XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ GİZLİ TƏŞKİLATLAR-ERMƏNİ İŞBİRLİYİ
Gizli təşkilatların hər zaman qarşılarına qoyduğu başlıca məqsəd dünya hegemonluğuna nail olmaq və bununla da ideoloji hədəflərindən irəli gələn məqsədlərini gerçəkləşdirmək olub. Orta əsrlərdən başlayaraq bu təşkilatlar öz hədəflərinə çatmaq üçün hər vasitədən istifadə ediblər. Hədəfdə olan imperiya və xalqları çökdürmək və ya zəiflətmək üçün çoxu zaman bu vasitələr kiçik etnik qruplar və ya 5-ci kalon funksiyasını icra edə biləcək ictimai-siyasi birlik və təşkilatlar olub.
Geniş imkanlara və böyük gücə malik olan “Alliance İsraelite” gizli təşkilatı I Dünya Müharibəsi illərində Antanta dövlətlərini, xüsusilə də “ingilis tacını” var qüvvəsi ilə dəstəkləməkdə idi. Antanta dövlətlərində də, başda İngiltərə olmaqla bu gizli təşkilatın missiya və hədəflərinə xidmət edən bir çox mason siyasətçilər var idi.
Əks düşərgədə, əsas da Almaniyada “Alliance İsraelite” nüfuz qazana bilməmişdi. Çünki alman yəhudilərinin bir çoxu müharibə illərində dövlətin yanında yer alırdılar və ingilis təsirinə və Antanta dövlətlərinin siyasətinə qarşı çıxırdılar. Bu səbəbdən də “Alliance İsraelite”nin təsiri Antanta masonluğu çərçivəsindən kənara çıxa bilmirdi.
İngiltərənin dünyadakı imperialist maraqlarının tək bir rəqibi var idi: Almaniya. Bu səbəbdən ingilis masonluğu və təsiri altında olan quruluşlar bütün kinlərini Almaniyaya qarşı yönəltməkdə idilər. Bu kin, illər sonra II Dünya Müharibəsində Hitlerin gizli təşkilatlar tərəfində oyuna gətirilməsi və Almaniyanın hələ uzun illər özünə gələ bilməyəcək nəticələrə səbəb olan II Dünya Müharibəsinə səbəb olacaqdı. Hələlik isə - XX əsrin əvvəllərində, İngiltərə öz təsirini genişləndirmək məqsədi ilə siyasi rəqiblərini ortadan qaldırmaq üçün “dünyanın demokratikləşməsini” (XXI əsrdə bu siyasi gedişdən ABŞ yararlanacaqdı) ön plana çıxardırdı. Mason lojalarının təsiri ilə Fransa, Rusiya, İtaliya, Portuqaliya və Serbiya da bu “demokratikləşmə” ideologiyasının bayraqdarlığını icra etməkdə idilər.
İngilis “demokratikləşmə” missiyası Almaniya ilə məhdudlaşmırdı. Sankt Peterburqdakı ingilis səfiri mason Buchanan, İngiltərənin (yəni İngiltərə Böyük Lojasının) tapşırığı ilə Rusiyada “liberal inqilab”a start vermişdi (1, s.47). Hələ Rusiya imperatoru Nikolay taxtda ikən İngiltərə, ruslardan Böyük Britaniyanın maraqlarına uyğun gələn daxili siyasət yeritmələrini tələb etmişdi.
Rusiyada inqilab olmadan qabaq Sankt Peterburqda nəşr edilən “Биржевые ведомости” qəzeti, İngiltərənin Rusiyanın daxili işlərinə qarışmasına kəskin etiraz edən yazılar dərc edirdi və Peterburq konfransının nəticələrinin birbaşa ingilis maraqlarına xidmət edəcəyini açıqlayırdı. İqamətgahı Peterburqda yerləşən İngiltərə səfirliyi 12 mart 1917-ci ildə baş verən və tarixə “fevral burjua inqilabı” adı ilə keçmiş çevrilişə aktiv şəkildə dəstək verir və hətta səfir Buchanan və adamları səfirliyin qarşısında “kral” marşını çaldırırlar. 10 və 11 mart hadisələrindən sonra çar taxtdan əl çəkməli olur, mason Melyukovun rəhbərliyi ilə qurulan yeni hökumət Antanta Dövlətləri ilə dostluq strategiyasına, - özəlliklə ABŞ ilə, çünki əsas maliyyə yardımları bu ölkənin mason quruluşlarından gəlməkdə idi, - sadiq qalacağını bəyan edir (Melyukov az sonra Osmanlıda erməni qiyam və iğtişaşlarının təşkilində də son dərəcə önəmli rol oynayır).
Almaniyada nəşr edilən “Neue Züricher Nachrichten” qəzetində yer alan bir xəbərə görə, Rusiyadakı ingilis səfir Buchanan rus inqilabını “İngilis-rus dostluğunun taclandırılması” kimi qiymətləndirdiyini yazır.
Hollandiyada nəşr edilən “Het Vlaamsche Niews” adlı mətbuat orqani isə, masonlara məxsus “London Times” qəzetinə istinadən təqdim etdiyi bir xəbərdə, “Rus inqilabının əslində bir ingilis çevrilişi olduğunu və bu çevrilişin memarlarının səfir Buchanan və Lord Milner olduğunu”, - yazırdı. Səfir kimi, lord Milner də mason lojasına mənsub idi.
Berlində nəşr edilən “Deutsche Tageszeitung” (10 aprel 1917-ci il nömrəsi) qəzeti isə Buchanan haqqında belə yazırdı: “Buchanan Makedoniyadakı çevrilişlərlə də (1904-1905) yaxın əlaqəlidir”.
Rusiyada proseslərin belə istiqamət alması, eyni güclərin daha açıq şəkildə hədəf kimi Osmanlını göstərmələri ilə nəticələnirdi. Almaniya mühasirəyə alınmalı idi və Rusiyadan sonra onsuz da zəifləmiş Osmanlının da daxili problemlərlə çökdürülməsi nəzərdə tutulurdu. Ermənilər bunun üçün istifadəyə yararlı ən yaxşı vasitə hesab olunurdular...
Muhammed Adil Schmitz du Moulin 1904-cü ildə nəşr edilən “Der İslam” adlı əsərində, “ingilislərin erməniləri təşviq edərək türklərə qarşı üsyan etdirdiyini”, - yazmaqdadır (1, s. 49).
Bu üsyanlar sırasında erməni patriarxı Krihmiyan ermənilərə müraciət ünvanlayaraq, “əgər maraqlarınızı qorumaq niyyətindəsinizsə Osmanlıya sadiq qalın. Sülh və əminamanlıq içində yaşamaq istəyirsinizsə Osmanlıdan daha yaxşısını tapa bilməyəcəksiniz”, - yazırdı. Lakin ermənilər patriklərinin sözünü deyil, ingilislərin, dolayısı ilə dünya nəzarəti uğrunda savaş aparan gizli güclərin sözünü dinləməyə üstünlük verdilər.
1898-ci ildə Friedrich Naumann Fələstinə etdiyi səfərlə bağlı qeydlərində yazırdı: “İngilislər ermənilərdən istifadə edərək Sultan Əbdülhəmidi devirməyi planlaşdırırlar. Silivridəki erməni dənizçilər, ingilis hərbi dənizaltı hissələrinə xidmət etmək məqsədi ilə kiçik gəmilər kirayə götürüblər”.
Türkiyədəki ermənilər üsyana təşviq edilərkən, rus Melyukov və ABŞ prezidenti Vilson I Dünya Müharibəsinin hədəfinin “Türkləri Ön Asiyadan çıxartmaq və bir erməni dövləti qurmaq” olduğunu açıqlayırdılar. Ümumiyyətə Vilson, Osmanlının daxilindəki etnikləri parçalamaqla “Kürdüstan” və “Ermənistan” dövlətlərini qurmaq gərəktiyi barədə planları ilə həvəslə bölüşürdü.
Melyukov isə İngilis-Amerika lojalarına mənsub olduğu üçün irəli sürdüyü təklif əslində, ingilislərin əvvəlcədən özləri üçün seçdikləri savaş hədəfi idi.
Burada haqqında bəhs edilməsi lazım olan digər bir kitab isə, İngiltərəyə sadiq bir bədəvi olan Faiz əl-Ghassein adlı ərəbin qələmə aldığı “Türk işğalı” adlı kitabıdır. Əl-Ghassein Osmanlının ermənilərə yönəlik tədbirlərin günahkarı kimi yalnız türkləri görürdü. Lakin əl-Ghassein özünün gizi bir təşkilata – “Dürzi”lərə məxsus olduğunu gizlətməkdə idi.
QEYD:Müasir dövrümüzdə də varlıqlarını sürdürən dürzilər, Harran ovasında və Livanda yaşayan mistik gizli bir təşkilatdır. Təşkilat adını, təriqətin qurucusu olan Muhammed el Derezi (və ya Daresi)-dən götürüb. Təşkilat, İran və Suriyada yaşayan və İslamdan sapmış bir qism mistik şiə təriqətləriylə, qədim “Ophif”lər (Xristianlığın ilk illərində Frigiyada formalaşmış yəhudi məzhəbi) və “Nazarenli”lər inanclarının qarışığından ortaya çıxıb. Özlərini 11-12-ci əsrlərdə fəaliyyət göstərən aşırı gizli şiə təriqəti “İsmaililər”in bir qolu hesab edirlər. Dürzilərin etnik nöqteyi-nəzərdən kürdlər və mardinli ərəblərin qarışığı olduğu söylənilir. Albay Churchille görə, Dürzilər yəhudilər kimi yalnız öz inanclarından və irqlərindən olanlarla ailə qururlar. Dürzilərin öyrəndikləri bir çox şeylər Şotlandiya Masonluğunun yüksək dərəcələrində öyrədilən siyasi gizli fikirlərlə çox oxşardır Çarlz Uilyam Hekertornun “Bütün əsrlərin və bütün ölkələrin gizli təşkilatları” adlı 1874-cü ildə qələmə aldığı kitabında dürzilərə xüsusi yer ayrılır və əslində onların tamplierlər kimi dua və rituallarında iblisə pərəstiş elementlərinin olduğunu qeyd edir (3, s. 94-96).
Əl-Ghassein həm “Dürzi”, həm də Livanda fəaliyyət göstərən “Ermənistanı türk işğalından qurtarma” gizli təşkilatının üzvü idi. Bu təşkilat İngltərə və Fransanın dəstəyi ilə qurulmuşdu. Əl-Ghassein dövlət əleyhinə fəaliyyətinə görə Diyarbəkirdə həbs edilsə də, nüfuzlu dostlarının və arxasında duran güclərin təsiri ilə həbsxanadan qaçmağı bacarır və İngilis işğalı altında olan Bombeyə sığınır. Faiz Əl-Ghasseinin sözlərinə görə, türklər erməni soyqırımı törədiblər və onları bunu etməyə almanlar məcbur edib (1, s. 50).
Halbuki, həmin illərlə bağlı tarixi həqiqətlər başqa şeylər söyləyir. Ruslarla işbirliyinə gedən ermənilərin həmin illərdə türk və müsəlmanlara qarşı kütləvi soyqırım törətdikləri, bu səbəbdən 80 min türkün Bitlisə qaçdıqları məlim həqiqətdir və bunlar 17 may 1915-ci ildə Ərzurumdan İstanbula, oradan da Almaniya Xarici İşlər Nazirliyinə bildirilmişdi (qaynaq: Lepsius, Deutschland und Armenien). Alman konsulluğunun raportlarında da qeyd edildiyi kimi, I Dünya Müharibəsindəki ilk məğlubiyyətin ardınca, işğalçı ordulara göstərilən silahlı erməni dəstəyi, Alman Hərb Nazirliyinin də israrlı tövsiyyəsi ilə “təhcir” qərarının alınmasına səbəb oldu.
Təhcir qərarında ordunun hərəkət istiqamətini güvənc altına almaq və müsəlmanlarla ermənilər arasındakı qarşıdırmaların qarçısını almaq başlıca məqsəd idi.
Əl-Ghassein iddialarını daha da qabağa apararaq əsassız şəkildə bildirirdi ki, Cəmal Paşanın ərəblərlə bağlı fəaliyyətinin də kökündə almanlar durur.
Türkiyə əleyhinə fəaliyyət göstərən 6 erməni gizli təşkilatından əlavə, Rusiyada yaşayan ermənilərin də qurduğu (1888) gizli dərnək var idi. Bu təşkilat təkcə türk yox, eyni zamanda rus düşmənliyi ilə də tanınırdı. Müharibənin başlaması ilə birlikdə, üsyan etməyə və düşmənlə işbirliyinə başlayan ermənilər Muşda “muxtariyyət” tələbi ilə iğtişaşlar törədirdilər. Lakin ən maraqlı təşkilat 1866-cı ilin may ayının 7-də İstanbulda məşhur erməni liderlərinin - Serobe Aznavur, Srapion Hekimyan, Serobe Tagvoryan, Ekesyan, Mikael Alisan, Matevos Mamuryan və Arutünyan – yaratdıqları «Ser» adlı gizli mason cəmiyyəti idi (2, s.11).
Ermənilərin ən başlıca siyasi hədəfi türk torpaqlarında “Ermənistan” adlı müstəqil dövlətin qurulması idi. Bunu da “Avropalı böyük güclər”in dəstəyi və himayəsi altında gerçəkləşdirmək niyyətində idilər. Antanta lojalarına mənsub Buchanan, Llyod George, Melyukov, Vilson və başqalarının planı türklərin ermənilərin məskunlaşdığı ərazilərdən çıxardılmaları idi.
Tələt Paşa |
İngilis yazar Heckerthorn 1896-cı ildə Şərqi Karahisarda gizli erməni təşkilatının yaradıldığından bəhs edir (3).
1895-ci ildə İstanbulda əmələ gələn erməni iğtişaşlarında “Hnçak” Komitəsi əhəmiyyətli rol oynadı. Bu komitə “daxili qarşıdurma” planlayırdı və başlıca təlimatlar Parij və Londondakı mərkəzlərdən gəlirdi. Digər gizli erməni təşkilatı olan “Froşak” (“Bayraq”) üzvləri 26 avqust 1896-cı ildə Osmanlı Bankına hücum etmişdilər. Hücumda iştirak edənlər sonradan Londona qaçdılar. Bilinən digər gizli erməni quruluşları “Ab-dağ”, “Taşnak”, “Geisag”, “Voçinşak” da bu cür dağıdıcı və iğtişaş fəaliyyəti göstərməkdə idilər.
Gizli erməni təşkilatının (yazıçı K. Heise bunun hansı təşkilat olduğunu yazmır) 1896-cı ildə ələ keçirilən proqramının 14-cü maddəsində Osmanlı Dövlətinin yüksək dərəcəli məmurlarının qaçırılaraq dövlət sirrlərinin ələ keçirilməsi, 15-ci maddəsində isə Osmanlı poçt vasitələrinin soyulması qeyd edilirdi.
1895-ci ildə ingilis E. J. Dillon 306 erməni terrorçusu ilə işbirliyinə getdiyi bir zamanda, paralel olaraq eyni tarixdə İstanbuldakı Fransa səfiri Paul Cambon (mason), Fransa xarici işlər naziri Hanotaux (mason) və ingilis James Bryce (mason) ilə birlikdə Bab-i Aliyə çıxaraq ingilis və fransızların istədiyi şəkildə sürətlə “erməni islahatları”nin aparılmasını tələb edirdilər.
Erməni gizli təşkilatları ilə yanaşı Türkiyənin daxildən çökdürülməsi üçün çalışan Fransa “Grand Orient” Lojası, İtaliya “Grand Orient”i və “Qədim və Qəbul edilmiş Şotlandiya Riti”nin Ali Konseyi (33 dərəcəli mason ustadları komitəsi) Türkiyənin hər yerində təşkilatlanmağa başladı. Lojalarda ermənilər, yunan və yəhudilər böyük üstünlük təşkil edirdilər.
İstifadə edilmiş ədəbiyyat:
1. 20. Yüzyıldan günümüzə dünyanın gizli tarihi. 2.bölüm. İstanbul, 2010
2. Ulusal ermeni hareketlerinin doguşu Taşnak-İttihat ve Terakki ittifakı.
3. Гекерторн Ч. У. Тайные общество всех веков и всех стран. Ташкент, 1994.
Yorumlar
Yorum Gönder