Ana içeriğe atla

Fransanın “11 sentyabrı” və ya "dərviş Parisi partladır"

Noyabrın 13-ündən 14-nə keçən gecə əslində bütün Qərb üçün sözün həqiqi mənasında qorxulu “cümə günü ayın 13”-ü oldu. Məsuliyyəti İŞİD-in öz üzərinə götürdüyü və 200-ə yaxın can alan bu qanlı terror hadisəsi heç şübhəsiz ki, pislənməlidir. Amma üç məqam öz-özlüyündə ciddi olaraq düşünməyə vadar edən və cavab verməkdə bir qədər çətinlik yaradan suallar ortaya qoyur. 


Birinci məqam, “Charlie Hebdo” hadisəsindən sonra Parisin göbəyində bu miqyasda bir qanlı əməliyyatın necə keçirilməsi ilə bağlıdır. Maraqlıdır ki, hələ adını çəkdiyimiz dərgiyə hücümun gerçəkləşdiyi zaman bir çox mütəxəssislər Fransanı təhlükəsizlik tədbirləri görməməkdə günahlandrırdılar. Bu qanlı olayın üstündən bir o qədər böyük zaman keçməyib. Əcəba Fransa bundan bir nəticə çıxartmadımı? Hər halda böyük qaçqın axını ilə üz-üzə qalan Avropanın, əsasən də anti-terorro koalisiyasında əsas tərəf olaraq çıxış edən Fransanın terror əleyhinə tədbirlər alması, vacib şərt idi. Amma ötən gücə bunun əksini gördük... 

İkinci məqam, G20 sammitinə saatlar qala belə bir böyük miqyasda terror hücumunun gerçəkləşməsidir. H eç şübhəsiz ki, zamanlamaya diqqət çəkməmək olmur. Sammitdə son dərəcə ciddi və prinsipial mövzu olaraq Suriya probleminin müzakirə masasına yatrılması planlaşdırılır. Əsədin və eləcə də Suriyanın gələcək taleyi ilə bağlı müzakirələrdə ABŞ öndərliyində Qərbin, Türkiyə və Səudiyyə Ərəbistanının Rusiya və İranla ortaq məxrəcə gəlinməsi üçün ciddi müzakirələrə gedəcəkləri bəlli idi. Bunu liderlerin açıqlamalarından da sezmək mümkün idi. Gündəlikdəki ikinci məsələ İŞİD, üçüncü isə Avropaya köç edən qaçqın axını idi. Amma gündəm dəyişdi. Artıq əminliklə demək olar ki, Əsəd üçüncü sıraya keçəcək. Maraqlıdır ki, İŞİD-ın birdən birə Avropanın göbəyinə belə bir ciddi terror hücumu gerçəkləşdirməsi, Əsədə nəinki əlavə zaman qazandıracaq, hətta Qərbin ona münasibətinin daha da loyallaşmasına səbəb olacaq ki, Rusiya və İran zatən əvvəldən “terror təhlükəsi və İŞİD” kartları ilə manevr edərək amerika və avropalıları buna vadar etmək istəyirdilər. Heç şübhəsiz ki, baş verən bu gəlişmə Suriyaya münasibətdə problemin balıca qaynağı olaraq rejimi və Əsədi işarə edən Türkiyə və ərəb birliyinin maraqlarına cavab vermir. 

Üçüncü məqam, mültəce – Yaxın Şərqdən, əsasən da Suriyadan olan qaçqın axını ilə bağlıdır. Son günlər həm Almaniya, həm də Fransada islamafobik etirazlar və eləcə də PEGİDA kimi ultrasağçı hərəkatların çıxışları yenidən gündəmə gəlməkdə idi. Bu terror hadisəsi onsuz da Avropaya keçməsi demək olar ki, zor, müşkül bir işə çevrilən, keçə bilənlər üçün isə son dərəcə mənfi, aşağılyıcı münasibətlə müşayət olunan sıravi suriyalı qaçqınlar üçün isə vəziyyəti daha da dözülməz edəcək. Baş verən terror hadisəsi birmənalı olaraq onlara qarşı münasibətin istər rəsmi dairələrdə, istərsə də ictimaiyyət arasında daha da kəskinləşməsinə, radikal xarakter almasına səbəb olacaq. Məgər mühafizəkar və islamafobik qüvvələrin, eləcə də mültəce axınının qarşısını almağa cəhd göstərən Avropa rəsmilərinin də istədiyi, ictimaiyyət arasında da belə bir münasibtin formalaşması deyildimi?

Və ən əsası da, baş verən qanlı olay heç şübhəsiz ki, ciddi şəkildə Yaxın Şərqdə baş verənlərə öz təsirini göstərmiş olacaq. Bu təsir ilk növbədə qoca Qitənin regionda daha da aktivləşməsi üçün bir “dəvətnamə” olaraq qiymətəndirilə bilər. Bu ən azından Yaxın Şərqdəki aktivliyə bir o qədər müsbət yanaşmayan və hətta bir çox məqamlarda əleyhinə olan çoxsaylı orta statistik avropalıya “özünümüdafiə” instinkti kimi qəbul etdiriləcək. 

Və indi gəlin hesablayaq: İŞİD-in bu terror hücumu hansı tərəfin maraqlarına daha çox cavab verməkdədir?

Əslində Qərb Yaxın Şərqdə soyuq savaş dönəmindən bu günədək qurduğu “gedişlər”in nəticələrini indi öz üzərində hiss etməkdədir. Nə zamanlarsa Yaxın Şərqdə “əkilən meyvələr”, öz bəhrəsini bu gün Avropanın göbəyində verməkdədir. Terrorun dini və milliyyəti olmur. Terrora, Yaxın Şərqdə on illərdir ki, bitib-tükənməyən savaş və müharibələrin baiskarları olanlara münasibətdə ikili standartlar və maraqlar çərçivəsindən yanaşmağın nəticələridir, bütün bu baş verənlər. Və bu gün Qərb bu məsuliyyəti bölüşməklə məşğuldur, təəssüf ki, ən acı və qanlı şəkildə...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Erməni terrorunun 17 ismi

Erməni terrorizmi hələ 19-cu əsrdən başlayaraq beynəlxalq terrorun tərkib hissəsinə çevrilib. Bununla əlaqədar olaraq 1885-ci ildə ilk erməni terror təşkilatı – “Armenakan” yaradılmış, daha beş il sonra “Hnçaq” və “Daşnaksütyun” bu sıraya qoşulmuşdur. Yaradılan terror təşkilatlarının başlıca məqsədi qədim türk yurdlarının hesabına xəyali “Böyük Ermənistan” qurmaq və bu ərazilərdə yaşayan yerli türklərə qarşı soyqırım həyata keçirmək idi.  Məhz həmin dövrdən başlayaraq ermənilərin terror şəbəkəsi erməni qriqoryan kilsəsinin və Çar Rusiyasının da aktiv dəstəyi ilə şəbəkələşərək Azərbaycan və Türkiyənin Anadolu vilayətlərində yerli türk əhaliyə qarşı müxtəlif səpkidə terror aksiyaları həyata keçirməyə başladırlar. Müəyyən qədər qərbin imperialist qüvvələri tərəfindən dəstəklənən bu qruplaşmalar, Osmanlı ərazilərində ixtişaşlar törədərək birinci dünya müharibəsi illərində sözün həqiqi mənasında türk dövlətini arxadan vurmaqla, imperiyanın zəifləməsi və dağılması üçün ciddi fəaliyyətdə ...

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Hantinqton

Hantinqtonun təhlükəli nəzəriyyəsi  Samuel Hantinqtonun hay-küylü «mədəniyyətlərarsı münaqişələr» nəzəriyyəsi təhmin edilə biləcək şəkildə güclü mübahisələrə və dünya siyasətini izləyənlər arasında böyük dartışmalara – hətta iki amerikalı politoloqun dili ilə desək «nəzəriyyələrin toqquşmasına» səbəb oldu. Hantinqtonun nəzəriyyəsi bir çox məsələlərlə bağlı olsa da, xüsusilə beynəlxalq münasibətlər, ABŞ-ın xarici siyasəti və İslam-Qərb, İslam-demokratiya münasibətləri sahələrində önəmli mübahisələr yaratdı. Yazı ilə bağlı münasibətləri nəzərdən keçirərkən onları şərti olaraq yeddi qrupa ayırmaq mümkündür.