Bahar bayramı insanlığın qeyd etdiyi ən qədim bayramladan biri, hətta birincisi sayıla bilər. Bəlkə də ona görədir ki, bir çox xalqlar bu bayramı «özünküləşdirməyə» çalışır, müxtəlif rəvayət və bağlarla onu özlərinə calamağa səy göstərirlər. E.Əlibəyzadə qeyd edir ki, qədim şumer eposu «Bilqamıs» dastanında bahar bayramımız «yeni il», «yeni gün», «yazın ilk günü», «bahar bayramı» kimi adlandırılır, bolluq, bərəkət rəmzi kimi xatırlanır. Çin qaynaqlarından Kutaqdu Biliyə, Kaşqarlı Mahmuddan Biruniyə, Nizamül Mülkün Siyasətnaməsindən Məlikşahın təqviminə qədər, Ağqoyunlu Uzun Həsənin qanunlarınadək dava edən çoxəsrlik bir silsilə boyu Novruz ilə bağlı qeydlərə rast gəlmək olar. Digər tərəftən Sivas hökmdarı Qazi Bürhanəddin Əhməd, Osmanlılarda Sultan I Əhməd və Sultan IV Murad, Səfəvi İmperiyasının qurucusu Şah İsmayıl kimi türk hökmdarlarının, din adamlarından Baki Əfəndi və şeyxülislam Yəhya Əfəndinin, şairlərimizdən Pir Sultan Abdal, Füzuli, Şəhriyar və Məhdumqulunun uzun bir tarix boyu Novruz bayramının gəlişini «Novruziyyə» və ya «Bahariyyə» deyilən şerlərlə qeyd etmələrini də bilirik. Ayrıca Novruzun Türk musiqisinin ən əski mürəkkəb məqamlarından biri olarak da mədəniyyətimizdə 7 əsrdən artıq bir tarixə sahib olduğunu bilirik. Bu məqam ilk dəfə Urmiyəli Səfiyəddin Abdulmömin Urməvi (1224-1294) tərəfindən istifadə edilmişdir. Bu şəkildə hazırda əlimizdə iyirmiyədək məqam istifadə edilməkdədir.
Təbiət ilə iç içə, qucaq qucağa yaşayan, torpağı «ana» olaraq vəsfləndirən Türkün düşüncə sistemində «baharın gəlişi» əlbəttə önəmli bir yerə sahibdir. Qədim türklərdə başqa adı «Yörük bayramı» olan Novruz, Türk dünyasının quzeyinden güneyine, batısından doğusuna qədər uzanan böyük bir coğrafi arealda yaşayan topluluqların bir çoxu tərəfindən qeyd edilən bahar bayramıdır. Bildiyimiz kimi, bütün bayramların dini və milli bir inancdan, o toplumu ilgiləndirən ortak bir xatirədən, gələnəklərdən, duyğulardan və təbiətin insanlara təsir etdiyi bir olaydan doğduğuna inanılır.
Bu coşqunu Türk qamları dualarında, niyazlarında bu cür ifadə edirdilər:
«... Uca Göy Tanrının iradəsi ilə ilk dəfə dünyanın altmış cür çiçəklərlə bəzəndiyi, altmış növ heyvan sürülərinin ilk dəfə kişnədiyi və mələdiyi zaman sən (Türkün Atası) yaradıldın!».
Bu sözlər Türkün yaradılış fəlsəfəsinin, inancının, həyat tərzinin ifadəsidir. Novruz, çeşitli kültür dövrələrində, fərqli etnik gruplarda fərqli anlamlara sahib olub. Mədəniyyətlər arasındakı münasibətlər sonucunda çeşitli kültürlərə daxil olaraq mənimsənilib. Tarixi qaynaqlar isə Novruzun ən əski Türk adətlərindən, bayramlarından biri olduğu qənaətini ortaya qoyur. Elməddin Əlibəyzadə özünün «Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi» əsərində yazır: «Şumer-türk ağlı və zəkasının kəşfi yeni ilin ilk gününün – yazın, baharın təntənə ilə qarşılanması, bayram edilməsi türk xalqlarının Ata ruhunun yaşantısıdır... Hələ 12 min il bundan əvvəl yeni il şənliyi xatırlanır, hörmətlə yad edilirdi» (8. s. 147).
Bu səbəbdən də novruzun hər hansı bir hind-avropa etnosuna şamil edilməsi heç bir tarixi və mədəni köklərə malik deyil. «Midiya dövlətinin süqutu ilə «Avesta» İran İmperiyasının dini-hüquqi və mərasimi qanunlar kitabı olduqda, bu qədim yeni il bayramı farslara da keçib, «novruz» kimi qəbul edilib, yəni məzmun qalıb, adı tərcümə olunub, məşhurlaşıb və bizə də yenidən bu şəkildə - «novruz» şəklində qayıdıbdır...» (8. s. 150). Türk alimi Z.Makasın novruz haqqında yazdığı kimi, «Təbiri caizsə, çoçuğun ana və atası biz, ad atası isə fars oldu».
Ən əski türk bayramı olan Novruz elə türklərin vasitəsi ilə Avrasiyaya yayılır. Çin qaynyaqlarına istinadən miladdan yüzlərlə il öncə hunların məhz martın 21-də bahar bayramı keçirdikləri, çilə çıxardıqlarına söykənərək, indinin özündə də əməl etdiyimiz Novruz ənənələrinin hələ o zamanlar da mövcud olduğunu söyləyə bilərik. Eyni mərasimlər hunlardan sonra uyğurlarda da görünmüş və bu günə qədər də görülməkdədir. Eyni zamanda dünyada ən əski təqvimlərdən hesab olunan 12 heyvanlı türk təqvimi martın 21-dən başlayır. Məlikşahın Cəlali təqvimində də ilin ilk günü məhz mart ayının 21-dir. Sonrakı yüzillərdə də istər səlcuqilərin, istər osmanlıların, istər səfəvilərin, istərsə də digər türk xanədanlarının dövründə novruz öz əvvəlki rəngarəngliyini qoruyub saxlaya bilib. Türk mühafizəkarlığı və törələrə bağlılığı, bu milli bayramımızı hər cür məziyyəti ilə günümüzədək hifz edib.
Qeyd etmək lazımdır ki, Novruzun müəyyən mənada İslam dini ilə əlaqələndirilməsi də türklərin islamiyyətə daxil olmalarından sonrakı dövrlərə təsadüf edir, təbii ki, tarixi həqiqətləri əks etdirməməklə yanaşı və bir başa türklərlə əlaqəlidir. Məsələn, dünya quruluşunun mart ayının 21-də tamamlanması, Hz. Adəmin mart ayının 21-də yaradılması, Peyğəmbər əfəndimizə ənəbüvətin mart ayının 21-də ehsan edildiyi, Hz. Əlinin mart ayının 21-da anadan olması və yenə də mart ayının 21-də xilafət taxtına çıxması, Peyğəmbər əfəndimizin Qədr Xumdakı vida xütbəsini mart ayının 21-də oxuması və s.
1200 ildir digər türk etnosları ilə heç bir bağlılığı olmayan Saxa (yakut) türklərinin Novruz adət-ənənələrinin izlərini bu günədək qoruyub saxlamaları diqqəti çəkən məqamdır. Doğrusu, əgər Novruz bir hind-avropa mənşəli bayramdırsa, onun Saxalara qədər necə gedib çıxdığını və 1200 ildir türk dünyasından qapalı və təcrid edilmiş vəziyyətdə öz mövcudluqlarını qorumaq mücadiləsi verən Saxa türklərinin indidə bu bayramı ən müqəddəs bayram kimi niyə bu günə qədər qeyd etdiklərini izah etmək lazım gəlir. Bəli, bu gün bu müqəddəs bayram bütün türk dünyasında, cəmi Turanda sevilməkdə və yaşadılmaqdadır: Ön və Orta Asiya, Çin səddindən Adriatikə qədər, Hindistandan Əfqanıstana, Yakutiyadan Çuvaşıstana, Tatarıstana, Moldovaya, Macarıstan və Balkanlara qədər əsrlərlə türkün ayaq basdığı bütün torpaqlarda Novruz bu gün də yaşayır, sevilir.
Məhz əski Çin qaynaqlarında türk imperatorluqlarının dövründə Novruzun rəsmi dini bayram olduğu göstərilir və maraqlıdır ki, «Avesta»da Novruz ayinləri ilə bağlı qeyd edilən mərasimlər, məhz həmin çin qaynaqlarında təsvir edilən mərasim və ayinlərlə eyniyyət təşkil edir.
İstifadə edilmiş ədəbiyyat:
1. Əlibəyzadə E. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi. Bakı, 1998
2. Çay A. M. Ergenekon destani ve nevruz bayrami. Ankara, 1995
3. Qumilyov L. Qədim türklər. Bakı, 1993
4. Məmmədov A. Oğuz səltənəti. Bakı, 1992
5. Meri B. Верования и обычаи. Moskva, 1987
6. Turan M. Tarihi kaynaklar işiğinda nevruzun menşei meselesi, milli folklor. Ankara, 1998
7. Ziferoglu V. Tarixin qapanmiş səhifəsi: arilərin etnik kimliyinə bir baxiş. (əlyazma), 18 ç.v. Bakı, 2007
İstifadə edilmiş ədəbiyyat:
1. Əlibəyzadə E. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi. Bakı, 1998
2. Çay A. M. Ergenekon destani ve nevruz bayrami. Ankara, 1995
3. Qumilyov L. Qədim türklər. Bakı, 1993
4. Məmmədov A. Oğuz səltənəti. Bakı, 1992
5. Meri B. Верования и обычаи. Moskva, 1987
6. Turan M. Tarihi kaynaklar işiğinda nevruzun menşei meselesi, milli folklor. Ankara, 1998
7. Ziferoglu V. Tarixin qapanmiş səhifəsi: arilərin etnik kimliyinə bir baxiş. (əlyazma), 18 ç.v. Bakı, 2007
Yorumlar
Yorum Gönder