İyun ayının 7-də Türkiyədə keçirilən parlament seçkiləri, əslində qardaş ölkənin gələcəyini təyin edəcək əhəmiyyətə malik bir gücdədir. Sandıqdan çıxacaq səslər nəticəsində Türkiyənin hansı yolla davam edəcəyi bəlli olacaq. Belə ki, bu seçkinin nəticəsi eyni zamanda Türkiyənin yeni konstitusiya və dövlət idarəçilik sisteminə keçidini müəyyənləşdirəcək. 2002-ci ildən başlayaraq keçirilən bütün seçkilərdə davamlı olaraq iqtidarını və səslərini qorumağa müvəffəq olmuş AKP bu seçkiləri də qazanacağı və tək partiya hökuməti quracağı təqdirdə Türkiyənin yeni konstitusiyası və prezident idarəçilik sisteminə keçidi baş verəcək. Məhz bu səbəbdən də Türkiyədə gərgin seçki kompaniyası davam etməkdədir.
Əslində seçkilərin nəticələrinə görə bir çox proqnozlar səslənsə də, indilikdə iqtidar partiyasının lider olaraq marafonun sonuna yaxınlaşdığını söyləmək olar. Düzdür, bir sıra hadisələr, məsələn, prezident sarayının inşası il bağlı yeyintilərin olması və ya qızıldan istifadə ediməsi və sair kimi məlumatların mediada getməsi və ya mayın 29-da Türkiyənin “Cümhuriyyət” qəzetində Türkiyədən Suriyaya dərman yardımı aparan yük maşınlarında ələ keçən silah və sursatın ifşa olunmasının video və foto görüntülərini yayımlanması Ərdoğanı və partiyanı bir qədər silkələmək məqsədi daşıyırdı. Lakin, AKP lideri həmişəki kimi bu iddialara da cavab verə bildi və hətta deyilənlər sübuta yetirilərsə istefa verəcəyini belə açıqlayaraq, iddiaları neytrallaşdırmağa müvəffəq oldu.
Ərdoğanın AKP-si yenə qabaqdadır, lakin problemlər var...
Əsində bu parlament seçkilərində bir məqam diqqətdən kənarda qalmır. Baş nazir və partiya lideri funksiyasını yerinə yetirməli olan Davudoğlu seçki marafonunun əvvəlində də Ərdoğanın kölgəsindən çıxa bilmirdi. Və ya çıxmaq istəmirdi. Lakin bu yamsılama cəmiyyətdə birmənalı qarşılanmadı. Bəzən ikrahla belə qarşılanan bu taktiki gedişin yanlış olduğunu anlayan AKP, prezident olmasına rəğmən təkrar Ərdoğanı qabağa verdi. 30 mart bələdiyyə seçkilərində olduğu kimi, parlament seçkiləri də seçki marafonunun ikinci yarısından başlayaraq Ərdoğanın liderliyi və xarizması üzərində quruldu. Baxmayaraq ki, o, artıq prezidentdir və siyasi seçki proseslərində bir partiya təmsilçisi kimi iştirakı düz deyil. Lakin qalibi mühakimə etmirlər. Və mayın 31-də İstanbul Ticarət Odasının tıdbirindəki çıxışında Ərdoğan da, sanki qalibiyyətini əvvəldən elan edirmiş kimi bütün müxalifətə meydan oxuyaraq, indiyədək iqtidarı və özü haqqında deyilən və yazılan bütün iddialara bir-bir cavab verdi. Lakin bütün bunlar o demək deyil ki, AKP parlament seçkilərində rahat bir qələbə əldə edəcək və ya bu partiya yenidən təkbaşına iqtidar ola bilər.
Əslində bütün bu olanlar bir həqiqəti ortaya qoymuş oldu: Türkiyənin son illərdə yaşadığı iqtisadi inkişafdakı yavaşlamanın fonunda AKP bu gün Ərdoğanla, onun xarizması və liderlik keyfiyyətləri ilə güclüdür və o, olmasa bu partiyanın seçkidən təkbaşına qalib çıxmaq şansı çox aşağıdır. Bu həm də onu sübüt etdi ki, partiyada hazırda bir lider boşluğu var və bu indi də olmasa, gələcəkdə müəyyən problemlərə yol açacaq. Hər halda indi AKP yenə təkbaşına iqtidar ola biləcək səlahiyyəti əldə etmək üçün, seçicisi ilə aktiv şəkildə təmasdadır və bu nəticəyə müəyyən qədər də yaxındır.
Əslində AKP-nin səslərinə birbaşa təsir edəcək ən mühüm faktor etnik kürdlərdir. Güney-doğu bölgəsindən bir o qədər ciddi səs ala bilməyən ənənəvi müxalifətə rəğmən AKP seçkilərdə hər zaman həmin bölgənin əhalisinin dəstəyini əldə etməyi bacarıb. Lakin HPD faktoru hazırki dönəmdə bu hədəfi təkrarlamağa maneələr yaradır. Hazırda həmin partiya kifayət qədər aktiv iş aparır və 4-cü partiya olaraq parlamentə daxil olmağa çox yaxımdır. Bu gün tam mübaliğəsiz demək mümkündür ki, HDP bölgədə səslərinə sahib çıxa bilsə, hətta AKP-nin təkbaşına iqtidar olmaq imkanını belə əlindən almış olar, bu isə 2002-ci ildən bu günədək ilk koalisiyanın qurulacağı anlamını ifadə etməkdədir.
Vurğulamaq lazımdır ki, siyasi anlamda AKP-nin seçkilərdən tam qələbə ilə çıxmağının 3 vacib amili var ki, Güney-doğudakı kürd seçmənlərin səsi bu amillərdən biridir və indiki zaman üçün ən əhəmiyyətlisi hesab oluna bilər.
Digər amillərdən biri isə iqtisadi amildir ki, bu AKP-nin xeyrinədir və orta statistik türk vətədaşı psixologiyasında “aş və iş” prinsipinə uyğun olaraq iqtidar partiyasının xeyrinə işləməkdədir.
Üçüncü və digər maraqlı məqam isə Türkiyə siyasi sistemində sağ mərkəzçı partiya boşluğunun olması faktorudur. Nə zamanlarsa DYP və ANAP-ın uğurla doldurduğu bu boşluğun var olacağı sürəcə, AKP həmin sahədə şəriksiz lider olacaq və o cameəyə məxsus səslərə haqlı iddiaçıdır.
Lakin gəlin bir anlıq təsəvvür edək ki, AKP sandıqdan tək çıxmadı. O zaman mövcud ssenarilər hansılardır?
Ssenarilər...
Seçkinin nəticələrindən asılı olaraq əslində bir neçə ssenari ola bilər ki, onları nəzərdən keçirək.
1. AKP təkbaşına iqtidar olaraq yola davam edir: Yuxarıda da vurğladığımız kimi bu o zaman mükün olur ki, HDP həddi keçə bilmir və bu zaman Güney-doğu bölgəsindən 60-a yaxın millət vəkili çıxartmaqla, tək iqtidar partiyası olmaq üçün lazım olan 276 sayını asanlıqla təmin etmiş olur. Lakin partiyanın prezident Ərdoğanın hədəflədiyi başqanlıq sisteminə keçid üçün referendiumun keçirilməsini təmin edəcək 330 sayını əldə etməsi asand olmayacaq. AKP-nin bunun üçün 47-48 faiz üzərində səs toplaması, HDP-nin isə ümumiyyətlə baraj altında qalması lazımdır. Yalnız bu şəkildə AKP-nin təkbaşına iqtidar olaraq yola davam etməsi və başqanlıq rejiminə keçid mümkündür.
2. AKP-MHP Koalisiyası: Hazırda üzərində durulmasa belə, reallaşması mümkün olan bir ssenaridir. HDP-nin barajı keçəcəyi təqdirdə 276 millətvəkilini təmin edə bilməyən AKP özü üçün bir koalisiya ortağı tapmağa məcburdur. Bu zaman onarın MHP-yə üz tutacaqları da ən çox inandırıcı variant hesab oluna bilər. Sağçı olmaları və eləcə də MHP-nin Türk-İslam ideolojisində din faktoruna önəm verməsi və həmçinin cəmaata hər iki tərəfin neqativ münasibəti bu yaxınlaşmanı mümkün edən münbit amillərdir. Bu zaman baş nazir Davudoğlunun MHP lideri Bahçalı ilə əldə edəcəyi razılaşma son dərəcə əhəmiyyətlidir. Ölkənin bütünlüyünün təmin edilməsi və unitar xarakterinin saxlanılması qarşılığında (Türkiyə Konstitusiyasının ilk 3 maddəsinin qorunması) AKP ilə ortaqlığa isti yanaşacaq Bahçalının, başqanlıq məsələsində isə yol gətirilməsi o qədər də asan olmaya bilər. Bu səbəbdən də AKP-MHP koalisiyasının qurulacağı təqdirdə yarı-başqanlıq sisteminin davam edəcəyi və hətta parlamentar sistemin gecləndirilməsinin şahidi ola bilərik.
3. AKP-CHP Koalisiyası: Olduqca çətin görünməsinə rəğmən, belə bir ssenarinin də işə düşməsi nəzəri cəhətdən mümkündür. Hətta bunun alınması üçün Fətullahçı camaatın belə müəyyən mənada dövriyəyə girməsini istisna etmək olmaz. Belə bir koalisiyanın qurulacağı təqdirdə ictimai təmsilçiliyin 70 faizini əhatə edəcək ki, bu da ciddi rəqəmdir. Nəticədə siyasi qütbləşmələr zəyifləyəcək. Lakin tərəflərin istər “camaat hadisələri”ndə, istərsə də digər siyasi qarşıdurmalarda biri-birilərinə sərt siyasi ritorikalar etmələri, praktik cəhətdən bu koalisiyanı mümkünsüz edir. Burda həm də sağ-sol, dindar-layiq qütbləşmələrini də nəzərə almaq lazımdır. Məhz MHP-dən fərqli olaraq bu ayrımlar AKP ilə koalisiyanı inandırıcı etmir. Türkiyədə belə qütbləşmələr son dərəcə dərindir və ciddi əhəmiyyət daşıyır.
4. AKP-HDP Koalisiyası: HDP-nin barajı keçəcəyi təqdirdə ortaya çıxacaq bir digər ehtimal da belə bir koalisiyanın qurulması ilə bağlıdır. Bu cür ortaqlıq ilk növbədə AKP-nin güney-doğu bölgəsi ilə bağlı müəyyən güzəştlərə gedə bilməsi ehtimalını ortaya atacaq ki (məsələn, federativ dövlət), bu ciddi narazılıqlara yol aça bilər. Təbii ki, belə bir ortaqlıq həm MHP, həm də hətta CHP-də ciddi sekulyar milliyyətçi yanaşmaları sürətlə gücləndirəcək ki, bu müəyyən qarşıdurmalara yol aça bilər.
5. CHP-MHP Koalisiyası: Yaxın keçmişdə Baykal dönəmində CHP-nin iqtidar formulu olan bu koalisiya modeli, hazırda partiyaların səs faizlərinin aşağı olması səbəbi ilə çətin görülməkdədir. Lakin bu iki partiya, seçim sonrasında sürpriz bir şəkildə gərəkli millət vəkili sayına sahib ola bilərlərsə, bu formul asanlıqla həyata keçə bilər. Hətta sağ-solun uzun müddətli və qanlı rəqabətinin mövcud olmasına rəğmən. Bu zaman tərəfləri bir araya gətirən başlıca faktor isə, təbii ki, “AKP-ni nə yolla olursa olsun yola salmaq” olacaq.
6. CHP-MHP-HDP Koalisiyası: Gerçəkləşməsi ən çətin, hətta nəzəri cəhətdən belə mümkünsüz olan bir koalisiya ssenarisidir. Belə ki, HDP-nin barajı keçməsi ilə yanaşı eyni zamanda MHP-nin bu koalisiyaya qoşulması gərəkir. Milliyətçilərin isə belə bir hökümətdə yer alacaqlarına ehtimal vermək demək olar ki, mümkünsüzdür. Biri-birinə tamamən tərs düşərgəərdə olan bu iki partiyanın eyni hökumətdə ortaq olaraq yer alması, Kamal Kılışdaroğlunun imkanlarını aşacaq qədər çətin bir işdir.
Və nəticə...
Nəticə olaraq onu deyə bilərik ki, 7 iyun 2015-ci il parlament seçkilərinin nəticəsi olaraq ilk iki versiyanın gerçəkləşəcəyini gözləmək daha ağlabatandır. Lakin AKP-nin bpyük bir səs yüksəlişi əldə etməyəcəyi təqdirdə başqanlıq sisteminə keçidi gözləmək sadəlövhlük olardı. Bu səbəbdən də yarı-başqanlıq sistemi davam edəcək. Bu isə o deməkdir ki, hələ Türkiyədəki siyasi proseslərdə maraqlı gedişlərin və oyunların şahidi olacağıq.
İstənilən halda, nəticənin nə olmasından asılı olmayaraq qardaş Türkiyəmiz üçün, xeyirli-uğurlu olsun...
Yorumlar
Yorum Gönder