürməyən şey, gücləndirir! Birinci konfransdan fərqli olaraq, ikincidə danışıqlar masasına silah və zorakı yolla olsa belə, özünü təsdiq etmiş və dünyaya meydan oxuya bilmiş bir Əsəd oturacaqdı ki, onu da hansısa güzəştlərə və ya siyasi koalisiyaya məcbur etmək mümkün olmayacaqdı. Konkret və çərçivəli müdaxilə isə, qüvvələr balansını qərbin istəyinə uyğun şəkildə düzülməsinə kifayət edəcək. 

Müdaxilənin konturları
Hərbi müdaxilə ediləcəksə, bu çərçivəli olacaq və rejimin devrilməısini hədəf kimi götürməyəcək. İndilikdə bütün açıqlamalar bu məzmundadır. Məqsəd hava müdaxiləsi ilə 450-yə yaxın hədəfi məhv etmək, Türkiyə və Suriya arasında qaçqınların keçməsi üçün tampon bolğə formalaşdırmaqdır. O zaman yeni bir sual ortaya çıxır: Niyə hədəf İraqa ikinci müdaxilədə olduğu kimi, rejimin tam devrilməsinə nail olmaq deyil? 
Burada ABŞ-ın istəyi maksimum dərəcədə İran təhdidinin qarşısını almaq, İsrailin təhlükəsizliyinə nail olmaq və “Washington Post”un da yazdığı kimi, Əsədi devirmək deyil, cəzalandırmaq, bir növ gözdağı verməkdir. Bu zaman müdaxilə üçün, məsələn, 1991-İraq, 1992-Somali, 1999-Kosova, 2011-Liviya müdaxilələri kimi konkret çərçivəli müdaxilələr əsas götürüləcək. Təbii ki, daha böyük səbəb ABŞ, İsrail və qərbin Əsəddən sonrakı Suriyada onları nə gözlədiyini bilməmələridir. Daha doğrusu onlarda Suriyanın gələcəyini formalaşdıracaq siyası palitrası barədə əminlik yoxdur. ABŞ Suriyanı Əfqanıstan və İraq kimi etmək istəmir. Bu İsrailin gələcək təhlükəsizliyini ciddi şəkildə sual altında qoya bilər. Eyni zamanda Misirdəki kimi, hər şeyi siyasi qüvvələrin də öhdəsinə buraxmaq niyyətində deyil. Orada da seçki Müsəlman qardaşların qələbəsi ilə nəticələnmişdi. Zatən orada baş verən son hərbi çevriliş də məhz, İsrailin təhlükəsizliyinin təmin edilməsi baxımından son dərəcə önəmli bir proses kimi qiymətləndirilə bilər. Beləliklə qərb, Suriyada qətiyyən risk etmək niyyətində deyil. Demək, Əsədi istəməsələr də, ona hələ ehtiyacları var. 
Başqa tərəfdən Suriyadakı müxaliflər də parçalanmış durumdadırlar. Onları birləşdirən yeganə amal – Əsədə qarşı savaşmaqdır. Mahiyyət etibarıylasa, bu qüvvələr postƏsəd dönəmi üçün biri-biri ilə kəskin rəqabətə, hətta mübarizəyə girəcək hərbi-siyasi birləşmələrdir. Hazırki dönəmdə qərb tərəfindən dəstəklənən Suriya Azadlıq Ordusu zəifdir və xalq arasında bir o qədər tərəfdarı yoxdur. Lakin Nusra (əl-Qaidənin Suriya uzantısı) və İhvan (Müsəlman qardaşlar) birləşmələri kifayət qədər dəstəyə və gücə malikdirlər. Və Əsəddən sorakı dönəmdə mübarizə məhz bu iki qruplaşma, eləcə də İranın dəstəyi ilə formalaşdırılacaq şiə (nüseyri-ələvi) qruplaşması arasında gedəcək. Onların heç biri qərbin maraqlarına cavab vermir və İsrail üçün birmənalı şəkildə təhdiddir. ABŞ-ın Suriyanın gələcəyini bu qruplaşmaların öhdəsiə buraxmaq niyyətində olmamasının səbəbidir ki, Obama adminstrasiyası hətta indinin özündə də hərbi müdaxilə barədə danişsa da, hələ düyməyə basmayıb. ABŞ və İsrailin Suriyanın gələcəyi ilə bağlı gözləntiləri ikinci Cenevrə Konfransında ortaya qoyulacaq. Təbii ki, zəifləmiş Əsəd və parçalanmış müxalifətlə bir masada əyləşərkən. İndi hər şey, sadəcə bu masanın arxasında oturacaq qüvvələrin balansını saxlamağa yönəlib.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...