Yaxın Şərqdə Suriya çıxmazının davam etdiyi, dini radikal hərəkatların daha açıq şəkildə bölgədə siyasi güc və iradə ortaya qoyduğu, ABŞ-ın isə İranla münasibətlərinin yeni məcraya qədəm qoyduğu bir dönəmdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İran səfəri beynəlxalq ictimaiyyətin nəzərlərini üzərinə cəlb edə bildi. Davosda Türkiyə Xarici İşlər Naziri Əhməd Davudoğlu ilə iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında Suriya məsələsi üzərindən başlayan “məzhəb qarşıdurması”, Ərdoğanın beş il əvvəl eyni yerdə israilli lider Şimon Peresə ünvanladığı “one minute” ifadəsi qədər səs gətirmədi.
Həqiqətən də İranın məzhəb kartından ustalıqla istifadə edərək təkcə Suriya deyil, İraq, Bəhreyn, Yemən və Livan üzərində nüfuzlu olması bilinir. Bu bir danılmaz həqiqətdir ki, bölgədə baş verən qarşıdurmaların bi çoxunda birbaşa olmasa da, dolayısı ilə İran faktoru var. Bu səbəbdən də İran Yaxın Şərqdə bir çox problemlərin həll edilməsində açar ölkədir.
Baş nazirin İranın siyasi və dini liderləri ilə keçirəcəyi görüş üçün hazırlanan çanta isə, şübhəsiz ki, son dərəcə diqqətlə gözdən keçirildi. Bunun bir nəticəsi olaraq da xarici işlər nazirinin Davosda moderatorun iki ölkə arasında yaratmağa çalışdığı polemik gərginliyin tələsinə düşməsi imkansız idi. Xüsusilə, bölgədə dəyişikliklərin bu qədər surətlə getdiyi, Ədalət və Qalxınma Partiyasının isə həm Türkiyə daxilində, həm də xaricində içinə girdiyi çətin zamanı göz qabağına gətirərsək, Türkiyənin daha diqqətli davranacağına şübhə yeri qalmır.
Ərdoğanın İrana səfəri bu dəfə digərlərindən, məsələn elə iki il bundan əvvəlkin səfərdən daha fərqli olmalı idi. Bir tərəfdə daxili siyasi proselər nəticəsində ciddi zərbələr almış və bununla da iqtidar avtoriteti müəyyən qədər laxlamış olan, istər İraqda, istərsə də Suriyada maraqlarını tam təmin etməyə müvəffəq olmamış, Misirdə müəyyən mənada məğlubiyyətə uğramış AKP lideri, digər tərəfdə son geosiyasi proseslərdə bir dövlət olaraq dividendlər əldə etməklə çıxmağı bacarmış və ətrafında Liviya-Suriya-İraq səddi formalaşdırmağa müvəffəq olmuş, hətta əbədi və əzəli düşməni olan ABŞ-ı belə Rusiyanın da iştirakı ilə olsa belə müəyyən qədər yumuşalmağa vadar etmiş, amma bununla belə Suriya masasında söz haqqı əlindən alınmış və bununla da qıcıqlandırılmış İran var idi. Nə AKP indiki kimi çətin duruma düşmüşdü, nə də İran indiki kimi şanslı duruma.
İran Türkiyəni sadəcə Tehranı Dəməşqdən ayırmaq üçün formalaşdırılan layihədə bir həlqə olaraq görmür, eyni zamanda Suriyanın gələcəyinə qərar veriləcək olan müzakirə masasından da uzaqlaşdırılmasına səbəb olacağını düşünür. Ankara bu səfər zamanı belə görünür ki, məhz sözügedən narahatçılığa da son qoymağa müvəffəq oldu. Əslində «Cenevrə-2»də istər Tehranın, istərsə də Ankaranın, ABŞ, Rusiya, Çin, Fransa, Almanıyanın arxasında oturduğu masada ikinci dərəcəli oyunçular kimi qəbul edildiklərini tam çılpaqlığı ilə üzə çıxartdı. Tehranın iştirakına çıxarılan «rədd qərarı», Ankaranın isə adlarını yuxarıda sadaladığımız digər ölkələrlə müqayisədə ikinci dərəcəli qəbul edilməsi, Türkiyənin İrana yaxınlaşmasına təkan verən vacib amillərdin biri oldu.
Təbii ki, Ərdoğanın belə bir qarışıq vəziyyətdə sadəcə Həsən Ruhanini təbrik etmək üçün Tehrana yola düşdüyünü düşünmək, sadəlövhlük olardı. Eyni zamanda ABŞ-İran münasibətlərinin yeni mərhələyə qədəm qoymasının yaxın müttəfiqi olaraq Türkiyənin də İrana jest etməsinə səbəb olduğunu düşünmək də yersizdir. Ankara ilk növbədə İrandakı mövcud rejimdən əmin olmağa və son aylarda hər iki ölkənin aktiv şəkildə içində yer aldığı geosiyasi dəyişmələrin gətirəcəyi nəticələri özü üçün təsbit etməyə çalışır. Təbii ki, bu qarışıqlıqların iki ölkənin münasibətlərinə necə təsir edəcəyi (və ya etməsi), eyni zamanda on illərdir ki, rəsmi və ya gizli bir şəkildə siyasi, maliyyə və ticarət sahəsindəki işbirliyinin qorunması və ya tamamən yox olması Ərdoğanı narahat edən məsələlərdən biridir.
Əslində rəsmi Tehran ilə rəsmi Ankaranın indiki dönəmdə biri-birinə ehtiyacı olduğu tam bir gerçəklikdir. Xüsusilə də hər iki ölkə ticarət və maliyyə qaynaqları ilə bağlı münasibətlərinin xarici təzyiqlər vasitəsi ilə zədələnməsi düşüncəsindədirlər. Bu qənaəti dəstəkləyən ən böyük işarət isə, dekabrın 17-də Türkiyədə Xalq Bankını hədəf alan əməliyyatın həyata keçirilməsidir. Sirr deyil ki, bu əməliyyat hər iki ölkə arasında ən önəmli məqam olaraq diqqətdədir. Yəni Ərdoğan İranla ticari və maliyyə məsələlərində işbirliyinə getmək niyyətindədir. Bunu baş nazirin səfər zamanı «qazan-qazan» vurğusunu etməsi, Türkiyənin Suriya və İraq məsələsində yaşanan bəzi problemlərə rəğmən İran ilə münasibətlərinə əhəmiyyət verdiyini və iki tərəfin də qazanaraq çıxacağı bir münasibətin qurulmasını arzuladığını göstərir. ABŞ-ın hələ ki, sanksiyaların ləğvi ilə bağlı mülayim mövqe sərgiləməsi Ankaranı, belə bir addımın atılacağı təqdirdə ən çox qazanan tərəf olaraq çıxmağa da sövq edir. Sanksiyaların ləğv olunacağı təqdirdə (ki, bunun ehtimalı bizcə, hələ çox aşağıdır) İran xaricə neft və qaz satışını artırmaq imkanı əldə edəcək. Türkiyə isə nəticədə hamıdan daha tez davranmaqla, ölkəsini nisbətən ucuz enerji resursları ilə təmin etmək imkanı qazanacaq. Bu həm də neft və qazın daha artıq qiymətə Avropaya satılmasını həyata keçirmək və eləcə də tranzit ölkə olaraq (alternativ enerji dəhlizinin Türkiyənin ərazisindən keçməsi faktoru) da əlavə gəlir əldə etmək mənasını verir. Nəzərə almaq lazımdır ki, Türkiyə təbii qazın 30 faizini İrandan alır.
Ərdoğanın Tehran görüşləri zamanı hər iki ölkə arasında bir «Yüksek səviyyəli işbirliği Konseyi»nin qurulmasına dair ortaq siyasi bildirişin imzalanması və İranın prezidenti Həsən Ruhaninin Türkiyəyə səfəri zamanı da bu konseyin ilk yığıncağının keçiriləcəyinin elan edilməsi də sözügedən məqamlardan xəbər verməkdədir. Səfər zamanı imzalanan hər iki ölkə arasındakı ticarət razılaşması da bunu sübut edir ki, siyasi fikir ayrılıqlarını aydınlaşdırmaqla həm Ankara, həm də Tehran iqtisadi nöqteyi nəzərdən bu səfərdən çox şey gözləyir. Bu razılaşma ilə Türkiyə İrandan idxal edəcəyi təsərrüfat məhsullarının ticarətini asandlaşdırarkən, eyni addımı İran da Türkiyədən idxal etdiyi sənaye məhsullarının ticarətinə tətbiq edəcək. Türkiyə ilə İran arasındakı ticarətin AKP iqtidarı dönəmində sürətlə artaraq 2002-ci ilin 1,2 milyard dollar səviyyəsindən 2011-ci ildə 16 milyard dollara yüksəldiyini xatırlayarsaq, Ankaranın «xarixi siyasəti iqtisadi yüksəlişin xidmətinə təqdim edən» yanaşmasının İranla münasibətlərdə özünü açıq şəkildə göstərdiyinin şahidi ola bilərik. Lakin son zamanlar İrana qarşı BMT çərçivəsində tətbiq edilən sanksiyaların təsiri və eləcə də hər iki ölkə arasında yaşanan bəzi gərginliklər səbəbi ilə bu ticari dövriyyənin daha da artırılması mümkün olmadı. 2012-ci ildə 15,8 milyard dollar həcmində olan ticarət dövriyyəsi, Suriya krizisi və İraqın Maliki iqtidarı ilə soyuq münasibətlərin təsiri ilə 2013-cü ildə 13,5 milyard dollara endi. Türkiyə isə hazırda 240 milyard dollarlıq illik ticarət dövriyyəsi ilə Almaniya-Fransa münasibətlərini örnək götürərək, İranla dövriyyəni 2015-ci ildə 30, hədəf kimi göstərilən 2023-cü ilə isə 100 milyard dollara çıxartmaq niyyətindədir.
Lakin unutmaq olmaz ki, Suriya krizisinin çözülməsi üçün İranla münasibətlərində müvəqqəti olaraq güzəştlərə göz yuman Qərb, təkrar əvvəlki radikal mövqeyinə qayıda bilər. Zatən, Tehranın nüvə məsələsi ilə bağlı bəzi məqamlarda radikal açıqlamalardan çəkinməməsi belə bir mövqe dəyişikliyinin gec və ya tez baş verəcəyi ehtimalını hər zaman yüksək saxlamaqdadır. O zaman Ankara, qərb müttəfiqlərinin təzyiqinə tab gətirə biləcəkmi? Bu sualın cavabı isə, artıq nəinki İranın nüvə məsələsindən, hətta Ankaranın özünün belə qarşıdan gələn seçkilərdə hansı mənzərə ilə üzləşəcəyindən çox asılıdır. ABŞ Terrorizm və Maliyyə Kəşfiyyatına cavabdeh Devid Kohenin baş nazirin ziyarətindən 1 gün əvvəl Ankaraya səfər etməsi çoxunun diqqətindən yayınan, amma son dərəcə önəmli məqam oldu. Kohenin Ankaraya İranla işbirliyinə getmək məsələsində xəbərdarlıq etdiyi bildirilsə də, Türkiyənin hər şeyə rəğmən bu səfəri gerçəkləşdirməsi maraqlı məqamdır.
Yorumlar
Yorum Gönder