Ana içeriğe atla

Suriyada raketlərlə xatırlanan gerçəklər

Hazırda hamı, Suriyada baş verənləri – daha doğrusu ortada olan vahim mənzərənin izahını verməyə çalışmaqdadırlar. Konspirologiya tərəfdarlarından tutmuş, “3-cü dünya müharibəsi” kəhanətinin səbrsiz tərəfdarlarına qədər hər kəs, Suriyada baş verənlərin təhlili ilə məşğul olmaqdadırlar. Bu deyilənlərə münasibət bildirmək olardı. Fəqət, bunu etmədən, baş verənlərlə bağlı öz fikirlərimizi bölüşməyi daha məqsədəuyğun hesab etdik. İlk növbədə isə, əsasən bu sualara cavab tapmağa çalışacağıq:

1. “Fərat qalxanı”nın bitməsi ilə, ABŞ raketləri arasında əlaqə varmı?

2. Hamının belə həyəcanla danışdığı və gözlədiyi 3-cü Dünya və ya ABŞ-Rusiya müharibəsi olacaqmı?

3. Raketlərin əsas hədəfləri nə idi və bu hədəflərə çatdılarmı? 


“Fərat qalxanı”nı aşan raketlər 

Türkiyənin rəsmən “Fərat qalxanı” əməliyyatını sona çatdırmasını elan etməsindən az sonra Əsəd iqtidarının kimyəvi silahlardan istifadə etməsi barədə görüntülərin yayılması fonunda ABŞ raketlərinin Suriya münaqişəsində yeni səhifə açması arasında əlaqə əslində, o qədər aydındır ki, bunu sadəcə görməzdən gəlmək olmur. 

“Fərat qalxanı” əməliyyatının nəticəsində Türkiyə, qarşısına məqsəd olaraq qoyduğu hədəflərə çata bildi. Yəni, Suriya ilə olan səhəddin müəyyən hissəsində strateji əhəmiyyətə malik nöqtələri nəzarət altına almaqla, təhlükəsizlik təmin edildi, YPG-nin Membiçi ələ keçirdikdən sonra şimala doğru Cerablus istiqamətində irəliləməsinin qarşısı alındı, bununla da Aralıq dənizinə çıxış əldə etmək üçün nəzərdə tutulan “kürd zolağı” ideyası elə xəyal olaraq qaldı və PYD/YPG-nin bu koridoru qurması əngəlləndi. 

Lakin əməliyyatın sona çatmasının elan edilməsi ilə ortaya çıxan yeni mənzərə diqqəti cəlb etməyə bilməzdi. Bu mənzərədə iki məqam olduqca əhəmiyyətli görünürdü.

Birincisi, belə bir rəy formalaşırdı ki, Türkiyə Suriyada artıq istədiyini əldə etdikdən sonra Rusiya ilə, dolayısı ilə də İranla müəyyən razılıqlara gələcək. Bu fikri qüvvətləndirən arqument kimi, Əsəd rejiminin Türkiyənin şimalda keçirdiyi əməliyyatlara aktiv müdaxilə etməməsi və sadəcə siyasi bəyənatlar verməsi (o da əməliyyatın ilk ayında) ilə kifayətlənməsini və eləcə də buna paralel olaraq AKP iqtidarının Əsəd rejiminə münasibətini yumuşaltması önə sürülürdü. Lakin bu arqumentləri irəli sürənlər unudurdular ki, Suriya hətta aktiv şəkildə olsa belə şimalda Türkiyənin əl-qolunu yığa biləcək imkanlara malik deyildi. Rəsmi Ankaranın isə Moskva ilə zəruri yaxınlaşmanın və Avropa ilə münasibətlərinin kəskinləşməsi, ABŞ-ın isə rəqib kürd qruplaşmaları bütün etiraz və xəbərdarlıqlara rəğmən hər vəhclə dəstəkləməkdə davam etməsi fonunda Əsədə bir qədər yumuşaq siyasət sərgiləməsindən təbii heç nə ola bilməzdi. Şərtlər bunu diqtə edirdi. 

İkincisi, Rusiya və İranın dəstəyi ilə tədricən ölkədə əsas silahlı güc olduğunu nümayiş etdirən Əsədin mövqelərni gücləndirməsi, müxalif qüvvələrin isə mərkəzdə ard-arda yaşadıqları məğlubiyyətlər fonunda ABŞ rəsmilərinin Suriya iqtidarına daha loyal yanaşmaları və əsas hədəfin İŞİD-in mərkəzi Rakka olduğunda israr etmələri belə bir təəssürat yaradırdı ki, artıq Suriyada daşlar yerinə oturmaqdadır və rəsmi Dəməşqi qəbul etməyən Qərb və Türkiyə artıq olanlarla barışıb. 

Lakin bir neçə gün ərzində yaşananlar və nəticədə 59 ədəd "Tomahawk" raketinin səmaya qalxması, heç də hər şeyin belə sadə olmadığını ortaya qoydu. Bu zaman isə belə bir sual çıxır: Hava zərbələri Suriyada, çoxdandır sanki səbrsizliklə gözlənilən 3-cü dünya müharibəsinin başlanmasına və ya heç olmasa Rusiya-ABŞ müharibəsinin yaşanmasına səbəb olacaqmı? 


Müharibə olacaq?

Heç şübhəsiz ki, ABŞ bu cür ciddi hava zərbələri endirməmişdən qabaq Suriyadakı müttəfiqərini, o cümlədən başlıca rəqibi olan Rusiyanı xəbərdar etməli idi, ən azı texniki nöqteyi nəzərdən. Amerikalılar belə də etdilər. Və nəticədə son dərəcə maraqlı hadisələr yaşandı: hava zərbələrindən öncə Pentaqonun Rusiyanı xəbərdar etməsi, rusların isə suriyalılara xəbər ötürməsi nəticəsində bazadan bir xeyli təyyarə və canlı qüvvə çıxarıldı. Daha sonra Suriya tərəfinin baş verənlərə reaksiyası isə ümumiyyətlə ən orijinal yanaşma hesab edilə bilər: Suriyanın informasiya naziri zərbələri məhdud və gözlənilən adlandıraraq, gərginliyin artması üçün əsas görmədiyini bildirdi. Əslində belə bir reaksiyanın verilməsi çox mətləbdən xəbər verir. Ən əsası da, Suriya ordusunun Xan Şeyxun qəsəbəsində sarin qazından istifadə etməklə həyata keçirdiyi bombardmana cavab olaraq Amerikaya hava zərbələri endirməsinə sanki, özləri icazə verirmişlər kimi bir rəy yarandı. 

Heç şübhəsiz ki, ABŞ endirdiyi zərbələrlə Rusiya, İran və rəsmi Dəməşq üçlüyünün, özləri haqqında əsasən Hələbin ələ keçirilməsi isə yaratmış olduqları “qalib tərəf” imicinə bir şillə idi və bu asanlıqla “həzm ediləsi” bir şey deyil. Lakin yuxarıda da qeyd edildiyi kimi, zərbələr beynəlxalq aləmdə ciddi arqumentlə (kimyəvi silahlardan istifadə) möhkəmləndirilmiş şəkildə, əvvəldən xəbərdarlıq edilməklə həyata keçirildi və prinsip etibarı ilə, dəyən ziyanın da ciddi olmadığı nəzərə alınarsa, Suriya tərəfinin sözləri ilə desək, “narahatçılıq üçün ciddi əsas yoxdur”. Trampa Konqresdə və dövlət bürokratiyası içərisində Suriya mövzusu ilə bağlı ciddi təzyiqlər var idi. ABŞ-ın ənənəvi İsrail də ona ilk gündən Suriyaya qarşı hərbi güc tətbiqi üçün təzyiq etməkdə idi. “Tomohawk” raketləri, Trampı bu təzyiqərdən qurtaran xilasar şahinlər idi. Digər tərəfdən də, hava zərbələrindən sonra Trampın istər ölkə daxilində, istərsə də dünyada reytinqinin qalxması da, əslində çox şeyi ifadə edir. Tramp üçün heç kimi gözləmədiyi bir imic yaradılmaqda: ABŞ-a girişinə qadağan qoymaq istədiyi suriyalıların intiqamını alan prezident imici...

Bir sözlə, ABŞ, “dünyanın ədalət təcəllisi” obrazını hər zaman üzərində daşımaqda maraqlı olan tərəf kimi, beynəlxalq ictimaiyyət ondan nə gözləyirdisə onu da etdi, qarşı tərəf də, ona bunu etməyə imkan verdi. 

Əməliyyatın davam etməsi ehtimalı isə azdır. Hava zərbələrini endirməkdə başlıca məqsəd İdlibi bombalayan Suriya hərbi təyyarələrinin və kimyəvi silahların yerləşdirildiyi bazanın məhv edilməsi idi. Bu məqsədə isə faktiki olaraq nail olundu. Bundan sonra əməliyyatı davam etdirmək üçün ciddi əsaslar lazım olacaq. Rusiya tərəfinin sözü ilə desək, belə əsaslar isə, hazırda yoxdur. Dəfələrlə qeyd etdiyimiz kimi, Suriyaya hərbi müdaxilə ABŞ ordusu üçün ciddi problem ola bilər. Amerikalılar Suriyada quru əməliyyatı keçirmək istəmirlər. Ən azından ona görə ki, İran və Rusiya ilə birbaşa üz-üzə qalmaq istəmirlər. Pentaqon üçün ən əlverişli variant dənizdən raketlə Suriya hədəflərinin vurulması idi ki, bu da edildi. 

Digər maraqlı məqam isə, amerikalıların əsas hədəf olaraq Suriya ordusunun döyüş qabiliyyətinin azaldılmasını deyil, sadəcə onun infrastrukturunun məhv edilməsini götürmələridir. Heç şübhəsiz ki, bu cür aviazərbələr Suriyanı özündən asılı vəziyyətdə saxlamağa maraqlı olan Rusiya, hətta İran tərəfi üçün də əlverişli sayıla bilər. Mövqeləri güclənmi, özünə inamlı Əsəd onlara da lazım deyil...

Yəni, hörmətli “analitiklər”, sakit olun, 3-cü dünya müharibəsi, ABŞ-Rusiya müharibəsi falan olmayacaq. 

Lakin heç şübhəsiz ki, bu raketlər Suriyadakı münaqişədə yeni fəslin başlığı oldular. Təbii ki, bu fəsildə yazılacaq səhifələrdə yeni mövzuların uyğulanmasının şahidi olacağıq. 


Raketlərlə yazılan yeni fəsil

Təbii ki, bu zərbələrin nəticələri də var. Və bu nəticələr, əslində yaxın gələcəkdə Suriyada yaşanacaqlara birbaşa təsir edə biləcək gecdədir. 

İlk növbədə vurğulanmalıdır ki, endirilən zərbələr Suriya ordusunun, Əsədin həm “qalib” obrazını ciddi şəkildə laxlatdı. Bu heç şübhəsiz ki, müxalif qüvvələr üçün ciddi stimul olacaq. 

Zərbələr eyni zamanda, iqtidar qüvvələrinin nəzarətdə saxladığı ərazilər üzərinə yeni həmlələr üçün siqnal oldu. İŞİD-in Palmira istiqamətində və raket zərbələri endirilmiş “əş-Şayrat” bazasına isə müxaliflərin Suriya ordusu üzərinə hücuma keçmələri buna əyani sübutdur. Maraqlıdır ki, ABŞ-ın raket zərbələrinin ardınca İsrail aviasiyasının da Suriyanın Dəraa vilayətinə əl-Manşiyah bölgəsinə zərbələr endirdiyi xəbərlər yayılıb. İsrail aviasiyasının zərbələrindən sonra Azad Suriya Ordusunun dəstələri həmin istiqamətdə hücuma keçiblər. 

Baş verənlər heç şübhəsiz ki, Suriya sülh danışıqlarına mənfi mənada ciddi təsir göstərəcək. Zatən bu danışıqlarda nəticə əldə edildiyini söyləmək çətin idi. İndi artıq danışıqların özünün belə keçirilməsi, Astana formatının gələcəyi ciddi sual altında ola bilər. 

Və nəhayət, raket zərbələrinə verilən reaksiyalarda Türkiyə və Rusiyanın, gözlənildiyi kimi əks mövqe sərgiləməsi, bir daha onu sübut etdi ki, bu iki ölkənin prinsipial məsələlərə baxışı fərqlidir və bizim “analitik və politoloqların” da zamanla anons etməyi sevdikləri “Moskva-Tahran-Ankara” koalisiyası boş xəyaldan başqa bir şey deyil.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...