17.06.2015
Vyanada əldə edilən razılaşma yeni bir düzənin təməllərinin atılması idi. Mübaliğəsiz demək olar ki, Yaxın Şərq başda olmaqla bütün dünya İranın beynəlxalq sistemə dönüşünə şahidlk etməkdədir. Həm ABŞ prezidenti Barak Obama, həm İranlı həmkarı Həsən Ruhani verdikləri açıqlamalarla üstüörtülü şəkildə işbirliyinə eyham vurdular. Əslində bu açıqlamaların ardınca dərhal iqtisadi sahədə ciddi əməkdaşlığın başlayacağını ehtimal etmək sadəlövhlük olardı. Lakin bundan əvvəlki təhlillərimizdə də qeyd etdiyimiz kimi, əldə edilən razılaşma orta və uzaq gələcəkdə birgə atılacaq son dərəcə önəmli siyasi və iqtisadi addımların müjdəçisidir. İran böyek neft-qaz ixracatçısı olaraq dünya bazarına (əsasən də, Avropa) çıxış əldə etməklə ciddi iqtisadi gücə çevrilə bilər.
Bu dövlət hazırda ciddi şəkildə yenilənməyə ehtiyac duyur. İran öz-özlüyündə eyni zamanda Avropa şirkətlərini özünə cəlb edən perspektivli və münbit bazardır. Unutmayaq ki, İran nə qədər sanksiyalar nəticəsində iqtisadi cəhətdən inkişaf etməsə belə, son 36 ildə özünəməxsus iqtisadi model yaratmağa müvəffəq olub. Məhz bu amil İran iqtisadiyyatının, məsələn bölgədəki digər enerji ixracatçılarından fərqli olaraq neft-qazdan asılı olmasının (cəmi 45 faiz) qarşısını alıb. İranda istehsal var və kənd təsərrüfatı kifayət qədər dayanıqlı və güclüdür. Maraqlı məqam odur ki, sanksiyaların ləğvi ilə İrana yeni texnologiyaların gəlməsi təmin olunacaq ki, bunun özü də yeni imkanlar və perspektivlər deməkdir. Lakin bütün bunlar, bir daha vurğulayırıq ki, orta və uzaq gələcək üçündür.
İndilikdə isə bu açıqlamalar, daha çox daxili auditoriyanı rahatlamağa yönəlikdir. Hər halda prosesə start verildi və anlaşmanın İran üçün önəmli olan tərəfi - İslam respublikasına qarşı tətbiq olunan sanksiyaların ləğv olunması, embarqoların götürülməsi, o cümlədən BMT-nin 7 qətnaməsinin qüvvədən düşməsi- rəsmi Tehran üçün bu gün son dərəcə vacib məqamlardır. Hələ anlaşma nəticəsində İranın dünya banklarında dondurulmuş pullarının (təqribən, 120 milyard dollar) geri qaytarılmasını da bura əlavə etmək gərəkir.
Lakin bu razılaşmadan xeyir götürəcək digər tərəflər də var, həmçinin ziyana düşəcək oyunçular olduğu kimi.
İran – Avropanın xilas qapısı
Ukrayna krizisi və Rusiya ilə münasibətlər fonunda İranla razılaşmanın imzalanması, həm də bir xilas yolu idi. Qaz ehtiyatlarına görə dünyada lider ölkələrdən olan İran, köhnə qitəni şimal asılılığından qurtaracaq ən vacib tərəfdaş qismində görünürdü. Bunu həm Avropa, həm də ABŞ cox yaxşı anlayır və bütün daxili müxalifətə, İsrailin hədə və təzyiqlərinə rəğmən müqavilənin imzalanması üçün addım-addım nə lazımdırsa onu etməkdə idilər. Ən çox diqqətçəkən paradoksal hal isə ondan ibarət idi ki, nə zamansa Qərblə İranı danışıqlar masasına oturtmağa – təbii ki, öz maraqları çərçıvəsində - səy göstərən Rusiya, indi sadəcə proseslərdə aktiv görüntü fonu yaradırdı. İndiki halda Moskvaya bu razılaşma sərf etmirdi. Avropa isə əksinə, yeni ticari əlaqələrə ciddi şəkildə hazırlaşmaqda və bunun uzunmüddətli olacağına inanmaqdadır, əsasən də, Avropa Birliyinin liderliyi funksiyasını Fransa ilə birgə üstlənmiş Almaniya. Almaniya Sənaye və Ticarət Qurumları Birliyi (DİHK) xarici iqtisadiyyat şöbəsinin müdiri Volker Treier “Reuters” agentliyinə bildirib ki, embarqoların ləğvindən sonra qarşıdakı iki il ərzində Almaniyanın İrana ixracatı iki dəfə artaraq 5 milyard avroya çata bilər. DİHK-nın məlumatına görə, hazırda 80 alman şirkətinin şöbəsi, 1000 şirkətin isə təmsilçiliyi mövcuddur. Bu mənada Almaniya şirkətləri üçün İran xeyli cəlbedicidir. Kansler Angela Merkel isə tərəfləri əldə olunmuş müqaviləni tez bir zamanda təsdiqləməyə çağırıb.
Almaniyadan fərqli olaraq Fransada isə bir az tərəddüdlər var. Və bu tərəddüdlərin qaynağı İsraildir. Diqqətiçəkən məqamdır ki, Fransanın görüşmələrdə Amerikadan daha artıq İsrailin maraqlarını qoruyan tərəf kimi çıxış etməsi, hazırda rəsmi Parisin əlini zəiflədir. Bu durumun ikitərəfli münasibətlərə necə təsir edəcəyini söyləmək indidən çətindir. Lakin vurğulaya bilərik ki, Fransa xarici işlər naziri Laurent Fabiusun növbəti həftələrdə Tehrana gerçəkləşdirməyi planlaşdırdığı səfəri bu nöqtədə son dərəcə ciddi əhəmiyyət daşımaqdadır.
Hətta Avropa Bilriyinin “üzqarası” olan Yunanıstan belə, İranla razılaşmanı həyəcanla gözləməkdə idi. Belə ki, yunan enerji sektoru da İranın enerki tortundan bir pay qopara bilmək üçün növbəyə yazılanlar sırasındadır. Bununla əlaqədar olaraq, hətta Yunanıstan Neft Məhsulları Şirkəti müdiri Dmitris Rapidis də müvafiq açılama ilə çıxış edib. Bir maraqlı məqamı vurğulamaq yerinə düşərdi ki, Yunanıstan sanksiyalardan əvvəl Avropa Birliyinin neft ehtiyacının 25 faizini məhz İrandan alırdı. Lakin sanksiyalardan sonra Rusiya İranı əvəz etdi.
Bir çox mütəxəssislər də haqlı olaraq vurğulayırlar ki, Rusiya ilə İran Avropa birliyi bazarında ciddi rəqabətə girəcəklər. Lakin Moskvaya tətbiq edilən iqtisadi sanksiyalardan dolayı, İranın yolu hazırda açılmış vəziyyətdədir. Bununla belə, məsələyə birmənalı baxmaq olmaz. İranın Avropada Rusiya ilə rəqib olması, məsələn Şanxay Əməkdaşlığı Təşkilatı çərçivəsində müttəfiq olaraq Moskvanın könlünü almayacağı anlamına gəlməz. Vurğulamaq lazımdır ki, məhz Rusiya və Çin Qərbin İrana təzyiq və embarqolar tətbiq etdikləri zamanlarda Tehranın yanında idilər. Və hazırda embarqoların aradan qaldırılması İranı yalnız Qərbə yönləndirməyəcək, eyni zamanda Şərqlə də inteqrasiyasına təkan verəcək. ŞƏT isə Çindən Rusiyaya doğru böyük bir bazar anlamını ifadə etməkdədir. Embarqoların qaldırılması, Çini xam maddədə ehtiyacını dolayı yollarla qarşılamaqdan qurtaracağı kimi, Rusiyanın da mübahisəli silah satışlarını leqallaşdıracaq. Məhz silah alveri və Yaxın Şərqdə müttəfiqlik Rusiya ilə İranı hər zaman qırılmaz tellərlə bağlayan incə məqamlar olaraq qalacaq.
İsrail bu razılaşmadan məmnun olmayan tərəflərdən biridir. Damışıqlar prosesini Fransa aracılığı ilə izləyən İsrail, bütün proses boyu öz narazılığını ifadə etməkdə idi. Xatırlayırsınızsa, yaxın keçmişdə - Əhmədinecat dövründə İsrail İran üçün “xəritədən silinməsi fərz olan” ölkə idi. Ümumiyyətlə 1979-cu il inqilabından sonra bu iki ölkə arasında münasibətlər hər zaman kəskin olub. Əslində bu iki dövlət hər zaman öz siyasi-ideoloji güclərini məhz biri-birilərini təhdid etməkdən almaqdadırlar. Məhz bu səbəbdən də, Tel-Avivin bu razılaşmanı qəbul edəcəyini (ən azı, üzdə) birmənalı şəkildə vurğulamaq olar.
Qardaş ölkəyə gəlincə, Türkiyə ilə İran arasında bu ilin aprelində müxtəlif sahələri əhatə edən 8 əməkdaşlıq müqaviləsi imzalanmışı. Təbii ki, sanksiyaların qaldırılması ilk növbədə Türk iş adamlarının investisiyalarını qonşu İrana yönləndirmələrinə təkan verəcək. Bilindiyi kimi, Türkiyə İrandan həm təbii qaz, həm də neft idxal etməkdədir. Türkiyə rəsmiləri, sanksiyaların aradan qaldırılacağı təqdirdə qazın qiyməti düşərsə, idxalın həcmini artıra biləcəklərini dəfələrlə bildiriblər. Qardaş ölkə eyni zamanda maksimum dərəcədə TAP və TANAP layihələrini gündəmə gətirməklə İranla ciddi iqtisadi dividentlər əldə edə bilər. Qeyd edək ki, bu layihənin reallaşması Rusiyadan qaz asıılığında olan Avropa üçün də əhəmiyyət daşıyır. İran tərəfi artıq bu layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirib. Vurğulamaq lazımdır ki, cənub qonşumuzun bu layihələrdə iştirakı, Azərbaycan üçün ciddi iqtisadi qazanc deməkdir. Yəni, İranın hər iki layihəyə qoşulması, bizim də marağımızdadır.
Yaxın Şərqdə yeni düzən qurulur (?)
Vyanada əldə edilən razılaşmanın fonunda, mübaliğəsiz demək olar ki, İran əsgərləri bir qalib olaraq İraq, Suriya və Livanda addımlamaqda davam edir, Yəməndə mübarizə aparmaqdadırlar. Belə rəy yaranır ki, sanki Vyana razılaşmasının görünməyən tərəfi məhz Yaxın Şərqdə yeni düzənin qurulması və bu ölkələrin taleyi ilə bağlı olub və ABŞ sadəcə olaraq regionda baş vermiş və verən bir sıra hadisələrə göz yumur. Hər nə qədər bu çox səhifəli razılaşma ictimailəşsə də, onun gizli qalan tərəfli mütləqdir ki, var və bu tərəflər Yaxın Şərqdə yeni və qanlı olaylara təkan verəcək.
Bunun ən bariz nümunəsi - İraqdır. Bir neçə ay bundan əvvəl Obama adminstrasiyası Bağdadla (daha doğrusu, Tehranla) belə bir razılaşma əldə etdi: İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyanın dəstəyinin müqabilində baş nazir Nuri əl-Maliki istefaya göndərildi və sünni icmanın da iştirakı ilə milli birlik hökuməti formalaşdı. Eyni zamanda sünni hərbi birləşmələrinə “təkfirçilərlə” döyüşlərdə iştirak etmək üçün icazə də verildi.
Düzdür, Tikritdə baş verənlərə diqqətlə nəzər yetirsək əslində mənzərə tamamən fərqli olacaq. Məsələn, şəhərin azad edilməsi əməliyyatına rəhbərliyi amerikaləlar şiə “Şəhid Şaabi” dəstəsinə həvalə etdilər. Xatırladaq ki, bu dəstədə olan silahlıların sayı, İraq ordusunun sayından 2 dəfə artıqdır. İran KİV-i isə bu şəhərin alınmasında SEPAH birləşmələrinin və eləcə də “Əl-Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin rolunu dəfələrlə vurğulayıblar və hətta yazıblar ki, Tikritin ardınca növbə Mosula çatacaq.
Daha maraqlı mənzərə husilər tərəfindən ələ keçirilmiş Yəməndə yaranmaqdadır. Burada Qərb ümumiyyətlə müşahidəçi mövqe sərgiləməkdədir və müvəqqəti hökuməti formalaşdırmağa səy göstərən yerli siyasi elitaya heç bir dəstək vermir. Suriyadakı vəziyyət isə açıq şəkildə göstərir ki, ABŞ və Qərb artıq öz beynəlxalq öhdəliklərindən faktiki olaraq imtina ediblər və çoxdan bütün ipləri Əsəd rejiminin (əslində isə İranın) əlinə veriblər. Livan isə, artıq neçə illərdir ki, “Hizbullah”a məxsusdur...
Beləliklə baş verən hadisələr onu göstərir ki, rəsmi Tehran oz siyasi nüfuzunu uğurla genişləndirməkdədir və razılaşmadan sonra “yeni müttəfiqlər” ona ərəb ölkələrindəki fəaliyyətinə bir legitimlik qazandıracaq. Deyəsən bu bir o qədər amerikalıları və qərbliləri narahat etmir. Lakin ərəblər barədə eyni fikirləri demək olmaz. Həm amerikalılar, həm də ərəblər yaxşı anlayırlar ki, yalnız hərbi əməliyyatlar və silahlı münaqişələr İranın regionda lider dövlət olaraq özünü təsdiq etməsinə və iradəsini qəbul etdirməyə kifayət etməyəcək. Bu ölkənin bölgədəki digər ölkələrlə soyuq savaşı onu sübut etdi ki, hərbi qüdrət siyasi uğurun təməli deyil. İranda əksik ola vacib məqam iqtisadi inkişafdır. Bu inkişafı isə Vyana razılaşması, Rusiya ilə iqtisadi müharibə vəziyyətində olan Avropa təmin edəcək...
İranın əlində olan digər maraqlı kart – Fələstindir. Bu dövlət artıq çoxdandır ki, həmin məqamdan istifadə etməkdədir. Ərəblərlə razılığa gəlmədən də İran, İsraillə mübarizədə ən başlıca mübariz ölkə funksiyasını üstlənməkdədir.
İraq və Əfqanıstan müharibəsində sonra, İran daha bir sahəyə diqqət ayırmağa başladı ki, onun bəhrələrini bu gün görməkdədir. Bu, ərəb və bölgə ölkələrində olan şiə hərəkat və partiyalarına maddi və mənəvi, lazım olduğu təqdirdə isə hərbi dəstək verməkdir. Həmin hərəkatlar bu dəstəyin nəticəsində artıq öz ölkələrinin deyil, İranın bir hissəsi olmaqdadırlar.
Və nəticə olaraq qeyd etməliyik ki, Vyana razılaşması Yaxın Şərqə ilk növbədə üç istiqamətdə ciddi təsirini göstərəcək:
1. Tehran və Ər-Riyad arasında münasibətlər daha da kəskinləşəcək. Ərəblər İranın bölgədə daha da güclənməsinə yol verməyəcəklər və bunun qarşısını almaq üçün bütün imkanlardan istifadə etməyə məcburdurlar. Ərəb baharından sonar geosiyasi təsirini kifayət qədər gücləndirməyə müvəffəq olmuş İran, Yəməndə ərəblərin ciddi müqaviməti ilə üzləşsə də, hələ oradan imtina etmiş deyil. Ətrafında İraq-Suriya-Livan zənciri formalaşdıran Tehran, Yəməni də ora əlavə etmək üçün mübarizəni davam edəcək. İran eyni zamanda Səudiyyə Ərəbistanı ilə neft bazarında da rəqabət aparmaq niyyətindədir. ABŞ və Avropanın məqsədli şəkildə bölgəyə təsirlərini azaltmaları isə həm siyasi, həm də ticari-iqtisadi rəqabətin daha da kəskinləşməsinə səbəb olacaq.
2. İran iqtisadiyyatının rəsmi aqçılışı. İran sırdan bir neft ölkəsi deyil. O investorlara dayanıqlı və oturaq kapitala malik bazarı olan çoxşahəli iqtisadiyyat təklif edir. Əhali sayına görə İran, regionda ikinci yerdədir və müxtəlif sahələrə görə - turizm və loqistikadan tutmuş, farmaseptik sənaye və əmtəə istehsalına qədər - yatırımçılar üçün cəlbedici əhəmiyyətə malikdir. Bir sıra iqtisadi nəzəriyyəçilər İranın 420 milliardlıq iqtisadiyyatına ildə 8 faiz artm hesablayırlar. İran neft ehtiyatlarına görə dördüncü, qaza görə isə ikinci yeri tutur. Artıq bir neçə aydam sonra bu dövlət gündəik olaraq dünya bazarlarına 1 milyon barrel neft çıxaracaq. Vyana razılaşması eyni zamanda Avropa Bilriyi ölkələri ilə ticari əlaqələrin genişlənməsinə təkan verəcək. Keçən il bu ticari dövriyyə 8,3 milliard dollar təşkil edirdi. Lakin yaxın illərdə bu rəqəm 4 dəfə arta bilər.
3. İŞİD və digər radikal qruplaşmalarla mübarizə. İstər ABŞ, istərsə də Bryusseli narahat edən ən ümdə məsələlərdən biridir. ABŞ-a bölgədə bu qruplaşmalara zərbə endirəcək bir oyunçu lazımdır. Türkiyə, bildiyiniz kimi, proseslərə aktiv qoşulmaqdan imtina etdi və əsas kimi Əsəd rejiminin varlığını önə sürdü. İran isə əksinə, Əsəd rejiminə tam dəstək verməklə Suriyada İŞİD-ə qarşı mübarizəyə, qeyri-rəsmi olsa belə aktiv şəkildə qoşuldu. Diqqət edin: İran bölgədə mübarizəyə o zaman aktiv şəkildə qoşulur ki, ABŞ artıq hadisələrə əvvəlki tək birbaşa müdaxilə etmək gücündə və həcəsində deyil. Tehran “cihad”çı qruplaşmalarla mübarizəni gecləndirməklə həm Qərbin indilikdə maraqlarını öz regiondkı siyasi-ideoloji hədəfləri ilə uzlaşdıracaq. Bu isə onun bölgədəki nüfuzu və gücünün artmasına təkan verəcək. Nəticədə yeni və daha kəskin hal amış Ərəb-İran rəqabətinin şahidi olacağıq.
Və…
Osmanlı imperatoru Sultan Süleyman Qanuninin qapılarına qədər gələrək fəth edə bilmədiyi Vyana, hər zaman Avropa, eləcə də dünya tarixində açar nöqtə olub. Bəlkə də bu şəhər özündə Avropanın xilaskarı missiyasını daşımaq özəlliyinə sahibdir, kim bilir. Avropa 200 il əvvəl Napaleon Bonapartın 16 illik iqtidarı dövründə köhnə qitəyə sırıdığı fransız barışına Vaterloda nöqtə qoyarkən, məhz Vyanada yeni Avropanın təməlləri atılırdı. Avropanın 4 bir yanından toplanan diplomatlar tarixə I Vyana Konqresi olaraq keçəcək olan toplantıda yeni güc dəngələrinin çərçivələrini müəyyənləşdirməkdə idilər. 200 il sonra isə əvvəl Lozanda, ardınca isə Vyanada 2 ildən çox sürən müzakirələrin nəticəsində əldə olunan razılaşma, istər Yaxın Şərq, istərsə də bütün dünyada yeni geosiyasi proseslər üçün ilk səhifənin əvvəlinci sətirləri oldu. Bu razılaşma həm də bir son deyil, əksinə özü ilə birgə gətirəcəyi çətinliklərlə yeni bir başlanğıcın xəbərçisi olmaqdadır…
Yorumlar
Yorum Gönder