Ana içeriğe atla

Türkiyədəki prezident seçkisinə söz ardı və ya qısa təhlil

Rəcəp Tayyip Ərdoğanın prezident seçkilərində elə ilk turda qələbə çalacağını dəfələrlə müsahibələrimdə bildirmişdim. Şəxsən mən bunu gözləyirdim və Türkiyədə baş verən hadisələr də bu qələbəni şərtləndirən amillər idi. Ərdoğan niyə qalib gəldi, sualına cavab olaraq uzun bir təhlil yazmağa gərək duymuram. Ən azı ona görə ki, son təhlillərimdə (əsasən də son bələdiyyə seçkiləri ilə bağlı) AKP-ni seçkidən-seçkiyə qələbəyə doğru aparan faktorları sadalayaraq təhlil etmişəm. Amma yenə də az da olsa bu qələbəni labüd edən məqamları paylaşmaq istərdim:
1. Türkiyədə müxalifətin birlik ideyası sadəcə xəyal və heç bir ciddi nəticəyə hesablanmamış bir ideyadır. İdeoloji fərqlər sol və sağın eyni namizədə səs verməsini mümkünsüz edir. Trkiyədə hər iki düşərgənin təmsilçiləri hələ də keçən əsrin 70-ci illərində yaşanan vətəndaş qarşidurmasını və axıdılan qanları unutmayıblar. 

2. Ərdoğanın son dərəcə iddialı iqtisadi layihələri, eləcə də AKP-nin adambaşına düşən gəlirin artmasından tutmuş, inflyasiya səviyyəsinin aşağı olması, yeni iş yerləri, iqtisadiyyatda müəyyən dinamik inkişaf kimi kartları qabartması, sadə Anadolu adamını cəlb edən başlıca faktordur. Adi insanlar üçün dəyişməz “Aş və iş” psixologiyasına yönəlik bu həmlə öz effektini verməkdədir. 

3. Ərdoğana rəqib olaraq çıxarılan namizəd intellekt və siyasi mədəniyyətə malik, tanınmış bir namizəd olsa da, aktiv deyil passiv siyi akt tətərfdarı oldu. Seçki kompaniyası boyu bir dəfə də olsun meydanlarda xalq qarşısına çıxmayan bir namizədin, son dərəcə çevik və aktiv siyasi aksiyalar tərəfdarı olan rəqibinə qalib gəlməsi mümkün deyildi. Müxalifətin namizədi olaraq önə sürülən, istər ölkə, istərsə də kənarda olan dini cameədə kifayət qədər tanınan Ekmeleddin İhsanoğlu əslində dini-mühafizəkar kəsimin arasında “Troya atı” funksiyasını yerinə yetirərək Ərdoğanın səslərini parçalamalı idi. Lakin hər şey tərsinə oldu. Namizəd sağ və sol düşərgənin liderlərindən fərqli olaraq tabanın özündə lazımi dəstək qazana bilmədi. CHP-də əvvəldən İhsanoğluna qarşı ciddi müqavimət var idi və bu prinsipial solçuların seçkini aktiv baykot etmısi ilə nəticələndi. MHP və hələ də pərakəndə halda olan sağ düşərgədə isə səslər ciddi şəkildə parçalandı. 

4. Türkiyədə ciddi sağ mərkəz problemi var. AKP iqtidara gələnə qədər olan onillikdə bu funksiyanı DYP və ANAP uğurla yerinə yetirirdi. Bu gün onlar yoxdurlar. Və Türkiyə siyasətində sağ mərkəzin qapısı qıfıllanıb. O qapını döymək istəyən seçici isə, alternativ kimi təbii olaraq iqtidar partiyasını görür. Milliyyətçi Hərəkat Partiyası, ideoloji yönünə görə sağ mərkəzçi deyil və bu səbəbdən həmin elektoratı öz ətrafına yığmaqda çətinlik çəkir. Cümhuriyyət Xalq Partiyası təməl ideoloji prinsiplərinə görə sol mərkəzdir. AKP isə, iqtidara gəldiyi dönəmdə milli görüş ənənələrindən gəldiklərini etiraf etmələrinə rəğmən, sağ-mərkəzə doğru dəyişdiklərini, bu partiyanı da zatən o səbəblə qurduqlarını elan etmişdi. Bəli, bütün bu illər ərzində partiyanın siyasi və ideoloji baxışının heç də sağ-mərkəzçi olmadığı, yəni dəyişmədikləri aydın oldu. Amma digəl ki, onların bu sözünü udmuş olan sağ-mərkəzə meyl edən seçici, hələ də alternativ görmədiyindən AKP-nin qapısını döyməkdədir. 


Türkiyədə seçkidən sonrakı siyasi proseslər isə maraqlı məcraya yönələcək. Belə ki, prezident seçilməsi ilə ciddi siyasi güc və toxunulmazlıq əldə edən Ərdoöan sonrakı addımlarında əsasən dini cameənin içindəki daxili rəqiblərini tamamən zərərsizləşdirməyə, eləcə də media üzərində nəzarətini artırmağa (Doğan Holdinqin çökdürülməsi kimi) çalışacaq. AKP eləcə də öz monolitliyini qoruyaraq ciddi şəkildə qarşıdan gələn parlament seçkilərinə hazırlaşacaq. Çünki məhz parlamentdə 2/3 səs çoxluğuna nail olduqdan sonra referendiuma Konstitutsiya dəyişikliklərini çıxartmaq mümkün ola bilər. Və bu zaman isə Türkiyənin federativliyi məsələsi gündəmə gətirilə bilər...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…