Türkiyədə keçirilən parlanment seçkiləri arxada qalsa da, özü ilə elə bir nəticələr gətirdi ki, bu qardaş ölkənin sabahına ciddi şəkildə təsir edə biləcək gücdədir. Hakim Ədalət və Qalxınma Partiyası ümumi nəticələrə görə digər rəqiblərini yenə də böyük səs çoxluğu ilə üstələsəı də, son 13 ildə ilk dəfə olaraq seçkilərdə təkbaşına iqtidar ola bilmək üçün kifayət edəcək qədər səs toplaya bilmədi. Nəticədə Türkiyədə mümkün ola biləcək koalisiya ssenariləri işə düşməkdədir. Lakin bu ssenarilərə keçməzdən əvvəl nəticələrin nədən belə olduğuna bir nəzər yetirək.
AKP nədən səs yığ(ma)dı?
Bəli, paradoksal bir mənzərədir. Səs yığan, lakin əslində təkbaşına iqtidar kürsüsündən durmağa məcbur olan AKP-li, nəticələri acı olan CHP-li, 13 ildən sonra ilk dəfə revanş edən MHP-li və ulduzu parlayan HDP-li bir Türkiyə var ortada…
Təbii ki, 2011-ci il son parlament seçkilərindən sonra Türkiyədə baş verən proseslər AKP-nin xeyrinə deyildi. Gezi olaylarından tutmuş, cümhuriyyət ilkələrinə qarşı yönəlmiş icraatlara (məsələn, türk andının qaldırılması, məşhur bayraq olayları və s.), bu partiyanın siyasi-ideoloji ittifaqını təşkil edən «nur camaatı» ilə «milli düşüncə» tərəfdarlarının qarşıdurmalara qədər olan bütün bu faktorlar özünü gec-tez göstərməli idi. Bələdiyyə və ardınca da prezident seçkilərində AKP-nin istədiyi nəticələrə imza atması, partuiyanın siyasi kluarlarında əslibndə «təhlükə sovuşdu» fikrini artıq hakim etmişdi. Digəl ki, dünən keçirilən parlament seçkiləri belə bir nəticəyə gəlmək üçün hələ çox erkən olduğunu ortaya qoymuş oldu.
Bəli, AKP 40 faizdən bir qədər artıq səs yığmaqla əslində rəqib müxalifət partiyalarından çox öndə olduğunu bir daha sübur etdi. Lakin düşündürücü məqamdır ki, bu səs onun təkbaşına iqtidar olması üçün yetərli deyil. Maraqlı bir bənzətmə aparmaq olar: AKP TÜRK SEÇMƏNİNDƏN SARI KART ALDI VƏ BU HƏLƏ QIRMIZI KART DEYİL. Və bu zaman artıq növbəti bir səbəb ortaya çıxmış olur. Belə ki, türk seçicisi ölkəsində iqtidar partiyasının lazım olan səsi toplayacağı təqdirdə planlaşdırdığı siyasi sistem dəyişikliyinə «yox» dedi. AKP-nin, 10 faizədək səs itirməsi partiyanın, eləcə də Ərdoğanın açıq şəkildə seçki kampaniyasının əsas hədəfi kimi president üsul-idarəsi yaratmaq ideyasını göstərməsinin nəticəsidir. AKP buna qədər “xalqa xidmət”, “iqtisadi inkişaf” konsepsiyası üzərində təbliğat aparırdı, son seçkilərdə isə bu xətdən imtina etdi. Bu dəyişikliyə etiraz o qədər açıq oldu ki, HDP 10 faiz səs hədəflədiyi halda 13 faizlə parlamentə daxil oldu. Seçmən AKP-ni, hər zaman əlində siyasi təbliğat bayrağı olaraq tutduğu «kürd açılımı» ilə cəzalandlırdı: al, bu da sənə açılım…
AKP-nin səs yığmamasının başqa bir səbəbi liderlik problemi oldu. Keçən təhlilləriimizdə də qeyd etmişdik: AKP-ni bütün qarşıdurmalara rəğmən ən azı son iki – bələdiyyə və prezident seçkilərində qələbə doğru aparan xarizmatik lider Ərdoğan idi. Məhz Ərdoğan təkbaşına qabağa çıxaraq öz partiyasına səs və etimadı təmin edə bilmişdi. AKP faktiki olaraq həmin seçkilərə Ərdoğanın adı ilə qatılırdı. Bu dəfə isə bir qədər fərqli oldu. Seçki kompaniyası, Davudoğlunun liderliyi ilə aparılırdı, necə ki, əslində aparılmalıdır da. Baş nazir və partiya lideri funksiyasını yerinə yetirməli olan Davudoğlu isə seçki marafonu zamanı yanlış taktika seçərək Ərdoğanın kölgəsindən çıxa bilmirdi. Və ya çıxmaq istəmirdi. Lakin bu yamsılama cəmiyyətdə birmənalı qarşılanmadı. Bəzən ikrahla belə qarşılanan bu taktiki gedişin yanlış olduğunu anlayan AKP, prezident olmasına rəğmən təkrar Ərdoğanı qabağa verdi. Və bunun özü də cəmiyyətdə bir o qədər müsbət qarşılanmadı. Türkiyənin oturuşmuş dövlətçilik psixologiyasına görə prezident partiyalarüstü bir institutdur və seçkilərdə tərəf kimi çıxış etməyi nə hüquqi, nə də mənəvi cəhətdən düz deyil. Son iki adlarını qeyd etdiyimiz seçkidə Ərdoğana görə AKP-yə səs verən seçmən, bu dəfə ona görə səslərini azaltdı…
Əslində bütün bu olanlar bir həqiqəti ortaya qoymuş oldu: Türkiyənin son illərdə yaşadığı iqtisadi inkişafdakı yavaşlamanın fonunda AKP bu gün Ərdoğanla, onun xarizması və liderlik keyfiyyətləri ilə güclüdür və o, olmasa bu partiyanın seçkidən təkbaşına qalib çıxmaq şansı çox aşağıdır.
Başqa, digər bir səbəb isə AKP-nin eyni zamanda parlament seçkisinin iki parlaq ulduzuna – MHP və HDP-yə səs uduzmasıdır. Məhz bu iki partiya iqtidar partiyasından səslər almağa müvəffəq oldular.
HDP – Seçkinin yeni ismi və ya qalib kimi görünən məğlub - CHP
HDP- AKP-nin cəzası oldu… Bu partiyanın barajı keçməsi, iqtidar partiyasını lazım olan sayda millət vəkili qazanmaq imkanından məhrum etdi. Birmənalı şəkildə dəmək olar ki, HDP-ni parlamentə daşiyan iki səbəb oldu:
1. Erdoğanın siyasi sistem dəyişikliyini istəməsi və bunu baslica hədəf olaraq göstərməsi, seçicilərdən bu dəyişiklik üçün dəstək istəməsi. Turkiyə bu dəyişikliyə "yox",- dedi ve bunu HDP-ni məclisə daşımaqla etdi.
2. CHP birmənalı şəkildə bu seçkidə də fiaskoya uğradə. Kılışdaroglunun 35 faiz hədəfi, 25 faizlik reallıqla qarsilaşdı. İşin ən əsas məsələsi, CHP sol seçməni saxlamaqda acizdir. Sol seçmən HDP-yə yönəlməkdədir. Əsasən də güney-doğu Anadolu bölgəsində, hətta etnikm kürdlərin üstünlük təşkil etdikləri Diyarbəkir və Van kimi solun hər zaman səs ala bildiyi bölgələrdə belə hətta türkçü milliyətçi MHP CHP-dən çox səs yığıb. HDP isə tam dominant durumdadır. Bu o demekdir ki, həmin bölgənin sol seşməni AKP-nin sistem deyişikliyinə HDP-yə səs vermekle cavab verib. Eyni zamanda CHP-nin nurçu-fətullahçılarla ittifaqını sol seçmən bağəşlamaq istəmir. Hər halda bu vəziyyət Kılışdaroğlu partiya sədri olacagi muddət ərzində davam edəcək. Bu səbəbdən bir çoxları CHP sədrinin istefa verəcəyini gözləsələr də, indilikdə Kılışdaroğlu əldə olunan nəticəni qələbə şəklində qələmə verməklə istefa barədə düşünmədiyini sübut etmiş oldu.
HDP eyni zamanda AKP-dən üz döndərmiş güney-doğudakı dini hissiyatlı seçmənlərin də səslərini ala bildi. Bunlar isə kifayət edəcək saydadırlar. Məhz bu səslər uğrunda HDP və MHP arasında bir səssiz savaş getməkdə idi. Məhz bu səslərin sayəsində MHP güney-doğuda minimum olsa belə səs yığa bildi və syurprizə imza atdı.
Lakin «cümhuriyyətçi»lərin və konkret bir bölgədə dini kəsimin dəstəyini almağa müvəffəq olmuş HDP-də çox yaxşı bilirlər ki, yığdıqları bu 13 faiz onların deyil. Və bu səsi saxlamaq üçün İmralı və ya Kandilə bağlılıq deyil, Türk xalqına bağlılıq və sadiqlik əsas şərt olmalıdır. Bu səslər HDP-yə müvəqqəti verilib və yalnız sınaqdan uğurla çıxacaqları təqdirdə müəyyən hissəsini (CHP və ya AKP gec-tez öz səsini geri qaytaracaq) özlərində saxlaya bilərlər. Birmənalı şəkildə vurğulanmalıdır ki, HDP hazırki dönəmdə fərqli maraqların bir araya gəlməsi nəticəsində ortaya çıxıb. Və HDP-yə verilən səslər partiyanın əbədi səs potensialı deyil, siyasi şəraitin tələbinə uyğun ortaya çıxan səs faizidir.
İstəniləh halda hazırki nəticələr onu göstərir ki, bu seçkilərin gerçək qalibi məhz MHP və HDP-dir... Məhz bu iki biri-birinə tamamən zidd partiya...
Əslində bu nəticə qardaş Türkiyəmizdəki paradoksal mənzərənin ən gerçək inkasıdır.
Məhz MHP 13 ildən sonra ilk dəfə olaraq öz gerçək səslərinə sahiblənərək 17 faizlik nəticəyə imza atdı. əslində bunun da səbəbləri var. 13 ildir ondan üz döndərərək AKP-nin qapısını açmış milliyyətçi düşüncəyə malik cameə, deyəsən yavaş olsa belə öz ata ocağına qayıtmaq niyyətinə düşüb. Bura həmçinin başqa bir faktoru – sağ-mərkəz seçmənini də əlavə etmək olar. Başqanlıq sisteminə keçid onları AKP-nin yanında saxlaya bilməzdi. Və görünür bir hissəsi sol CHP, bölücülərlə adı hallanan HDP-dənsə, sağ MHP-yə önəm veriblər. Beləliklə MHP bu seçkilərdə iki hədəfə müəyyən qədər çatmış oldu:
1. On üç ildir itirdiyi seçicisini qaytarmağa başladı;
2. ANAP və DYP-nin siyasi səhnədən getməsindən sonra başıpozuq qalan və alternativsizlik ucbatından AKP-yə yönələn sağ-mərkəzdən səs ala bildi və bununla da bu seçicilərin də diqqətini cəlb etdi.
Və ssenarilər:
Seçkiqabağı təhlilimizdə bu ssenariləri qeyd etmişdik. İndi nəticələr bilindiyindən onları bir daha nəzərdən keçirməkdə fayda var:
1. AKP müvəqqəti olaraq təkbaşına yola davam edirvə təkrar seçkilərin vaxtı elan edilir: Tək iqtidar partiyası olmaq üçün lazım olan 276 sayını təmin etməyən AKP müvəqqəti azlıq hökuməti yaradır və təkrar seçkilərin vaxtını elan edir. Əslində bu iqtidar partiyası üçün böyük risk olsa belə, «ya hər şey, ya heç nə» prinsipi ilə tam qələbəyə də apara bilər. Fikrimizcə reallaşmasına ən böyük ehtimal olan variant elə budur. Ərdoğan özü də dəfələrlə koalisiyalara inanmadığını bildirib. AKP isə hətta təbliğatını hər zaman koalisiyalar dönəminin Türkiyənin siyasi tarixində acı xatirələrlə yadda qalması və uğursuzluqlar dönəmi kimi xarakterizə etməklə qurub. Təkrar seçkilər CHP-ni tamamən bitirə bilər. AKP isə əlində olan bütün resurs və imkanlardan istifadə edərək 2011 parlament seçkilərində əldə etdikləri nəticəni təkrarlayaraq təkbaşına iqtidar ola bilər. İndi 13 faizlik qələbəni bayram edən HDP isə 10 faizin altinda qalacaq, çünki indi onlara verilən bu səsləri saxlamaq üçün manevr etmək imkanları olmayacaq.
2. AKP-MHP Koalisiyası: Hazırda üzərində durulmasa belə, reallaşması mümkün olan bir ssenaridir. 276 millətvəkilini təmin edə bilməyən AKP özü üçün bir koalisiya ortağı tapmağa məcburdur. Bu zaman onların MHP-yə üz tutacaqları da ən çox inandırıcı variant hesab oluna bilər. Sağçı olmaları və eləcə də MHP-nin Türk-İslam ideolojisində din faktoruna önəm verməsi və həmçinin cəmaata hər iki tərəfin neqativ münasibəti bu yaxınlaşmanı mümkün edən münbit amillərdir. Bu zaman baş nazir Davudoğlunun MHP lideri Bahçalı ilə əldə edəcəyi razılaşma son dərəcə əhəmiyyətlidir. Dövlət Baxçalı bunun mümkün olmayacağını açıq şəkildə elan edib. Lakin yaxın 45 gündə MHP-nin mövqeyində dəyişiklik ediləcəyini də ehtimal etmək olar. Hər halda koalisiya variantları arasında bu iki partiyanın ortaqlığı ən optimalıdır. Ölkənin bütünlüyünün təmin edilməsi və unitar xarakterinin saxlanılması qarşılığında (Türkiyə Konstitusiyasının ilk 3 maddəsinin qorunması) AKP ilə ortaqlığa isti yanaşacaq Bahçalının, başqanlıq məsələsində isə yol gətirilməsi o qədər də asan olmaya bilər. Bu səbəbdən də AKP-MHP koalisiyasının qurulacağı təqdirdə yarı-başqanlıq sisteminin davam edəcəyi və hətta parlamentar sistemin gecləndirilməsinin şahidi ola bilərik. İndilikdə
3. AKP-CHP Koalisiyası: Olduqca çətin görünməsinə rəğmən, belə bir ssenarinin də işə düşməsi nəzəri cəhətdən mümkündür. Hətta bunun alınması üçün Fətullahçı camaatın belə müəyyən mənada dövriyəyə girməsini istisna etmək olmaz. Belə bir koalisiyanın qurulacağı təqdirdə ictimai təmsilçiliyin 70 faizini əhatə edəcək ki, bu da ciddi rəqəmdir. Nəticədə siyasi qütbləşmələr zəyifləyəcək. Bu həm də Kılışdaroğluna parlament seçkilərində uğradığı məğlubiyyəti neytrallaşdırmaq imkanları da tanıya bilər. Lakin tərəflərin istər “camaat hadisələri”ndə, istərsə də digər siyasi qarşıdurmalarda biri-birilərinə sərt siyasi ritorikalar etmələri, praktik cəhətdən bu koalisiyanı mümkünsüz edir. Burda həm də sağ-sol, dindar-layiq qütbləşmələrini də nəzərə almaq lazımdır. Məhz MHP-dən fərqli olaraq bu ayrımlar AKP ilə koalisiyanı inandırıcı etmir. Türkiyədə belə qütbləşmələr son dərəcə dərindir və ciddi əhəmiyyət daşıyır. Hətta bu koalisiyaya gedilsə belə ömrü çox az olacaq və bu təkcə CHP-nin daha böyük səs itirməsi ilə deyil, eyni zamanda Kılışdaroğlunun partiya sədri kürsüsünü itirməsi ilə də nəticələnə bilər.
4. AKP-HDP Koalisiyası: HDP-nin barajı keçəcəyi təqdirdə ortaya çıxacaq bir digər ehtimal da belə bir koalisiyanın qurulması ilə bağlıdır. Bu cür ortaqlıq ilk növbədə AKP-nin güney-doğu bölgəsi ilə bağlı müəyyən güzəştlərə gedə bilməsi ehtimalını ortaya atacaq ki (məsələn, federativ dövlət), bu ciddi narazılıqlara yol aça bilər. Təbii ki, belə bir ortaqlıq həm MHP, həm də hətta CHP-də ciddi sekulyar milliyyətçi yanaşmaları sürətlə gücləndirəcək ki, bu müəyyən qarşıdurmalara yol aça bilər.
5. CHP-MHP Koalisiyası: Yaxın keçmişdə Baykal dönəmində CHP-nin iqtidar formulu olan bu koalisiya modeli yetərli say (toplam 214 millət vəkili) olmaması səbəbi ilə imkansız görünür.
6. CHP-HDP Koalisiyası: Bu koalisiya da yetərli say (toplam 213 millət vəkili) olmaması səbəbi ilə mümkün deyil.
7. CHP-MHP-HDP Koalisiyası: Gerçəkləşməsi ən çətin, hətta nəzəri cəhətdən belə mümkünsüz olan bir koalisiya ssenarisidir. Burada ən prinsipial məqam MHP-nin bu koalisiyaya qoşulmasıdır. Milliyətçilərin isə belə bir hökümətdə yer alacaqlarına ehtimal vermək demək olar ki, mümkünsüzdür. Biri-birinə tamamən tərs düşərgələrdə olan bu iki partiyanın eyni hökumətdə ortaq olaraq yer alması, Kamal Kılışdaroğlunun imkanlarını aşacaq qədər çətin bir işdir.
Nəticə
Tükiyə yeni bir dönəmə qədəm qoyur. Və bu dönəm son dərəcə həssaslığı ilə yadda qalacaq. Əsas olan Türkiyəmizin birliyi və bütünlüyüdür. Bu seçkilərdən sonra ölkədə yeni mərhələ başlayır və qarşıdan gələn 45 gün son dərəcə önəmlidir. 7 iyun seçkiləri sözün həqiqi mənasında yeni bir Türkiyəyə açılan pəncərə oldu. Türk millətinin bütün sınaqlardan olduğu kimi, bundan da alnıaçıq və üzüağ çıxacağına tam inanırıq. Türkiyəmiz üçün xeyirli və uğurlu olsun…
Yorumlar
Yorum Gönder