Ana içeriğe atla

AKP-dən siyasi revanş


Noyabrın 1-də keçirilən seçkilər AKP-ni yenidən təkbaşına iqtidar etdi. Xatırlayırsınızsa, iyun seçkilərindən bir gün sonar – iyunun 8-də təqdim etdiyimiz təhlildə Türkiyənin koalisiya ssenariləri baş tutmayacağı təqdirdə təkrar seçkilərə gedəcəyi halda AKP-nin təkbaşına iqtidar olacağını bildirmişdik (yazının linki: http://ziferoglu.blogspot.com/2015/06/seckidn-sonrak-yeni-turkiy.html#more). Əslində baş verənlər ona doğru gedirdi.

Amma noyabr seçkisinin maraqlı nəticəsi həm də HDP-nin baraj altında qalmayaraq 10 faizlik həddi keçməsi oldu. Yəni, əsində bütün pronozlara rəğmən “AKP-nin təkbaşına iqtidar olması HDP-nin baraj altında qalması deməkdir”,- düsturu bu dəfə özünü doğrultmadı. Türk seçməni Böyük Millət Məclisində 3 deyil, 4 partiya görmək istədiyini ortaya qoymuş oldu. 

AKP niyə qalib gəldi?

Bu suala cavab vermədən qabaq AKP-nin iyun seçkilərində niyə səs yığa bilmədiyinə bir daha qısa nəzər salaq:

1. Erdoğanın siyasi sistem dəyişikliyini istəməsi və bunu baslica hədəf olaraq göstərməsi, seçicilərdən bu dəyişiklik üçün dəstək istəməsi. Turkiyə bu dəyişikliyə "yox",- dedi ve bunu HDP-ni məclisə daşımaqla etdi.

2. Kürd açılımı fiaskoya uğradı və kürd seçici səsi HDP-yə qayıtdı. HDP həm də PKK-HDP xətli namizədlərdən başqa bölgədə müəyyən nüfuza malik islamçı adları da siyahıya salmışdı. Bu isə birbaşa AKP-nin hədəfə alınması demək idi.

3. MHP açılım fiaskosundan müəyyən qədər təbliğat aləti kimi istifadə edə bilmişdi. Bu isə onun İç Anadoludan səslərini artırmasına, daha doğrusu ənənəvi səslərini geri qaytara bilmişdi.

Vurğulamaq lazımdır ki, noyabr seçkisində qalibiyyətin səbəblərini əslində iki qrupa bölmək olar. Səbəblərin birinci qrupuna taktiki, ikinci qrupuna isə təbliğati səbəblər daxildir. 

Birinci qrupa AKP-nin özü ilə bağlı olan səbəblər, yəni taktiki səbəblər, bir növ “daxili” səbəblər daxildir. 7 iyun seçkilərinin nəticələrindən dərs çıxardan AKP, noyabr seçkilərində təkbaşına iqtidar olmaq üçün əslində çox maraqlı və spesifik addımlar atdı. Əslində 5 ay müddətində səs sayının 41-dən 49-a çıxmasının həm də xüsusi səbəbləri məhz bu taktiki gedişlərdə, daha dəqiq desək seçki siyahısında etmiş olduqları dəyişikliklərdə oldu. Birmənalı şəkildə vurğulamalıyıq ki, məhz bu dəyişikliyin hədəfləri, şərti olaraq birinci qrupda cəmləşdirdiyimiz səbəbləri təşkil edir. Bu səbəblər isə aşağıdakılardır:

1. Özə dönüş – AKP bu dəfə seçki siyahısında avqustda olduğu kimi eksperimentlərə deyil, bundan əvvəlki seçkilərdə sınaqdan çıxmış şəxslərin isimlərinə yer verdi. Və bu zaman Ərdoğanın tərcehlərinə yer verildiyini görmək mümkündür. Avqust siyahısından fərqli olaraq, bu zaman yalnız böyük çoxluqla Davudoğlunun deyil, Ərdoğanın da tərcehlərinə yer verildiyini görmək olar. 

2. AKP sosiloji yansımalara görə yerəl namizədlərə üstünlük verdi. Bu zaman bölgələrdə nüfuz və təsir gücünə malik namizədlər ön plana çıxardıldı (məsələn, İqdırdan AKP-yə qalibiyyət qazandıran Nurəddin Aras kimi). 

3. Kürd bölgələrindən olan siyahılara ciddi dəyişikliklər edildi. Məqsəd güney-doğudakı səsləri qaytarmaq idi. Bunu isə yalnız, siyahıdakı adları təkrar nəzərdən keçirməklə mümkün ola bilərdi, necə ki, oldu da.

4. AKP özündən sağa əl atdı. Bu ciddi məqamdır. Mərkəzdə şəriksiz lider olaraq özünü təsdiq edən iqtidar partiyası, bu dəfə açıq şəkildə sağ düşərgəyə nüfuz etdi. MHP, “Səadət”, BBP – AKP-nin əsas hədəfləri idi və onlar bu partiyadan kifayət qədər ciddi adları (məsələn, Toğrul Türkeşin AKP siyahısından seçkiyə qatılması kimi) öz siyahılarına qatmaqla əslində “sağ”a ciddi həmlə etmiş oldular. 

5. İqtidar partiyası bu dəfə başqanlıq sisteminə keçidlə bağlı təbliğatı arxa plana keçirtdi. Avqustda türk seçicisinin AKP-ni HDP ilə cəzalandırmasının əsasında məhz Ərdoğanın “başqanlıq sisteminə keçid” hədəfi də dururdu. Türkiyə bir toplum olaraq bu dəyişikliyi arzu etmirdi və bununla əlaqədar verdiyi mesaj, AKP tərəfindən doğru təhil edildi. 

Məhz bu beş taktiki gediş AKP-ni yenidən təkbaşına iqtidara daşıyan daxili səbəblər oldu. Lakin bu qalibiyyəti təmin edən xarici səbəblər də vardır ki, onları da şərti olaraq ikinci qrupda cəmləşdirək. 

AKP-nin qalibiyyətini təmin edən ikinci qrupda cəmləşdirdiyimiz səbəblərə xarici faktorlarla əlaqədar olaraq seçki prosesi zamanı təbliğat aləti kimi istifadə olunan məqamları daxil etmək olar ki, bunların sayı üçdür:

1. İqtisadi yüksəliş – AKP-nin hər zaman üzərində durduğu başlıca təbliğat aləti olub. Lakin bu dəfə bura eyni zamanda seçiciyə iqtisadi vədlər də əlavə edildi (0 faiz kreditlərdən tutmuş, yeni iqtisadi projelərə qədər). Neftin qiymətlərinin düşməsi ilə yaşanan ciddi ekonomik böhran fonunda verilən bu vədlər şübhəsiz ki, təsirsiz olmayacaqdı. 

2. Terror – AKP-ni təkbaşına iqtidara aparan ciddi xarici faktorlardan bəlkə də ən birincisi. HDP-nin ona verilən güvən oylarını doörultmaması və daha çox PKK-nın siyasi qanadı funksiyasını yerinə yetirməsi ilə başlanan ciddi siyasi qarşıdurmanın ardınca, səngərlərin qazılması, terrorun yenidən baş qaldırması və ən nəhayət son Ankara faciəsi, özünü sandıq başında göstərməli idi. AKP bütün təbliğatı boyu özünü istiqrarın – həm siyasi, həm də iqtisadi istiqrarın tək ümvanı olaraq göstərə bildi, özünü türk seçmənə məhz bu formada qəbul etdirə bildi. 

3. Koalisiya ideyasının uğursuzluğunun təbliği – bu məqam iyun seçkisinin sabahısından başlayaraq koalisiya ssenariləri ətrafında gedən müzakirələrə cavab olaraq işə düşdü. AKP Türkiyənin yaxın siyasi keçmişinə istinad edərək koalisiyaların uğursuzluğunu, koalisiyalara inanmadığını ön planda tutmağı bacardı. Və təkcə bununla da kifayətlənmədi, hətta bu koalisiyaların baş tutmaması üçün də əlindən gələn hər şeyi etdi. AKP iyunun 8-dən başlayaraq koalisiya ssenarilərinə qarşı özünün – “Ya tam iqtidar, ya heç nə” təbliğatını qurdu və noyabrın 1-də bunun müsbət nəticəsini gördü. 

Və təbii ki, AKP-nin qalibiyyətinin digər səbəbi də müxalifətlə bağlıdır. Bu seçki müxalifətin çox ciddi şəkildə məğlubiyyətə uğraması demək olmaqla yanaşı, eyni zamanda orada ciddi problemlərin mövcud olması mənasını da ifadə etməkdədir. 


“Ənənəvi məğlub müxalifət” haqqında rekviem

Bu seçkinin ən maraqlı və bəlkə də spesifik siması o oldu ki, iyunda AKP-ni təkbaşına iqtidardan salan MHP və HDP, bu dəfə onu təkrar təkbaşına iqtidar partiyası etdi. Məhz MHP və HDP-dən alınan səslər, AKP-nin revanşına səbəb oldu. İyun ayının qalibləri bu dəfə məğlub duruma düşdülər. Lakin fərqli səbəblərdən...

HDP-nin 13 faizdən daha artıq səs yığmasında 3 ay sonra 10 faizi zorla keçməsinin başlıca səbəbi terrora və bölücülüyə olan münasibəti oldu. Dəfələrlə qeyd etmişik ki, iyunda HDP-yə verilən güvən oyu, əslində bu partiya üçün bir şans idi, Türkiyələşməsi, bir etnik zümrəni deyil, bütün xalqı təmsil etmələri üçün bir dəvət idi. Lakin HDP bu dəvəti layiqincə qiymətləndirə bilmədi. Güney-doğuda əsən terror rüzgarının böyük şəhərləri belə vurması, müvəqqəti səslərin təkrar geri dönməsinə səbəb oldu. Amma vurğulamaq lazımdır ki, az müddət ərzində bir milyon səs itirməsinə rəğmən parlamentə düşən 4-cü partiya olması, istənilən halda sözügedən partiyanın uğuru hesab edilməlidir. Bu isə əsasən HDP-nin ənənəvi seçiciyə malik olması ilə yanaşı, AKP-nin “başqanlıq sisteminə keçid” hədəfinin arxa plana keçsə də, gündəmdən düşməməsinin də payı var. 

MHP iyun seçkisinin nəticəsi ilə müqayisədə iki dəfə az millət vəkili qoltuğu ələ edə bildi. Görünən odur ki, partiya Dövlət Baxçalının idarəsində ciddi sıxıntı yaşamaqdadır. Partiya Kifayət qədər ciddi adlardan, - Sinan Ogan, Togrul Turkes, Meral Akşener, - imtinanın, əslində Baxçalının şəxsi ambisiyası, yoxsa obyektiv səbəblərdən olması barədə fikir yürütmək istəmirik, amma bu da bir gerçəkdir ki, MHP öz qürubunu yaşayır. Partiyanın hər təklifə yox deməklə tarixi fürsəti əldən qaçırmasının nəticəsi, bu gün üzləşdiyi ağır mənzərədir. Fikrimizcə bu partiya artıq ciddi şəkildə öz daxilində bir dəyişikliyə qərar verməlidir. 

CHP isə iyun seçkisində göstərdiyi nəticəni demək olar ki, eynən saxlamaqla əslində yerində saydığını ortaya qoymuş oldu. Partiya sağ-mərkəz görünüşündən çıxaraq öz təbii sol-mərkəz təbiətinə qayıtmalıdir ki, itirdiyi səsləri geri qaytara bilsin: bu ələvilərdir ki, bir hissəsi AKP-yə, digərləri isə HDP-yə yönəlib. Və solçulardır ki, HDP-yə istiqamətlənməkdədirlər.


Nəticə

Türk seçicisi həm iqtisadi, həm də siyasi istiqrarın ünvanı kimi yenidən AKP-ni gördü. Lakin bununla belə HDP-ni yenidən parlamentə salmaqla, iqtidar partiyasının “başqanlıq sistemi”ni də arzulamadığını əyani şəkildə göstərdi. 

Hər halda iyun ayından sonra qardaş ölkədə baş verən qarışıq, hətta bir çox hallarda qanlı hadisələr, seçkinin nəticəsini iqtidar partiyasının xeyrinə dəyişdi. İstənilən halda həm iqtidarlı, həm də müxalifətli Türkiyəni qarşıdan ciddi sınaqlar gözləyir: Ortada ciddi terror problemi və getdikcə durumu daha da ağırlaşan Yaxın Şərq var.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...