Ana içeriğe atla

TÜRKIYƏDƏ “DEMOKRATIKLƏŞMƏ”


Türkiyədə AKP iqtidarının “Demokratikləşmə paketi”ni açıqlaması ilə, qardaş ölkədə siyasi ab-hava getdikcə dəyişməkdədir. Tərəfdarları olduğu kimi, əleyhidarları da olan paketə münasibət, bu gün Türkiyə ictimaiyyətini ən azı iki yerə bölüb. Siyasilərdən tutmuş, ekspertlərə, ictimai fəallara, hətta sıravi insanlara qədər hər kəs, Türkiyənin gələcəyinə şübhəsiz ki, kifayət qədər ciddi şəkildə təsir edəcək bu yeniliyə öz münasibətini bildirir. “Demokratikləşmə paketi”ni bir “inqilabi dəyişiklik” kimi qiymətləndirənlərdən tutmuş, “vətənə xəyanət” olaraq dəyərləndirənlərə qədər hər kəs, bu qarışıq müzakirələrin içində öz mövqelərini ortaya qoymağa çalışır. 

Əslində isə, paketin açıqlanacağı aylardır ki, Türkiyə gündəmində idi və rəsmi Ankara ictimaiyyəti köklü dəyişikliklərə hazırlamaq üçün müəyyən siqnallar verirdi. “Kürd açılımı” və ondan sonra gələn “PKK ilə atəşkəs razılaşması”, yayda baş verən “Gəzi parkı hadisələri” gözlənilən dəyişikliklərin bir növ carçısı hesab olunmalı idi. İstər PKK-nın atəşkəs və ölkə ərazisini tərk etmələriylə bağlı razılaşmaları pozacaqları ilə bağlı hədələri, istərsə də “Gəzi parkı” hadisələri, siyasi iqtidara növbəti güzəştlər üçün təzyiq formaları idi. Nəticə isə artıq göz qabağındadır: Türkiyənin baş naziri “Demokratikləşmə paketi” adı altında hazırladığı dəyişiklikləri ictimaiyyətə təqdim etdi.
Paketdəki müddəalar
Sentyabrın 30-da açıqlanan, baş nazirin müavini Bəşir Atalayın rəhbərlik etdiyi komissiyanın hazırladığı “Demokratikləşmə paketi”ndə nəzərdə tutulan dəyişikliklərin bir qismi qanunların dəyişdirilməsi, bir qismi isə idarəçilik üsullarında dəyişikliklərin tətbiq edilməsi ilə həyata keçiriləcək. 
“Demokratikləşmə paketi” ilk olaraq siyasi və seçki islahatları ilə başlayır. Hökumət paketdə seçki baryeri ilə bağlı üç variant təklif edir: 10 faizlik mövcud baryerin saxlanılması, onu 5 faizə endirilməklə 5-lik seçki qruplarına keçidlə sıxılmış seçki bölgəsi formatına keçid və ya seçki baryerinin qaldırılıb ölkədə birmandatlı dairələrin formalaşdırılmasıdır. 
Digər təklif partiyalara dövlət yardımı və təşkilatlanma ilə bağlıdır. Təklifə əsasən dövlət yardımı almaq üçün tələb olunan 7 faizlik səs tələbi 3 faizə endirilir. 20-ci maddə qaldırılaraq, daha əvvəl mövcud olan vilayət bələdiyyələrinin ən azı yarısında təşkilat qurmaqla bağlı tələblər qüvvədən salınır. Seçki məcəlləsinin 15-ci maddəsinə əlavələr edilməklə, partiyalara 2 nəfərdən çox olmamaq şərti ilə həmsədrlik institutu qurulmasına icazə verilir. Eyni zamanda 11-ci maddənin də dəyişdirilməsi ilə siyasi partiyalara üzvlüklə bağlı bəzi qanuni əngəllər aradan qaldırılır və səs vermək hüququ olan hər kəs partiya üzvü ola bilir. Bundan əlavə Yeni siyasi partiyalar haqqında qanuna əsasən siyasi partiyalara fərqli dillərdə siyasi təbliğat aparmaq hüququ da tanınır. Mitinq və yürüş hüquqları ilə bağlı da dəyişikliklər nəzərdə tutulub. Buna qədər açıq havada aksiyaların gün batmasına bir saat qalmasına qədər, qapalı meydanlarda isə saat 23-ə qədər keçirilməsinə icazə verilirdisə, yeni paket bu müddəti bir saat uzadacaq. 
“Demokratikləşmə paketində” daha bir təklifin “nifrət” cinayəti ilə bağlı cəzaların sərtləşdirilməsi ilə bağlıdır. Belə ki, yeni təkliflərə əsasən irqi, milli, dini, cinsi, siyasi düşüncə fərqliliyi ilə bağlı işlənən cinayətlərə görə cəzalar ağırlaşdırılır, həbs müddəti 1 ildən 3 ilədək artırılır. Dini inanc məsələlərində sərbəstliyə təminat verən paketdə, bunun qarşısını alanların da 1 ildən 3 ilədək həbs cəzasına məhkum olunacaqları nəzərdə tutulub. Yeni dəyişikliklərə əsasən ictimai qurum və quruluşlarda çalışan qadınlara baş örtüyü ilə bağlı qadağalar aradan qaldırılır. Bu qadağa yalnız rəsmi geyimi olan ordu, polis, məhkəmə və prokurorluq orqanlarına aid olmayacaq.
“Paket”də nəzərdə tutulan başqa bir dəyişiklik, özəl məktəblərdə fərqli dil və ləhcələrdə təhsilə icazə verilməsidir. 2923 saylı Qanuna ediləcək dəyişikliklə, fərqli dil və ləhcələrdə özəl məktəblər təsis edilə bilinəcək. Dil və ləhcələr Bakanlar Kurulunda təspit ediləcək. Bu məktəblərdə müəyyən dərslər türkçə oxudulacak.
Eyni zamanda paketdə kənd və qəsəbələrin adlarının dəyişdirilməsi asanlaşdırılır. Daha bir islahat təklifi Nevşehir Universitetinin adının Hacı Bektaş Vəli Universiteti adlandırılması ilə bağlıdır. süryanilərə aid monastrın onlara qaytarılması, Roman (qaraçı) Dili və Mədəniyyəti İnstitutunun yaradılması planlaşdırılır, hökumətin qaraçılara yönəlik bir sıra planlarının, həmçinin qaraçılara yeni yaşayış binalarının tikilməsi təkliflərinin olduğu qeyd edilir.
Bundan başqa hökuməti vətəndaşların şəxsi məlumatlarının dövlətin qorunması altına alınmasını və əlaqəsi olmayan şəxslərin bu məlumatlardan istifadəsinin qarşısının alınmasını nəzərdə tutur. Eyni zamanda yeni təkliflər yardım toplamaqla bağlı qaydaları xeyli yumuşaldır. 
Başqa bir dəyişikliyə görə isə, Türkiyədə 1933-cü ildən tətbiq olunan “şagird andı” ortadan qaldırılır. Qeyd edək ki, ötən il orta məktəblərdə qaldırılan and, bu dəyişikliklərdən sonra ibtidai məktəblərdə də deyilməyəcək. Paketdə nəzərdə tutulan məhz bu dəyişiklik, digər maddələrlə müqayisədə ən çox müzakirə predmetinə yol açıb və ciddi narazılıqlara təkan verib. 
Lakin, daxildən fərqli olaraq, qərb “paket”i dəstəkləyir...

Qərbdən gələn dəstək
AKP tərəfi, “demokratikləşmə paketi”ni birmənalı şəkildə ölkə daxilində barışa və demokratiyaya tam mənası ilə keçid kimi qiymətləndirir. Onların irəli sürdüyü arqument Türkiyənin son 30 ildə həlli mümkün olmayan PKK problemini, siyasi iqtidara hərbi dairələrin təzyiqlərini və inqilabları arqument kimi gətirirlər. Bundan əvvəl «kürd açılımı» və ya «demokratik açılım» adlanan siyasi layihə gündəmə gətirilsə də, iflasa uğradı və bu yeni, daha fərqli dəyişikliklərə ehtuyac yaratdı. AKP-lilərin fikrincə, bu ehtuyacı məhz “demokratikləşmə paketi” ödəməlidir. Bu dəyişikliklərə keçidi isə, Ərdoğanın Konstitusiya islahatlarına başlamaq ideyasını gündəmə gətirməsi təmin etmiş oldu. Cəmiyyətdə birmənalı qarşılnmayan yeni Konstitusiyasının hazırlanması üçün geniş tərkibli komissiya yaradıldı. Lakin təbii ki, problemin həlli üçün bütün bunlar yetərli olmadı. Ərdoğan hökuməti «Demokratikləşmə paketi»ni açıqladı. Və ilk müsbət reaksiya Qərbdən gəldi.
Avropa Birliyinin komissiyası «Demokratikləşmə paketi»ni Türkiyənin gələcək taleyində müsbət rol oynayacağını vurğuladı və sənədi Ərdoğan hakimiyyətinin “böyük uğuru” kimi qiymətləndirdi. Rəydə bildirilirdi ki, «Demokratikləşmə paketi»nin reallaşdırılmağa başlanması Türkiyənin Avropa Birliyinə tam hüquqlu üzv qəbul edilməsi prosesində mərhələ adlamasına da münbit şərait yarada bilər. 
Lakin qərbdən fərqli olaraq Türkiyənin özündə, bu dəyişikliklərə münasibət sözün həqiqi mənasında ciddi əleyhidarlar qazandı. 

Gələcəyə təsir edəcək nəticələr
Türkiyə müxalifəti, istər sol yönümlü Cümhuriyyət Xalq Partiyası, istərsə də sağçı Milliyətçi Hərəkat Partiyası birmənalı olaraq “demokratikləşmə paketi” adı altında dövlətin maraqlarına zərbə endirildiyini və oradakı maddələrin qəbul edilməsini vətənə və Atatürk ilkələrinə xəyanət kimi qiymətləndirdilər. Onların fikrincə, «Demokratikləşmə paketi» Türkiyənin bölünməsinə zəmin yarada biləcək bir islahat sənədidir, çünki belə geniş məzmunlu siyasi islahatları qısa müddətdə reallaşdırmaq Türkiyə üçün təhlükəli nəticələr də verə bilər. 
Əslində, ciddi şəkildə təhlil edilərsə görərik ki, dəyişikliklərin özü ilə gətirəcəyi nəticələr, heç də göründüyü kimi, xoş gələcək vəd edən bir sabah görüntüsü yaratmır. İlk baxışdan, maddələrin hər birinin xeyrinə müəyyən arqumentlər gətirmək mümkün olsa da, ümumi mənada Türkiyə üçün xoş olmayan bir mənzərə ilə qarşı-qarşıya qalırıq. 
Yeni təkliflər paketi, əslində AKP hökumətinin gələcək fəaliyyəti ilə birbaşa bağlıdır və Ərdoğanın 2014-cü il seçkilərində partiyasının imkanlarını daha da genişləndirməyə hesablanıb. Məhz bu səbəbdən dir ki, “paket” qarşıdan gələn bələdiyyə və bir qədər sonra keçiriləcək parlament və prezident seçkilərinin astanasında cəmiyyətə təqdim edildi. Paketdə nəzərdə tutulan ciddi dəyişikliklərin arxasında duran səbəblər, istər-istəməz bir çox narahatlıqlar oyatmaqdadır. 
Məsələn, AKP iqtidarının seçki mexanizmi ilə bağlı təklif etdiyi dəyişikliklərdə, əsasən də 10 faizlik baryerin aradan qaldırılmasında israr edən əsas tərəf PKK terror təşkilatının siyasi qanadı sayılan Barış və Demokrasi Partiyasıdır. Seçki baryerinin 5 faizə endirilməsi, 5-lik seçki qrupuna keçidlə bağlı variant Türkiyədə İstanbul, İzmir kimi sahil bölgələrində yerləşən böyük şəhərlərdə BDP-nin deputat mandatı qazanmasını faktiki mümkünsüz etmiş olsa da, lakin kürdlərin üstünlük təşkil etdikləri güney-doğu Anadolu bölgələrində - Diyarbəkir, Van kimi vilayətlərdə daha çox deputat mandatı qazanmasının önünü açmış olur. Bu halda BDP partiya kimi də seçkilərə qatıla, baryeri aşa bilər. Yəni, faktiki olaraq “demokratikləşmə paketi”ndə nəzərdə tutulan seçki ilə bağlı dəyişikliklər PKK-nın siyasi qanadının bir güc kimi Türkiyə Böyük Millət Məclisinə yol açmasına təkan verəcək. Eyni hal, partiyalarda həmsədrlik təsisatına icazə verilməsinə də şamil oluna bilər. BDP-dən başqa Türkiyə siyasi palitrasında heç bir partiyada belə bir problem yoxdur.
Hökumətin partiyalara dövlət büdcəsindən yardım ayrılması ilə bağlı baryerin aşağı salınması və təşkilatlanmalarda özəklərin yaradılması mexanizmindəki əngəllərin ortadan qaldırılmasıyla bağlı irəli sürdükləri təkliflər də daha çox BDP-nin işinə yarayacaq. 
Yəni müəyyən mənada demək mümkündür ki, “demokratikləşmə paketi” zamanından çox əvvəl cəmiyyətə təqdim edilib və indiki halda bu sənəddəki bir çox maddələr PKK-nın təhdid və təzyiqləri ilə ora əlavə edilib. Paketin Məclisdən keçməsi və qəbul edilməsi nəticəsində, zatən faktiki olaraq bölünmüş olan ölkənin, rəsmən bölünməsinin qarşısında da heç bir əngəl qoymayacaq. Özəl məktəblərin fəqrli dil və ləhcələrdə təhsil verə bilmələri, hətta təsis oluna bilmələri ilə bağlı maddə isə, faktiki olaraq PKK yandaşlarının maliyyə resurslarından istifadə edərək çoxlu sayda orta məktəblər açmaqları üçün hüquqi təminatdır. Bu isə yaxın gələcəkdə, bölücü təbliğat üçün orta məktəbərdə belə münbit şəraitin yaradılması, eyni zamanda güney-doğu bölgəsinin faktiki olaraq rəsmi dilinin kürd dilinə çevrilməsi mənalarını ifadə edir. Digər tərəfdən, Türkiyədə 18 fərqli etnik qrupun olduğu da nəzərə alınmalıdır. Və əslində, bu etnik qrupların hər birinin dilində təhsil müəssisələrinin açılması, faktiki olaraq daha dərin bölünmələrə təkan verə bilər. 
“Şagird andı”nın aradan qaldırılması da, ilk növbədə PKK və ona yaxın siyasi güclərin hər zaman irəli sürdükləri əsas tələblərdən biri olub. Qeyd etmək lazımdır ki, məhz bu dəyişiklik ziyalılar və ictimai xadimlər tərəfindən son dərəcə ciddi narazılıqla qarşılanıb və Atatürk ilkələrinə xəyanət kimi qəbul edilməli olduğu bildirilib. 
Dövlətin təməllərini təşkil edən siyasi sütunlar, sözügedən dəyişikliklərlə sarsılır. Belə ki, «Demokratikləşmə paketi» Türkiyə Cümhuriyyətinin təməl quruluş prinsipləriylə kəskin ziddiyyət təşkil edən siyasi-hüquqi islahatları nəzərdə tutur.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...