Ana içeriğe atla

Kayıtlar

Edam səhpasına çıxarılan Yaxın Şərq

Səudiyyəli şiə Ayətullah Nimr əl-Nimrin edamı ilə pik həddə çatan İran-Səudiyyə Ərəbistanı gərginliyi 2016-cı ilin Yaxın Şərqində nələr olacağını xəbər verən ilk işartı hesab oluna bilər. Yaxın Şərqin əyninə yenə də son dərəcə təhlükəli və eyni zamanda miqyası olduqca geniş olan qanlı məzhəbsəl qarşıdurma köynəyini geyindirməkdədirlər. Diqqət edin: Edam həyata keçirilən kimi İranın ərəb baharından sonra ətrafında formalaşdırmağa müvəffəq olduğu “şiə hilalı” hərəkətə keçdi: İraqda Müktəda əs-Sədr bütün şiələri etirazlara səslədi, Bəhreyndə kütləvi şiə etirazları başladı, Livan "Hizbullah"ı baş verənlərə sərt reaksiya bildirdi, Yəməndə husilərlə qarşıdurma yenidən start götürdü... 

Fransanın “11 sentyabrı” və ya "dərviş Parisi partladır"

Noyabrın 13-ündən 14-nə keçən gecə əslində bütün Qərb üçün sözün həqiqi mənasında qorxulu “cümə günü ayın 13”-ü oldu. Məsuliyyəti İŞİD-in öz üzərinə götürdüyü və 200-ə yaxın can alan bu qanlı terror hadisəsi heç şübhəsiz ki, pislənməlidir. Amma üç məqam öz-özlüyündə ciddi olaraq düşünməyə vadar edən və cavab verməkdə bir qədər çətinlik yaradan suallar ortaya qoyur. 

AKP-dən siyasi revanş

Noyabrın 1-də keçirilən seçkilər AKP-ni yenidən təkbaşına iqtidar etdi. Xatırlayırsınızsa, iyun seçkilərindən bir gün sonar – iyunun 8-də təqdim etdiyimiz təhlildə Türkiyənin koalisiya ssenariləri baş tutmayacağı təqdirdə təkrar seçkilərə gedəcəyi halda AKP-nin təkbaşına iqtidar olacağını bildirmişdik (yazının linki: http://ziferoglu.blogspot.com/2015/06/seckidn-sonrak-yeni-turkiy.html#more ). Əslində baş verənlər ona doğru gedirdi. Amma noyabr seçkisinin maraqlı nəticəsi həm də HDP-nin baraj altında qalmayaraq 10 faizlik həddi keçməsi oldu. Yəni, əsində bütün pronozlara rəğmən “AKP-nin təkbaşına iqtidar olması HDP-nin baraj altında qalması deməkdir”,- düsturu bu dəfə özünü doğrultmadı. Türk seçməni Böyük Millət Məclisində 3 deyil, 4 partiya görmək istədiyini ortaya qoymuş oldu. 

Rusiyanın İslam “sevgisi” barədə

Moskvada tarixi Mərkəzi Məscidin açılışı və ardınca Rusiya Prezidenti Vladimir Putunun İslam dini barədə övgü dolu nitqi, bütün dünya mediasında müzakirə predmetinə çevrilməkdədir. Avropanın öz qapılarını Yaxın Şərqdən gələn köçkünlərin üzünə bağladığı və ya buna hər cür üsullardan istifadə etməklə cəhd göstərməsinin fonunda rus prezidentinin bu çıxışı başqa cür qarşılanmaya bilməzdi də. Bu çıxış istər daxili (Rusiya müsəlmanları) istərsə də xarici auditoriya (Yaxın Şərq və Qərb) üçün hesablanmış uğurlu nitq idi. Həm bu, həm də “rusların Suriya macəraları”, soyuq şimal ölkəsinin öz maraqlarını isti şərqdə kimsəyə güzəştə getmək niyyətində olmadığını ortaya qoymuş oldu. Bəlkə də bütün bu olanlar, 1991-ci il Sovet İmperiyasının çöküşündən sonra Rusiyanın Yaxın Şərq və İslam sivilizasiyasına yönəlik açıq şəkildə ilk demarşı idi. 

İranın qayıdışı

17.06.2015 Vyanada əldə edilən razılaşma yeni bir düzənin təməllərinin atılması idi. Mübaliğəsiz demək olar ki, Yaxın Şərq başda olmaqla bütün dünya İranın beynəlxalq sistemə dönüşünə şahidlk etməkdədir. Həm ABŞ prezidenti Barak Obama, həm İranlı həmkarı Həsən Ruhani verdikləri açıqlamalarla üstüörtülü şəkildə işbirliyinə eyham vurdular. Əslində bu açıqlamaların ardınca dərhal iqtisadi sahədə ciddi əməkdaşlığın başlayacağını ehtimal etmək sadəlövhlük olardı. Lakin bundan əvvəlki təhlillərimizdə də qeyd etdiyimiz kimi, əldə edilən razılaşma orta və uzaq gələcəkdə birgə atılacaq son dərəcə önəmli siyasi və iqtisadi addımların müjdəçisidir. İran böyek neft-qaz ixracatçısı olaraq dünya bazarına (əsasən də, Avropa) çıxış əldə etməklə ciddi iqtisadi gücə çevrilə bilər. 

Seçkidən sonrakı yeni Türkiyə

Türkiyədə keçirilən parlanment seçkiləri arxada qalsa da, özü ilə elə bir nəticələr gətirdi ki, bu qardaş ölkənin sabahına ciddi şəkildə təsir edə biləcək gücdədir. Hakim Ədalət və Qalxınma Partiyası ümumi nəticələrə görə digər rəqiblərini yenə də böyük səs çoxluğu ilə üstələsəı də, son 13 ildə ilk dəfə olaraq seçkilərdə təkbaşına iqtidar ola bilmək üçün kifayət edəcək qədər səs toplaya bilmədi. Nəticədə Türkiyədə mümkün ola biləcək koalisiya ssenariləri işə düşməkdədir. Lakin bu ssenarilərə keçməzdən əvvəl nəticələrin nədən belə olduğuna bir nəzər yetirək.

Türkiyədə parlament seçkiləri: mümkün olan ssenarilər

İyun ayının 7-də Türkiyədə keçirilən parlament seçkiləri, əslində qardaş ölkənin gələcəyini təyin edəcək əhəmiyyətə malik bir gücdədir. Sandıqdan çıxacaq səslər nəticəsində Türkiyənin hansı yolla davam edəcəyi bəlli olacaq. Belə ki, bu seçkinin nəticəsi eyni zamanda Türkiyənin yeni konstitusiya və dövlət idarəçilik sisteminə keçidini müəyyənləşdirəcək. 2002-ci ildən başlayaraq keçirilən bütün seçkilərdə davamlı olaraq iqtidarını və səslərini qorumağa müvəffəq olmuş AKP bu seçkiləri də qazanacağı və tək partiya hökuməti quracağı təqdirdə Türkiyənin yeni konstitusiyası və prezident idarəçilik sisteminə keçidi baş verəcək. Məhz bu səbəbdən də Türkiyədə gərgin seçki kompaniyası davam etməkdədir.