Ana içeriğe atla

İslam və Qərb mediası - araşdırma

Son onillikdə müsəlmanlara və İslama aid Qərb Kütləvi İnformasiya Vasitələrində nəşr olunmuş yazıları daha dərindən nəzərdən keçirsək, məlum 11 sentyabr terror hadisəsindən sonra münasibətin daha sərt məcra daşımasının şahidi ola bilərik. Əgər əvvəllər İslam daha çox gerilik və kobudluqla əlaqələndirilirdisə, indi qərbin «IV hakimiyyəti» bu mübarək dini terrorizm, fundamentalizm və müharibə konteskstində səciyyələndirir. Bu gün dünya müsəlmanları mass-mediada İslamın həqiqi mahiyyətini təhrif edən, dezinformasiya və saxtakarlıqlarla dolu olan bir kompaniyanın şahidi olmaqdadır. Heç də düşünmək lazım deyil ki, bütün bu təbliğat İslam dini, mədəniyyəti və ənənələri ilə tanış olmayan qərb kütləsinə yönəlib. Fikrimizcə, post-xristian çərçivəsində tərbiyə almış qərb «obıvatel»i heç də bu kompaniyanın ulaşmağı qarşısına məqsəd qoyduğu hədəf deyil. Əsas zərbə gücü əslində, öz dini ilə az tanış olmuş, lakin özünü İslam dininin nümayəndəsi sayan «ənənəvi müsəlmanlar»a və qərb mədəniyyətinin ciddi təsirinə məruz qalmış sadə insanlara yönəlib.


Səbəblər... 

Qərb kütləvi informasiya vasitələrinin bu qədər aqressiv, hətta bəzən təhqiredici münasibəti bir sıra səbəblərlə izah oluna bilər. İslam haqqında məlumatsızlıq bu səbəblərdən ən başlıcasıdır. Qərbdə İslamı və şəriəti müəyyən qədər öyrənməyə çalışan, bu dinin tarixi ilə maraqlanan, səthi olsa belə Quran yazılarını oxumuş barmaqla sayılacaq qədər az jurnalist tapmaq mümkündür. Bütün bunlar barədə müəyyən qədər məlumatı olan yeganə qrup insan isə şərqşünaslardır. Lakin burada da onu nəzərə almaq lazımdır ki, qərbdə şərqşünaslıq elmi kolonial hədəflərin həyata keçirilməsi üçün yaradılmış bir vasitə idi. Bu səbəbdən də İslamın öyrənilməsinin əsas səbəbi həqiqəti bilmək deyil, əksinə bu dinə qarşı mübarizəni daha effektiv təşkil etməkdən ibarət idi. Əfsuslar ki, şərqşünasların məsələyə bu cür siyasiləşmiş baxışı məhz sonralar, kütləvi informasiya vasitələrində İslama olan münasibətin əsasını təşkil etdi.

Qlobal kütləvi informasiya vasitələri tərəfindən İslamın təhrif edilməsi müxtəlif formalar almaqdadır. Bu bəzən qərb cəmiyyətinin din və ya dini qruplar barədə fikirlərini müsəlmanlara sırımağa meylli olan yazı müəlliflərinin kobud və qeyri-etik peşə davranışından da əmələ gilir. Lakin çox zaman təhriflər müxtəlif informasiya agentliklərinin və jurnalistlərin bilərəkdən, qəsdən belə etməsi nəticəsində də baş verir. 

Bu zaman biz 4 növ taktiki gedişin şahidi oluruq:

1. İslam dünyagörüşü və ənənələri haqqında təsəvvürlərin təhrif edilməsi;

2. İslamın radikal cərəyan və qruplaşmalarla əlaqələri;

3. İslamın Qərb cəmiyyəti üçün təhlükə mənbəyi olması barədə fikir;

4. Müsəlmanlara qarşı yönəlik aqressiya və dözümsüzlüyün əsaslandırılması.

KİV-də İslama qarşı hücumların səbəblərini aydınlaşdırmaq üçün, ilk növbədə bu dinlə müasir reallıq arasındakı münasibətlərin təhlilini aparmaq lazım gəlir. Əslində qlobal informasiya bazarına nəzarət imkanları olan iri media korporasiyaların da bu kompaniyalarda aktiv iştirakı KİV-də gündən-günə artan mənfi münasibətin heç də sadə olmadığından xəbər verir. Əslində bunu qərb ateizminə qarşı ciddi rəqib olan və dünya miqyasında ciddi ideloji-mənəvi qüvvəyə çevrilmək imkanı olan bir dinin deskreditasiyası kimi dəyərləndirmək mümkündür. 

Bu zaman Qərb mediası İslama qarşı aşağıdakı qara PR texnologiyalarından istifadə edr:

1. Islam dünyagörüşü barədə təsəvvürlərin taktiki şəkildə təhrif edilməsi: bu taktikaya əsasən İslamla bağlı olan bir çox dini terminlər media vasitəsi ilə öz həqiqi mənasından çıxardılaraq təhrifə uğradılmış şəkildə qara təbliğat vasitəsinə çevrilirlər: şəhid, mücahid, kəbin, cihad və s. 

2. İslamı radikal lider və qruplaşmalarla bağlamaq taktikası: Bu da əsasən mətn və leksik səliqədən asılı olan məsələdir. Bununla əlaqədar olaraq biz, mütəmadi şəkildə “islam fundamentalizmi”, “radikal İslam”, “İslam terroristləri” kimi ifadələrlə üz-üzə qalmaqdayıq. 

3. İslam anlayışının hər zaman ölüm gətirən hər şeylə əlaqələndirlməsi taktikası: ABŞ mediasının bütün terror hadisələri və qətllərin səbəbkarları kimi müsəlmanları göstərməsi və hətta bir çox hallarda önyarğılı davranması buna misal ola bilər.

4. İslam obrazının antiptiya oyadacaq obrazlarla çulğalaşdırılması taktikası: bu zaman media əsasən miqrasiya problemlərini qabardır. Məsələn Rusiya KİV-də dəb olan “Qafqazafobiya” buna misal ola bilər.

5. Müsəlman icmaları və həyat tərzi barədə media və əks-təbliğat vasitəsi ilə formalaşdırılmış mif və stereotiplərin dəstəklənməsi taktikası: “Müsəlman qadınları örpək və hicab bağlamağa məcbur edirlər və əslində onlar bu zaman özlərini narahat hiss edirlər”, “Şəriət qaydalarına görə geyinən qız, kənardan özünə diqqət cəlb etmək üçün belə edir”, “Müsəlman qızı zorla ərə verirlər və bu zaman o, ailəsinə qarşı gələ bilməz”, “İslam elm və təhsilə müsbət yanaşmır, hələ qadınların təhsilini qadağan edir”, “İslamda hər kişi istədiyi qədər arvad ala bilər və çoxarvadlılıq adi haldır” və s. bu kimi cəfəng iddialar buna misal ola bilər.

6. İslam dxilində fiqhi-məzhəbi fikir ayrılıqlarının qabardılması və bu kontekstdə mübahisəli məqamların geniş şəkildə təqdim edilməsi üçün mediada geniş meydan verilməsi, müzakirələrin təşkili taktikası.

Hələ bir qədər əvvəl, 70-ci illərin ortalarında qərb ictimaiyyəti İslama ciddi maraq göstərməyə başlayır, bir çox insanlar Quranda göstərilən həyat tərzinə üstünlük verirdilər. İslam ideyalarının və mənəvi dəyərlərinin intibahı, cəmiyyətin bütün təbəqələrinə öz təsiri göstərmişdi. Qərbin burjua elitası, siyasətçiləri və elm xadimləri sonuncu dinlə maraqlanmağa başlayırlardılar. Hadisələrin bu cür gedişatı, 10 il əvvəl (60-cı illərdə) Avropa liberalizminin triumfunu və müsəlman dünyasında İslamın süqut etdiyini elan etmiş qərb siyasətçiləri və elm xadimləri üçün gözlənilməz oldu. Məsələn, 1958-ci ildə Daniel Lerner özünün «Ənənəvi cəmiyyətin inteqrasiyası» əsərində İslamın Yaxın Şərqdə mövqeyinin olduqca zəifləməsi barədə yazırdı: «Qərbdə və ya şərqdə olmasından asılı olmayaraq, modernləşmə rasional və pozitivist fikirlərin arqumentlərinə tabe olmağı diqtə edir. Bu gün alimlərin yekdil rəyinə əsasən, İslam tamamilə zərərsizləşdirilib. Keçən on illikdə bu prosesin gedişatı son dərəcə sürətlənib. Əgər avropalaşma əvvəllər yalnız Yaxın Şərq cəmiyyətinin yuxarı təbəqəsinə nüfuz edə bilirdisə, bu gün müasirliyin səsi əhalinin daha geniş təbəqəsi arasında eşidilməkdədir...» (2).

80-ci illərin sonlarında müasir cəmiyyətdə İslamın qəbul olunması yeni bir forma alır. Artıq bir çox qərb ziyalıları İslamı yalnız tarixi əhəmiyyəti olmuş, sönməkdə olan dini inanc kimi deyil, qərb hegemonluğuna real təhlükə ola biləcək həqiqi qüvvə kimi nəzərdən keçirməyə başlayırlar. Özünün məşhur «Tarixin sonu və sonuncu insan» əsərində Frensis Fukuyama İslam haqqında belə yazır: «... həqiqətən İslam liberalizm və kommunizm kimi dəqiq və davamlı, özünün mənəvi kodeksi, siyasət və sosial ədalət doktrinası olan ideoloqiya təsəvvürü yaradır. İslamın çağırışı potensial cəhətdən çoxşahəlidir və sadəcə bir millətin və ya etnik qrupun təmsilçisinə deyil, hər bir insana ünvanlanır... Avropada soyuq müharibənin sonu, İslamın əhəmiyyətli dərəcədə rol oynadığı İraqın Qərbə meydan oxuması ilə müşayət olundu» (6, s. 45-46). 

Fukuyama növbəti bölmədə «islam mədəniyyətinin hakim mövqedə olduğu sahələr istisna olmaqla, digər sahələrdə heç bir üstün cəhətə malik deyil» yazaraq sonuncu tövhid dininin əhəmiyyətini inkar etməyə tələssə də, fakt faktlığında qalır. Müəllif, İslamı, qərb «mədəniyyətinin ekspansiyasında» real təhlükə olaraq görür, onun çağırışının hər bir insana ünvanlandığını və bir ideologiya olduğunu vurğulayır.

Eyni fikri məşhur geopolitik və ictimai xadim, ABŞ-ın xarici siyasətinin əsas strateqlərindən biri olan Zbiqnev Bzejinski də paylaşır. Sovet İmperiyası dağıldıqdan az sonra işıq üzü görmüş «Nəzarətdən kənar» kitabında o, «İslamın Mərkəzi Asiyada güclənəcəyi təhlükəsi»ndən söz açır. Onun fikrincə, İslam ideologiyası bolşevik imperiyasının dağılması nəticəsində orada əmələ gələn ideoloji vakkumun doldurulması üçün əlverişli mövqedədir: «... Təbiət boşluq sevmədiyindən, şübhəsiz ki, geopolitik qüvvələr, əsasən də keçmiş sovet respublikaları ilə qonşu olan islam dövlətləri, Rusiya Sovet İmperializminin çöküşü ilə Mərkəzi Asiyada yaranmış ideoloji və siyasi boşluğu doldurmaq üçün maksimum səy göstərəcəklər. Türkiyə, İran və Pakistan artıq öz nüfuz dairələrini genişləndirmək və gücləndirmək məqsədi ilə müxtəlif manevrlər etməyə başlamışlar. Daha uzaqda olan Səudiyyə Ərəbistanı bu zaman, regionda dini-mədəni müsəlman mirasının bərpası istiqamətində görüləcək işləri maliyyələşdirməyə hazırlışır. Beləliklə İslam son iki yüz ildə ilk dəfə olaraq, öz nüfuz dairəsinin qeosiyasi kursunu dəyişərək şimala doğru irəliləyəcək».

İslamın dünya miqyasında sosial-siyasi dəyişmələrə səbəb ola biləcəyini vurğulayan Bzejinski, eyni zamanda, haqlı olaraq islam ideyalarının sosial reallığa transformasiya modelinin olmamasından doğan məhdudiyyətlərin də olduğunu göstərir. 

«IV Hakimiyətin təbliğatı»

Aydındır ki, İslama yönəlik hücumları, qərbin hakim elitasının, «müəyyənləşdirilmiş dünya nizamına» təhlükə olan İslam mədəniyətinin dirçəlişinə olan reaksiyaları kimi qiymətləndirmək lazımdır. İslama və onun atributlarına olna hücumları iki istiqamətdə qruplaşdırmaq olar. Onlardan birincisi qərbin İslam mədəniyətinin nüfuzunun şərqdə minimuma endirilməsini təmin etmək üçün xarici siyasət kursudur. Bizim nəzərdən keçirməyə çalışdığımız ikinci istiqamət isə, KİV vasitəsi ilə aparılan təbliğatdır.

Bu zaman «IV hakimiyət» tolerant və humanist görüşlərə malik bir dini, fanatik və terror qruplaşmaları ilə əlaqələndirir, təəssüf ki, müsəlman ölkələrinin bir çoxu üçün xarakterik olan diktatura rejimlərini islam mədəniyyətinin bir tərkib hissəsi kimi təqdim etməyə çalışır. Qərb KİV-nin bu istiqamətdə apardığı təbliğat stratejisini təhlil etməzdən əvvəl, mass-media ilə xarici siyasət kurslarını müəyənləşdirən strukturlar arasındakı qarşılıqlı əlaqələri də nəzərdən keçirmək lazımdır. İş burasındadır ki, hər iki struktur biri-biri ilə qarşılıqlı əlaqədədir və bu əlaqələr ümumiyyətlə mediadan total təbliğat vasitəsi kimi istifadə edilməsində açar rolunu oynayır. 

Qeyd etmək lazımdır ki, istənilən dövlətin geosiyasi maraqlarının qorunmasında və ictimai rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin və bu vasitələrə nəzarət imkanlarına malik media korporasiyaların əhəmiyətli rolu var. İnformasiya təbliğatı XX əsrin ortalarından başlayaraq son dərəcə əhəmiyyətli bir silaha çevrilib. «Soyuq savaş» dönəmində diplomatların siyasi müharibəsi ilə yanaşı, Sovet və Qərb KİV-ləri arasında gedən söz müharibəsini misal çəksək kifayət olar. 

İslamla bağlı Qərb KİV-nin təbliğat strateqiyası, əfsuslar olsun ki, çox zaman məhz aşağılayıcı, təhqiredici, təhrif edici nüanslar üzərində köklənir. Bunun belə olduğunu bir neçə misalla göstərmək olar. Məşhur «Ekonomist» jurnalınının 1990-cı il 15 sentyabr sayında çap olunmuş «Xristianların ərəb nəticəsi» məqaləsində müəllif, ərəb dünyasında islamın hakim mövqedə olmasını, «xristianların nəticəsi» kimi qiymətləndirir. Məqaləyə giriş hissəsi, yaranmış vəziyəti son dərəcə dramatik bir üslubda təsvir edir: «.... faktiki olaraq, xristianlıq öz ata-baba torpağında məhv olmaqdadır. Xristianlar Fələstin və Livanı kütləvi halda tərk edirlər, yerli kilsələr öz gələcəklərindən narahatdırlar. Ərəb ölkələrinin xristian icmaları arasında yalnız Misirin xristian icması zərər çəkməyib». Müəllif sonra daha irəli gedərək xaçlıların məğlubiyyətindən sonra «xristianların hamısından qisas alındığı»nı yazır, müsəlman ölkələrinin kolonial qüvvələrdən azad olmalarından sonra xristianların kütləvi halda Avropa və Amerikaya köç etmələrindən söz açır.

Müasir internet media, o cümlədən də sosial şəbəkələrdə də İslama münasibət qlobal media məkanının təqdim etdiyi ümumi “stereotiplər”dən kənara çıxmır və əslində daha kəskin və subyektiv xarakter daşımaqdadır. Media aktiv şəkildə islam mövzusu ilə bağlı siyasi kontekstdə çox sayda standart klişelərdən istifadə etməkdədir: “islam fundamentalistləri”, “vəhhabilər”, “mücahidlər”, “şəhidlər”, “şəhid kəməri” və s. 

Müxtəlif səpkili və çoxşahəli materialları istifadəçilərin tələblərinə uyğun olaraq təqdim etməsinə rəğmən, bir çox məqamlarına görə İnternet kommersiya strukturuna malikdir. Dəqiq istinad prinsipi və açar sözlər vasitəsi ilə axtarmaq imkanı tanıması nəticəsində axtarış sistemləri ilk növbədə daha çox cəlbedici başlıqları təqdim edir. 

2011-ci ilin sentyabr ayında rusiyalı tədqiqatçıların “google.ru” axtarış sistemində apardıqları müvafiq statistik araşdırmanın nəticələri bu baxımdan mövzumuza aid olduğundan təqdim etmək istərdik. Nəticələr doğrudan da maraq doğurur. Axtarış sistemində aşağıda təqdim etdiyimiz söz birləşmələrinə görə alınan nəticələr bu cürdür:

- Axtarış sistemi “islam” sözünə aid təqribən 17.400.000 istinad təqdim edib;

- “islam terroru” söz ifadəsinə aid 180.000.000 istinad var;

- “islam terrorizmi” (və ya “islam terroristləri”) söz ifadəsinə aid isə 137.000.000 istinad təqdim edilir;

- “qorxulu islam” 44.200.000 istinad;

- “islam ekstremizmi” 3.120.000 istinad;

- “təhlükəli islam” – 89.900.000 istinad.

Lakin maraqlı məqamdır ki, bu rəqəmlərin fonunda “islam barışı” və ya “islam dostluğu” ifadələrinə təqdim edilən istinadların sayı cəmi, müvafiq olaraq 1.850.000 və 1.120.000-dir. Rəqəmlər arasındakı son dərəcə böyük olan fərq beləliklə açıq-aşkar göz qabağındadır. 

Nəticə etibarı ilə sırf siyasi problem kimi qiymətləndirilməli olan məsələlər dini məna daşımağa başlayır və ayrı-ayrı hallarda hətta qlobal xarakter alır. Din ictimai sağlam təfəkkürə təhlükə törədən neqativ anlayış kimi təqdim edilir, məqalə başlıqları isə skandal xarakter daşıyır. Bu zaman həmin məqalələri təqdim edən nəşrlər və ya elektron media portaları hətta informasiyanın mahiyyətini təhrif etməklə onu kontekstdən çıxartmağa da müvəffəq olurlar. Məsələn, 2008-ci ildə Rusiyada nəşr edilən “Власть” jurnalında “Rusiya müsəlmanları cihad elan edir” başlığı ilə təqdim edilmiş məqalə buna əyani misal ola bilər. Ümumiyyətlə, Rusiyada nəşr edilən dərgi və qəzetərdə tez-tez belə başlıqlara rast gəlmək mümkündür: “Oxu Kalaşnikov, Quran nəğməsini” (“Коммерсант”), “Təbəssümlə təmizləmə” (“Комсомольская правда”) və s. 

Mass-media üçün xaraetrik olan «şüuraltına psixoloji təsir» imkanlarından da söz açmaq lazımdır. Belə məqalələr əsasən, qərb ictimaiyyəti üçün yönəlik məqalələrdir. Məsələn, terror hadisələri barədə xəbər və yazılar dərc edilərkən, qruplaşmaların qarşısında «islam» sözünün əlavə edilməsi buna misal ola bilər – islam radikal qruplaşmaları, islam terrorizmi və s. Halbuki, terrorun dini və milliyyəti olmur. Və İslam bütün tövhid dinlərində olduğu kimi, günahsız insanların həyatına son qoyacaq zorakılığı lənətləyir. Bu zaman xəbərlərə verilən başlıqlar yalnız təəssüf və ikrah hissi oyadır: «İslamın ölüm oxu» və ya «Sifətini dəyişən din».

ABŞ kütləvi informasiya vasitələri 1995-ci ilin aprel ayının 19-da Oklaxomada federal hakimiyyətin binası qarşısında avtomobil partlayışını işıqlandırarkən də bu cür fəndlərdən istifadə edilib. Sietldə nəşr edilən «Poçt kuryeri» qəzetinin 1995-ci il 20 aprel sayında Federal Təhlükəsizlik Xidmətinin (FBİ) terrorizmə qarşı mübarizə şöbəsinin keçmiş rəhbəri Robert Heybelə istinadən yazılırdı: «Hesab edirəm ki, quş əgər ördək kimi görünürsə, ounun kimi səs çıxarır və üzürsə, deməli o ördəkdir... Avtomobillərin partlayışı – islam fundamentalistlərinin əməlidir».

Mediada buna müvafiq olaraq baş vermiş terror olayına görə “Yaxın Şərqdən olan adam”ı (yəni müsəlman-ərəbi) günahkar elan etdi. Nəticədə ABŞ ərazisində yaşayan müsəlmanlar fiziki zorakılığa, kütləvi baykota və kobud münasibətə məruz qaldılar. Onların məscidləri murdarlanır, müsəlman qadınlar müxtəlif şəkildə təhqirlərə və məzhəkələrə məruz qalır, “Yaxın Şərqdən olanlar”ın avtomobilləri isə hücumlara məruz qalırdı. 

Britaniyanın məşhur “Today” qəzeti hadisənin sabahı günü ilk səhifəsində “İslamın adı ilə” başlığı altında tamamən yanmış uşaq cəsədini qucağında aparan yanğınsöndürənin dəhşət doğuran şəkili ilə dərc edildi. 

Həmin gün məşhur «Uoll-Strit Journal» «maraqlı» mövqe nümayiş etdirdi: «Analitiklərin fikrincə, ABŞ-ın müxtəlif bölgələrində, məsələn, Nyu-York, Detroyt və Oklaxomada müsəlman cəmiyyətlərinin sayının artması, terror fəaliyyətinə təkan verən ekstremistlərin meydana çıxması üçün münbit şərait yaradır».

Bütün bunlara rəğmən, az müddət sonra məlum olur ki, hadisəni törədən terrorist “Yaxın Şərqdən olan adam” deyil, əksinə 1991-ci il Fars körfəzi müharibəsinin veteranı olan açıqsaşlı amerikalı əsgərdir. Və sağ təmayüllü görüşlərə malik bu terroristin inancı İslam deyil, xristianlıqdır. Lakin maraqlıdır ki, hadisə ilə əlaqədar səs-küylü başlıqlar və açıqlamalar dərc etməklə müsəlmanları açıq hədəf kimi göstərən ABŞ və Britaniya KİV-ləri həmin şəxsi “xristian terroristi” elan etmədilər və müsəlmanların hissiyyatına heç bir əsas və səbəb olmadan toxunduqlarına görə üzr istəmədilər. 

2005-ci ildə Londonda baş verən partlayışlar, Britaniyada multikulturalizmin gələcəyin ciddi şübhə altına aldı. Britaniyanın baş naziri Kemeronun 2011-ci ilin fevralında Münxendə keçirilən təhlükəsizlik məsələlərinə həsr edilmiş konfransdakı çıxışı ictimaiyyət tərəfindən multikulturalizm siyasətindən imtanaya çığırış kimi dəyərləndirildi. Britaniya mətbuatı həvəslə Kameronun bu açıqlamasının müzakirəsinə qoşuldu. Bəzi mətbuat orqanları baş nazirin çıxışını açıq şəkildə “düşünülməmiş və ehtiyatsız” kimi qiymətləndirdilər. Lakin böyük çoxunluq bu çıxışı ya müdafiə etdi, hətta bəziləri ümumiyyətlə çıxışa qarşı fikir bildirən hər kəsə qarşı hücuma keçməyə başladlar. Lakin öz növbəsində məsələn, “Guardian” digər aparıcı mətbu orqanı “Daily Star” qəzetini birbaşa “antimüsəlman təbliğat aparmaqda” ittiham etdi. Media aktiv şəkildə müzakirələrə qoşulsa da, səhifələrində çox nadir hallarda “inteqrasiya” termininə rast gəmək olardı. Digər tərəfdən “multikulturalizm”in özünə münasibətdə də tam aydın mövqe sərgilənmirdi: jurnalistlər bu terməni öz anladıqları şəkildə təqdim edir, şərhçilər isə özlərinə məxsus məna yükləyərəq təhlil edirdilər. 

Mass-mediada tətbiq edilən başqa bir fənd müsəlmanlara qarşı yönəlik təhqir və həqarətlərlə bağlıdır. Təəssüflər ki, demokratiyanın beşiyi sayılan qərb ölkələrinin kütləvi informasiya vasitələrində tez-tez belə hallara da rast gəlmək mümkündür. Fransanın məşhur «Le Mond» qəzetində 1994-cü il sentyabr ayının 13-də nəşr olunan və ingilis dilinə tərcüməsi həmin ilin sentyabr ayının 25-də İngiltərənin aparıcı «Qardian» qəzetində çap edilmiş məqalədə Robert Sol müsəlman qızların hicab geyməsinə aşağılayıcı münasibət sərgiləyir. Onun yazdığına görə, hicab yalnız hansı dinə mənsub olmanı nümayiş etdirmir, «bu həm də, qadınların alçaldılması və cinslər arasındakı qeyri-bərabərliyi göstərən faktdır».

İfadə azadlığı, yoxsa avantyura?

30 sentyabr 2005-ci ildə Danimarkada çap olunan “Jylands-Posten” adlı gazetdə dərc edilmiş məşhur karikatura olayının 2006-cı ilin sonu, 2007-ci ilin əvvəlində miqyasında böyüməsi və ciddi narazılığa səbəb olmasını da vurğulamaq yerinə düşərdi. Təbii ki, İslam peyğəmbərini təhqir edən karikatura olayı heç bir çərçivəyə sığa bilməz. Karikatura krizisi, əslində Kaare Bluitgenin Hz. Muhammed haqqındakı kitabı üçün karikatura çəkəcək bir karikaturçu tapa bilmədiyi iddiasını ortaya atmasıyla başladı. Bluitgen, karikaturçuların müslümanlardan çəkindikləri üçün onunla çalışmaq istəmədiklərini iddia etməsi səbəbi ilə “Jyllands-Posten” gazetinin mədəniyyət redaktoru, “fikir və mətbuat azadlığına dəstək vermək” gərəkçəsiylə 40 karikaturçuya müraciət edərək, Hz. Muhammedi öz anlayışlarına görə təsvir edərək redeksiyaya göndərmələrini istədi. Məktub vasitəsi ilə müraciət edilən 40 nəfərdən yalnız 12 karikaturçu müsbət cavab verərək çəkdiklərini gəzetə göndərdilər və qəzet də bunları “Muhammedin üzləri” başlığı ilə yayımladı. Karikaturalarin yayımlanmasından bir neçə gün sonra, gəzetə Danimarkanın özündən və xaricindən elektron və adi poçt ilə yüzlərlə etiraz məktubu daxil oldu. Danimarkanın baş naziri Rasmussen isə, bu karikaturaları “ifadə azadlığı” çərçivəsində deyərləndirərək, hökumətin məsələyə müdaxilə etmək niyyətində olmadığını açıqladı. Digər tərəfdən başda Türkiyə olmaqla, Danimarkadakı 11 müslüman ölkənin səfirlikləri karikaturaların İslamı və müslümanları təhqir etdiyini, bunun dinlər arası və beynəlxalq münasibətlərə zərər verməsi ilə yanaşı, son dərəcə təhlikəli bir dönəmi başlada biləcəyini açıqlayaraq, məsələni müzakirə etmək məqsədi ilə Rasmussendən görüşmək tələbi irəli sürdülər. Lakin bu tələb baş nazir tərəfindən qəbul edilmədi. 

Bu isə öz növbəsində yeni etirazlara təkan verdi. Dünya İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) 27 dekabr 2005-ci ildə 51 üzv ölkənin Danimarka ilə siyasi və iqtisadi münasibətlərini kəsmək tələbini irəli sürdü. 

2006-cı ildə isə bir sıra müslüman dərnəklər, müxtəlif ölkələrdə dinc etiraz aksiyaları keçirərək geniş bir şəkildə Danimarka istehsalı olan malları baykot etdilər. 

Lakin sonra hımin karikaturaların Norveçdə, 2007-ci ilin yanvar ayında isə Fransada nəşr olunan «Liberation» qəzetində yenidən dərc edilməsi etirazların daha kəskin şəkil almasına təkan verdi. Əsasən Yaxın Şərq ölkələrində Danimarkanın bayraqları yandırıldı və səfirliklərin yerləşdiyi binalara hücumlar edildi. Əslində büün bu hadisələrdən nəticə çıxardaraq demək mümkündür ki, “karikatura hadisəsi” bir “ifadə azadlığı” deyil, media vasitəsi ilə düşünülmüş şəkildə ortaya atılmış avantyura idi. Bunu hadisələr bir qədər səngidikdən sonra karikaturaların təkrar Avropa ölkəərinin müxtəlif media orqanlarında dərc edilməsi faktı sübut edir. 

Qeyd etmək lazımdır ki, oxşar hadisə İsveçdə də baş verdi. Belə ki, orada Muhəmməd peyğəmbərin karikaturalarından ibarət sərginin keçirilməsi planlaşdırılırdı. Lakin İsveç hökuməti məsələyə vaxtında müdaxilə edərək sərginin keçirilməsinin qarşısını ala bildi.

Manipulyasiya üçün mənbə: Yaxın Şərq

Qərb mətbuatının müsəlman Şərqini təsəvir etməsində bir sıra yayğın yanaşma formaları mövcuddur. KİV bu bölgə barədə hərtərəfli iformasiya təqdim etmir. İnformasiya təhrif edilir və Yaxın Şərqdə baş verən hadisələrin tam mənzərəsini əks etdirmir. Təqdim edilən informasiyanın əksəriyyəti yalnız neqativ məzmun daşıyır (terror aktları, qətllər, zorakılıq, ixtişaş). Bu şəkildə olan informasiya axını isə media auditoriyasında nəticə etbarı ilə bölgə haqqında mənfi rəyin formalaşmasına səbəb olur. Belə bir düşüncə hakim olur ki, Yaxın Şərq siyasi səbatsızlıq və münaqişələr ocağıdır. Maraqlıdır ki, belə bir mənfi siyasi imic ilə yanaşı pozitiv mədəni-istehlak imici də mövcud olmaqdadır: şərq siyasətindən fəqrli olaraq şərq ekzotikası dəbdədir və cəlbedicidir. 

Hadisələri təqdim edərkən və qiymətləndirərkən jurnalistlər qərb kriteriyaları və dəyərlər sistemini əsas götürürlər. Bu zaman qərb dəyərlərinin rolu və əhəmiyyəti də olduqca şişirdilir. Hadisələri qərb kriteriyalarının çərçivəsi daxilində nəzərdən keçirməklə və həmçinin təhlil zamanı yerli şərtlərlə üst-üstə düşməyən məqamları əsas götürməklə jurnalistlər əslində reallıqları təhrif edirlər. 

Beləliklə KİV yalançı stereotiplərin formalaşması və təsdiqində başlıca mənbəyə çevrilir. Televiziya kanalları əsas etibarı ilə “rəsmi” stereotip və obrazlardan kənara çıxmamağa səy göstərir, belə ki, bu təqdim edilən materialın qəbul edilməsini asandlaşdırır. Məsələn, Yaxın Şərqlə bağlı tez-tez istifadə edilən bir neçə “əfsanə” mövcuddur ki, onlar adi tənqidlərə belə davamlı deyillər: 

1. “Yaxın Şərq əhalisi İslamın fanatik ardıcıllarıdır”;

2. “Müsəlman ölkələrində qadınlar istismar olunurlar və heç bir hüquqları yoxdur”;

3. “Şərq şəhərində həyat tərzi anlaşılmaz və sirlidir”;

4. “İslam acımasız və qəddardır”.

Təqdim edilən materiallar təhlilə deyil, bir qayda olaraq obrazların koloritliyinin prioriteti prinsipinə əsaslanır. İslam dünyasına toxunan mövzular yüksək reytinqə malikdir və televiziya şirkətləri bundan istifadə edirlər

2001-ci il 11 sentyabr hadisələrindən sonra KİV İslamı sadəcə iblisləşdirdi. Dinə “aqressiv”, ardıcıllarına isə “dindar fanatiklər” damğaları vuruldu. Jurnalistlər və analitiklər getdikcə daha çox “İslam terrorizmi” ifadəsindən istifadə edərək məqsədli şəkildə bunu təbliğ etməyə başladılar. Nəticədə bu gün “İslam” və “terrorizm” şüuraltında eyni mənanı ifadə edən terminlərə çevrilməkdədirlər. Bununla da Qərb mediası və analitiklərinin təqdim etdiyi Yaxın Şərq ciddi şəkildə ideolojiləşdirildi və real vəziyyətindən ciddi şəkildə fərqlənməkdədir. Bu virtual obraz mütəmai olaraq bizim KİV vasitəsi ilə də təbliğ edilməkdədir. Qərb tərəfdən belə bir yanaşma anlaşılandır, belə ki, dəqiq həyata keçirilən bir proqram mövcuddur – müdafiə olunmaq və ona qarşı fəaliyyət göstərmək üçün real düşmən obrazı, təhlükə qorxusu yaratmaq. 

Hələ 1999-cu ildə ABŞ prezidenti B. Klinton 68 nömrəli direktiv imzalamışdır. Direktivin əsas hədəfi “Amerika xarici siyasətinin qarşısında məqsəd kimi qoyulan başlıca hədəflərə çatmaq üçün xarici auditoriyaya təsir etmək” idi. “Beynəlxalq ictimai diplomatiya” adlı sözügedən direktiv-proqramı Dövlət Departamenti, Müdafiə Nazirliyi, Mərkəzi Kəşviyyat İdarəsi və digər dövlət strukturları tərtib etmişdilər. Proqram təkcə xarici deyil, daxili auditoriya üçün də hesablanmışdır. Buna müvafiq olaraq Qərb mediasının İslam, müsəlmanlar və müsəlman ölkələri ilə bağlı ritorikasında bir çox məqamlar məhz xarici siyasət kursu ilə əsaslandırılmış şəkildə müəyyənləşdirilir. 

Son 20 ildə Qərbdə sensasiyalı başlıqlarla bir sıra nəşrlər çap edilib: “İslamın qılıncı”, “İslam təhlükəsi”, “Müsəlmanların nifrətinin kökü”, “İslamın yeni döyüş nidası” və s. Bu başlıqlar müəlliflərin öz nəşrlərində oxucularına çatdırmaq istədikləri İslamın təhrif edilmiş obrazını əks etdirməkdədir. Müvafiq proeksiyaya görə İslam, Qərb dəyərləri, həmçinin Qərbin iqtisadi və siyasi maraqları üçün başlıca təhlükə mənbəyidir. Və təəssüf ki, bu zaman Qərb mediası informasiya manipulyasiya edərək maraqlarına uyğun olan bir obraz yaratmaqla qalmır, eyni zamanda “öz dəyərlərinin müdafiəsinə qalxmaq” bəhanəsi ilə qarşı tərəfin dəyərlərini aşağılamaq, hətta təhqir etməkdən çəkinmir. Məsələn, Danimarkada dərc edilmiş məşhur karikaturanı təkrar öz dərgisində dərc etdirən Norveçin “Magazine” jurnalının redaktoru Selbek buna misal ola bilər. “İsa peyğəmbəri təhqir edən karikaturanı dərc edərdimi”, - sualına redaktor qəti şəkildə “yox” cavabı vermişdi. 


Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...