Ana içeriğe atla

Amulinin açıqlaması ilə gələn erməni razılaşması

İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyyid Həsən Amulinin Iranla Azərbaycanın münasibətlərini şərh edən açıqlaması, əslində çox düşündürücü oldu. Təkcə ona görə yox ki, bu açıqlama əslində bizim illərdir İrandan gözlədiyimiz, umduğumuz sözlərin və fikirlərin ifadəsi idi, həm də ona görə ki, zamanlama diqqət çəkici idi. Hətta bu zaman Güney Azərbaycanın Çaldıran şəhərində, Qarakilsəyə minlərlə erməninin dini ziyarət üçün axışaraq gəldiyini və Tehranın da onların öz ayinlərini icra etmələri üçün hər cür şərait yaratmalarını da görməzdən gəlmək olardı. Lakin bir məqam əslində açıqlamanın mahiyyəti və zamanlaması ilə bağlı bütün suallara nöqtə qoymuş oldu. Açıqlamadan cəmi bir neçə gün sonra, İran İslami Şura Məclisi Ermənistanla aralarındakı sərhədyanı əməkdaşlığa dair razılaşmanı təsdiqlədi. 

Vurğulamalıyıq ki, Azərbaycan-İran sərhədinin faktiki olaraq Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik hissəsi aktiv şəkildə narkotik maddələrin istehsalı, tranziti və ticarəti, silah və insan alveri, qeyri-leqal miqrasiya, terrorçular üçün sığınacaq, çirkli pulların yuyulması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə olunur. Bu sərhədd bölgəsinin işğalının davam etdiyi bir zamanda, Amulinin əslində nüfuzlu din xadimi olaraq belə bir qərarın ratifikasiyasına da münasibət bildirməsi yaxşı olardı. 
Amuli, öz açıqlamasında bildirir ki, “Azərbaycan və İran – bir millət iki dövlətdir”. Əslində bizim bir millət iki dövlət olaraq bildiyimiz Türkiyə, İrandan fərqli olaraq Ermənistanla nəinki diplomatik münasibətlər qurmur, işğalçıya göstərilən beynəlxalq təzyiqdə aktiv iştirak edir, həm də tam siyasi dəstək verir. İran isə nəinki bunları edir, hətta Ermənistanla ticari dövriyyəsini artırmağı planlaşdırır. H. Amuli qeyd edir ki, hazırda Qarabağın işğalda olmasından istifadə edən Rusiya Azərbaycan və Ermənstana istədiyi təzyiqi göstərir. Bəli, bütün bu məqamlar bilinən həqiqətdir. Çünki Ermənistan komplementar və müstəqil xarici siyasət həyata keçirdiyini iddia etsə də, açıq şəkildə Rusiyanın Qafqazdakı avanpostu funksiyasını yerinə yetirir. Bu zaman da biz Ermənistan-Rusiya münasibətlərində tərəfdaş, müttəfiq yanaşmasını deyil, bir vassal münasibətlərinin şahidi olmaqdayıq. Lakin Ermənistandan ölkəmizə qarşı təzyiq metodu kimi istifadə edən tək ölkə Rusiya deyil. Eyni metoddan İranın özü də yararlanır. 
İranın Cənubi Qafqazda maraqlarını təmin etmək məqsədi ilə Ermənistanla əməkdaşlığına təkan verən ən azı üç geosiyasi səbəbi göstərə bilərik:
1. Türkiyə ilə Azərbaycan arasında strateji münasibətləri balanslaşdırmaq cəhdi. Həmçinin Ermənistanın Türkiyə və Azərbaycana qarşı siyasətindən istifadə etməklə regionda siyasi gücünü artırmaq arzusu; 
2. Cənubi Qafqaz regionunda iqtisadi maraqları zəminində Qərbin fəallığını artırmasına qarşı mübarizə; 3. Qlobal mərhələdə rəsmi Tehranın ABŞ-dakı yəhudi lobbisinə qarşı erməni lobbisindən yararlanmaq istəyi.
Həmçinin xüsusi olaraq vurğulamaq lazımdır ki, bölgədə yürütdüyü qeyri-konstruktiv siyasətlə bağlı üzləşdiyi iqtisadi çətinliklər zəminində Erevan üçün İranın son dərəcə ciddi əhəmiyyəti var. 
İran regionda hədəfləri olan ciddi bir güc olaraq öz maraqları doğrultusunda ermənilərlə münasibətlərinə önəm verir. Bu təbiidir. Hər ölkə üçün onun dövlət maraqları ilk öndə gəlir. Lakin bütün bu bilinənlərin fonunda, qardaşlıq “nəğmələrinə” ehtiyac yoxdur. Amulinin verdiyi açıqlama isə, sadəcə olaraq bhir neçə gün sonra imzalanacaq razılaşmaya istər İranın öz içində soydaşlarımızın, istərsə də Azərbaycandan verilə biləcək mümkün mənfi reaksiyaların dərəcəsini maksimum azaltmağa hesablanmışdı. Lakin düşünmürəm ki, buna nail olundu...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Erməni terrorunun 17 ismi

Erməni terrorizmi hələ 19-cu əsrdən başlayaraq beynəlxalq terrorun tərkib hissəsinə çevrilib. Bununla əlaqədar olaraq 1885-ci ildə ilk erməni terror təşkilatı – “Armenakan” yaradılmış, daha beş il sonra “Hnçaq” və “Daşnaksütyun” bu sıraya qoşulmuşdur. Yaradılan terror təşkilatlarının başlıca məqsədi qədim türk yurdlarının hesabına xəyali “Böyük Ermənistan” qurmaq və bu ərazilərdə yaşayan yerli türklərə qarşı soyqırım həyata keçirmək idi.  Məhz həmin dövrdən başlayaraq ermənilərin terror şəbəkəsi erməni qriqoryan kilsəsinin və Çar Rusiyasının da aktiv dəstəyi ilə şəbəkələşərək Azərbaycan və Türkiyənin Anadolu vilayətlərində yerli türk əhaliyə qarşı müxtəlif səpkidə terror aksiyaları həyata keçirməyə başladırlar. Müəyyən qədər qərbin imperialist qüvvələri tərəfindən dəstəklənən bu qruplaşmalar, Osmanlı ərazilərində ixtişaşlar törədərək birinci dünya müharibəsi illərində sözün həqiqi mənasında türk dövlətini arxadan vurmaqla, imperiyanın zəifləməsi və dağılması üçün ciddi fəaliyyətdə ...

Roma papasının məktubu

İstanbulun fəthindən sonra Avropada yeni bir xaç yürüşü təşkil etmək fikri gündəmə gəldi. Bu ideyanı reallığa çevirmək məqsədi ilə V Nikol və III Kalikst papalıqları dönəmində səylə xristian birliyi qurmağa çalışsalar da, bir nəticə hasil olmadı. III Kalikst 1458-ci ilin avqust ayında vəfat etdikdən sonra, yerinə tarixdə II Piy adı ilə tanınan Sienanın keçmiş Başyepiskopu Enea Silvio Pikkolomini keçdi. Yeni papa daha çox saray intriqalarını yaxşı anlayan siyasətçi və diplomat imici ilə məşhurlaşmışdı. O, demək olar ki, Avropanın hər yerini qarış-qarış gəzmişdi, yüksək təhsilə və siyasi diplomatik bacarığa malik idi. Lakin bütün bu üstünlüklərinə rəğmən II Piy, Avropanı gündən-günə daha artıq dərəcədə silkələyən Osmanlı sultanını durdura bilmirdi. II Piy diplomatik bacarıqlarını və siyasi əlaqələrini işə salaraq Avropada böyük anti-türk ittifaqı formalaşdırmağa çalışırdı. O, bu hədəfini gerçəkləşdirmək üçün Avropa monarxlarının konqresini çağırmaq niyyətində idi. 1458-ci il ok...

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...