Ana içeriğe atla

Lozannada müzakirə var, razılaşma yox

Bir neçə gün əvvəl Lozannada İranla “5+1” ölkələrinin əldə etdiyi razılaşmanın geninə boluna şərh edildiyini nəzərə alsaq, əslində bu mövzu üzərində xüsusilə durmağa bəlkə də ehtiyac qalmazdı. Lakin yazılan ve verilən şərhlərin əslində olanlardan daha çox görünənləri təqdim etməsinə yönəlik olması, mövzunun bir daha nəzərdə keçirilməsinə böyük ehtiyac yaratmaqdadır.

Lozanna anlaşmasına əsasən İran mövcud nüvə mərkəzlərinin fəaliyyətini davam etdirəcək, sadəcə anlaşmada qeyd olunan müddəalara əsasən 10-15 il ərzində nüvə təsisatları dinc məqsədli nüvə enerjisi istehsal edəcək və ya tədqiqat mərkəzi kimi fəaliyyətini davam etdirəcək. Bunun qarşılığında isə İran mərhələli şəkildə uzun müddətdir ki, məruz qaldığı ağır embarqo və sanksiyalardan azad olacaq. 

Lozan razılaşması, Yaxın Şərqdə baş verən son hadisələrin fonunda mövqelərini kifayət qədər gücləndirməyə müvəffəq olmuş İranın, ABŞ-la münasibətlərində son zamanlar müşayət olunan istiləşmə, Əsədin İŞİD faktoru səbəbi ilə arxa plana keçərək öz mövqelərini daha da möhkəmləndirməsi, eləcə də Qərbin başının Rusiyaya qarışdığı bir dönəmə təsadüf edir. Bu məhz o dənimdir ki, hazırda öz ətrafında kifayət qədər sağlam həlqə formalaşdrmağa müvəffəq olmuş İran, Yaxın Şərqdə özünü təsdiq etməyi hədəfləyən bir qüvvə olaraq ilk növbədə ərəblərə özünü qəbul etdirmək üçün uğraşır. Əsədin Suriyası, post-Səddam dönəmindəki İraq və Hizbullahın Livanı buna kifayət etmir. Husilərlə qarıçan Yəmən növbəti hədəfə çevrilir. Və bütün bunlar Türkiyənin, ərəblərin və İsrailin həyəcan təbili çalmalarına təkan versə də, Qərb “5+1” timsalında Tejranla masaya oturur və Lozannada ilkin razılıq (məhz, ilkin razılıq!) əldə edilir. Qonşu Türkiyə isə qarışır – bütün ölkə ərazisində elektrik enerjisi kəsilir, İstanbulda başsavcı öldürülür, İstanbul emniyyətinə hücum edilir... 

Baş verənləri ilk növbədə ya ağ, ya da qara rəngdə görmək mümkün deyil. İlk növbədə ona görə ki, bura Yaxın Şərqdir və burada adlarını qeyd etdiyimiz rənglərdən daha çox boz rəng üstünlük təşkil edir. Sovet kinomotoqrafiyasının şah əsərlərindən sayılan “Səhranın bəyaz günəşi” filmində bolşevik komissarın öz komsomol köməkçisinə bildirdiyi kimi, “Şərq incə məsələdir”. Və məhz bu incə məsələlər Yaxın Şərqdə yeni və son dərəcə maraqlı bir ssenarinin işə düşməsindən xəbərdar edir. Bu ssenaridə hər oyunçunun öz yeri və öz rolu var... 

İlk növbədə Lozan anlaşması barədə...

Lozan anlaşması - əslində İranın nmövcud vəziyyətdən maksimum yararlanaraq müəyyən müddətə olsa belə öz şərtlərini qəbul etdirə bilmək imkanıdır. İran əslində Lozanna ilə Avropada cərəyan edən Rusiya-Ukrayna münaqişəsindən, Yaxın Şərqdəki İŞİD və bu kimi radikal terror qruplaşmalarının fəaliyyətindən ustalıqla bəhrələnə bildi. Və nəticədə indiki aşamada Tehran, ən önəmli məsələ olan “uranı zənginləşdirmə” haqqını ABŞ-a qəbul etdirmiş oldu. Embarqolar isə mərhələli şəkildə aradan qaldırılacaq. Bu razılaşmanın görünən tərəfidir. 

Lakin bu razılaşmadan əslində çox maraqlı nəticələr də çıxartmaq mümkündür. Məsələn, birmənalı şəkildə vurğulaya bilərik ki, Lozan razılaşması Qərb-İran münasibətlərinin yenidən qurulması kimi qiymətləndirilə bilməz. Necə ki, bunu bizim bir çox şərhçi və analitiklərimiz edirlər. Əslində belə bir nəticəyə gəlmək üçün hələ çox tezdir. Bu razılaşma ilk növbədə konkret bir problemə yönəlik şəkildə qəbul edilib. Razılaşmanın konturları bəllidir. Qərblə İranın yanaşmalarındakı siyasi fərqlər isə kifayət qədərdir. 

Digər tərəfdən başlıca müəmmalar ilk növbədə Lozanna görüşünün mahiyyətinin və nəticəsinin konkret olmaması ilə bağlıdır. Əslində müzakirələrin nəticəsi olaraq bir çərçivə anlaşmasının imzalanması gözlənilirdi. Lakin müzakirələrin sonunda bir razılaşma mətni imzalanmadı, sadəcə müzakirə predmeti olmuş xüsuslar mətbuata bildiriş yolu ilə ictimaiyyətə çatdırıldı. Bu isə ilk növbədə razılaşmanın əsaslı olması ilə bağlı müəyyən tərəddüdlərin ortaya çıxmasına təkan verdi və müxtəlif manipulyasiyalar üçün geniş meydan vermiş oldu. Hazırda görüşün nəticələrini əks etdirən üç fərqli mətn var. Birincisi Mogherini və Zərifin Lozannada açıqladıqları ortaq bildirişdir. Bu bildirişdə üzərində müzakirə aparılan məqamlar ümumi şəkildə təqdim edilir və ətraflı detallar verilmir. Eyni zamanda ABŞ və İran xarici işlər nazirlərinin verdikləri iki ayrı açıqlama mövcuddur. Bu açıqlamalarda müştərək nöqtələr yer almaqdadır, lakin ayrıntılara geçildiyində mətnlərdə vurğulanan fikirlərin ciddi şəkildə fərqləndiklərini görmək olar. İran Xarici Uişlər naziri açıqlamasında İranın “qazancları” ön plana çıxdığı halda, onun amerikalı həmkarının açıqlamasında İranın nüvə proqramı üzərindəki məhdudiyyətləri və yoxlamalarla bağlı xüsusi məqamlar ön planda qabarıq şəkildə təqdim edilir. 

Razılaşmada vacib məqam olan – sanksiyaların nə zaman və hansı şəkildə aradan qaldırılması da, əldə olan mətnlərin hər birində fərqli şəkildə təqdim edilir. İran xarici işlər nazirinin sözlərinə görə, sanksiyalar razılaşma qəbul ediləcəyi gündən dərhal aradan qaldırılacaq. Ortaq bəyənatda isə Beynəlxalq Atom Enerjisi Təşkilatının İranın başlıca şərtləri uyğuladığını təsbit etməsi ilə paralel olaraq Avrop Bilriyinin və ABŞ-ın nüvə məsələləri ilə bağlı iqtisadi və maliyyə sanksiyalarını sona çatdıracaqları ifadə edilməkdədir. Amerika açıqlamasında isə, Beynəlxalq Atom Enerjisi Təşkilatının İranın gərəkli addımları atdığını təsbit etməsindən sonra ABŞ və AB sanksiyalarının yumuşalması, Amerika sanksiyalarının lüzum olacağı təqdirdə təkrar dövriyyəyə daxil etmək üzrə əsas müddəaları ilə saxlanılacağı bildirilir. Beləliklə hər üç sənəddə prinsipial məsələyə münasibətdə prinsipial fərqlər ortaya çıxır... 

Lakin bu fərqlərə rəğmən Qərbin bu razılaşmaya ehtiyacı var idi. Əslində bunun cavabı çox genişdir: Çinin iqtisadi yüksəlişi ilə ABŞ-ı Asiya, Afrika və Latın Amerikasında sıxışdırması, Rusiyanın Ukrayna və Gürcüstan timsalında imperialist demarşı, Suriyada Əsəd rejiminin dirənişi, “Hizbullah”ın Yəməndə təsir gücünü artırması və İsrailə meydan oxuması, Avropa Birliyinin mühərriyi sayılan Almaniyanın iqtisadi krizisə qarşı Çin və Rusiyaya yaxınlaşması, ABŞ və Avropa Birliyi arasında transatlantik münasibətlərinin soyuq məcraya yönəlməsi, ABŞ-ın İraq və Suriyada fiaskoya uğraması, İŞİD və buna bənzər radikal dini qruplaşmaların təsir güclərini artırması... Bunların hamısı ciddi əsaslardır və əslində hər biri bir təhlil predmetidir. Məhz bu mənzərəni dəyişmək üçün ABŞ yenidən Yaxın Şərqə müdaxilə etməyə cəhd göstərir, lakin irəliləyə bilmədi. Məhz bu əsaslar Qərblə Tehranı Lozannada uzalaşdırdı. 

Obama prezident kürsüsündəki son 1.5 ilini problemsiz bitirməyə çalışır. Netanyahu ilə yaşanan krizis də, Ərdoğanla bağlı ortaya çıxan problem də əslində, bu gün Vaşinqtonun strateji və model ortaqlarının istıdiyi kimi bölgəyə təsir edə bilməməsindədir. Lakin ABŞ tərəfindən bu əslində bir tərceh deyil, sadəcə iqtisadi və hərbi nöqteyi-nəzərdən məcburiyyətdir. Məhz bu səbəbdən Vaşinqton İranla aparılan müzakirələr fonunda daha çox Tehranı“sistem içində qazanmağa” çalışır. Lakin bu zaman da Ankara, Tel-əviv və Ər-Riyadın qarşısını da açmaq məcburiyyətində qalır. Ərəblərin son yarım əsrdə ilk dəfə olaraq birlik nümayiş etdirərək, BMT-nin sanksiyaları olmadan müstəqil şəkildə qonşu dövlətin ərazisinə müdaxilə edərək geniş miqyaslı hərbi əməliyyatlara başlaması buna misal ola bilər. Və bu əməliyyatların danışıqlar masası arxasında qazanılmasına çalışılan Tehran əleyhinə olduğunu nəzərə alarsaq, əslində daşlar müəyyən qədər yerinə oturmuş olur... 

Daxili faktorlar

Digər tərəfdən nəzərə almalıyıq ki, Lozannada əldə edilən razılaşma siyasi razılaşma idi və hüquqi cəhətdən hələ ki, əsası yoxdur. Müqavilənin özü hələ iyun ayında imzalanacaq və bunun baş tutacağının özünü də gözləmək lazımdır. Məhz bundan sonra tərəflərin biri-birilərinin qarşısında götürdüyü öhdəliklər bilinəcək. Vurğulamaq lazımdır ki, razılaşmaya həm ABŞ, həm də İran daxilində kifayət qədər ciddi müxalif qüvvə var. 

ABŞ-da Respublikaçılar razılaşma ilə bağlı kəskin mövqe ortaya qoyurlar. İranla hər hansı sazişin və ya yaxınlaşmanın əleyhinə olan və konqresdə üstünlüyə malik olan respublikaçılar hələ Lozanna razılaşması əldə edilməzdən əvvəl Tehranla imzalanacaq sazişi ləğv edəcəkləri ilə hədələyirdilər. Obama isə buna cavab olaraq “State of the Union” adlı çıxışında bildirirdi ki, İranla sazişi əngəlləyən istənilən konqres aktına veto qoyacaq. Respublikaçılar bununla əlaqədar olaraq qanunda Obamanın sanksiyaları qaldırmaq səlahiyyətini tamamilə itirə bilməsinə səbəb ola biləcək müəyyən dəyişiklikliklərin qəbul edilməsinə də hazırlaşırlar. Respublikaçı senator, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Corkerin təklif etdiyi «İranla nüvə razılaşmasına baxılması 2015» adlı partiyalararası qanun layihəsi qəbul edilərsə, o zaman Barak Obamanın İranla razılaşmanın əsas şərtinə - konqres sanksiyalarının qaldırılması şərtinə əməl etməsinin qarşısı alına bilər. Hər halda aprelin 14-də Senatın Xarici Əlaqələr Komitəsində İranla razılaşmanın müzakirəsi çox şeydən xəbər verəcək.

İranda kifayət qədər ciddi təsir imkanlarına malik müxalif mühafizəkar qüvvələr də bu razılaşmanın əleyhinədirlər. 

Ümumiyyətlə nüvə müzakirələri ilə bağlı fərqli münasibət sərgiləyən 4 fərqli qrupdan söz etmək mümkündür. Birinci qrup, İranın iqtisadi nöqteyi nəzərdən inkişafı üçün razılaşma olmasının və beynəlxalq sanksiyalardan qurtulmanın şərt olduğunu düşünməkdədir. İkinci qrup, anlaşma­nın faydalı amma şərt olmadığını düşünməkdə və bir anlaşma olmadan da ölkə iqtisadiyyatının dirçələ biləcəyinə inanmaqdadırlar. Üçüncü grub, İrana yönəlik embarqoları şəxsi maliyyə fürsətinə çevirənlər və bu sanksiyaların aradan qalxacağı təqdirdə bu imkanları itirəcək olanlardır. Əsasə işbazlardan ibarət olan bu qrup razılaşma əldə edilməsinə tərəfdar olmasalar da, fikir formalaşdırmaq imkanlarına da malik deyillər. Dördüncü grup isə, ABŞ və Qərb ilə hər cür yaxınlaşma, razılaşma və münasibətləri siyasi və ideoloji nöqteyi nəzərdən qəbul etməyən və dini-mühafizəkar baxışlara malik olanlardır ki, onların da kifayət qədər ciddi təsir imkanları mövcuddur. 

Mühafizəkarların fikrincə, anlaşma İranın Yaxın Şərq siyasətinə mənfi təsir göstərəcək və bir çox məqamlarda Tehranın güzəştə getməyinə səbəb olacaq. Diqqət edin: ali dini rəhbər ayətullah Əli Xameneinin müşavirlərindən Hüseyn Şəriətmədari bildirir ki, İran bu razılaşma ilə "öz yəhərli atını üzəngisi qırıq ata dəyişib". Keçmiş prezident Mahmud Əhmədinejata yaxın olduğu bilinən “Vatan-e Emrooz” və Ayətullah Əli Hamneiyə yaxınlığı ilə bilinən “Keyhan” gəzetləri Lozanna razılaşmasını ümumiyyətlə çox sərt bir şəkildə tənqid etməkdədirlər. SEPAH-a aid olduğu iddia edilən “Masregh news” və “Fars Xəbər Agentliyi”nın internet saytlarında da razılaşma ilə bağlı tənqidlər ön plandadır. 

Mühafizəkarlar eyni zamanda bu razılaşma ilə, islahatçıların mövqelərini gücləndirəcəklərindən də ehtiyat edirlər. 

Əsasən İran daxili siyasətində hərkəs müzakirələrin necə nəticələnəcəyinə görə mövqelərini ortaya qoyacaq. Xüsusilə 2016-cı ildə keçiriləcək məclis seçkilərinin nəticəsini məhz nüvə danışıqlarının nəticəsi müəyyənləşdirəcək. Razılaşma olacağı və bunun nəticəsində iqtisadi yüksəlişin yaşanması halında Ruhani tərəfdarlarının seçkilərdə mütləq bir qalibiyyətlə çıxacağı mütləqdir. Bu nəticə isə islahatçı qanadın mövqelərinin daha da güclənməsinə səbəb olacaq və şübhəsiz ki, bu nəticələr İranın daxili siyasətinin yaxın gələcəyini şəkilləndirəcək. Razılaşmanın baş tutmayacağı təqdirdə isə mühafizəkarların mövqeləri güclənəcək və bu seçkilərin nəticəsində də özünü göstərəcək. 

Başqa bir məqam isə bu razılaşmanı arzulamayan xarici qüvvələrdir ki, onların başında ərəblər və İsrail gedir, Türkiyə isə öz yerində...

Xarici faktorlar

Özəlliklə İŞİD-in yüksəlişi və Iraqda təsirini artırması ilə fərqli hal alan ABŞ-İran münasibətləri Tehranın dəstəklədiyi şiə milislərin Vaşinqtonun hava gücü dəstəyi ilə bərabər hərəkət etməyə başlamalarıyla, bu savaşın xüsusilə İraq cəbhəsində bir müttəfiq görünüşü sərgiləməsi ilə nəticələndi. Lakin bunun əksinə olaraq Yəməndə keçən həftə başlayan Səudiyyə Ərəbistanı əməliyyatlarına lojistik və kəşfiyyat məlumatları ilə tam dəstək verən ABŞ bu savaşda İranın dəstəklədiyi Husilərə qarşı bir mücadilədə yer almış kimi görünməkdədir. Bütün bunlara paralel olaraq Suriyada İranın tam şəkildə arxasında durduğu Əsədə münasibətdə Vaşinqton artıq, məsələn, üç il bundan əvvəl olduğu kimi radikal deyil və sanki daha loyal və dözümlü münasibət sərgiləməkdədir.

Razılaşmaya qarşı çıxan əsas qüvvələrdən biri İsraildir. Tel-əviv razılaşmanın Tehranın nüvə fəaliyyətlərini tam olaraq ləğv etmədiyi üçün qənaətbəxş hesab etmir. Onlar hesab edirlər ki, bu razılaşma aqressiv xarici siyasəti ilə seçilən Tehranın bölgədəki nüfuzunu daha da qaldıracaq, həbsdə olan pullarını geri alan və yenidən beynəlxalq enerji bazarına daxil olan İran eyni zamanda iqtisadi nöqteyi-nəzərdən də güclənəcək. Bu isə onun Yaxın Şərqdə hədəflərinin daha da genişlənməsi anlamını ifadə edir. 

Razılaşmadan naraqzı qalan digər qüvvələr Rusiyadır. Məhz Tehranla birgə formalaşan bu təbii üçlü ittifaq Qərbə qarşı başlıca qüvvə hesab edilirdi. İran eyni zamanda Avropanın Rusiyadan enerji asılılığına son qoyulması məsələsində ikincinin ən ciddi rəqibidir. Və məhz Moskvanın post-sover məkanındakı son hərbi-siyasi həmlələri Lozanna razılaşmasına aparan ən vacib faktorlardan biri oldu. Əslinsdə Qərb bu aşamada əldə edilən razılaşma ilə, İranla Rusiyanın təbii müttəfiqliyinə son verməyi də qarşısına hədəf kimi qoyub. 

30 iyun 2015-ci ildə çərçivə sənəd üzərindən konkret bir razılaşmaya varılacağı təqdirdə İranın bölgədəki görünüşündə ciddi bir dəyişiklik yaşanacaq. Belə bir vəziyyətdə İran Yaxın Şərqdə kifayət qədər ciddi təsir imkanlaına və gücə malik, hamı tərəfindən qəbul ediləcək bir oyunçu olaraq görüləcəkdir. Bu ölkənin məzhəbsəl bağlarından istifadə edərək İraq, Suriya, Livan, Yəmən, hətta Bəhreyn, Əfqanıstan kimi ölkələrdə yaşanan sosial-siyasi anlaşmazlıqlara təsir edə bilməsi onun gücünü daha da artırmış olacaq. Bu isə ilk növbədə İslam ümməsi arasında lider olmaq iddiası ortaya qoyan Səudiyyə Ərəbistanı və müttəfiqlərinə heç cür sərf etmir. Məhz bu səbəbdəndir ki, İraq, Suriya və Livanı itirən ərəblərin 50 ildən sonra ilk dəfə nəhayət ki, birlik nümayiş etdirərək Yəməndə İrana qarşı müqavimət göstərmək qərarı amaları və əməli işə keçmələri əslində az şeydən xəbər vermir. Xüsusilə vurğulamaq istərdik ki, bu yalnız məzhəbsəl sünni-şiə faktoru ilə əlaqədar deyil, eyni zamanda tarixi daha qədimlərə gedən və kökündə ərəb-əcəm ənənəvi rəqabəti ilə əlaqələndirilməlidir. Təbii ki, iqtisadi faktorlar da ərəbləri bu razılaşmanı soyuq qarşılamağa vadar edir. Anlaşma əldə edilərsə İran sürətlə neft hasil və ixrac etmə imkanına sahib olduğundan neftin qiymətləri daha da düşə bilər. Bu isə iqtisadiyyatları əsasən neftdən asılı olan ərəblər üçün məqbul sayıla bilməz. Və bütün bu amillər yalnız Ər-riyad üçün deyil, eyni zamanda səudlarla əzəli rəqabət içində olan (ərəblərin öz daxilində mövcud rəqabət) Qatar, eləcə də Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və kifayət qədər ciddi şiə əhalisi olan Bəhreyn üçün də keçərlidir. 

Ərdoğanın qalmaqallı İran səfəri

Əslində İran-Qərb müzakirələrində Türkiyə faktoru da önəmlidir. Türkiyənin İrandan gözləntiləri var idi və rəsmi Anlara da məhz nüvə müzakirələrinin nəticələrini gözləyirdi. Bu gün Yaxın Şərqdə geosiyasi anlamda bu iki dövlət prinsipial məsələlərdə - Suriyada, Yəməndə - əks mövqe sərgiləsələr də, intisadi nöqteyi nəzərdən biri-birilərinə verə biləcəkləri çox şey var. Və Ankara da, Tehran da bu reallığı dərindən dərk etməkdədirlər. Ərdoğanın aprelin 7-də Tehrana etdiyi səfər də məhz bu reallıqların diqtə etdiyi nəticə idi.

Ərdoğanın Səudiyyə Ərəbistanının rəhbərliyi ilə ərəb ölkələrinin Yəməndə başladıqları həbi əməliyyatlara dəstək ifadə etməsi və ardınca da “İran bölgədə dominantlıq etmək istəyir. Bu vəziyyət bizi, Körfəz ölkələrini narahat etməkdədir. Buna gerçəkdən də dözmək mümkün deyil” açıqlaması ilə çıxış etməsi qarşı tərəfdə ciddi narazılığa səbəb oldu. İranın 65 millət vəkili prezident Həsən Ruhaniyə mektub yazaraq, Tahrana səfər edəcək Ərdoğana sərt dillə xəbərdarlıq edilməsini, İranla bağlı “bəsirətsiz” açıqlamalarına görə rəsmən İran xalqından üzr istəməsini tələb etdiklərini bildirdilər. Türkiyə prezidentinin İrana səfəri məhz belə bir qalmaqallı şəkildə həyata keçirildi. 

Türkiyə prezidenti Tehrana yalnız iqtisadi deyil, siyasi məsələlərlə bağlı müəyyən məqamlara aydınlıq gətirmək üçün yola düşmüşdü. İran Lozanna müzakirəsi ilə Yaxın Şərqdə Qərbin belə artıq qəbul etməyə məcbur olduğu reaı qüvvə olaraq ortaya çıxdığını artıq təsdiq etmiş oldu. Və bu mənzərə artıq bölgədə yalnız anti-qərb və anti-sionist çağırışları və populist şüarları ilə Yaxın Şərq palitrasına xüsusi çalar əlavə edən bir dövlətin deyil, ciddi bir gücün ortaya çıxdığını göstərdi. Və bu güclə bölgənin gələcəyi ilə bağlı indidən müzakirələrə başlamaqda təbii ki, fayda var. Məhz bu anlamda Tehran səfərində Türkiyə həm də, Yaxin Şərqin digər aktyorlarının, o cümlədən ərəb birliyinin də elçisi funksiyasını yerinə yetirməkdə idi. Pakistanın baş naziri Navaz Şərifin, Yəməndə Səudiyyə Ərəbistanının rəhbərliyi ilə həyata keçirilən əməliyyata qoşulmaq üçün Türkiyənin səudlarla və İranla görüşmələrinin nəticələrini gözlədiklərini bəyan etməsi bunun ən bariz sübutudur. Və əslində Ərdoğanın səfərindən bir gün əvvəl Səudiyyə Ərəbistanının daxili işlər nazirinin Türkiyəyə gəlişi də Tehran səfərində əsas məqsədin, mediada təqdim edildiyi kimi yalnız İrandan alınan qazın qiymətinin aşağı salınmasından ibarət olmadığı ortaya çıxır. Vurğulamaq istərdik ki, Tsürkiyə Daxili İşlər Nazirinin də bir neçə günə İslamabada səfəri planlaşdırılır...

Ümmumiyyətlə isə Türkiyə prezidentinin İran səfərinin səbəblərini 3 vacib məqamla ümumiləşdirmək olar:

1. Siyasi: Yəmən, İraq və Suriya müzakirələrində məzhəb savaşlarına qarşı mesaj veriləcək. Əslində bu mesajlar Ərdoğanın səfərindən əvvəl də verilməkdə idi və bu hətta çox ciddi polemikalara da yol açdı. Türkiyə İranın bölgədəki siyasətinə münasibətini aydın şəkildə təqdim edəcək. Əslində buna getməyə məcburdur. Suriya, indi də Yəmən Ankara ilə Tehran arasında ciddi siyasi fikir ayrılığıdır. Və bu hər iki dövlər mövqelərini uzlaşdırmaq barədə müzakiyə açmağa çalışacaqlar. 

2. İqtisadi: İlk növbədə İrandan alınan qazın qiymətində dəyişiklik edilməsi Ankaranın hədəfində olan əsas mövzudur. Ankara Tehrana bunun müqabilində investisiyalar vəd edəcək ki, bu da hazırda çox bərbad vəziyyətdə olan İran iqtisadiyyatının dirçəlməsi üçün katalizator funksiyası daşıya bilər. 

3. Qərblə nüvə danışıqlarının nəticələri dəyərləndiriləcək. Türkiyə ABŞ-ın sərt mövqeyi və təzyiqlərinə rəğmən İrana tətbiq edilən sanksiyalara “yox” demişdi. Və bu səbəbdən də Ankaranın iyun ayında əldə edilməsi mümkün kimi görünəcək razılaşmada öz payının olduğunu söyləməyə əsası var. 

Bölgədə münaqişə dərinləşdikcə məzhbəsəl qarşıdurma fonunda Ankara arxa plana keçir və nəticədə dəngələr Səudiyyə Ərəbistanı ilə İran arasında qurulmağa başlayır. Bu isə rəsmi Ankaranın iddiaları ilə üzt-üstə düşmür. Məhz bu səbəbdən də indidən demək mümkündür ki, iqtisadi razılaşmalardan fərqli olaraq siyasi müstəvidə Tehranın hər hansı bir güzəştə gedəcəyinə inanmaq çətindir. Nə Yemən, nə Suriya – tərəflərin güzəştə gedəcəyi, gedə biləcəyi mövzular deyil. 

Və beləliklə...

Əslində Lozannada müzakirə baş tutdu, amma razılaşma hələ qabaqdadır. Lozanna müzakirəsi və çərçivə sənədin qəbul edilməsi, hətta iyunda razılaşma imzalanmasa belə yeni siyasi proseslərin başlamasını rəsmən təqdiqləmiş oldu. Bu o proseslərdir ki, artıq üç ildir məzhəbsəl pərdə ilə örtülmüş şəkildə Yaxın Şərqdə yeni münaqişə və rəqabət ocaqlarını körükləməkdədir. Və bu proseslərin arxasında iqtisadiyyatı zəif olduğu qədər, xarici siyasəti kifayət qədər sərt və nüfuzu da yüksəlməkdə olan İran durmaqdadır. Artıq Qərbin getdikcə zəifəyən təsirinin fonunda Yaxın Şəqrin öz gücləri nüfuz uğrunda savaşda prinsipial addımlar atmaqdan çəkinmirlər. Ər-Riyad, Tel-əviv, Ankara və Tehran arasında baş verən rəqabət və münaqişələr bu dəfə Yaxın Şərqin öz sahiblərini müəyyənləşdirməsi uğrunda daha təhlükəli və acımasız rəqabətin yaşanacağından xəbər verməkdədir.  

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...