Ana içeriğe atla

İranın İsraillə “Qolan düyünü”

1967-ci ildə Ərəb ölkələri - Suriya, Misir, Əlcəzair, İordaniya və İraqla aparılmış məşhur altıgünlük müharibə zamanı İsrailin nəzarətinə keçən, 1981-ci ildə Knessetin (İsrail parlamenti) qərarı ilə anneksiya olan Qolan təpələri son 50 ildə bu və ya başqa dərəcədə manipulyasiya faktoru olub və bundan zamanla istər ərəb ölkələrinin özləri, istərsə də İran öz siyasətlərində təhdid və hədə elementi kimi istifadə ediblər. Lakin bilindiyi kimi, bu, həmişə elə hədə olaraq qalıb və hazırda da həmin, kifayət qədər ciddi strateji əhəmiyyətə malik, içməli su ehtiyatları ilə zəngin ərazilərin İsrailin nəzarətində qalması buna əyani sübutdur. 

Lakin hazırda İranın özünə yaxın birləşmələri Qolan təpələrindəki mövqelərində yerləşdirməsi, Avropa mediasının (“İndependent”) məsələ ilə bağlı həyəcan siqnalı çalmasına səbəb olub. 


Qolan təpələrinin ciddi strateji əhəmiyyəti olduğu məlumdur. Ən azından şirin su ehtiyatları son dərəcə məhdud olan İsrail və ərəb ölkələri üçün həmin ərazi, cənnətin özüdür. Amma hətta belə olması da, siyasi kurslarını son 30 ildə biri-birilərinin əleyhinə təbliğat aparmaqla quran və bundan heç də istər daxili, istərsə də xarici auditoriya baxımından az dividend qazanmayan hər iki ölkənin, açıq qarşıdurmaya gedəcəkləri inandırıcı deyil. Bəli, hazırda Suriya münaqişəsində kifayət qədər mövqelərini gücləndirməyə müvəffəq olmuş İran, əlverişli şəraitdən istifadə edib, sözügedən istiqamətdə müəyyən nöqtələrə nəzarəti ələ ala bilər, amma bu tam miqyaslı hərbi aksiyalara səbəb olmayacaq. 

İranın hər hansl bir səbəbdən İsraillə açıq müstəvidə isti münaqişəyə keçəcəyi inandırıcı deyil. Rəsmi Tehranın son addımları daha çox, hədələyici ton daşımaqdadır, nəinki açıq qarşıdurma. Amma mümkündür ki, İran, Qolan təpələri istiqamətində Suriya ərazisində savaşlara qatılan SEPAH-a bağlı birlikləri (“Fatimiyyun”, “Zeynəbiyyun”) və eləcə də şiə qruplaşmaları (“Həşdi-Şaabi” və ya “Hizbullah əl-Nücəba”) vasitəsi ilə müəyyən lokal əməliyyatlar həyata keçirsin. Lakin birbaşa və açıq müstəvidə qarşıdurma yaşanacağı inandırıcı deyil. Şərtlər əlverişsizdir və tərəflər bunu anlamaqdadırlar. 

Ətrafında ciddi “şiə həlqəsi” formalaşdırmağa müvəffəq olmuş İranın son 5 ildə əldə etdiyi uğurlar zatən ərəb ölkələrini, Qərbi, İsraili qıcıqlandırır və başlanacaq müharibə, həmin tərəflər üçün ciddi bəhanə verəcək, rəsmi Tehranın isə itirəcəyi çox şey var. 

İran həm də bu gün, qeyri-rəsmi olsa da Yəməndə ərəblərlə müharibə şəraitindədir. Kolan təpələri isə ikinci cəbhənin açılmasıdır. Bu ölkə zatən Suriyada kifayət qədər qan itirib. İranın iqtisadi durumu da əlverişli deyil. İsraillə müharibə isə, bütünlükdə regionda baş verən proseslərə əhəmiyyətli dərəcədə təsirə malikdir və başlanacağı təqdirdə həddindən ziyadə çoxlu qan və pul tələb edəcək. 

İsraillə açıq qarşıdurma, bu gün rəsmi Tehran üçün hava-su kimi əhəmiyyət daşıyan və ABŞ-la münasibətlərinin kəskinləşməsi fonunda son dərəcə qiymətli olan Avropa ilə ilişgilərinə və hazırki dönəmdə kövrək olan "nüvə razılaşmasına" da ciddi şəkildə mənfi təsir göstərəcək. Unutmayaq ki, İranda seçkilər yaxınlaşır. Və hazırda siyasi nöqteyi nəzərdən bu ölkə, kifayət qədər həssas dönəmə qədəm qoymaqdadır. Nə daxili, nə də xarici faktorlar, bu cür ciddi və nəticəsi vahim ola biləcək münaqişəni başlatmaq üçün münasib deyil.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Erməni terrorunun 17 ismi

Erməni terrorizmi hələ 19-cu əsrdən başlayaraq beynəlxalq terrorun tərkib hissəsinə çevrilib. Bununla əlaqədar olaraq 1885-ci ildə ilk erməni terror təşkilatı – “Armenakan” yaradılmış, daha beş il sonra “Hnçaq” və “Daşnaksütyun” bu sıraya qoşulmuşdur. Yaradılan terror təşkilatlarının başlıca məqsədi qədim türk yurdlarının hesabına xəyali “Böyük Ermənistan” qurmaq və bu ərazilərdə yaşayan yerli türklərə qarşı soyqırım həyata keçirmək idi.  Məhz həmin dövrdən başlayaraq ermənilərin terror şəbəkəsi erməni qriqoryan kilsəsinin və Çar Rusiyasının da aktiv dəstəyi ilə şəbəkələşərək Azərbaycan və Türkiyənin Anadolu vilayətlərində yerli türk əhaliyə qarşı müxtəlif səpkidə terror aksiyaları həyata keçirməyə başladırlar. Müəyyən qədər qərbin imperialist qüvvələri tərəfindən dəstəklənən bu qruplaşmalar, Osmanlı ərazilərində ixtişaşlar törədərək birinci dünya müharibəsi illərində sözün həqiqi mənasında türk dövlətini arxadan vurmaqla, imperiyanın zəifləməsi və dağılması üçün ciddi fəaliyyətdə ...

Roma papasının məktubu

İstanbulun fəthindən sonra Avropada yeni bir xaç yürüşü təşkil etmək fikri gündəmə gəldi. Bu ideyanı reallığa çevirmək məqsədi ilə V Nikol və III Kalikst papalıqları dönəmində səylə xristian birliyi qurmağa çalışsalar da, bir nəticə hasil olmadı. III Kalikst 1458-ci ilin avqust ayında vəfat etdikdən sonra, yerinə tarixdə II Piy adı ilə tanınan Sienanın keçmiş Başyepiskopu Enea Silvio Pikkolomini keçdi. Yeni papa daha çox saray intriqalarını yaxşı anlayan siyasətçi və diplomat imici ilə məşhurlaşmışdı. O, demək olar ki, Avropanın hər yerini qarış-qarış gəzmişdi, yüksək təhsilə və siyasi diplomatik bacarığa malik idi. Lakin bütün bu üstünlüklərinə rəğmən II Piy, Avropanı gündən-günə daha artıq dərəcədə silkələyən Osmanlı sultanını durdura bilmirdi. II Piy diplomatik bacarıqlarını və siyasi əlaqələrini işə salaraq Avropada böyük anti-türk ittifaqı formalaşdırmağa çalışırdı. O, bu hədəfini gerçəkləşdirmək üçün Avropa monarxlarının konqresini çağırmaq niyyətində idi. 1458-ci il ok...

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...