Ana içeriğe atla

Türkiyənin Cerablus müdaxiləsi: səbəblər, dəyişən şərtlər, nəticələr

Türkiyə Silahlı Qüvvələrinin İŞİD-in məskunlaşdığı Suriyanın Cerablus şəhərinin azad edilməsi uğrunda koalisiya qüvvələri ilə müştərək şəkildə əməliyyatlara start verməsi ilə əslində yeni bir başlanğıc üçün ciddi addım atıldı. Bu əməliyyatlarla Suriyada güc dəngələri yenidən dəyişməkdədir və yalnız daxilindəki teroru durdurmaq üşün Türkiyənin ən son vasitə kimi ilk dəfə birbaşa hərbi müdaxilə düyməsini basması ilə əhəmiyyət daşımır, eyni zamanda qardaş ölkənin Yaxın Şərq siyasətində ciddi dəyişikliklər etmək niyyətində olduğunun da göstəricisi hesab olunmalıdır. Diqqət etsək görərik ki, əməliyyat, ABŞ-ın ikinci adamı Co Baydenin Türkiyə səfəri və eləcə də buna paralel olaraq Avropa Birliyinin 39 günlük fasilədən sonra Türkiyəyə nümayəndə heyəti göndərməsi fonunda baş verməkdədir. 


Müdaxilənin səbəbləri 

Türkiyənin uzun müddətdən sonra birbaşa müdaxilə qərarı verməsinin, heç şübhəsiz ki, ciddi səbəbləri var. 

Bu səbəblərdən birincisi, Türkiyəni daxildən sarsıdan terordur. Bundan əvvəlki təhlilimizdə də qeyd etdiyimiz kimi, Türkiyədə ard-arda baş verən teror aktları Suriya ətrafında gedən proseslərlə sıx bağlıdır. Yani burada daxili faktorlar rol aldığı kimi (FETÖ-ya qarşı mübarizə), xarici faktorlar da var (Türkiyənin Surya ilə bağlı Rusiya və İranla əldə etdiyi son razılaşmalar). Lakin terora qarşı mübarizədə hədəfin yalnız İŞİD olacağını düşünmək də yanlış olardı. Bunu həm ABŞ, həm də Suriya məsələsində maraqlarını uzlaşdıran Rusiya-İran ikilisi yaxşı bilir. Hədəfdə həm də kürd silahlı qruplaşmaları olacaq. 

İkinci başlıca səbəb sərhəddə təhlükəsizliyin təmini və xüsusilə də bu məsələdə önəmli halqa olan Cerablusun strateji əhəmiyyətidir. Türkiyənin sərhəddə təhlükəsiz bölgə formalaşdırmaq istəyi təbiidir. Suriyanın potensial Əfqanıstana çevrilməsi fonunda Türkiyənin Pakistanın rolunu üstlənəcəyi perspektivi qorxudur və bu baxımdan sərhəddə nəzarət bölgəsinin yaradılması, əslində birbaşa dövlət təhlükəsizliyi məsələsi olaraq da qiymətləndirilə bilər. 

Türkiyə iki ildir ki, o bölgədə İŞİD-i istəmədiyini, eyni zamanda PYD/YPG güclərinin nəzarəti ələ keçirməsinə də izn verməyəcəklərini ən yüksək səviyyədə bildirməkdədir. 

Təbii ki, baş verən son proseslərlə birlikdə YPG-nin Membiçi ələ keçirdikdən sonra şimala doğru Cerablus istiqamətində irəliləməsi Türkiyəni narahat edirdi. Cerablus - 911 kilometrlik sərhəd zolağında İŞİD-in əlində qalan son şəhər idi. Digər tərəfdən “kürd zolağı” məsələsi, eləcə də İraqda peşmərgə güclərinin Mosulu hədəf olaraq elan etmələri, hərbi müdaxiləyə alternativ yol qoymurdu. Fəratın sol sahili, 2014-cü ildən Türkiyənin qırmızı cizgisi olaraq rəsmən, həmin dönəmin baş naziri, indiki prezident Recep Tayyip Erdoğan tərəfindən elan edilmişdi. Həmin il, türk topçularının sərrast zərbələri, YPG qüvvələrinin Cerablusu ələ keçirmələrinin qarşısını aldı. Cerablusun YPG qüvvələrinin nəzarətinə keçməsi ilə Afrin ilə əlaqə daha rahat şəkildə yaradılmış olur. Bu isə 911 kilometrlik sərhəddin YPG və PYD güclərinin nəzarətinə keçməsi deməkdir. Türkiyə buna heç bir zaman izn verə bilməz. 

Üçüncü səbəb, son günlərin aktual mövzusuna çevrilən və Aralıq dənizinə çıxış əldə etmək üçün nəzərdə tutulan “kürd zolağı”dır. Əminliklə söyləmək olar ki, Membiçin YPG-nin nəzarətində olması ilə Türkiyənin qırmızı cizgi olaraq elan etdiyi Fərat çayının qərb sahilinin də bu güclərin əlinə keçməsini əngəlləmək də, başlıca hədəfdir. Birmənalıdır ki, hər hansı bir “kürd zolağı”nı Türkiyə haqlı olaraq istəmir və bu hərbi hərəkat eyni zamanda PYD/YPG-nin bu koridoru qurmasını əngəlləməyə yönəlib. 

Bütün bu səbəblər Türkiyəni istər Suriya, istər İraq ərazilərində daha aktiv fəaliyyətə təhrik etməkdə idi. 


Müdaxiləyə münbit zəmin hazırlayan şərtlər 

Müdaxiləni zəruri edən səbəblər, əslində əvvəldən də var idi, lakin şərtlər uyğun deyildi. Məhz son bir neçə ayda dəyişən şərait, bu gün hərbi müdaxiləyə münbit zəmin hazırladı. 

İki il bundan əvvəl İŞİD faktoru ortaya çıxdığı zaman ABŞ əsas problem olaraq İŞİD-i hədəf göstərdi. Hətta Türkiyənin ABŞ-la əsas fikir ayrılığı da elə İŞİD-lə bağlı idi. ABŞ əsas problem olaraq İŞİD-ı göstərir və ilk növbədə onunla bağlı problemi həll etməyi vacib sayırdı. Türkiyə isə İŞİD-in simptom olduğunu bildirir, əsas problemin Əsəd olduğunda israr edirdi. İŞİD-lə bağlı müəyyən qeyri-müəyyənliyin digər səbəbi də PYD/PKK faktoru ilə bağlı idi. İki il əvvəl PYD-İŞİD qarşıdurması fonunda, Türkiyənin sadəcə seyrçi mövqedə durması və Qərbin bütün israrlarına və hətta təzyiqlərinə rəğmən münaqişəyə müdaxilə etməməsi nəinki anlaşılan, hətta tamamilə doğru bir addım idi. Amma sonra gedişat dəyişdi və sərhəd bölgələrdə nəzarətin getdikcə kürd silahlı qruplaşmalarının əlinə keçməsi, güney-doğu bölgəsində yeni silsilə teror dalğalarının yayılmasına təkan verdi. 

Baş verən proseslər Türkiyənin Suriyaya baxışında da müəyyən dəyişikliklərə səbəb oldu. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Yəni bu dəyişikliklərə təkan verən amillər sırasında həm daxili, həm də xarici faktorlar önəmli rol oynadı. Nəticədə, deyə bilərik ki, hazırda Türkiyə üçün prioritet hədəflər İŞİD və kürd qruplaşmalarıdır. Türkiyənin daxilində ard-arda həyata keçirilən terror aktları, hədəfin dəyişməsinə səbəb oldu. Bu isə təbii şəkildə ABŞ-la Türkiyənin maraqlarının İŞİD üzərindən uzlaşmasına təkan verdi. Amma fikir ayrılıqları var və bu əsasən kürd silahlı qruplaşmalarına olan münasibətdən qaynaqlanmaqdadır. 

Lakin dəyişən şərtlər, Amerikanı da Türkiyəyə münasibətdə müəyyən qarantlar verməyə məcbur etdi. Avropada son bir ildə əsdirilən terror havası, ABŞ-ı, hər zaman müdafiə etdiyi kürd qruplaşmalarının maraqlarını müəyyən mənada (amma əsla tam deyil) qurban verməyə vadar etdi. Türkiyə Suriya ərazisində İŞİD-ə qarşı birbaşa əməliyyatlara başlamamasını Amerikanın kürdlərə verdiyi dəstəklə əlaqələndirirdi. Rəsmi Ankaranın mövqeyi konkret idi: Əgər əməliyyatlar başlayacaqsa, hədəfdə bütün teror qruplaşmaları olacaq, həm İŞİD, həm də kürd birləşmələri. ABŞ isə bu yanaşmanı paylaşmırdı. 

Nəticədə ABŞ-ın ikinci adamının Ankarada səsləndirdiyi və kürd qruplaşmalarına ünvanlandığı heç kimdə şübhə doğurmayan Fəratın qərb hissəsi ilə bağlı xəbərdarlığı oldu: Fəratın Qərb hissəsinə hansı qüvvə keçirsə keçsin, biz heç bir dəstək verməyəcəyik və buna qarşıyıq! Bu açıqlamadan bir neçə saat sonra Bərzaniyə yaxınlığı ilə seçilən media orqanlarında YPG qüvvələrinin həmin məntəqələrdən çəkilməsi ilə bağlı xəbərlər yayıldı. 

Hər halda Suriya məsələsində başından fikir ayrılıqları içində olan bu iki müttəfiq ölkəni yenidən bir araya gətirən şərtlər oldu. Və İŞİD- bu şərtlərdən biridir sadəcə. ABŞ Suriyada böhran başlanan zamandan Türkiyənin daha aktiv iştirakını arzu edir, hətta bunun baş tutması üçün rəsmi Ankaraya hər cür siyasi təzyiqlər də etməkdə idi. Türkiyə isə Suriyaya girməyə tələsmir, haqlı olaraq İran və Rusiya faktorları səbəbi ilə bunun nəticələrinin ağır olacağını bilirdi. Lakin hazırda şərtlər dəyişməkdədir. Rusiya artıq rəqib deyil, İranla da Suriya məsələsində müəyyən razılıqlara gəlməyin mümkün olduğu artıq bəllidir. Ən azından nə rəsmi Tehran, nə də Ankara (və Moskva da həmçinin) heç bir halda Suriyanın bölünməsinin tərəfdarı deyillər. 

Maraqlı məqamdır ki, indiki dönəmdə İŞİD, regionda siyasi-strateji maraqları üst-üstə düşməyən qüvvələri belə bir araya gətirə bilib: Amerika, Rusiya və Türkiyə. Təsəvvür edin, regiona baxış müstəvisində biri-birindən fərqlənən 3 qüvvə konkret olaraq İŞİD hədəfində birləşib. 


Müdaxilənin nəticələri 

Bu hərbi əməliyyatların üç vacib nəticəsi var. 

Birincisi, 24 noyabr rus təyyarəsinin vurulmasından sonra faktiki olaraq Türk Hava Qüvvətlərinə qapadılan Suriya hava sahəsinin Türk şahinlərinin üzünə açılması. Əslində tam 9 aydır ki, Suriyada oyundankənar vəziyyətə düşən Türkiyə, bu gün Cerablus əməliyyatı ilə təkrar meydana daxil olmaqdadır. 

İkinci vacib nəticə, Türkiyənin Suriya siyasətində dəyişikliklərin edilməsi ilə bağlıdır. “Əsəd hər nə olursa olsun, getməlidir!”,- sərt siyasəti, artıq yumuşalmaqdadır. Mövcud şərtlər bunu diqtə edir. Artıq diplomatik gedişlərə dayanıqlı yeni bir strateji yanaşmadan söhbət gedə bilər ki, bu heç də Türkiyənin Əsədlə müttəfiq olması və ya rejimi qəbul etməsi anlamını da ifadə etməz. Bu sadədə olaraq hazırkı reallıqdan çıxış edərək, Əsədə qarşı olan münasibətlərdə yumuşalmaların olacağını ifadə edir. Mövcud şərtlər Türkiyəni hazırkı reallıqları nəzərə alaraq baxış müstəvisini yeniləməyə məcbur etməkdədir. 

Üçüncü vacib nəticə kürd qruplaşmaları ilə bağlıdır. Bu isə öz növbəsində Türkiyənin birbaşa maraq dairəsində olan Suriyanın şimalına öz təsirini göstərəcək. Mümkündür ki, Azad Suriya Ordusu nəzarət altına alınan bölgədə yerləşdirildikdən sonra, Türkiyənin uzun müddətdir ki, özü üçün prioritet elan etdiyi tampon bölgəni bu vasitə ilə formalaşdıra bilsin. Ümumiyyətlə, Suriyada marağı olan güclərin hər biri öz bölgəsində hakim olur, amma başqasının da nəzarətində olan bölgəyə müdaxilə edə bilməz. 

Hər halda Baydenin, daha çox kürd qruplaşmalarına ünvanlanan “Fərat çayının qərb sahili” ilə bağlı mesajı, bu kontekstdə qiymətləndirilərsə, Türkiyənin xeyrinədir. Hazırda PYD-nin, ümumiyyətlə kürd qruplaşmalarının hansı addımları atacağı maraq doğurur. Onlar ya Amerikanın çəkdiyi sərhədlər daxilində hərəkət edəcəklər, ya da yeni istiqamətlərə yönələcəklər. Bu ilk növbədə özünü Rakka bölgəsində göstərəcək. Əgər YPG qüvvələri bu bölgəyə toplaşacaqlarsa, o zaman deyə bilərik ki, “kürd zolağı” məsələsində Rusiya və ABŞ Türkiyənin gözlədiyi yöndə bir razılığa gəliblər. 


Və son olaraq 

Əməliyyatın məhz 24 avqustda başlaması da diqqətçəkicidir və simvolik məna daşıyır. 500 il əvvəl, həmin gün Yavuz Sultan Selimin ordusu Misir səfəri zamanı Məmlük dövləti ilə Cerablus yaxınlarında yerləşən Metrcidabık Ovasında qarşı-qarşıya gəlmiş və parlaq qələbə qazanmışdı. Bu qələbə nəticəsində Suriya, Livan və Fələstin torpaqları Osmanlı İmperiyasının tərkibinə daxil olmuşdu...

Deyilənə görə, tarixin bəzən təkrar olunmaq kimi bir mərəzi də var...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...