Ana içeriğe atla

ƏRDOĞAN-GÜL(ƏN) QARŞIDURMASI

Türkiyə silkələnməkdədir. Əvvəlcə səs-küylü həbslər, ardınca bu həbsləri həyata keçirənlərin istefaya göndərilməsi biri-birinin ardınca şok effekti yaratmaqdadır. Qardaş ölkədə siyasi iqtidar sonu görünməyən ciddi bir daxili burulğanın və qarşıdurmanın içinə girməkdədir, sürətlə…


Əslində hər şey necə başladı

14 may 2000-ci ildə Fəzilət Partiyasının qurultayında sədrliyə iki namizəd var idi. Bunlar yenilikçi qanaddan Abdullah Gül və ənənəçi qanaddan Rəcai Qutan idi. «Milli görüş» çizgisində olan bir partiyada ilk dəfə idi ki, ciddi olaraq iki namizəd sədrlik kürsüsü uğrunda yarışmaqda idi. 

Bu iki namizədin ortaq cəhəti o idi ki, siyasətlə məşğul olmaları qadağan edilən iki siyasətçi tərəfindən dəstəklənirdilər. Gülün arxasında Ərdoğan, Kutanın arxasında isə Nəcməddin Ərbakan dururdu.Yenilikçilər partiyanın iqtidar olması üçün mərkəzlə barışmanın, başda ABŞ olmaqla qərbin dəstəyini əldə etmək üçün proqramlar qəbul etməyin tərəfdarı idilər. Onlar bu istiqamətdə yerli ünsürlərlə işbirliyini təklif edirdilər. Yerli ünsürlər deyildikdə isə, Gülən cəmaəti nəzərdə tutulurdu. Bu camaat ABŞ-da formalaşmış və oradakı lobbilərlə sıx münasibətləri olan kadrlara malik idi. Ayrıca ölkə daxilində də istər təbliğat, istərsə də təşkilatlanma baxımından qüvvətli idi. Halbuki Gülən camaatı ilə «Milli görüşçülər»in ulduzu heç vaxt barışmayıb və onlar arasında həmişə ciddi rəqabət olub. 28 fevral 1997-ci ildə «Rifah» partiyasının hərbçilərin təzyiqi ilə siyasi iqtidardan və səhnədən getdiyi bir zamanda, Gülən cammaatı, baş verənlərə hətta gizli dəstək də vermişdilər. 
Əsas diqqət çəkən məqam da, «Milli görüş» və Gülən qrupları arasında soyuq və hətta rəqib münasibətlərə rəğmən Camaat-AKP iqtidar koalisiyasının necə və kimlər tərəfindən qurulduğudur. Bu koalisiyanın AKP ayağının memarı Abdullah Güldür. Qurulan tək partiya iqtidarı razılaşmasına əsasən, siyasi kadrlar milli görüş gələnəyindən, bürokratik aparat isə Gülən camaatından formalaşdırılacaqdı. Partiyanın əsas nöqtələri və danışman kadrolari vasitəsi iləysə etnik kürd burjuaziyası razı salınacaqdı. AKP-nin 2002 seçkilərindən indiyədək biri-birinin ardınca seçkilərdə təkbaşına qalib çıxmasının əsasında məhz bu razılaşma və vəzifə bölgüsü dayanır.

Gülən camaatı yetişmiş və yetişməkdə olan kadrlarına bürokratik idarəetmədə yer verə biləcək partiyanın AKP olacağını gördüyündən, bu partiyaya dəstək verdi. Belə ki, «milli görüş» gələnəyindən gələn AKP-nin qərbin dilindən anlayacaq və onların dilini anladacaq bürokratik kadrları yox idi. Camaat, AKP iqtidarında dövlət kadrlarına sahib olacağını hesabladı. AKP isə Gülən camaatının tələblərinə cavab verməyi qəbul etdi, çünki öz gücü ilə təkbaşına iqtidar ola bilmək üçün kifayət edəcək səs qazanması mümkün deyildi. AKP iqtidar uğrunda mübarizəyə qoşularkən Gülən camaatının təbliğat gücünə, maliyyə qaynaqlarına və dövlət içindəki kadrlarına ehtiyac duyacaqdı. Lakin Gülən camaatı prezident seçkisinin gündəmə girdiyi 2006-cı ilə qədər AKP-yə məsafədən dəstək verdi. 

AKP-Gülən camaatı arasındakı münasibətlər prezident seçkilərinin gündəmə gəlməsi ilə sınaqdan çıxacaqdı. Gülən camaatı nəzarətində olan media orqanları və düşüncə quruluşları ilə prezidentlik üçün Abdullah Gülün namizədliyini ustalıqla irəli sürdülər. Gülən Camaatı prezident seçkilərində camaatının iradəsinin diqqətə alınmasını vacib hesab edirdi, çünki:

1. AKP-yə dəstək vermək üçün camaatla AKP arasında dialoqu quran Gülün prezident olması camaat-«milli görüş» koalisiyasının ruhuna uyğundu. Gül siyasi kadrların «milli görüş» gələnəyindən gəlmə razılaşmasından irəli gələn tələbə cavab verən bir ad idi. Üstəlik Gül camaatla da yaxındır;

2. Ərdoğan Abdullah Gülü namizəd göstərirsə camaatın iradəsinə tabe olduğunu isbat edəcəkdi. Əks halda 2007 parlament seçkilərində Gülən camaatı AKP-yə açıq dəstək verməyəcəkdi;

3. Gülən camaatı başda ABŞ olmaqla Qərbə, digəri ilə müqayisədə daha «qərbli» namizədi dəstəkləmiş olduqlarını lobbi fəaliyyəti ilə təqdim edə biləcəkdilər. Camaatın yuxarı elitası, Ərdoğanı həddən ziyadə «Kasımpaşalı» hesab edirdi.

Nəticədə Gül prezident oldu, Ərdoğan isə siyasi ehtirasını cilovlamağı bacardı, lakin ağlı orada qaldı. Necə ki, Ərdoğanın xanımının mətbuatda yer alan, «Abdullah bəy namizəd olmamalıydı, Tayyib bəyə eyib etdi», - mənasında açıqlamasına hələ də bir təkzib verilmədi. Ərdoğan və Gül arasındakı bu gərginlik isə davam etməkdədir və bu gərginlik təbii olaraq Ərdoğan-Gülən münasibətlərinə də ciddi təsir edir. 

Hazırda Gülən camaatı Gülün ikinci dəfə də prezident seçilməsi üçün namizədliyini dəstəkləyərkən, Ərdoğanın da köşkə çıxmaq məsələsində qətiyyətli olması dəqiqdir. Gül də köşkdən ayrılmaq niyyətində deyil. Bu üstüörtülü çəkişmə isə bu iki şəxsdən birinin açıq şəkildə namizəd olmayacağını elan edəcəyi günə qədər davam edəcək. Çeçki yaxınlaşdıqca isə bu qarşıdurma yeni çalarlar qazanacaq, necə ki artıq Türkiyənin siyasi gündəmini çalxalamaqdadır. Gülən camaatının nəzarətində olam media orqanlarında Ərdoğana təsir edəcək yazılara, AKP-Ordu və ya AKP-Məhkəmə münasibətlərinin ön plana çıxarılmasına daha tez-tez rast gəlinəcək. Ümumiyyətlə seçkiyə gediləcək bu zaman müddətində «Zaman», «Taraf», «Bu Gün» kimi camaat qəzetləri ilə, «Yeni Şafak», «Star», «Sabah» kimi Ərdoğana yaxın mətbuat arasında gedən prosesləri izləmək maraqlı olacaq. 

Misir və İraq vasitəsi ilə ABŞ-a mesaj 

Türkiyənin prezidenti Abdullah Gül ilə baş nazir Rəcəb Tayyip Ərdoğan arasında gedən üstüörtülü rəqabət isə qardaş ölkənin siyasi gündəmi ilə maraqlananlar üçün sirr deyil. Gül, sanki səssizcə dünyaya Ərdoğanın “alternativi” olduğu mesajını verməkdədir. Hər iki lider ictimaiyyət qarşısında açıq polemikaya girməsələr də, Gülün onunla yolunu ayırdığını və “başqa bir dünyası olduğunu” diplomatik mesajlar və addımlarla hiss etdirməkdədir. Bunu Türkiyə prezidentinin Misir rəhbərliyinə “Milli gün” münasibəti ilə göndərdiyi təbrikdən anlamaq mümkündür. Bu təbrik, “Mən sizi anlayıram və Ərdoğan kimi düşünmürəm” mənasını ifadə edir əslində.

Maraqlı məqamdır ki, AKP yönümlü media ana müxalifət partiyası olan CHP-nin Misir ziyarəti ilə bağlı az qala “fırtına” qopardaraq Kılıçdaroğlunu “hərbi çevrilişi dəstəkləməkdə və haqq qazandırmaqda” günahlandırsa da, Gülün təbrikini görməzlikdən gəldi. Halbuki bu təbrik də əslində Misirdə çevriliş edən tərəfi tanımaq mənasına gəlirdi. 

Bundan bir qədər sonra isə, prezident baş nazirin siyasi mövqeyi üst-üstə düşməyən ikinci bir addimi atdı: o, AKP iqtidarının faktiki olaraq əlaqələrini tamamən qırdığı İraq rəhbərliyinin önəmli şəxslərini prezident köşkündə qəbul etdi. AKP-yə yaxın media bu qəbulu da sadəcə bir xəbər olaraq səhifələrində təqdim etdi, heç bir şərh vermədən. Halbuki bundan əvvəl yenə CHP-nin İraq səfəri ciddi şəkildə tənqidə məruz qalmışdı.

Əslində Gül, bu addımlarla ABŞ və Qərbə Ərdoğandan fərqli siyasi mövqe sərgilədiyini nümayiş etdirir. ABŞ və Qərb İraq və Misirin Türkiyə ilə əlaqələrini qırmasında maraqlı deyil və Ərdoğanın açıq şəkildə Ərəb ölkələrində “müsəlman qardaşlar” dəstəkləməsindən narazıdır. Bununla bağlı Ərdoğana hətta diplomatik kanallarla bir neçə dəfə xəbərdarlıq da edilib. Lakin bu xəbərdarlıqların bir nəticəsi olmayıb.

İngiltərədə təhsil alan və qərbin nə istədiyini yaxşı anlayan Gül isə, bu səbəbdən Ərdoğandan daha fərqli bir profil sərgiləyir. Gül, Misirdə çevriliş edən hərbçilərə təbrik göndərir, İraqın Məclis sədri Nuceyfini köşkdə qəbul edir. Bu iki diplomatik addımla da Ərdoğandan fərqli mövqedə olduğunu nümayiş etdirir. Gül bu üzdən hətta özünə yaxın media orqanları vasitəsi ilə, “milli” olması imici üzərində də ciddi şəkildə işləməkdədir.

Gülün bu addımların qarşılığında ABŞ-dan dəstək alıb-almayacağı qarşıdakı aylarda bilinəcək. Qulağındakı rahatsızlıq səbəbi ilə bir neçə aylıq ertələnən ABŞ səfəri, əslində bir çox suallara cavab verməldir. Obama ilə görüşdə, AKP iqtidarı və Ərdoğan iqtidarından narazı olan Ağ evə, Gülün “Hazıram”, - mesajı verəcəyi gözlənilir. Qərbin “Ərdoğansız Türkiyə” istədiyi açıq şəkild ortadadır. AKP-nin qaldığı, lakin rəhbərliyində Ərdoğansız bir iqtidar partiyası olması məsələsində razılaşma əldə ediləcəyinin ehtimalı yüksəkdir. Baxmayaraq ki, siyasi proseslərin bu istiqamətdə gedə biləcəyini Ərdoğan da görür və son zamanlar prezident məqamına daha artıq səlahiyyət verilməsi ilə bağlı dəyişikliklərin gündəmə gətirilməsi bununla əlaqədardır, ABŞ və Qərb AKP liderinin “həm köşkü, həm baş nazirliyi mən idarə edim” təklifinə isti yanaşmır. Ərdoğan isə, prezident olmaq istəyir.

İkinci dəfə prezident seçilməsi birbaşa AKP-nin çıxartdığı qanunla əngəllənməsinə çalışılan Gül, Ərdoğanın siyasətdə ona yaşamaq haqqı tanımaq istəmədiyini anlayır. 2011-ci il seçkilərində Gülə yaxın sadəcə bir nəfərin millət vəkili siyahısına salınması bunun ən bariz nümunəsidir.

Əslində Ərdoğan və Gülün əvvəllər də bir o qədər yaxın olmadıqları, lakin sonra siyasi məqsədlər uğrunda fikir birliyinə gəldiklərini söyləmək olar. Bu ikilinin partiya daxilində Ərbakana çevriliş edərək 2001-ci ildə AKP-ni qurduqlarını və bir il sonra da iqtidara gəldiklərini xüsusilə qeyd etmək lazımdır. Lakin siyasi iqtidarla bağlı istər baxışlarda, istərsə də mövqelərdə olan fərqlər, zamanla bu ikili arasında bir neçə dəfə münaqişələrə yol açdı. 

Əslində ikili arasındakı münaqişənin əsl səbəbi ideoloji deyil, daha çox siyasi iqtidar və hakimiyyətlə bağlıdır. Onların hər ikisi əhli-sünnə məzhəbindədirlər, hənəfidirlər. Ərdoğan təriqətlərə, əsasən də nəqşibəndilərə daha yaxındır. Gül isə Fətullah Gülən və “Nur” cəmaətinə. Prezidentlik kürsüsü uğrunda rəqabət, məhz bu səbəbdən baş nazirlə camaatın öndəri Fətullah Gülən arasında soyuqluğa səbəb olub. 

Vurğulamaq lazımdır ki, güc savaşı artıq Qərbin də açıq diqqətindədir. Hətta qərb mediası mütəmadi olaraq bu barədə yazır. Almaniyanın məşhur “Der Spiegel” jurnalında dərc edilən məqalədə bildirilir ki, iki liderin arasını ən çox son Gezi Parkı hadisələri açdı. Baş nazir Ərdoğan və Prezident Gül illərdir ki, qüdrətli birlik rəsmi sərgiləyirlər. Lakin baş verən kütləvi etirazlar bu birliyi açıq şəkildə parçaladı. Gül Ərdoğandan daha da uzaqlaşdı, şansı artır. AKP içində isə güc savaşı başlamaqdadır. Məqalədə yazılır: “Fərqli köklərdən gəlirlər və iksi də Allaha inancdan istifadə edirlər və tək məqsədləri var: güc… İksinin koalisiyası siyasi islama büyük yüksəliş yaşatdı. İndi başlayan etirazlar isə bunu təhdid edir. Ərdoğan və Gül fərqli xarakterə malikdirlər. Ərdoğan sərtlik tərəfdarıdır. Uşaqlığında Kasımpaşada simit satmış, futbol oynamış, ‘İmam Bekenbauer’ deyə tanınmışdı. Tez hirslənən, kaprizli, özünü cilovlaya bilməyən biridir. Gül isə birləşdirici və uzlaştırıcı bir şəkildə görünür. Erdoğanın əksinə ingilizcə bilir. Ailəsi səviyyə etibarı ilə daha yüksəkdir. Gül, Sədiyyə Ərəbistanındakı İslam Bankına rəhbərlik edib və “Refah Partisi”ndən millətvəkili seçilib. O zamanlar hərbçilərin güçlü olduğu, əsgəri, laiq bir yönətimin olduğu dönəmlərdi”.

Vurğulamaq lazımdır ki, məşhur “WikeLeaks” sənədlərində də Ərdoğan-Gül münaqişəsi barədə maraqlı məqamlar yer alıb. Onlardan ən maraqlısı, “Gül həmişə Ərdoğanı çətinə salmaq üçün çalışır. Hər zaman partiyada daha artıq dərəcədə nüfuzlu olmaq üçün əlləşir” qeydidir. 

25 mart 2005-ci il tarixli və Türkiyədəki ABŞ səfirliyinin əməkdaşı Robert Deutsch imzalı qeyddə bildirlir ki, AKP-nin daxilində daha ideoloji fikirlərə malik olan Gül, pərdə arxasından manevrlər etməyə davam edir. Bu xüsusilə Ərdoğanın xarici səfərləri zamanı baş verir. Gül, Ərdoğanı geridə qoyaraq partiyada daha çox nəzarəti ələ keçirmək üçün çalışdığı görünür.

«Financial Times» isə son baş verən hadisələrlə bağlı yazdığına görə isə, camaatla AKP arasındakı qarşıdurma, hətta xarici izləyiciləri də heyrətləndirməkdədir. Qəzet birbaşa son səs küylü həbsləri bu iki tərəf arasında gedən qarşıdurma ilə əlaqələndirməkdədir. 

İngiltərənin məşhur «Economist» dərgisində yer alan cümlələr isə ümumiyyətlə maraq doğurur: «Gedərək paranoikləşən baş nazirin, Gülən-İsrail ittifaqının onu kürsüsündən etməyə çalışdığına inandığı söylenilir. Ərdoğanın şüphələri Gülənin 2010-cu ildə, Türkiyənin İsraillə münasibətlərinin pisləşməsini tənqid etməsindən qaynaqlanır». 

Yəni, heç də hər şey indi təqdim edildiyi kimi dərsanələrin bağlanması məsələsi ilə əlaqəli deyil və təbii ki, onunla da başlamadı. Dərsanələr, sadəcə AKPdə Ərdoğanın camaatın təsini tamamilə bitirmək və sıradan çıxarmaq planını tam çılpaqlığı ilə ortaya qoymuş oldu.

Və Türkiyə çalxalanır…

Qarşıdurma artıq AKP-nin yanız yuxarı təbəqəsində deyil, millət vəkilləri və yerlərdəki bölgə təşkilatlarına da sirayət etməkdədir. Gülən cəmaətinə yaxın olan Fəthiyə ilçə rəhbərliyi, Ərdoğanın yaxını olan və Muğladan millət vəkili seçilmiş Ali Boğaya etiraz edərək kütləvi şəkildə istefa verdiklərini açıqladılar. 

Digər tərəfdən Kütahya millət vəkili İdris Balın ardınca Fətullah Gülənə hörməti və bağlılığı ilə fərqlənən məşhur futbol ulduzu, AKP İstanbul millət vəkili Hakan Şükürün də səs-küylü açıqlama verərək partiyadan çıxması və təkbaşına siyasi fəaliyyətinə davam etdirəcəyini açıqlaması, partiyadaşlarını isə birbaşa camaata qarşı çıxmaqda günahlandırması, münaqişənin açıq müstəviyə keçməsindən xəbər verir.

Və bu qarşıdurmanın kulminasiya nöqtəsi Türkiyəni əməllicə silkələyən «sui-istifadə və rüşvət» qalmaqalı ilə aralarında üç nazirin oğlu da olan 18 nəfərin həbsi məsələsi oldu. 

Həbslərlə bağlı Türkiyə baş naziri Rəcəb Təyyub Ərdoğanın açıqlaması konkret oldu: “Türkiyənin daxilində və xaricdə bu ölkənin istiqaməti ilə oynamaq istəyən bir qrup qaranlıq dairələr bilsinlər ki, bunu bacarmazlar. Türkiyə üzərində əməliyyat aparılacaq bir ölkə deyil. AKP iqtidarı buna imkan verməz. Birilərinin topu-tüfəngi, hiyləsi varsa, bizim də Allahımız var. Arxasında mətbuat, sərmayə və xarici bağı olanlar Türkiyədə əməliyyat apara bilməz. Millət və bu iqtidar buna icazə verməz”. 

Yuxarıda qeyd etdiyimiz siyasi ittifaqa vurulan ən açıq zərbə isə, hələ keçən ilin fevral ayında «MİT krizisi» adı ilə gündəmi sarsan hadisələr oldu. Hökumətin o dönəmdə ard-arda camaata yaxın məmur və iş adamlarını sıxışdırması və hətta vəzifədən azad etməsinə, camaat MİT müstəşarı Hakan Fidanın İstanbul savcılığına ifadə vermək üçün çağırılması ilə cavab verdi. Tərəflər biri-birinə ilk dəfə belə açıq şəkildə əzələ nümayiş etdirirdilər. Ümumiyyətlə prokurorluq sistemində Fətullah Gülən tərəfdarlarının nəzarəti altındadır və Ərdoğan hələki bu sistemdə balansı öz tərəfinə dəyişdirməyə nail ola bilməmişdi. Ümumiyyətlə vurğulamalıyıq ki, camaat 2004-2010-cu illər arasında hökümət içində öz «qızıl dövrünü» yaşadı. Bu illər ərzində nümayəndələri həm bürokratik aparatda, həm də prokurorluq sustemində öz mövqelərini kifayət qədər ciddi şəkildə gücləndirə bilmişdilər. Ərdoğan isə, hələ əsasını 2004-cü ildə Milli Güvenlik Konseyinin çıxartdığı bir qərarla («Fətullah Gülən qrupunun fəaliyyətlərinə qarşı alınması gərəkən tədbirlər») qoyduğu «camaatı zərərsizləşdirmə» əməliyyatına 2012-ci ildə daha yüksək sürətlə start verdi, lakin nəticələri tam olaraq aradan qaldıra bilmədi. Ərdoğanın 2 il əvvəldən camaata yaxın məmurları vəzifələrindən uzaqlaşdırması ilə başlayan proses və ikincilərin sükunəti, baş naziri xeyli arxayın salmaqda idi. Yaxın Şərqdə baş verən proseslər, iqtisadiyyatda uğurlar, Ərdoğanın xarizmatik lider obrazını istər ölkə içində, istərsə də xaricində, əsasən də İslam coğrafiyasında daha da möhkəmlədirdi. Və bu arxayınlıq biri birinin ardınca üç yanlış addımın atılması ilə ciddi şəkildə laxlamağa başladı:

1. Türkiyənin təməl ilkələrinə zidd və böyük çoxunluğun etirazına səbəb olan «Demokratikləşmə paketi» ninj elan edilməsi;

2. Bunun ardınca Atatürkə qeyri-rəsmi şəkildə elan olunan səlib yürüşü;

3. Camaatın nəzarəti altında olan kadrları tam müəyyənləşdirərək ortadan qaldırmadan, «dərsanələr» məsələsi ilə onlara açıq şəkildə meydan oxumaq.

Bu üç addım Ərdoğanı təkcə CHP-nin timsalında sol, MHP-nin timsalında isə sağ müxalif qüvvələrin mərkəzləşməsinə yol açmadı, eyni zamanda AKP siyasi ittifaqının təməllərini formalaşdıran «Camaat-Milli görüş» ittifaqını da ciddi şəkildə sarsıdaraq, daxili qarşıdurma yaratdı. Bu isə şübhəsiz ki, qarçşıdan gələn 3 seçkidə öz təsirini birbaşa göstərəcək. Mümkündür ki, on ildir seçkidən seçkiyə tək qalib olaraq sandqdan çıxan AKP, bu dəfə sandığın içində qalsın. Hər halda bunun belə olub olmayacağını yaxın gələcək göstərəcək.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...